Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TARİXİN BİR SƏHİFƏSİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > TARİXİN BİR SƏHİFƏSİ

TARİXİN BİR SƏHİFƏSİ



GÜLLÜ YOLOĞLU


İnstitutda oxuduğum illərdə M.F.Axundov adına Respublika Mərkəzi Kitabxanasında maraqlı bir sənəd diqqətimi cəlb etmişdi. Bu, I Pyotrun “Manifest”i idi…

Məlumdur ki, I Pyotr öz siyasətində iqtisadiyyata geniş yer verdiyindən Xəzəryanı əraziləri Rusiyaya birləşdirməklə onun inkişafda olan manufaktuta sənayesini xammalla təmin etməyə və Rusiyanı Avropa ilə Şərq arasında ticarət vasitəçisinə çevirməyə can atırdı.

Türklərin əlinin duzunu görmüş ruslar, xüsusilə də I Pyotr (1710-cu ildə Prut çayının sahilində 44 minlik rus ordusu 127 minlik Osmanlı və Krım xanlığının qoşunlarının mühasirəsində qalır. Nəticədə I Pyotr Prut sülhünü bağlamağa və Azov dənizindən imtina etməyə məcbur olur) Qafqazda öz mövqeyini bərkitməyə, osmanlıları qabaqlayaraq İranın əlində olan torpaqlara sahib olmaq istəyirdi. Bu isə Rusiyanın öz müttəfiqi və dostu İran şahına qarşı çıxmaq demək idi. Buna görə də rus qoşununun bu ərazilərə girməsi üçün bir bəhanə lazım idi. Belə bir bəhanə Şamaxı üsyanı oldu.

XVIII əsrin əvvəllərində Qafqazda tez-tez İran şahının zülmünə qarşı üsyanlar qalxırdı. Onlardan biri də 1711-12-ci illərdə Şirvanda və Dağıstanda Hacı Davud və Surxay xan Qazıqumuxskinin başçılığı ilə qalxan üsyan idi. Bu üsyan 1720-ci illərdə daha da genişləndi. Belə ki, 1721-ci il avqustun 7-də Hacı Davud və Surxay xanın başçılığı ilə üsyançılar Şamaxı şəhərini ələ keçirirlər. Şəhərin sakinlərinin çoxu üsyançıların tərəfinə keçir. Üsyançılar şəhərdə olan varlıları talan edərkən rus tacirlərinə dəyməyəcəklərini söyləsələr də, axşama yaxın onları da çapıb-talayırlar. Səbəbi isə rus tacirlərin Şamaxı varlılarının var-dövlətini öz anbarlarında gizlətmələri idi. Bütün bu hadisələrin şahidi olan erməni katalikos Yesayın məlumatına görə, şəhərdə olan erməni və digər xristianlara toxunulmamışdır.

Şamaxı yaxınlığında üsyançılar Gəncə və İrəvan xanlarının ordularını darmadağın edirlər. Yerlərdə şahın qoyduğu adamlar, o cümlədən də Dərbənd hakimi İrana qaçırlar. Üsyançılar Krım xanının vasitəçiliyi ilə Osmanlı sultanından yardım istəyirlər.

Bütün bunları bəhanə edən Rusiya yürüşə hazırlaşır və Konstantinopoldakı (İstanbuldakı) Rusiya səfiri İ.İ.Neplyuyevə tapşırır ki, türklərin hərəkətinə diqqətlə göz qoysun, onların hər bir qərarı haqqında I Pyotra xəbər versin və Osmanlı İmperiyasının Hacı Davudla Surxay xana himayədarlıq göstərməsinə mane olmaq üçün əlindən gələni etsin.

I Pyotrun Qafqaza yürüşü zamanı 1722-ci ilin mayında Həştərxana 46 minlik ordu, 47 yelkənli və 400 çoxavarlı gəmidən ibarət donanma cəlb olunur. Bu yürüşün əsas məqsədi, dediyimiz kimi, Qafqazın iqtisadi və siyasi cəhətdən Rusiya üçün böyük əhəmiyyət kəsrb edən Xəzərətrafı əyalətlərini tutmaq idi.

