Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan ikinci dəfə Sapporo Beynəlxalq qar fiqurları festivalında təmsil olunacaq
Azərbaycan ikinci dəfə Sapporo Beynəlxalq qar fiqurları festivalında təmsil olunacaq |
Azərbaycan Yaponiyanın Sapporo şəhərində keçirilən 67-ci Beynəlxalq qar fiqurları festivalında ikinci dəfə təmsil olunacaq.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı bürosuna Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədov məlumat verib. Universitetin doktorantı olan həmyerlimiz bildirib ki, məqsəd Azərbaycanı Yaponiyada daha yaxından tanıtmaqdır. Festival barədə məlumat verən Ə.Məmmədov qeyd edib ki, 67-ci dəfə təşkil edilən festival yalnız Yaponiyada deyil, bütün dünyada populyarlığı ilə seçilən qış tədbirlərindəndir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan artıq insan ziyarət edir. Azərbaycanı Uzaq Şərqdə geniş təbliğ etmək baxımından bu festivalın möhtəşəm bir imkan olduğunu vurğulayan Ə.Məmmədov Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti olaraq, onun vətəndaşı olduğu ölkənin müxtəlif simvollarının, nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiyanın quraşdırılması hüququna malik olduğunu qeyd edib. Bu səlahiyyətindən istifadə edən həmvətənimiz 2014-cü ildə ilk dəfə belə təşəbbüslə çıxış edib və ötən il ölkəmiz festivalda qədim Qız qalası və qardan düzəldilmiş milli geyimli insan fiqurları ilə təmsil olunub. Bu dəfə isə Azərbaycanın məşhur memar Zaha Hadidin müəllifi olduğu, nadir memarlıq nümunəsi sayılan Heydər Əliyev Mərkəzi ilə təmsil olunması barədə Ə.Məmmədovun təklifi təşkilatçılar tərəfindən maraqla qarşılanıb. Ə.Məmmədov vurğulayıb ki, ötən il Qız qalası, bu il isə Heydər Əliyev Mərkəzinin qar fiqurlarının yaradılması təklifi ilə çıxış etməsində məqsəd, yaponlar və xarici turistlər arasında Azərbaycan, onun tarixi, mədəniyyəti haqqında təsəvvür yaratmaqdan, xalqımızın ümummilli lideri Heydər Əliyev barədə məlumat verməkdən ibarətdir. Yanvarın 31-də, hündürlüyü 4, eni 3 metr olacaq qar fiqurunun hazırlanması ərəfəsində Hokkaydo Universitetinin əcnəbi tələbələri, “Sapporo Ohdori Lions Club”ın fəxri üzvləri və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Tokyo Dome Hotel Sapporo” otelində Azərbaycanın festivalda təmsil olunması ilə bağlı ziyafət təşkil olunub. Tədbirdə “Sapporo Ohdori Lions Club”ın prezidenti Oya Ryusuke, sabiq prezident Yamada Masayuki və Əlibəy Məmmədov Azərbaycan haqqında çıxış ediblər. Azərbaycanın ikinci dəfə festivalda iştirak edəcəyini xatırladan O.Ryusuke bunun çox sevindirici hal olduğunu bildirib. Y.Masayuki isə ötən il Azərbaycanın festivalda təmsil olunmasından sonra təşkilatçıların ünvanına ölkəmizlə bağlı çoxlu sualların daxil olduğunu bildirib. Vurğulayıb ki, bu, festivalın Azərbaycanın Yaponiyada tanınmasına böyük töhfə verdiyini bir daha təsdiq edir. Tədbirdə çıxış edən Ə.Məmmədov qeyd edib ki, festivalda təmsil olunmaq bir tərəfdən Azərbaycanın bu Gündoğar ölkədə tanınmasında mühüm rol oynayırsa, digər tərəfdən iki dost xalq arasında əlaqələrin inkişafına mühüm töhfələr verir. Həmin gün “Sapporo Ohdori Lions Club”ın üzvləri, Hokkaydo Universiteti tələbələri və məktəblilərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qar variantının düzəldilməsinə başlanılıb. Geri dön |