Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəşid bəy Əfəndizadənin1898-ci ildə İstanbulda Azərbaycan dilində nəşr olunmuş "Uşaq bağçası" adlı ilkdərsliyi haqqında qeydlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Rəşid bəy Əfəndizadənin1898-ci ildə İstanbulda Azərbaycan dilində nəşr olunmuş "Uşaq bağçası" adlı ilkdərsliyi haqqında qeydlər

Rəşid bəy Əfəndizadənin1898-ci ildə İstanbulda Azərbaycan dilində nəşr olunmuş "Uşaq bağçası" adlı ilkdərsliyi haqqında qeydlər


Azərbaycanın görkəmli marifçilərindən biri Rəşid bəy Əfəndizadə (1863-1942) maraqlı həyat yolu keçmişdir.Rəşid bəy ilk təhsilini zəngin pedaqoji ənənələri olan Şəki şəhərində almış,1879-cu ildə Zaqafqaziya Müəllimlər Seninariyasının müsəlman şöbəsində bilikli və bacarıqlı müəllimlərin rəhbərliyi ilə bir nezə il yüksək məfkurəli öyrətmən kimi Qutqaşendə (Qəbələdə-N.N.), Xaçmaz və Qoxmux kəndlərində geniş və hərtərəfli fəaliyyət göstərmişdir.İşlədiyi kənd məktəbləri R.Əfəndizadə üçün elmi-metodiki baza rolunu oynayırdı.O,1892-ci il avqustun 18-dəZaqafqaziya Əhli-Təsənni İdarəsinə katib köməkçisi vəzifəsinə təsdiq olunur. Onun əyalət müəllimliyindən Zaqafqaziyanın baş şəhərinə işləməyə dəvət edilməsi təsadüfi deyildi. Zaqafqaziya Müəllimlər Seminariyasında Rəşid bəyə şəriətdən və Azərbaycan dilindən dərs deyən Hüseyn Əfəndi Qayıbov 8 il idi ki, Əhli-Təsənni İdarəsinin müftisi vəzifəsində işləyirdi. Hüseyn Əfəndi seminariyada Rəşid bəyə xüsusi diqqət yetirir, onun hərtərəfli təhsil almasına çalışırdı.Rəşid bəyn yaxşı xətti var idi,o,bədii yaradıcılıqla da məşğul olurdu. “Ziyayi-Qafqasiyyə” qəzetində dərc olunmuş bir yazıdan öyrənirik ki, Hüseyn Əfəndi seminariyanın son kursunda oxuyan şagirdlərindən birinin dogma şəhəri Şəkiyə həsr etdiyi şeirini çap olunmaqdan ötrü redaksiyaya göndərmişdi (“Ziyayi-Qafqasiyyə” qəzeti, N7,1882-ci il).Qəzetin idarə heyəti ( o vaxtlar qəzetin redaktoruCəlal Ünsizadə,naşiri isə Səid Ünsizadə idi-N.N.) seminariya tələbəsinin şeirini o vaxtın yeganə anadilli mətbu orqanında da çap etməsə də, gənc yazarı naümid qoymamış,gələcəkdə məxsusi bir məcmuədə ona yer ayıracağına söz vermişdi.Təəssüf ki, XIX əsrdə Tiflisdə geniş naşirlik fəaliyyəti göstərən Səid Ünsizadənin belə bir şeir məcmuəsi nəşr edib-etmədiyini müəyyənləşdirmək mümkün deyil. Hər halda 1882-ci ildə seminariyanı müvəffəqiyyətlə bitirən şəkili Rəşid bəy Əfəndizadənin bədii yaradıcılığında Nüseyn Əfəndi Qayıbovun rolu çıxmamalıdır.
Rəşid bəy Əfəndizadənin1898-ci ildə İstanbulda Azərbaycan dilində nəşr olunmuş "Uşaq bağçası" adlı ilkdərsliyi haqqında qeydlər

Rəşid bəy Əfəndizadə (rus dilində yazılmış sənədlərdə Rəşid bəyin adı və soyadı soyadı Abdurəşid İsmayıl Əfəndi oğlu Əfəndiyev kimi yazılıb- N.N.) Azərbaycan dilində təhsil alan hər bir azərbaycanlının hələ ibtidai məktəb illərindən tanıdığı söz ustalarından biridir. "Ay havada uçan durna" misrası ilə başlanan gəraylını yaşlı nəslin adamları nostalji hislərlə hələ də zümzümə edirlər.