Yürüşdə I Pyotru məşhur satirik Antiox Kantemirin atası, keçmiş moldav hökmdarı Dmitri Kantemir çarın favoriti olan böyük qızı Mariya ilə birgə müşaiyət edirdi (A.İ.Babiy. Dmitriy Kantemir. – Moskva, 1984). Şərq aləminə yaxından bələd olduğu və bir sıra şərq xalqlarının dillərini bildiyindən I Pyotr ona ərəb şriftli mətbəə yaratmağı və kitablar çap etməyi tapşırmışdı. Kantemir yürüş zamanı yol qeydləri də aparır, Dərbənd qala divarları və başqa tarixi abidələrlə dərindən maraqlanır, onlardakı ərəb yazılarının üzünü köçürürdü. Bütün bunlar onun “Şərq kolleksiyaları” əsərində öz əksini tapmışdır. Lakin şəkər xəstəliyindən əziyyət çəkən Kantemirin halı ağırlaşdığından imperatorun göstərişi ilə o, geriyə, Orlov quberniyasının Dmitrovka kəndinə qayıdır və 1723-cü il avqustun 21-də 50 yaşında vəfat edir (Moskvadakı yunan monastrında dəfn olunan Kantemirin nəşi 1935-ci ildə Rumıniya hökumətinin xahişi ilə Moldova knyazlığının keçmiş paytaxtı Yassıda torpağa tapşırılır).

D.Kantemiri uşaq yaşlarından atası osmanlılara əmanət (girov) vermiş, uşaq orada böyümüş, dərin elm, dünyagörüşü sahibi olmuşdur. Şərq dillərinə, musiqisinə, ədəbiyyatına yaxından bələd olan Dmitri Kantemir İslam dinini də dərindən öyrənmişdir. Sarayda yaşayıb böyük etimad qazandığına görə, türklər onu Moldova hökmdarı təyin edirlər. Lakin Kantemir Rusiya ilə gizli müqavilə bağlayır və onun tərəfində Osmanlıya qarşı vuruşur. Nəticədə rus ordusu məğlub olaraq geri çəkilərkən I Pyotr Kantemiri də özü ilə aparır.

D.Kantemirin “Məhəmmədin dininin vəziyyəti və ya kitab sistemi” adlı əsəri osmanlılara, İslama, Məhəmməd Peyğəmbərə həsr olunmuşdur (1716-cı ildə I Pyotrun göstərişi ilə Peterburqda Quranın ilk tam tərcüməsi çap olunmuşdur. XIX əsrin 60-cı illərinə qədər bu tərcümənin Kantemirin olduğu güman edilirdi. Lakin Pekarski onun Pyotr Posnikova məxsus olduğunu aşkar etmişdir).

Həştərxanda Dmitri Kantemirin üzən mətbəəsində 1722-ci il iyunun 13-də manifest tərtib edilir və “tatar, türk, fars” dillərinə tərcümə edilərək A.Lopuxin və 30 atlı ilə Dağıstana və Azərbaycana göndərilir (İstoriya narodov Severnoqo Kavkaza s drevneyşix vremyon do kontsa 18 v. – Moskva, 1988).

Bu, yazımızın əvvəlində adını çəkdiyimiz və bizi maraqlandıran həmin o “Manifest” idi.

Maraqlı burasıdır ki, “Manifest” uzun müddət tədqiqatçılarımızın, alimlərimizin diqqət mərkəzində olsa da, onun əsas mahiyyəti oxuculara çatdırılmamışdır.

Məsələn, Azərbaycan-rus ədəbi əlaqələrini araşdıran alimimiz, mənim də elmi rəhbərim olan Murtuz Sadıxov görkəmli alim Əziz Mirəhmədovun “Azərbaycan kitabı”ndakı məqaləsinə əsaslanaraq yazır: “I Pyotrun yürüşü vaxtı (1722-1723) Rusiyada kiçik bir kitabça – Azərbaycan dilində müraciət – “Manifest” çap olunmuşdur. “Manifest”də rus ordusunun cənuba yürüşünün məqsədləri açıqlanır: burada xüsusi qeyd olunur ki, əhali araqarışdıranlara kömək etməməli və sakitcə öz işi ilə məşğul olmalıdır.

Azərbaycan dilində 204 səhifəlik ikinci kitab 1780-ci ildə Peterburqda nəşr olunmuşdur və əsasən çar sarayının qanun və qaydalarından ibarət idi. Çap olunan kitablar (“Manifest” və “İkinci kitab” – G.Y.) azərbaycanlılar arasında yayılaraq obyektiv olaraq Azərbaycanın qabaqcıl mədəniyyət xadimlərinin ana dilində mətbəə yaratmağına və kitab çap etməsinə təkan vermişdir” (M.Z.Sadıxov. Russiye pisateli ob Azerbaydjane. – B., 1970).

