Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Şəhriyar şeirinə yeni baxış
Şəhriyar şeirinə yeni baxış |
XX əsr Azərbaycan poeziyasında milli ruhu və düşüncəni ifadə etmək qüdrəti baxımından yalnız Səməd Vurğunla müqayisə edilə biləcək dahi Şəhriyarın yaradıcılığı, onun ana dilimizin qənirsiz gözəlliyini, misilsiz şəhd-şəkərini, məhrəm melodiyasını təcəssüm etdirən şeirləri onilliklərdir ki, tədqiqatçıların diqqət mərkəzindədir.
Onun zəngin bədii irsi, ədəbi-tarixi missiyası haqqında çox deyilmiş, çox yazılmışdır. Bununla belə, Şəhriyarın çoxşaxəli yaradıcılığı ilə bağlı çözülməmiş məsələlər, söylənməmiş fikirlər, toxunulmamış mətləblər də az deyil. Və nə yaxşı ki, böyük ustadın bənzərsiz poeziyasının hələ açılmamış qatlarını, toxunulmamış problemlərini orijinal bir tərzdə incələməyi bacaran, hər cəhdində bu misilsiz xəzinədən əl dəyməmiş dürr və gövhərlər çıxaran yeni nəsil ədəbiyyatşünaslarımız var - istedadlı, bacarıqlı, fəhmkar, modern təfəkkürlü şərqşünas-alim, nəzəriyyəçi, tənqidçi və tərcüməçi Məsiağa Məhəmmədi kimi!.. Onun oxuculara təqdim olunan kitabına daxil edilmiş və müxtəlif illərdə qələmə alınmış məqalələrini birləşdirən bir cəhət var: Şəhriyar şeirinə, onun ədəbi şəxsiyyətinə yeni baxış. Fikrimi əsaslandırmaq üçün kitabdakı yazılar barədə müəyyən məqamları qeyd etməyi lazım bilirəm... “Şəhriyar və zəmanəmiz” adlı məqalədə müəllif Şəhriyarın fəlsəfi dünyaduyumunun əsas aspektlərini, çağdaş dövrün mahiyyəti və səciyyəsi ilə bağlı özünəməxsus görüşlərini açıqlayır. Bununla bağlı iki anlayışa (təməddün və siyasət) xüsusi yer ayıran tədqiqatçı Şəhriyarın dünyagörüşünü tamamilə yeni bir rakursdan təqdim edir. Eyni zamanda şairin yaradıcılığında millilik, milli dərdlərin ifadəsi qlobal kontekstdə nəzərdən keçirilir, milliliklə ümumbəşəriliyin vəhdəti spesifik yöndən işıqlandırılır. Əslində biz burada ədəbi təhlillə yanaşı, fəlsəfi və sosioloji analizlə də qarşılaşırıq... Müəllifin “Şəhriyar və XX əsr İran ədəbi mühiti” başlıqlı geniş həcmli araşdırması xüsusi diqqətəlayiqdir. Burada Şəhriyar yaradıcılığı XX yüzillikdə İran ədəbiyyatının inkişaf xüsusiyyətləri kontekstində nəzərdən keçirilir və bildiyim qədəri, bizim ədəbiyyatşünaslıqda, ümumən şərqşünaslıqda ilk belə tədqiqatdır. Şəhriyarın poeziyasını ənənə və novatorluq problemi baxımından, böyük İran şairi Nima Yuşicin yaradıcılığı ilə əlaqəli şəkildə araşdıran müəllif bu qənaətə gəlir ki, Şəhriyar XX əsr İran şeirində əlahiddə bir yer tutur və bunu şərtləndirən beş fundamental səbəbi açıqlayır. Mənim fikrimcə, Belinskini oxumadan Puşkini olduğu təkin başa düşmək mümkün olmadığı kimi, Məsiağanın bu məqaləsini oxumadan Şəhriyarın da kim olmasını dəyərincə başa düşmək mümkün deyildir... Şəhriyarın dillər əzbəri olan “Azərbaycan” şeiri haqqında məqalə isə həmin şeir ətrafında mübahisə və spekulyasiyalara nöqtə qoyan sanballı və əzmkar alim sözüdür. Təsadüfi deyil ki, həmin məqalə mətbuatda dərc olunan kimi böyük rezonans doğurmuş, internet-mediada, sosial şəbəkələrdə qızğın diskussiyalara yol açmışdı. Məqaləyə təkcə Azərbaycandan deyil, İran və Türkiyədən də təqdiredici reaksiyalar olmuşdu. Qeyd edim ki, bu məqalədə müəllif özünü həm də püxtə bir mətnşünas kimi göstərmişdir... Məsiağa Məhəmmədi klassik və müasir farsdilli ədəbiyyatı araşdırmaqla yanaşı, həm də onun tərcüməsi, təbliği və tənqidi ilə məşğuldur və bu sahədə onun fəaliyyəti elmi-ədəbi ictimaiyyətə yaxşı tanışdır. Burada da həmin fəaliyyətin müəyyən nəticələri öz əksini tapmışdır: kitabda onun “Heydərbabaya salam” poemasının fars dilinə İranda çap olunmuş tərcüməsi haqqında rəyi, eləcə də Şəhriyarın iri həcmli bir şeirinin farscadan dilimizə tərcüməsi yer almışdır. Böyük Mövlanaya həsr edilmiş bu şeir (mən onu tam cəsarətlə, poema adlandırardım) Şəhriyarın bədii təxəyyülünün qüdrətini və özünəməxsusluğunu göstərmək baxımından çox maraqlıdır. Məsiağa bədii mətnlərə öz akademik yanaşmasına uyğun olaraq, həmin şeiri filoloji tərcümə edib. Bildiyim qədəri, onun tərcüməsi əsasında bu şeirin iki müxtəlif poetik tərcüməsi də meydana çıxıb və dövri mətbuatda işıq üzü görüb. Mən Məsiağa Məhəmmədinin elmi-ədəbi yaradıcılığına kifayət qədər bələd bir adam kimi deyə bilərəm ki, o, daim öyrənilməmiş, yaxud az öyrənilmiş mövzulara üz tutur, bütün hallarda araşdırma predmetinə özünəməxsus və fərqli yanaşmasını ortaya qoyur. Oxuculara təqdim olunan kitab da bu baxımdan istisna deyil. Məhz bu cəhətinə görə inanıram ki, həcmcə kiçik, lakin sanbalca böyük olan bu kitab Şəhriyar tədqiqatçıları üçün mötəbər qaynaq rolunu oynayacaq, oxucuların dahi şairi daha yaxşı tanımasına, onun poetik dünyasının incəliklərini daha dərindən dərk etməsinə vəsilə olacaq, dəyərincə xidmət göstərəcək... Qurban BAYRAMOV, tənqidçi-ədəbiyyatşünas. Geri dön |