R.Əfəndizadənin "Fəsillər" şeirinin bir bəndi hələ də orta məktəb dərsliklərində şifahi xalq ədəbiyyatının janrlarından birinə -mövsüm nəğmələrinə nümunə kimi təqdm olunur:

Üçü bizə yağıdır,
Üçü vurub dağıdır...


Əlbəttə, bu yalnışlıq Rəşid bəy Əfəndizadənin şeir dünyasına məhəbbətdən irəli gəlir.

R.Əfəndizadə 1863-cü ildə Şəkidə anadan olub, ilk təhsilini də bu şəhərdə alıb. 1879- cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsi açılanda bu yeni təhsil ocağının ilk tələbələrindən biri də R. Əfəndizadə olub. O, 1882- ci ildə seminariyanı bitirərək, Qutqaşendə (indiki Qəbələ-N.N. ) kənd məktəbinə müdir təyin olunub, 1890-cı ilin əvvəllərində Xaçmaz (indiki Oğuz rayonunundadır- N.N.) kənd məktəbinə müəllim işləməyə göndərilib. 1892-ci ilin sonlarında R.Əfəndiyev Tiflisə gəlib, dekabrın 27-də Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib köməkçisi vəzifəsinə təyin olunub. O vaxt müfti vaxtilə Qoridə Rəşid bəyə ana dili və şəriətdən dərs deyən Hüseyn Əfəndi Qayıbov idi.

Rəşid bəyin Tiflisə dəvət edilməsi təsadüfi deyildi. Müfti Hüseyn Əfəndi Qayıbov tutduğu dini vəzifə çərçivəsində böyük maarifçilik işləri görürdü: kənd və şəhərlərlərdə yeni məktəblər açır, yazılı və şifahi ədəbiyyatın inkişafına, qabaqcıl müəllimlərin yazdıqları dərslik və risalələrin çapına qayğı göstərirdi. Yeri gəlmişkən, qeyd edək ki, Rəşid bəy 1882- ci ildə seminariyanın son kursunda oxuyarkən müəllimi Hüseyn Əfəndi tələbəsinin doğma Şəki şəhərinə həsr etdiyi bir şeirini çap olunmaqdan ötrü Tiflisə "Ziyayi- Qafqasiyyə" qəzetinin naşiri və sahibi Hacı Səid Əfəndi Ünsizadəyə göndərmişdi. Səid Əfəndi qəzetın tələbatı və imkanı xaricində olduğu üçün şeiri dərc etməsə də,gənc şairi naümid qoymamış, gələcəkdə məxsusi bir məcmuədə ona yer ayıracağına söz vermişdi. Təəssüf ki, belə bir məcmuənin çap olunub-olunmadığı məlum deyil.
Sənədlərdən məlum olur ki, R.Əfəndiyevdən əvvəl Əhli-Təsənni İdarəsində katib köməkçisi vəzifəsində şamaxılı Mirzə Seyfəddin Seyidov işləyirmiş. O,Tiflis Məhkəmə Palatasına tərcüməçi vəzifəsinə keçəndən sonra R.Əfəndiyev onun yerinə müvəqqəti olaraq işə götürülüb. Səriştəsi, bilik və bacarığı, yazı mədəniyyəti nəzərə alınaraq, R.Əfəndiyev bir neçə aydan sonra daimi işə keçiririlib.

R.Əfəndiyev bundan üç ay sonra kənd mollası və müəllimlik attestatı almaq üçün Tiflis--Kutaisi Sünni Məclisinə müraciət edir. 1893- cü il iyunun 6-da imtahan verir. Zaqafqaziya Ruhani İdarəsinin 2 iyul 1893-cü il tarixli qərarı ilə ona kənd mollası və müəllimliyi təsdiq edən 760 nömrəli attestat verilir. 

