Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ədəbi və pedaqoji əlaqələr tariximizin bir səhifəsi "Dərgah"(1921-1923) məcmuəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Ədəbi və pedaqoji əlaqələr tariximizin bir səhifəsi "Dərgah"(1921-1923) məcmuəsi

Ədəbi və pedaqoji əlaqələr tariximizin bir səhifəsi "Dərgah"(1921-1923) məcmuəsi


"Maarif və mədəniyyət"imizin "Dərgah"dan (1921-1923) başlanan yolu


"Dərgah" türk dillərinin çoxunda işlənən milliləşən alınma sözdür.Fars mənşəlidir."Qapı" (dünyaya açılan qapı-N.N.), "saray" anlamına uyğundur. Türkiyədə bu sözlə ilgili bir sıra dərgilər vardır. Bu gün onlardan biri haqqında söz açmaq istəyirik.
Söhbətimizin səbəbkarı olan "Dərgah" məcmuəsi türk dünyasının ictimai fikir tarixində önəmli yer tutur. İstanbulda nəşr olunan bu məcmuənin ilk nömrəsi 15 nisan 1921-ci ildə çıxmışdır.Məcmuənin sonuncu nömrəsi(sayı) 5 ocak 1923-cü ildə işıq üzü görmüşdür. Məcmuənin yaradıcısı Yahya Kamaldır.
Yahya Kamal 2 ocak 1884-cü ildə Üsküpdə dünyaya göz açmışdır.O, ilk təhsilini Türkiyənin egitim sistemində şərəfli yer tutan "Vəfa " liseyində almış, 1903-cü ildə Parisə gedərək burada fransız dilini dərindən öyrənmiş, Siyasi Bilimlər Fakültəsinə daxil olmuş və oranın ən yaxşı məzunlarından biri kimi 9 illik ayrılıqdan sonra İstanbula qayıtmışdır. İstanbul Universitetində çeşitli dərslər deyən Kamal Yahya 1921-ci ilin əvvəllərində ictimai-siyasi ,ədəbi məcmuə yaratmaq fikrinə düşmüşdür.Onun bu ideyası əqidə dostları olan universitet müəllimləri--Mehmet Emin ( Erişirgil), İsmayıl Hakkı (Baltaçıoğlu), Mustafa Şekip (Tunç ) və Fuad Köprülü tərəfindən, eləcə də İstanbul Universitetinin öğrençiləri Mustafa Nihat (Özön), Nalil Vedat, Ahmed Hamdi (Tanpınar) və Kamal Yürükoğlu tərəfindən bəyənilmiş, təklif olunan bir neçə ismin içindən "Dergah" adı seçilmişdir.
Dərginin məsul redaktorluğu Mustafa Nihat (1896-1980) adlı öğretmenə tapşırılmışdır. "Dərgah" məcmuəsinin işində öz elinə, obasına vurğun olan,onun çiçəklənməsi yolunda özünü oda-közə atmağa hazır olan qeyrətli və qabiliyyətli türk oğullarının böyük bir dəstəsi var qüvvələri ilə çalışırdı. Məcmuənın yazar kadrlarının cərgəsində ən çox fərqlənənlərinin bir neçəsinin adı türk ictimai və ədəbi- bədii həyatında özünə əbədi yer tutmaqdadır: Halidə Edip (Adıvar), Ahmed Camal Köprülüzadə, Mehmet Emin (Erişilgil), İsmayıl Hikmət ( Ertaylan ), Halil Fikret ( Kanat ), Mehmed Fuad (Köprülü), Ziya Gökalp, Halil Vedat (Fıratlı) və başqaları...

Məcmuədə həm türk, həm də dünya ədəbiyyatından oxuculara seçmə nümunələr təqdim olunurdu. Burada bir sıra ədəbi və jurnalistikaya aid olan janrlara xüsusi önəm verilirdi .Dərgidə 2 il ərzində 129 şeir verilmişdir ki, bunun da 42-si gənc şair Ali Mümtazın, 18-i Həcməddin Halilin bədii təfəkkürünün məhsulu idi.
Məcmuədə müsahibə janrında yazılmış materiallar bir ordunun görə bilmədiyi işi görən publisistikanın dəyərli nümunələri kimi diqqəti cəlb edir. Müsahibələrin çöxunun respondenti (suala cavab verəni) Kamal Yahya idi.
"Dərgah" məcmuəsi Azərbaycan mətbuatının inkişafında, türkçülük ideyalarının yayılmasında istiqamətverici rol oynamışdır.
Azərbaycan Xalq Komissarlığının dəvəti ilə 1923-cü ildə Bakı Ali Pedaqoji İnstitutunda və Bakı Universitetində azərbaycanlı tələbələrə türk dili və ədəbiyyatı, pedaqogika və psixologiyadan dərs deməyə bir neçə türk alimi dəvət edilmişdi.Onların çoxu 1927-cı ilədək Bakıda geniş və hərtərəfli pedaqoji və elmi-publisistik fəaliyyət göstərmişdir.Maraqlıdır ki, türk alimlərindən İsmayıl Hikmət,Xəlil Fikrət, Mehmed Fuad və başqaları 1923-cü ildə Bakıda nəşrə başlayan "Maarif və mədəniyyət" jurnalında (indi " Azərbaycan" adı ilə çıxır) fəal iştirak etmişlər. Başqa sözlə, onlar "Dərgah" dərgisindəki geniş ədəbi və elmi ,elmi-publisistik fəaliyyətlərini Azərbaycan mətbuatında uğurla davam etdirmişlər.
"Dərgah " jurnalının 42 nömrəsinin hamısının diqqətlə öyrənilməsi və incələnməsi Türkiyə-Azərbaycan ədəbi və ictimai-siyasi əlaqələrinin öyrənilməsində bir çox qaranlıq məsələlərin işıqlandırılmasına kömək edə bilər.
"Dərgah" dərgisinin Azərbaycanın ali məktəblərinin tarix və filologiya fakültələrində xüsusi kurs kimi öyrənilməsi lüzumlu görünür.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bakı,
02.01.2016.

Geri dön