Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə > Prezident İlham Əliyev heç zaman ölkə vətəndaşlarının və cəmiyyətin ciddi kataklizmlərlə üzləşməsinə imkan verməyəcək
Prezident İlham Əliyev heç zaman ölkə vətəndaşlarının və cəmiyyətin ciddi kataklizmlərlə üzləşməsinə imkan verməyəcək |
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Trend, AZƏRTAC və APA agentliklərinə müsahibəsi
- Əli müəllim, 2015-ci ilin ikinci yarısından dünya bazarında enerji resurslarının qiyməti sürətlə aşağı enməyə başladı və uzun müddətdir dünyada davam edən beynəlxalq siyasi və iqtisadi böhranı daha da dərinləşdirdi. Bu məsələdə ekspertlərin rəyləri haçalanır: bir qrup bunun təbii, digərləri isə süni şəkildə stimullaşdırlan proses olduğunu bildirilər. Bu barədə siz necə fikirləşirsiniz? - Neftin qiymətinin kəskin enməsindən əvvəl də bəzi ekspertlər ümumdünya iqtisadi böhranının ikinci mərhələsinin başlanacağını bildirirdilər. Dünyanın əsas iqtisadi mərkəzlərindən biri olan Çinin Dövlət Statistika İdarəsinin yanvarın 20-də açıqladığı məlumata əsasən, 2015-ci ildə bu ölkənin iqtisadiyyatı 6.8% artıb ki, bu da 1990-cı ildən sonrakı dövrdə ən aşağı göstəricidir. Yanvarın 18-də isə Fransa prezidenti Fransua Oland ölkəsini “fövqəladə iqtisadi vəziyyətdən” çıxarmaq üçün tədbirlər planını elan etdi. Bunlar dünyanın aparıcı iqtisadiyyatlarında da vəziyyətin ürəkaçan olmadığını təsdiq edən göstəricilərdir. Ən zəngin ölkələrdən biri olan Səudiyyə Ərəbistanında iqtisadi sahədə sabitliyi təmin etmək üçün ciddi tədbirlər görülür. Postsovet məkanında milli valyutalar “üzən məzənnəyə” keçdikdən sonra öz dəyərlərini əsaslı şəkildə itirməyə başladılar. Rusiya rublunun dəyəri artıq bir neçə dəfə aşağı düşüb. Bir çox ölkələr neft sektorundan daxilolmalardan asılılığı azaltmaq üçün vergi və gömrük sistemində müvafiq dəyişikliklər edirlər. Böyüklüyündən, iqtisadi potensialından asılı olmayaraq hazırkı vəziyyət bu və ya digər səviyyədə bütün dövlətlərə toxunub. Təbii olaraq bu təsirə məruz qalmış hər bir ölkə də böhranın mənfi nəticələrini minimuma endirmək üçün öz potensialını səfərbər edir. Hansı ölkənin bu problemlərin öhdəsindən daha effektli şəkildə gələcəyi isə, artıq mövcud iqtisadi potensial və düzgün idarəetmədən asılı olacaq. Digər tərəfdən, 2008-ci ildə postsovet məkanında Rusiya və Gürcüstan arasında baş verən hərbi konfliktdən dərhal sonra neftin qiyməti dərhal kəskin şəkildə aşağı düşməyə başladı və qısa zaman ərzində bir barrelə görə 150 dollardan 39 dollara kimi endi. Həmin dövrdə təkcə neft hasil edən ölkələrdə deyil, həm də dünyanın inkişaf etmiş iqtisadiyyatlarında da ciddi durğunluq və hətta ressesiya müşahidə olundu. Lakin bu proses çox çəkmədi və az sonra qiymətlər sabitləşdi, neftin dəyəri yenidən 100 dolları keçdi. Enerji bazarında növbəti problem 2015-c ildə yenə də bizim regionda baş verən növbəti münaqişədən qısa müddət sonraya təsadüf edir. Ekspertlər hazırkı durumun uzunmüddətli olduğu qənaətindədirlər və hətta qiymətlərin daha da enəcəyini proqnozlaşdırırlar. Baxmayaraq ki, son bir neçə gündə neftin qiyməti bir barrelə görə 33 dollara qalxıb. Hesab edirəm ki, bu iki faktor enerji bazarında qeyri-sabitliyin siyasi motivli, süni amillərlə bağlı olduğuna dəlalət edir. Çünki belə kəskin sıçrayışları normal məntiqlə, iqtisadi qanunlarla izah etmək çətindir. Axı qlobal iqtisadiyyatda müşahidə olunan mənfi tendensiya enerji resurslarının qiymətində belə dəyişikliklərə proporsional deyil. Dünyanın ayrı-ayrı nöqtələrində müşahidə olunan siyasi böhran, qütblərarası ziddiyyətlərin kəskinləşməsi, çoxsaylı münaqişələr və Suriyadan tutmuş Ukraynaya kimi qlobal güclərin bu qarşıdurmalarda yaxından iştirakı da qlobal böhranın dərinləşməsini şərtləndirən amillər sırasındadır. Buna görə də biz hazırda dünya iqtisadiyyatında müşahidə olunan böhrandan danışarkən, hər üç səbəbi əsas götürməliyik: dünya iqtisadiyyatındakı azalma, bu prosesə və enerji resurslarının qiymətinə təsir göstərən süni amillərin mövcudluğu və siyasi kataklizmlər. - Hazırkı vəziyyətdən çıxış yolunun iki komponentini qeyd etdiniz: mövcud iqtisadi potensial və düzgün idarəetmə. Konkret olaraq Azərbaycana gəldikdə, bu iki amili necə xarakterizə edərdiniz? - Bilirsiniz, 2003-cü ildə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev cəmiyyətə yeni inkişaf konsepsiyasını təqdim etdi. Ölkə rəhbəri hesab edirdi ki, Azərbaycan müstəqil dövlət kimi həm regionda, həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmalıdır. İlham Əliyev güclü iqtisadi sistemin qurulmasını bunun ən başlıca şərti kimi qiymətləndirdi. Həm də qarşıdan gələn dövrdə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin işə düşməsindən sonra Azərbaycana daxil olacaq güclü maliyyə axını ən iddialı layihələrin reallaşdırılması üçün etibarlı zəmin yaradırdı. Buna görə də prezident seçildikdən cəmi bir ay sonra cənab İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” xüsusi Fərman imzaladı və bununla da ölkədə iqtisadiyyatın yenidən qurulması strategiyası reallaşdırılmağa başlandı. İqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, enerji amilindən asılılığın aradan qaldırılması, müasir sosial və iqtisadi infrastrukturun formalaşdırlması, neft kapitalının insan kapitalına çevrilməsi və s. bu strategiyanın başlıca hədəflərini təşkil etdi. Statistikaya diqqət yetirsək, görərik ki, son 12 ildə Azərbaycanda maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, 3 min məktəb, 89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Bu illər ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib, ölkəyə 200 milyard dollar sərmayə qoyulubdur ki, bunun da 100 milyard dolları xarici sərmayədir. Əhalinin təbii yanacaq, elektrik enerjisi, içməli su problemi həll edilib. Ölkədə yeni, ən müasir standartlara cavab verən sosial və iqtisadi infrastruktur yaradılıb. Azərbaycanın dünyada nüfuzu artıb, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilirb. 10 il bundan əvvəlki Azərbaycanla bugünkü Azərbaycan arasında fərqi təkcə biz yox, bütün dünya görür və bir nümunə kimi qeyd edir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. 2008-2009-cu ildə iqtisadi böhran zamanı dünyanın əksər ölkələrində ciddi problemlər müşahidə olunduğu halda, Azərbaycan daha da inkişaf etdi, qarşıya qoyulmuş bütün vəzifələr icra olundu. Ən əsası, vətəndaşlarımız dünyada necə ağır bir prosesin getdiyini hiss etmədilər. Bu, artıq Azərbaycanda iqtisadi keçid dövrünün başa çatdırıldığının, ölkədə güclü və qlobal çağırışlara dayanıqlı iqtisadi sistemin formalaşdığının əyani göstəricisiydi. Deməli, bəyan olunmuş prioritetlərin və həyata keçirilən tədbirlərin ölçülüb-biçilmiş, elmi əsaslara malik, ölkə reallığını və qlobal trendləri nəzərə alan konseptual əsasları olmuşdur. Məhz qısa dövr ərzində formalaşdırlımış güclü iqtisadi potensial və maliyyə kapitalı, həmçinin düzgün idaəetmə ümumdünya iqtisadi böhranın birinci dalğasının Azərbaycana neqativ təsirini hissolunmaz səviyyəyə endirməyə imkan yaratdı. Bu, böyük təcrübədir. Əminəm ki, enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə də Azərbaycanın güclü iqtisadi-maliyyə potensialı, ölkə başçısının səyləri və hökumətin geniş manevr imkanları neqativ fonu yumşaltmağa, qlobal böhranın mənfi təsirini minimuma endirməyə imkan verəcəkdir. BMT-nin “Ümumdünya iqtisadi vəziyyət və 2016-cı il üçün perspektivlər” adlı hesabatında göstərilir ki, 2016-2017-ci illərdə Azərbaycanda iqtisadi artım müvafiq olaraq 2.5 və 2.9 faiz təşkil edəcək. Bu da Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasını saxlayacağını və qarşıdan gələn dövrdə daha da artacağını deməyə əsas verir. - Azərbaycanda manatın devalvasiyası və “üzən məzənnəyə” keçid hansı zərurətdən irəli gəldi? - Tamamilə doğru qeyd etdiniz, bu bir zərurət idi. Çünki bütün dünyada uzun müddətdir davam edən dərin iqtisadi böhran şəraitində Azərbaycan milli manatın kursunu sabit saxlamağa, makroiqtisadi sabitliyi təmin etməyə müvəffəq oldu. Bu, cənab Prezidentin sosial sferaya, insanların rifah halının daim yüksəldilməsi məsələsinə verdiyi böyük önəmin təzahürüydü. Ancaq nəinki Azərbaycan, dünyanın heç bir ölkəsi, heç bir ciddi maliyyə-iqtisadi qurum enerji resurslarının qiymətinin bu dərəcədə aşağı enəcəyini proqnozlaşdırmırdı. Azərbaycan neft ixrac edən ölkədir və təbii ki, dövlətin maliyyə sisteminin əhəmiyyətli hissəsi enerji resurslarının ixracatından əldə olunan gəlirlər hesabına formalaşır. Neftin qiymətinin 4 dəfə aşağı düşdüyü bir vəziyyətdə ölkəyə maliyyə axını kəskin azaldı və artıq manatın kursunu ehtiyatlar hesabına sabit saxlamaq lazım gəlirdi. Bu vəziyyət nə qədər davam edə bilərdi? Azərbaycan hökuməti maliyyə ehtiyatlarının tam bitməsinə yol verə bilərdimi? Digər tərəfdən, Azərbaycanın əsas ticarət tərəfdaşı olan region ölkələrində az qala bir il bundan əvvəl milli valyutanın devalvasiyası və “üzən məzənnəyə” keçid baş vermişdi. Bu da Azərbaycanın xarici ticarət əlaqələrində disbalansın yaranmasına, ölkə iqtisadiyyatına investisiya axınına çox mənfi təsir göstərirdi. Üstəlik, Azərbaycan manatı dollar və avroya nisbətdə həddən artıq möhkəmlənmişdi ki, bu da müsbət hal deyildi. Hətta avronun dollara nisbətdə məzənnəsini itirdiyi bir durumda milli manatın kursunu stabil saxlamaq mümkün deyildi. Buna görə də devalvasiya və manatın “üzən məzənnəyə” keçidi barədə qərar qəbul olundu. İndiki kurs isə ədalətlidir və bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür. Onu da qeyd etmək istərdim ki, devalvasiyanı yalnız ziyanlı bir hal kimi qiymətləndirmək düzgün deyil. Beynəlxalq praktika, ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, devalvasiya ilkin vaxtlarda əhalidə narahatlıq, ajiotaj yaradan hadisə olsa da, sonrakı mərhələdə ölkə iqtisadiyyatının