Məşhur müəllimlər seminariyasını bitirib, 10 ildən artıq bir müddətdə kənd məktəblərində müəllimlik edən R.Əfəndiyevin dini idarədən sənəd alması təəccüblü görünməməlidir. Bu, çox güman ki, yeni vəzifədə möhkəmlənmək, Zaqafqaziya Müəllimlik Seminariyasında işə düzəlmək, hazırladığı dərslikləri Ali Ruhani İdarəsinin xətti ilə çap etdirmək məqsədi daşıyırdı.

R.Əfəndiyev Ruhani İdarəsində katib vəzifəsindən o yana yüksələ bilməyib. Yaxşı xətti, tərcüməçilik məharəti, vəzifə borcuna vicdanlı münasibəti Rəşid bəyə baş ucalığı gətirsə də, aldığı az maaşdan bezərək, o, ailəsini yaxşı yaşatmaq üçün əlavə gəlir yolları axtarır. Özünü oda-közə atsa da, yeganə çıxış yolunu elmdə və ədəbi yaradıcıluqda görür. Bu cəhətdən R,Əfəndiyevin 1898-ci il apelin 4-də müfti H.Qayıbov həzrətlərinə yazdığı ərizə maraq doğurur.
Ərizəçi ayda 34 manat 29 qəpik əmək haqqı aldığını, 6 nəfərlik ailəsini güclə dolandırdığını ürək ağrısı ilə bildirir və vacib maddi həyati tələbatını ödəməkdən ötrü gürdüyü işlərdən söz açır:


"Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ xalq maarif sistemində işlədiyim illərdə tərtib etdiyim əlifba kitabçasını ("Uşaq bağçası" dərsliyi nəzərdə tutulur-N.N.) nəşr etmək qərarına gəlmişəm. Kənd məktəblərində Azərbaycan və rus dillərini tədris edərkən 10 il ərzində müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq nəticələr
qazanmışam. Gündəlikdə əsas yeri rus məxəzlərindən götürülmüş məqalələr, Puşkin, Lermontov, Krılov, Koltsov, Jukovski və başqalarının əsərləri tutur. Senzor Komitəsinin icazəsi ilə əsəri ərəb əlifbasının kolliqrafiya qaydaları ilə çap etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol (İstanbul-N.N.) şəhərinə göndərmişəm. İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən adam olmadığından tipoqrafiyanın rəhbərləri dərsliyin düzgün korrektə olunacağına zəmanət vermir. Odur ki, dərsliyi korrektə etmək üçün Konstantinopola getmək istəyirəm”.

R.Əfəndiyev ərizəsinin sonunda səfərlə əlaqədar olaraq, ona iki aylıq məzuniyyət verilməsini xahiş edir.
Zaqafqaziya müftisi H.Ə.Qayıbovun 18 may 1898-ci il tarixli 770 nömrəli təliqəsinə əsasən Konstantinopola getmək üçün R.Əfəndiyevə mayın 20-dən iki aylıq məzuniyyət və xarici pasport verilir.

R.Əfəndiyevin ilk dərsliyi-"Uşaq bağçası” elə həmin il İslambulun (şəhərin adı dərslikdə belə yazılıb- N.N.)
Bab-i Ali caddəsindəki 38 nömrəli ünvanda yerləşən İvanaki Panayotidis mətbəəsində çap olunmuşdur.

Kitabın uz qabığında başlıqdan sonra "Savadsız adam bir ayda oxuyur və..” sözləri yazılıb ki, bu da dərsliyin dəyərini göstərən epiqraf kimi başa düşülməlidir. 

Ümumi təəssürat üçün titul səhifəsinin yazılarını olduğu kimi təqdim edirik: 

"Müəllif və mucidi (yaradanı, vücudə gətirəni-N.N.) Rəşid bəy Əfəndizadə. On sənə müzirində kəsb olunmuş təcrübədən sonra tazə üsuli-sövti üzrə təsis olunub, təliq (ərəb yazısı növlərindən biri--N.N. ) və cüls xətləri üzrə tərtib olunubdur. Qiyməti 1 manat 20 qəpikdir. Hər həqqi müəllif və naşirinə aiddir. Maarif nəzarət cəliləsinin rəzasəti ilə təb olunmuşdur. İslambul. İvanaki Panayotidis mətbəəsi, Bab-i Ali cadəsi, 38. 1316 səneyi-islamiyyə (1898 səneyi məsihiyyə)".




