Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yalnız Azərbaycan üçün xarakterik olan çilələr: Yaxınlaşmaqda olan “Kiçik çilə” nədən daha soyuq keçir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Yalnız Azərbaycan üçün xarakterik olan çilələr: Yaxınlaşmaqda olan “Kiçik çilə” nədən daha soyuq keçir?

Yalnız Azərbaycan üçün xarakterik olan çilələr: Yaxınlaşmaqda olan “Kiçik çilə” nədən daha soyuq keçir?


Rəvayətə görə, çilələr qışın oğullarıdır. Çilələr həm də Novruza qədərki qışdan çıxmaq mərhələləri hesab edilir. Daha çox davam edən “Böyük çilə” 40, “Kiçik çilə” 20 gün, bundan sonra isə 1 ay davam edən "boz ay" olur.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan verilən məlumata görə, Azərbaycanın bəzi bölgələrində böyük çilədən çıxıb kiçik çiləyə keçəndə müəyyən mərasimlər keçirilir. Belə mərasimlərdən biri “çilə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan "çilə qarpızları" kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.

Kiçik çilənin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir: “Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir: qovurğa qovrulur, qovut çəkilir və bu qovut qaba çəkilib bir tərəfə qoyulur ki, Xıdır Nəbi gəlib ona əlini çəksin və həmin il bolluq olsun”.

AMEA-nın Coğrafiya İnstitutundan isə Trend-ə bildirilib ki, qışın böyük və kiçik çilələrinin olması məsələsi yalnız Azərbaycan xalqı üçün xarakterikdir. Başqa xalqlarda qış bu formada mərhələlərə bölünmür.

İnstitutdan əlavə edilib ki, dekabrın 22-dən başlayaraq yanvarın 30-da bitən, təqribən 40 gün davam edən “Böyük çilə” dövründə hava tədricən soyuqlaşsa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklər olsa da, onların intensivliyi az olur: “Azərbaycanda qışda ölkə ərazisinə yalnız arktik hava kütlələri daxil olanda hava soyuq keçir. Yanvarın sonunda temperatur bir qədər yüksək olanda havanın atmosfer təzyiqi aşağı düşür. Nəticədə də şimaldan daha soyuq hava kütlələri daxil olur”.

İnstitutdan qeyd edilib ki, iyirmi gün davam edən “Kiçik çilə” isə fevralın əvvəlindən başlayaraq, fevralın 20-dək müşahidə edilir: “Həqiqətən də “Kiçik çilə” “Böyük çilə”yə nisbətən həmişə daha soyuq, sərt olması ilə diqqəti cəlb edir. “Kiçik çilə”də havanın temperaturunun düşməsində daha çox kəskinlik müşahidə edilir, yağış və qar daha çox yağır. Yanvarın sonunda havanın temperaturu nisbətən mülayim olsa da, fevralda temperatur daha kəskin aşağı düşür. Bəzən elə olur ki, həmin dövrdə bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir”.

İnstitutdan bildirilib ki, “Kiçik çilə”nin daha soyuq olduğu bildirilsə də, bu, elmi əsaslara söykənmir. Azərbaycanda məhz “Kiçik çilə”nin hansı səbəbdən daha soyuq keçməsinin səbəbini elmi əsaslarla izah etməkdən ötrü hər hansı elmi araşdırma aparılmayıb. Çilələrdə havaların necə keçməsi ilə bağlı fikirlər sadəcə, xalq müşahidələrinin nəticələridir.

Geri dön