və bank-maliyyə sisteminin dinamik inkişafına təkan verə bilər. Hər halda keçən ilin fevral ayında ilk devalvasiyadan dərhal sonra yaranan narahatlıq qısa zamanda keçdi və ölkənin maliyyə bazarı xüsusi çətinliklərlə üzləşmədi. Digər tərəfdən isə devalvasiya Azərbaycan hökumətinin manevr imkanlarını genişləndirdi və sosial sahədə əlavə tədbirlər görmək üçün imkanlar yaratdı. Nüfuzlu “Moody's” beynəlxalq reytinq agentliyinin ekspertləri də qeyd ediblər ki, Azərbaycan hökumətinin qonşu ölkələrdən sonra “üzən məzənnə” rejiminə keçidi düzgün qərar idi. Bu addım dövlət büdcəsinə əlavə dəstək oldu, daxili istehsala əsaslanan malların rəqabət qabiliyyətliyini artırmağa xidmət edir. - Yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və yanvarın 18-də keçirilmiş müşavirədə Prezident İlham Əliyev ölkədə ümumi vəziyyətə qiymət verdi, hazırkı və qarşıdan gələn dövr üçün yeni vəzifələr müəyyənləşdiridi. Əsas tələblər nədən ibarətdir və onların icrası ilə bağlı hansı tədbirlər görülür? - Əvvəla onu qeyd etmək istərdim ki, yaranmış vəziyyət çevik və sistemli tədbirlərin həyata keçirilməsi, iqtisadi və maliyyə tarazlığının təmin edilməsi, dinamik inkişaf tendensiyasının qorunub saxlanması üçün ölkənin bütün resurslarının səfərbər olunmasını tələb edir. Yanvarın 10-da Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev əks-böhran tədbirlərini ehtiva edən yeni iqtisadi siyasət konsepsiyasının başlıca istiqamətlərini açıqladı. Cənab Prezident həm devalvasiyadan sonra yaranmış mənfi təzahürlərin qısa zamanda aradan qaldırılması ilə bağlı qanunvericilik və praktiki sahədə operativ şəkildə görüləcək işləri diqqətə çatdırdı, həm də mövcud reallıq nəzərə alınaraq uzunmüddətli perspektiv üçün ölkə iqtisadiyyatının inkişaf konturlarını təqdim etdi. Qeyd edim ki, istər Nazirlər Kabinetinin iclasında, istərsə də yanvarın 18-də keçirilmiş müşavirədə cənab Prezident 7 istiqamət üzrə tədbirlərin keçiriləcəyini bəyan etdi. Bunlar qanunvericilik təşəbbüslərinin reallaşdırılmasını, dinamik iqtisadi inkişafın təmin edilməsini, bank-maliyyə sektorunun sağlamlaşdırılmasını, sosial təminat sahəsində tədbirlərin həyata keçirilməsini, dövlət orqanlarında struktur islahatlarını, korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların minimuma endirilməsi və süni bahalaşmaya qarşı mübarizə tədbirlərini nəzərdə tutur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda isə cənab Prezident regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyəti və görüləcək işləri bir daha dərindən təhlil etdi və yeni vəzifələr müəyyənləşdirdi. Qısamüddətli perspektivdə iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, maliyyə bazarında tarazlıq yaratmaqla “dollarlaşma” prosesinin dayandırılması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, vətəndaşların maddi təminatının yüksəldilməsi və süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçiriləcəyi bəyan olundu. Uzunmüddətli perspektivdə reallaşdırılacaq strategiya isə mövcud bazaya əsaslanmaqla, beynəlxalq təcrübə nəzərə alınmaqla və cəmiyyət həyatının bütün sahələri əhatə olunmaqla Azərbaycanın yeni inkişaf mərhələsinə yüksəldilməsini nəzərdə tutur. Mən ilk növbədə devalvasiyadan sonra vəziyyətin sabitləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin tapşırığına əsasən həyata keçirilən tədbirləri qeyd etmək istərdim. Ölkə başçısının ilk göstərişləri vətəndaşların sosial durumuna mənfi təsir göstərən neqativ halların aradan qaldırılması ilə bağlı oldu. Müvafiq dövlət orqanları vəziyyətdən sui-istifadə edərək əlavə vəsait qazanmaq istəyən işbazlara qarşı sərt tədbirlər həyata keçirdi və bunun nəticəsində yerli məhsullarda qiymət artımı baş vermədi. Cənab Prezidentin göstərişi ilə ölkəyə gətirilən taxıla, un və çörək istehsalına görə tətbiq olunan əlavə dəyər vergisi ləğv edildi ki, bu da əsas tələbat məhsulu olan çörəyin qiymətinin əsaslı şəkildə aşağı düşməsinə gətirib çıxardı. Hazırda regionda ən ucuz çörək Azərbaycandadır. Həmçinin, cənab Prezidentin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən bir çox qurumların işçilərinin maaşları, pensiyalar, müavinətlər, təqaüdlər artırıldı. İndiki vəziyyətdə belə bir addımın atılması Azərbaycan Prezidenti üçün vətəndaşların sosial rifah halının hər şeydən üstün olduğunu əyani şəkildə göstərdi. Onu da qeyd edim ki, enerji ixrac edən və hazırda müəyyən çətinliklərlə üzləşmiş heç bir ölkədə belə hal müşahidə olunmayıb. Maliyyə sektorunda tənzimləmə mexanizmləri işə salındı, total “dollarlaşmanın” qarşısını almaq üçün müvafiq tədbirlər görüldü. İlk növbədə özəl bankların fəaliyyətinə nəzarət gücləndirildi, valyutadəyişmə məntəqələrində yaranmış xaotik vəziyyət aradan qaldırıldı. Sonrakı mərhələdə valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması, valyuta alış-verişinin bankların filiallarına keçirilməsi və sonuncuların sayının artırılması prosesi başlandı. Digər tərəfdən, Mərkəzi Bankla Dövlət Neft Fondunun müdaxiləsi nəticəsində bazarda valyuta qıtlığı aradan qaldırıldı. Bundan başqa, alkoqol və tütün məmulatlarına görə həm nağd, həm də plastik kartlarla ödəniş təmin edildi ki, bu da öz növbəsində yerli istehsal və ticarət sisteminin əhəmiyyətli seqmentində yenidən canlanma yaratdı. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə struktur islahatları həyata keçirilməyə başlandı. Artıq Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi ləğv olunaraq Dənizkənarı Bilvar İdarəsinə birləşdirilib. Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə xitam verildi, onun funksiyaları isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə həvalə olundu. Bu proses davamlı xarakter daşıyacaq. Bir-birinin fəaliyyətini təkrarlayan qurumlar ləğv olunacaq, süni şəkildə iş yerlərinin yaradılmasına son qoyulacaq. Məqsəd, cənab Prezidentin də qeyd etdiyi kimi funksional baxımdan daha çevik idarəetmə mexanizminin yaradılmasıdır. Qeyd edim ki, bütün bunlar Nazirlər Kabinetinin yanvarın 10-da keçirilmiş iclasından sonra reallaşdırılmış tədbirlərdir və nəticədə cəmiyyətdə devalvasiyanın ilk günlərində müşahidə olunan ajiotaj, narahatlıq, psixoloji gərginlik tam aradan qaldırılıb. Ölkə vətəndaşlarında Prezident İlham Əliyevə inam və etimad daha da artıb və hamı görür və başa düşür ki, Azərbaycan güclü dövlətdir, düzgün idarə olunur. Dövlət heç vaxt vətəndaşların, cəmiyyətin ciddi kataklizmlərlə üzləşməsinə imkan verməyəcək, bunun üçün nə lazımdırsa, yerinə yetiriləcək. Lakin dövlət başçısının nitqlərindən irəli gələn məsələlərin təhlili onu deməyə əsas verir ki, Azərbaycan dünya iqtisadi-siyasi sistemində baş verən istənilən dəyişikliklərə, qlobal çağırışlara hazır olmalıdır. Bu isə dərin islahatlar və cəmiyyətin effektli transformasiyası yolu ilə təmin edilə bilər. Nəticə etibarilə biz artıq deyə bilərik ki, ölkədə konkret istiqamətlər üzrə bu transformasiyanın – yeni iqtisadi siyasətin həyata keçirilməsinə başlanmışdır. - Necə fikirləşirsiniz, qlobal iqtisadiyyatda və enerji resurslarının qiymətində qeyri-müəyyən vəziyyətin davam etdiyi, ölkəyə daxil olan maliyyə resurslarının azaldığı bir dövrdə belə əhatəli proqramı həyata keçirmək mümkün olacaqmı? - Buna şübhə etmək üçün heç bir əsas yoxdur. Bilirsiniz ki, artıq yanvarın 19-da Milli Məclis paket şəklində daxil olmuş qanunvericilik təşəbbüsünü dəstəklədi. Bu dəyişikliklər sistemli təhlilin nəticəsi olaraq maliyyə-bank sektorunda, sahibkarlıq fəaliyyətində ciddi canlanmaya səbəb olacaqdır. Məsələn, “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişikliklərə əsasən, vətəndaşın bankdakı əmanətinə görə olan dividendlərdən vergi tutulmayacaq. “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun isə insanların bankda olan əmanətlərinə görə narahatlığını tam aradan qaldırdı. Faktiki olaraq vətəndaşın bankda olan vəsaitinin 3 il müddətində tam sığortalanması təmin edildi. Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər Azərbaycana investisiya axınının təmin edilməsinə, yeni iqtisadiyyatın inkişafına, real sektorun yaradılmasına yönəldilib. Fevralın 1-dən üç il müddətində yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitetin – öz fəaliyyətini və inkişafını maliyyələşdirmək üçün qiymətli kağızlar buraxan qurumun investisiya qiymətli kağızlar üzrə ödədiyi diskont və faiz gəlirləri vergidən azad edildi. Vergi Məcəlləsinə edilən digər dəyişikliyə əsasən, ölkə iqtisadiyyatına investisiya yatıran hüquqi şəxs və fərdi sahibkar mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad edildi. Həmin şəxslərin yeni müəssisələr üçün xaricdən gətirdiyi avadanlıqlara və texnikaya vergi tətbiq olunmayacaq, bundan başqa onlar digər vergi güzəştləri də əldə edəcəklər. Valyuta sisteminin daha da tənzimlənməsi məqsədilə "Valyuta tənzimi haqqında" Qanuna dəyişikliklər olundu ki, bu da dövlət büdcəsinə mənfəət gətirməklə ölkədən çıxan valyuta ehtiyatlarının miqdarının müəyyən edilməsinə şərait yaradacaq. “Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklərə görə, tender zamanı idxal olunan xarici mallar qarşısında eyni yerli məhsullar qiymət güzəşti əldə edirlər. Qanunlara edilən dəyişikliklər ölkənin bank sisteminin tarazlaşdırılması və əhalinin yerli banklara, milli manata etimadının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi yolu ilə iqtisadiyyatın qeyri-neft sektorunda inkişafın, investisiyaların stimullaşdırlması məqsədini güdür. Qarşıdan gələn dövrdə bu istiqamətdə fəaliyyət davam etdiriləcəkdir. Prezident İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafını iqtisadi sahədə prioritet vəzifə kimi müəyyənləşdirdi. Qeyd edim ki, son illər Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoru sürətlə inkişaf edib, illik artım orta hesabla 10 faiz ətrafında olub. Ümumi daxili məhsulun strukturunda bu sahənin