Yeri gəlmişkən onu da qeyd edək ki, İstanbulun Bab-i Ali caddəsində o vaxtlar onlarla mətbəə var idi. İvanaki Panayotidis mətbəəsi texniki imkanlarına görə digərlərindən əsaslı şəkildə fərqlənirdi.

Mətbəənin ən məşhur nəşrlərindən biri 1897-ci ildə burada çap edilmiş “Kamus-I Rumi-Rumcadan Türkçeye Luğat”dir. İki cildlik bu lüğətin tərtibçisi-yazanı mətbəə sahibinin özüdür.Nəfis tərtibatlı bu qamus 2054 səhifədir. Dünya lüğətçilik tarixinin nadir kitablarından biridir.


Tarixilik xatirinə qeyd etmək istəyirik ki,
"Uşaq bağçası"nın çapına 1896- cı il fevralın 29- da Qafqaz Senzor Komitəsi tərəfindən icazə verilsə də, dərsliyin nəşri iki ildən çox ləngimişdir. Kitabın çapındakl bu ləngimələr nəşriyyat problemləri ilə bağlı olub.

 Belə ki, bu illərdə Tiflisdə -Zaqafqaziyanın baş şəhərində Azərbaycan dilində mətbəələr, demək olar ki,öz fəaliyyətini dayandırmalı olmuşdu. 1878-ci ildə yaradılçış "Ziya" mətbəəsi Səid Ünsizadənin İstanbula müraciətindən bir az sonra bağlanmışdı. Bu mətbəənin bazası əsasında yaradılan "Kəşkül " mətbəəsi də 1891-ci ildə "Kəşkül" qəzeti bağlanandan sonra öz fəaliyyətini dayandırmışdı.
Haqqında söz açılan hər iki mətbəə Azərbaycan dilində kitab çapını xeyli ləngitmişdir.Ünsizadə qardaşlarının 1878-1891-ci illərdə Tiflisdəki coşqun nəşriyyatçılıq fəaliyyətinin əngəllənməsi Zaqafqaziyadan kənardakı türkdilli ədəbiyyatın da inkişafına öz mənfi təsirini göstərmişdir.
Unutmaq lazım deyil ki, türk dünyasının böyük yazarlarından, Səid Ünsizadənin əqidə və məslək dostlarından biri İsmayıl bəy Qasprinski türkdilli jurnalistik fəaliyyətinə 1879-cu ildə "Ziya" qəzetindən başlamışdır.
İ.Qasprinskinin "Tərcüman"dan əvvəlki bir sıra kiçik həcmli jurnalları" Tuncuq" , " Şəfəq" , "Qəmər " Ünsizadə qardaşlarının mətbəəsində çap olunmuşdur.
İ.Qasprinski 1881-ci ildə Tiflisdə "Ziya" mətbəəsində çap etdirdiyi "Tuncuq" jurnalının "Ön söz"ündə bu xidmətləri çox yüksək dəyəndirmişdir.


"Uşaq bağçası"nın həcmi 137 səhifədir. Əsər giriş və 3 fəqərədən-hissədən ibarətdir. Dərslik "Müəllim Rəşid bəy Əfəndizadə" imzalı 7 səhifəlik müqəddimə ilə başlayır. Birinci hissənin materialları 25 səhifədə yerləşdirilib. İkinci hissə yenidən nömrələnib (səh.1-78 ). Üçüncü hissənin materialları 79-cu səhifədən başlayır, 105 ci səhifədə tamamlanır.

Sonuncu-nömrəsiz cəhifədə Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun və şeyxülislam Axund Əbdüssəlam Axundzadənin hərəsinin ayrı-ayrılıqda bir cümləlik müsbət rəyi-icazəsi çap olunub:

" Həmin kitabçanı Zaqafqazın cəmi sünniməzhəb müsəlmanlarının məktəbləıində ümxaz (istifadə-N.N.)
olunmağa nafe (faydalı-N.N.) hesab edüb imza edirəm.

Zaqafqaz müftisi Hüseyn Əfəndi Qayıbov"


" Həmin kitabçanı cəmi şiəməzhəb müsəlmanlarının ibtidai məkatibində şagirdlərin istifadəsi üçün təlim kitabı əxz(əldə etmə,alma-N.N.) olunmağa mənfəətlü hesab edirəm.