Maraq üçün “Azərbaycan kitabı”na müraciət edirik. Burada qeyd olunur ki, I Pyotrun göstərişi ilə Volqada D.Kantemir “üzən türk mətbəəsi” yaradır və “onun buraxdığı ilk kitab azərbaycanlılara müraciətdən ibarət “Manifest” olmuşdur…” Məqalə müəllifi olan Əziz Mirəhmədovun fikrinə görə, bu “Manifest” yerli ziyalılar içərisində milli mətbuat yaratmaq, ana dilində kitablar çap etmək ideyasının cücərib baş qaldırmasına bir təkan olmuşdur” (Azərbaycan kitabı (1780-1920). – Bakı, 1963, c. I).

Göründüyü kimi, Ə.Mirəhmədov və M.Sadıxov bu “Manifest”i azərbaycanca Rusiyada çap olunan ilk kitab kimi qiymətləndirərək, onun Azərbaycan ziyalılarını öz dillərində kitab çap etməyə həvəsləndirdiyini söyləyirlər.

İ.Y.Kraçkovskini isə bu “türk manifesti” ərəb şriftləri ilə çap olunduğu üçün maraqlandırmışdır (İ.Y.Kraçkovskiy. Oçerki po istorii russkoy arabistiki. Moskva-Leninqrad, 1950).

V.Yermuratski D.Kantemirin “xüsusi mətbəə yaradaraq ərəb şrifti töküb I Pyotrun Qafqaz və İran xalqlarına bəyannaməsini çap və onu fars dilinə tərcümə etdiyini” qeyd edir (V.N.Yermuratskiy. Dmitriy Kantemir. – Kişinyov, 1983).

Lakin “Manifest” haqqında daha dəqiq məlumatı İ.Qolikov verir. Onun yazdığına görə, “Manifest” fars, tatar və türk dillərinə tərcümə edilir və tərtibinin əsas iştirakçısı olan knyaz Kantemirin redaktəsi ilə onun gəmisində çap olunur. İ.Qolikov “Manifest”in əslini də çap edir:

“Bütün şahlara, ordu başındakı topçubaşlara, bəylərbəylərə, sultanlara, vəzirlərə və başqa başçılara Əlahəzrət I Pyotrun Fərmanı.

Ləzgi torpaqlarının sahibi Davud bəy və Qazı Qumuq torpaqlarının sahibi Surxay adamları toplayıb İran şahına, bizim dostumuz Əlahəzrət Şaha qarşı qiyam qaldıraraq Şirvan əyalətində Şamaxı şəhərini hücumla almış və rusiyalıları doğramış, qırmışlar. Bizim dostumuzun qüvvəsi az olduğundan biz ona kömək etmək qərarına gəldik. Əgər yerlilərdən kimsə qiyamçılara yardım etsə, biz onları düşmən sayacaq, odla və qılıncla məhv edəcəyik…”

İ.Qolikov “Manifest”in Bakıya poruçik Luninlə göndərildiyini yazır (İ.İ.Qolikov. Deyaniya Pyotra Velikoqo, mudroqo preobrazitelya Rossii v 6-ti tomax. – Moskva, 1833).

Yuxarıda I Pyotrun yürüşünün əsas səbəblərini, məqsədini göstərmişdik. Manifüst-Ultimatumdan da aydın olur ki, Rusiya özünün çirkin siyasətini “dostu Əlahəzrət Şaha” yardım pərdəsi ilə ört-basdır etmək istəyir. Bu, həm də Rusiya ilə İranın Qafqazdakı marağına işarə edən, gələcəkdə bağlanılacaq Gülüstan və Türkmənçay kimi müqavilələrin acı nəticələrindən soraq verən bir sənəddir. Çox çətin ki, Azərbaycan ziyalıları ultimatum səciyyəli “kitab”dan həvəslənib “ana dilində mətbəə yaratmaq və kitab çap etmək fikrinə düşsünlər…

Bu gün də Rusiya zəngin təbii sərvətləri olan Azərbaycanı əlindən vermək istəmir, nəyin bahasına olursa-olsun, onu diz çökdürməyə, yenə də əvvəlki tək özünün xammal mənbəyinə çevirməyə çalışır. Özünün çirkin siyasətini həyata keçirmək üçün o, tarix boyu “mənəm, mənəm” deməyə can atan erməniləri əlində oyuncağa çevirmişdir. “Tarix təkrar olunur”…



(“Ədəbiyyat qəzeti”, 4 fevral 1994, s.6)

Geri dön