çəkisi 70 faizə çatıb. Paralel olaraq iqtisadiyyatın neft amilindən asılılığı xeyli dərəcədə azalıb. Prezident İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı zamanı qeyd etdi ki, 10 il əvvəl genişmiqyaslı quruculuq və modernləşmə işlərinə başlayan zaman Azərbaycan özünü postneft dövrünə hazırlamağı qarşısına məqsəd qoymuşdu. Bizim hesabımıza görə, postneft dövrü təxminən 2025-2030-cu illərdə başlamalı idi. Lakin neftin qiymətləri ilə bağlı hazırkı vəziyyət proqnozlaşdırılmamışdı. Çünki mövcud durum iqtisadi proseslərin təbii axarı ilə yaranmayıb. Buna görə də Azərbaycan indi özünün maliyyə-iqtisadi sektorunda yeni islahatlara, ixrac yönümlü iqtisadiyyatın inkişaf etdirilməsinə başlayıb. Həm ötən illər ərzində yaradılmış güclü potensial, 40 milyard dollarlıq maliyyə ehtiyatı, xarici borcun az olması və ÜDM-in cəmi 12 faizini təşkil etməsi, 2015-ci ilin yekunlarına əsasən iqtisadiyyatda müsbət dinamikanın saxlanması, həm də ciddi siyasi iradə və düşünülmüş siyasət bu məqsədi reallaşdırmaq üçün çox əlverişli zəmin yaradır. Beləliklə, neftin qiymətinin aşağı düşməsi həm də Azərbaycanda iqtisadi sahədə inqilabi sıçrayışa təkan verdi. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev qeyri-neft sektorunun prioritet sahələrini də müəyyənləşdirdi – sənaye, kənd təsərrüfatı, xidmət sektoru, nəqliyyat-tranzit, informasiya-kommunikasiya texnologiyaları. Dövlət başçısının qarşıya qoyduğu əsas vəzifə idxaldan asılılığı azaltmaq və ölkənin ixrac potensialını gücləndirməkdir. Azərbaycan çox əlverişli, böyük bazarı olan regionda yerləşir. Yalnız Xəzərin ətrafını nəzərə alsaq, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstanda təxminən 300 milyona yaxın əhali yaşayır. Biz ilkin olaraq bu bazarda öz mövqeyimizi gücləndirməliyik. Keyfiyyətli Azərbaycan brendləri yaradılmalı, güclü menecment təşkil edilməli, bu işdə həm sahibkarların, həm də dövlətin imkanlarından geniş istifadə olunmalıdır. Sonrakı mərhələdə, istehsal potensialı artdıqca daha böyük bazarlara çıxış haqqında düşünməliyik. Məlumdur ki, Azərbaycanda kənd təsərrüfatının çox böyük potensialı vardır. 2015-ci ildə bu sahədə 6.6 faizlik artım əldə edilib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab İlham Əliyev kənd təsərrüfatı sahəsində prioritet istiqamətləri qeyd etdi və bu sahədə qarşıda duran başlıca vəzifənin ölkənin əsas ərzaq məhsulları ilə təminatı məsələsi olduğunu diqqətə çatdırdı. Görülən işlərin miqyası onu deməyə əsas verir ki, qarşıdan gələn bir neçə ildə kənd təsərrüfatı məhsulları ilə daxili tələbatın ödənilməsi məsələsi həll olunacaq, digər tərəfdən isə Azərbaycanın ixrac potensialı daha da güclənəcəkdir. Bu gün Azərbaycan məhsulları Rusiya kimi böyük bazarda özünə yer tutur. Bu imkan daha da genişləndirilməlidir. Qazaxıstanda müasir logistika mərkəzinin tikintisi imkan verir ki, Azərbaycan məhsulları bu bazara da daxil olsun. Yaxın Şərq ölkələri Azərbaycan məhsulları ilə yaxından maraqlanırlar. Göründüyü kimi, bu geniş arealda yer tutmaq üçün ciddi əsaslar vardır və bu imkanlardan maksimum yararlanmaq lazımdır. Ekspertlər hesab edir ki, tam Azərbaycan məhsulu olan malların qiyməti kifayət qədər aşağıdır, lakin tərkibində xaricdən gətirilən komponentlər olan məhsulların maya dəyəri yüksək olduğuna görə, onların ixracını təşkil etmək o qədər də asan məsələ deyil. Buna görə də yeni investisiya layihələrində Azərbaycanda istehsal olunan malların komponentlərinə diqqət yetirilməli və bu xammalın istehsalına prioritet verilməlidir. Belə təkliflər də var ki, bu sahədə istehsal təşkil olunana kimi, həmin komponentlərə müəyyən gömrük və vergi güzəştləri nəzərdə tutula bilər. Azərbaycan Prezidenti yanvarın 18-də keçirilmiş müşavirədə bu məsələyə toxunmuşdu və hazırda aidiyyəti orqanlar mümkün imkanları araşdırırlar. Azərbaycanda qeyri-neft sənayesi iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biridir. 2015-ci ildə belə bu sahədə 8.4 faizi artım müşahidə edilib. Ancaq potensial daha böyükdür. Dövlət başçısı sənaye sektorunda texnoparkların, sənaye klasterlərinin yaradılmasını, xüsusilə regionlarda sənaye zonalarının təşkil edilməsini mühüm vəzifə kimi qarşıya qoymuşdur. Qeyd edim ki, regionlarda sənaye zonalarının yaradılması məsələsini artıq bir neçə dəfə qaldırıb, lakin təəssüf ki, bu sahədə ciddi irəliləyiş müşahidə olunmayıb. Düşünürəm ki, yerli icra hakimiyyəti orqanları bu məsələyə daha həssas və məsuliyyətli yanaşmalı, faktiki olaraq bu işi təşkil etməli, sahibkarları ciddi layihələrin icrasına cəlb etməli, onların sərbəst fəaliyyəti üçün zəruri şərait yaratmalıdırlar. Bu gün kifayət qədər həm yerli, həm də xarici iş adamları Azərbaycanın regionlarına sərmayə yatırmağa və biznes qurmağa hazırdırlar. Yerli sahibkarlara güclü dövlət dəstəyi bu məsələnin sürətlə reallaşdırılması üçün əlverişli şərait yaradır. 