Zaqafqaz şeyxülislamı Axund Əbdüssəlam Axundzadə"


Dərsliyin birinci hissəsi dilin fonetik və leksik materiallarının tədqiqinə həsr olunub. Buradakı nəzəri materialların izahında yeri düşdükcə atalar sözü və məsəllərdən istifadə olunub. Dərsliyin ikinci və üçüncü hissələrinin materialları müntxəbat xarakterlidir. Burada rus və dünya ədəbiyyatından tərcümə və iqtibas edilmiş təmsil, hekayə, zərifə və s. janrlarda olan nəzm və nəsr nümunələri məktəb yaşlı uşaqların mənəvi dünyasini zənginləşdirən, onların mütaliə mədəniyyətinə yönələn dəyərli materiallar kimi diqqəti cəlb edir
:

Məktən vəqtidir,əzizim,dur ayağa, ey oğul,
Gün çıxıb,pəncərədən düşdü otağa,ey oğul.

Çox zamandır ki,xoruslar oyadıblar xəlqi,
Paltarın əgninə gey,çəkmən ayağaey oğul.

Quş ola,heyvan ola,insan ola məzmumdur
(məzəmmət olunmuşdur-N.N.)
Kəsbdən qeyri qədəm qoyma qırağa , ey oğul.

Yük çəkir hər cücü öz ruzqini ,hər arı özün
Vuracaq baldan ötü daşa,batdağa,ey oğul.

Kəsbdir gərçi dutur torçu balıq dəryadan,
Kənçinin meyli olur bostana,bağa,ey oğul.

Fikr eylə,imdi, oğul: elm,sənət kəsbdir,
Sən də get məktəbə,elmə,dur ayağaey oğul.


Bu şeir K.D.Uşinskinin Ana dili dərsliyindəndir.Müəllifi K.D.Uşinskinin yaxın dostu,görkəmli pedaqoq, Zaqafqaziyanın təhsil tarixində əhəmiyyətli rol oynayan L.N.Modzalevskidir(14.02.1837-12.05.1896). L.N.Modzalevskinin dərsliklərdə dəfələrlə yer tutan bu şeirini H.Qaracadaği də, R.Əfəndizadə də,M.Ə.Sabir də tərcümə etmişlər. Tərcümələr o qədər maraqlı alınmışdır ki, onların orijinal olub-olmamasını müəyyənləşdirmək,bir neçə tədqiqatdan başqa,demək olar ki,heç kəsin yadına düşməmişdir.
Rəşid bəy Əfəndizadənin iklinci dərsliyi " Bəsirətül-ətfal "dır. Onun ilk variantı 1901-ci il sentyabrın 12-də də Bakıda nəşr olunmuşdur/ müəllif 1907-ci ildə bu dərsliyi müsəvvər (şəkilli-N.N.) İstanbulda Bab-i Ali caddəsindəki 72 nğmrəli binada yerləşən Mahmud bəy mətbəəsində nəşr etdirmişdir.Dərslikdəki illüstrasiyalar məşhur rus rəssamı Vladimir Amosoviç Taburinindir.
R.Əfəndizadənin İstanbulda nəşr olunan "Bəsirətül-ətfal"ı Bakıda nəşr olunan "Bəsirətül-ətfal"dan həcmcə xeyli kiçikdir. Cəmi 128 səhifədir.

Dərslikdə klassik Azərbaycan ədəbiyyatından, "Kəlilə və Dimnə"dən, şifahi xalq ədəbiyyatından tərcümə seçıilmiş materialların çoxu dərslik müəllifinin yüksək tərbiyəvi əhəmiyyəti olan şərhləri ilə müşayiət olunub.


"Uşaq bağçası" ,eləcə də "Bəsirətül-ətfal "dərsliklərindəki materialların əksəriyyətindən müasir dərsliklərinin yeni nəşrlərində səmərəli şəkildə istifadə etmək olar.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bakı,14.01.2016.

əlaqə- 050 632 31 49
(012) 566 07 95


Bakı şəhəri, Təbriz küçəsi,94, mənzil 101.

Geri dön