2016-cı ildə də sahibkarlara 250 milyon manat səviyyəsində güzəştli kreditlər veriləcəkdir və bu məbləğlə birlikdə, onların ölkə iqtisadiyyatına yatıracağı investisiyaların həcmi 1 milyard manat həcmində proqnozlaşdırılır. Ancaq təəssüf ki, hətta öz sərmayəsi ilə regionlara üz tutan iş adamları süni amillər, süründürməçilik, biganəlik, bəzi hallarda isə korrupsiya kimi xoşagəlməz hallarla rastlaşırlar. Buna görə də cənab Prezident qəti şəkildə tələb edir ki, iş adamlarına qarşı əsassız tələblərə son qoyulmalı və onların fəaliyyətinə hərtərəfli şərait yaradılmalıdır. Dövlət başçısı kəskin xəbərdarlıq edərək bildirdi ki, kim bu vəzifənin öhdəsindən gələ bilmirsə, işdən kənarlaşdırılacaq. Hesab edirəm ki, bu, çox ciddi siqnaldır. Aydındır ki, qarşıya qoyulmuş vəzifə bir tərəfdən yeni istehsal sahələrinin, iş yerlərinin yaradılmasını, ölkənin iqtisadi və ixrac potensialının daha da gücləndirilməsini nəzərdə tutursa, digər tərəfdən rayonlarda işgüzar mühitin inkişafını, gəlirlərin artmasını və deməli, tədricən büdcədən dotasiyanın aradan qaldırılmasını və dövlətin maliyyə yükünün azalmasını təmin edəcəkdir. Hazırda Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün mövcud imkanların səfərbər edilməsi üzərində iş aparılır. Düzdür, bundan əvvəlki illərdə dövlət özü də investisiyayönümlü siyasət həyata keçirərək zəruri sahələrin inkişafını dəstəkləmişdir. Ancaq indi dövlət əsas diqqətini böyük layihələrin icrasına yönəldib. İkinci dərəcəli layihələr isə ya müvəqqəti dayandırılacaq, ya da xarici investisiyalar hesabına həyata keçiriləcək. Cənab Prezident xarici maliyyə institutlarından kreditlərin cəlb edilməsi məsələsinə də baxmağı tapşırmışdır. Azərbaycanın xarici borcu çox aşağıdır və indiki mərhələdə bu imkandan da yararlanmaq lazımdır. İnvestisiyaların ölkə iqtisadiyyatına cəlb olunması üçün hazırda məqsədyönlü tədbirlər həyata keçirirlir. Birincisi, yerli iş adamlarının ölkə iqtisadiyyatına sərmayə yatırmaları təşviq edilir. Bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra bankların da qeyri-neft sektoruna diqqət artırması üçün müvafiq tədbirlər görüləcək. Digər tərəfdən, işgüzar mühitin inkişaf etdirilməsi, inhisarçılıq, bürokratiya, korrupsiya və rüşvətxorluq kimi neqativ amillərin aradan qaldırılması üçün tədbirlər daha da gücləndirilmişdir. Məsələn, lisenziyaların, icazələrin sayı azaldılıb və bu sahədə iş adamlarının bürokratik əngəllərlə rastlaşması ehtimalı minimuma endirilib. İpoteka xətti ilə böyük tikinti layihələrinin icrası dəstəklənəcəkdir. Dövlət qurumlarının qarşısına vəzifə qoyulmuşdur ki, iş adamları üçün lazımi şəraiti təmin etsinlər. Cənab Prezident dövlət şirkətlərinin idarəetmə mexanizmlərinin nəzərdən keçirilməsi, onların fəaliyyətinə maliyyə nəzarətinin gücləndirilməsi, izafi, səmərəsiz xərclərin qarşısının alınması və ən əsası, dünyanın inkişaf etmiş ölkələrinin aparıcı korporasiyalarının təcrübəsinin öyrənilməsi və tətbiqi məsələsini də qaldırdı. Dövlət başçısı bəzi şirkətlərin fəaliyyətinə toxunaraq nəqliyyat sahəsində fəaliyyət göstərən bəzi qurumları tənqid etdi və bildirdi ki, onlar öz korporativ maraqlarını güdürlər, nəticədə isə dövlət ziyan çəkir. Bu mənada bir sıra ekspertlər hesab edirlər ki, yaxşı potensialı olan, lakin müəyyən səbəblərdən səmərəli fəaliyyət göstərə bilməyən dövlət şirkətləri cənab Prezidentin bəyan etdiyi özəlləşdirmə proqramına daxil edilməlidirlər. Əlbəttə, bu sahədə təkliflər nəzərdən keçirilə, həmin qurumların imkanları, potensialı qiymətləndirilə və müvafiq qərarlar qəbul oluna bilər. Lakin bu işdə beynəlxalq təcrübə öyrənilməli, proqramın hazırlanmasına tanınmış xarici ekspertlər cəlb olunmalıdır. Dövlət başçısı qeyd etmişdir ki, özəlləşdirmə proqramı tam şəffaf şəkildə həyata keçirilməlidir, hərraclar və digər tədbirlər maksimum açıq şəkildə təşkil olunmalıdır, yerli və xarici investorlar üçün elə şərait yaradılmalıdır ki, onlar həvəslə bu prosesdə iştirak etsinlər. Bu şərt tikinti sektoru üçün də çox mühümdür. Tikinti hər bir ölkənin inkişaf dinamikasını göstərən, daim iş yerləri yaradan bir sahədir. Burada qanunvericiliyin təkmilləşdirilməsindən tutmuş süni əngəllərin aradan qaldırılmasına kimi ciddi tədbirlər görülməlidir. Dövlət sifarişi ilə tikilən obyektlərə dair tenderlərin şəffaflığı təmin olunmaqla yanaşı, həm də şirkətlərin işi tələblərə uyğun həyata keçirmələrinə nəzarət gücləndirilməlidir. Təbii ki, yerli şirkətlərə daha çox üstünlük verilməlidir, amma bu prosesdə iştirak etmək istəyən xarici şirkətlərə də şərait yaradılmalıdır. Əsas məslə odur ki, sifarişlər tam, keyfiyyətli və vaxtında icra olunsun. Azərbaycan iqtisadiyyatının perspektivli sahələrindən biri də xidmət sektorudur. Son illər ölkənin turizm potensialının inkişaf etdirilməsi ilə bağlı çox mühüm işlər görülüb, bütün regionlarda yeni turizm kompleksləri, istirahət mərkəzləri yaradılıb. Bu sahədə həm dövlətin, həm də iş adamlarının böyük əməyi vardır. Ancaq etiraf etməliyik ki, bəzi çatışmazlıqlar və neqativ hallar turizmin potensialını məhdudlaşdırır. Bunlar hansılardır? İlk növbədə qiymət məsələsini qeyd etmək lazımdır. Azərbaycanın bir çox populyar turizm komplekslərinin təklif etdiyi paketlərin qiyməti vətəndaşlarımızın böyük qismini qonşu ölkələrə və uzaq xaricə üz tutmağa vadar edir. Digər tərəfdən, turizm bütün komponentləri ilə istirahət, əyləncədir. İnsanlar özlərini sərbəst hiss etməlidirlər, kənar təsir və təzyiqlərdən uzaq olmalıdırlar. Buna görə də aidiyyəti orqanlar öz funksiyalarını yerinə yetirməlidirlər, yoxsa müxtəlif adlar altında turizm mərkəzlərinin işinə müdaxilə etməməli, turistləri incitməməlidirlər. Turizm mərkəzləri isə menecmenti düzgün qurmalı, reklam işinə daha çox diqqət ayırmalı, daimi əsaslarla müasir və keyfiyyətli xidmət təşkil etməlidirlər. Turist axını mövsümi xarakter daşımamalıdır, daimi dövriyyə və buna uyğun xidmət olmalıdır. Hesab edirəm ki, bu sahədə xarici təcrübə öyrənilməli və tətbiq edilməlidir. Bir məsələni də diqqətdən qaçırmaq lazım deyil ki, hazırkı vəziyyətdə, ola bilsin ki, Qərb ölkələrindən Azərbaycana turist axını zəifləsin. İndi düşünmək lazımdır ki, bu yeri kim tuta bilər. Yenə də nəzərimiz ilk növbədə region ölkələrinə, həmin 300 milyonluq areala yönəlməlidir. Nəyə görə Rusiya, İran, Qazaxıstan, Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını stimullaşdırılmasın?! Bir sıra ölkələr, məsələn Misir bu məqsədlə xüsusi tədbirlər keçirir, press-turlar təşkil edir ki, məlum hadisələrdən sonra yaranmış mənfi rəyi aradan qaldırmağa, öz turizm potensialını reklam etməyə çalışır. Biz də bu təcrübədən yararlana bilərik. Zəruri olduğu halda, xaricdəki diplomatik nümayəndəliklərimizin imkanlarından da istifadə edilməlidir. - Əli müəllim, Azərbaycan həm də böyük nəqliyyat-tranzit imkanlarına malikdir. Bu sahənin perspektivi necə qiymətləndirilir? - Azərbaycanın nəqliyyat-tranzit imkanlarının inkişaf etdirilməsi və ölkənin regionun tranzit mərkəzinə çevrilməsi postneft dövrü üçün nəzərdə tutulmuş və çox böyük uğurla reallaşdırılan transmilli layihədir. Azərbaycan enerji ixracı sahəsində ayrı-ayrı regionları birləşdirəcək potensiala malikdir. Bizim ixrac imkanlarımız buna tam imkan verir. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP layihəsi işə düşdükdən sonra bu imkan daha da genişlənəcək və digər region ölkələrindən əmtəələrin, enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya bazarına çatdırılması və əks istiqamətdə hərəkəti daha da genişlənəcək. Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi məsələsində hazırda mərkəz rolunu oynamaq üçün məqsədyönlü siyasət həyata keçirir. Bakı-Tbilisi-Qars və Azərbaycan və İran Astarası arasında dəmir yolları istifadəyə verildikdən sonra Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tam şəkildə istifadəyə hazır olacaq. Bundan başqa Azərbaycanda magistral yolları, kəndlərarası kommunikasiya ən müasir standartlara uyğun yenidən qurulub, Xəzərdə regionun ən böyük ticarət limanı tikilib, hava nəqliyyatı ən müasir standartlara uyğunlaşdırılıb. Hazırda Azərbaycanın təşəbbüsü ilə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə vahid tarif sisteminin tətbiqi məsələsi nəzərdən keçirilir. Artıq Çindən Azərbaycana bu dəhlizlə ilk konteyner qatarı da göndərilib. Hesab edirəm ki, görülən işlərin miqyası tranzit mərkəzi kimi Azərbaycanın potensialını tam realizə etməyə və böyük gəlirlər götürməyə çox əlverişli şərait yaradıb. - Yenidən devalvasiyadan dərhal sonra yaranmış vəziyyətə qayıtmaq istərdim. Yanvarın 12-dən başlayaraq ölkənin müxtəlif rayonlarında etiraz aksiyaları keçirildi. Bu, nə ilə əlaqədardır – sosial etiraz idi, yoxsa başqa səbəblərlə izah oluna bilər? - Bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olmuşdur. Politololoji dillə ifadə etsək, bunu müəyyən qüvvələrin “cəmiyyətin nəbzini yoxlaması” kimi də xarakterizə etmək olar. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur. Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya “xalq hakimiyyətin siyasətindən narazıdır” və buna görə də öz “etirazını bildirir”. Əslində isə həmin “aksiyalarda” azsaylı insanlar iştirak edib və çoxu da müxalifət partiyalarının üzvləri və fəalları olub. İstisna deyil ki, bu “aksiyalara” devalvasiyanın psixoloji təsirinə məruz qalmış bəzi sadə insanlar da qoşulublar. Ancaq bunu xalqın “narazılığı”, “etirazı” kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır. Çünki devalvasiyanın mənfi təzahürlərinin aradan qaldırılması üçün hökumətin dərhal həyata keçirdiyi genişmiqyaslı qabaqlayıcı tədbirlər geniş narahatlığa səbəb ola biləcək bütün ssenariləri istisna etdi. Bir məsələni də xüsusi diqqətə çatdırmaq istərdim. İnandırıcı deyil ki, dünyanın hər hansısa ölkəsi son 10 ildə Azərbaycanın əldə etdiyi uğurları ortaya qoya bilsin. Bunu da bütün xalq görür, öz liderinə inandığını, onu dəstəklədiyini, mövcud inkişafı, sabitliyi, əmin-amanlığı, quruculuğu hər şeydən yüksək qiymətləndirdiyini və kimlərinsə qurmaq istədiyi məkrli oyunları rədd etməklə konkret mövqeyini açıq nümayiş etdirir. - Cənab Prezident son çıxışlarında ictimai nəzarət, cəmiyyətin quruculuq prosesində iştirakı, sosial məsuliyyət və digər bu kimi məsələlərə xüsusi toxunub. O da qeyd edilib ki, devalvasiyadan dərhal sonra Azərbaycanda müşahidə olunan ajiotaj eyni problemlə üzləşmiş digər ölkələrdə müşahidə olunmayıb. Sizcə bunun səbəbi nədir? - Uzun illərdir Azərbaycan xalqı sabitlik, əmin-amanlıq içində yaşayır, cəmiyyətdə heç bir kataklizm, kəskin neqativ dəyişiklik baş verməyib və bunun üçün zəmin də mövcud deyil. Düşünürəm ki, insanlar ilk günlərdə neftin qiymətinin aşağı düşməsini və devalvasiyanı hansısa neqativ prosesin başlanğıcı kimi qəbul etdi və daha çox psixoloji amillərin təsiri altına düşdülər. Belə hallarda bir qayda olaraq kütlə psixologiyası üzə çıxır. Cəmiyyət başqa ölkələrdə baş verən ağrılı siyasi, iqtisadi və sosial proseslərin Azərbaycanda təkrar olunmasını istəmir. Üstəlik, daxildən və xaricdən bəzi qüvvələr bədbin ssenarilər cızmağa və bunu ictimai rəyə təlqin etməyə çalışdılar. Lakin bir tərəfdən hakimiyyətin çevik reaksiyası, digər tərəfdən də sağlam medianın fəallığı, aparılan təbliğat işi öz təsirini göstərdi. Hazırda cəmiyyətdə heç bir gərginlik və pessimist əhval-ruhiyyə müşahidə olunmur. Əlbəttə, ictimaiyyət, vətəndaş cəmiyyəti institutları ölkənin həyatında fəal iştirak etməli, cənab Prezidentin mövqeyini dəstəkləyərək yeni iqtisadi siyasətin həyata keçirilməsinə, bütün sahələrdə qanunçuluğun, şəffaflığın təmin olunmasına, neqativ halların aradan qaldırılmasına öz töhfəsini verməlidir. Məsələ ilə əlaqədar müxtəlif təkliflər səsləndirilir, KİV və QHT nümayəndələrindən ibarət geniş koalisiyanın yaradılması təşəbbüsü də irəli sürülür. Əlbəttə, bütün bu təklif və təşəbbüslərə baxıla bilər. Amma burada məsuliyyət məsələsini də diqqətdən qaçırmamalıyıq. Qeyd edim ki, münaqişə zonasında baş vermiş insidentlərdən tutmuş hər hansı lokal bir hadisəyə kimi Azərbaycanda hər bir kiçik məsələ ilə bağlı xüsusilə internet mediada müxtəlif şayiələr, qeyri-obyektiv, hətta təxribatçı materiallar yayılır. Bunun əsas mənbəyi kimi də sosial şəbəkələr çıxış edir. Təəssüf ki, bir çox hallarda internet media sosial şəbəkələrdə yayılan bu tipli fərdi məlumatları yoxlamadan tirajlamağa başlayır və ictimai rəyi çaşdırır. Bununla yanaşı, bəzi internet saytları ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə, xüsusi həssaslıq tələb edən hallarda sanki düşmən mövqeyi tuturlar. Uzağa getmək lazım deyil, elə devalvasiyadan sonra bəzi saytlar Azərbaycanda “xalq etirazının” başlandığını, xarici “ekspertlərə” istinadən Azərbaycanın bu vəziyyətdən çıxa bilməyəcəyini iddia etdilər. Bir sıra hallarda isə dolların kursunun astronomik səviyyəyə qalxacağını, xarici şirkətlərin Azərbaycanı artıq tərk etdiyi, investisiya siyasətinin iflasa uğradığı və s. bu kimi əsassız fikirlərlə çıxış etdilər. Bu, dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyidir və yolverilməz haldır. Ola bilər ki, belə hallara yol verilməməsi üçün həm qanunvericilik qaydasında, həm də praktiki sahədə bir sıra addımlar atılsın. Cənab Prezident regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası ilə bağlı konfransda sosial məsuliyyət məsələsinə xüsusi toxundu. Məsələn, vətəndaş anlamalıdır ki, bu gün total “dollarlaşma” milli manata etimadın azalmasına və ölkənin maliyyə-bank sektorunun zəifləməsinə xidmət edir. Çünki sabah əldə olan ehtiyat bitdikdən sonra vətəndaş yenə manata müraciət etməli olacaq, ancaq zəif və tələbatı ödəməyən manata. Başqa tərəfdən, nə qədər çətin olsa belə, milli banklar insanları, iş adamlarını əsassız sıxışdırmamalıdırlar. Çünki bankların da inkişafı insanların ödəmə qabiliyyətindən, iş adamlarının fəaliyyətindən birbaşa asılıdır. Bəzi hallarda sahibkarlar vəziyyətlərini yaxşılaşdırmaq və maliyyə məsrəflərini azaltmaq üçün ixtisarlara gedirlər. Unudulmamalıdır ki, Azərbaycan Prezidenti iş yerlərinin yaradılmasını başlıca vəzifələrdən biri hesab edir. Son 12 ildə ölkədə 1.4 milyondan artıq yeni iş yeri yaradılmışdır. Hazırda Azərbaycan Prezidentinin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış, 21 dövlət orqanı və sosial tərəfdaş olan qurumların nümayəndələrinin iştirak etdiyi işçi qrup yeni Məşğulluq Konsepsiyasını hazırlayır. Azərbaycan dövlətinin, cənab Prezidentin bu məsələyə çox böyük əhəmiyyət verdiyi bir zamanda özəl sektor da məşğulluğun daha da yüksəlidlməsinə öz töhfəsini əsirgəməməlidir. Eləcə də banklar, iş adamları imkan daxilində ölkə iqtisadiyyatına yeni investisiyalar qoymalı, qeyri-neft sektorunun prioritet sahələrinin daha sürətlə inkişaf etməsinə öz töhfələrini verməlidirlər. Geri dön |