Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > “Əlincəqala” tarixi abidəsi və Gülüstan türbəsinin bərpası uğurla aparılır
“Əlincəqala” tarixi abidəsi və Gülüstan türbəsinin bərpası uğurla aparılır |
Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin bərpası, qorunması və tədqiqi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Əlincəçay xanəgahı, İmamzadə, Qarabağlar memarlıq kompleksləri, Möminə xatın, Yusif Küseyiroğlu kimi türbələr, Əshabi-Kəhf ziyarətgahı, Ordubad buzxanası və onlarla digər abidələr bərpa edilərək, tariximizə və mədəni irsimizə qazandırılıb. Hazırda isə Naxçıvanda iki mühüm tarixi abidənin – Əlincəqalanın və Gülüstan türbəsinin bərpası uğurla aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il dekabrın 6-da imzaladığı Sərəncamın icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanıb. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil olunub. 2014-cü il fevralın 11-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalayıb. Bu gün Əlincəqalada genişmiqyaslı bərpa işləri də həmin sərəncama uyğun aparılır. “Əlincəqala” tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bu tarixi abidə barədə danışarkən qeyd edib ki, qalanın iki əsas girişi olub. Girişlərdən biri Culfa-Qazançı yolunun sağ tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanması məqsədəuyğun hesab edilib və Əlincə dağının müəyyən hissəsinə qədər, daha doğrusu, qala istehkamlarınadək torpaq yol çəkilib. Buna baxmayaraq, bərpa üçün zəruri olan tikinti materialları qalaya əllə və digər yardımçı vasitələrlə qaldırılır. Qısa zamanda qalanın şərq və qərb darvazaları bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. İri qaya parçalarından inşa edilən qala divarlarının bərkidilməsi üçün, əsasən, əhəng məhlulundan istifadə edilib. Təmir və bərpa işlərinə rəhbərlik edənlər nəinki divarların əslinə uyğun şəkildə bərpasına səy göstərib, həmçinin bu əvəzedilməz abidənin neçə min il bundan əvvəlki əzəmətli görkəmini də göstərməyə nail olublar. Vəli Baxşəliyev deyib ki, qalanın yuxarı səki hissəsindəki binaların bir qismi vaxtilə yaşayış sahəsi, bir qismi isə ictimai bina kimi istifadə olunub. Burada süvarilərin atlarını saxladığı tövlələr, ərzaq anbarları və çörək bişirmək üçün təndirlər aşkar edilib. Evlərin qızdırılmasında kiçik təndirlərdən və buxarılardan istifadə olunub. Bir-birinin yaxınlığında yerləşən mənzillər, əsasən birotaqlıdır. Bəzi otaqların arxa divarlarında dördkünc formalı taxçalar, evlərin içərisində isə kiçik təndirlər, həvənglər, əl dəyirmanları aşkarlanıb. Bir sözlə, təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini özündə əks etdirən xeyli faktlar üzə çıxarılıb. Bərpa işləri zamanı torpaq altında qalan çoxlu sayda binanın aşkarlanaraq təmizləndiyini deyən “Əlincəqala” tədqiqat qrupunun rəhbəri bildirib ki, qalada suya olan tələbatı ödəmək üçün su hovuzlarından və kəhrizlərdən istifadə olunub. Hovuzlarda suyu toplamaq məqsədilə sərt qayaların üzəri ilə kiçik kanallar açılıb. Onlardan bəzisinin uzunluğu 20 metr, eni 5 metrə yaxındır. Bəzilərinin dərinliyi isə 3 metrdir. Yaz aylarında yağış çox yağanda bəzən suyun hamısını hovuzlarda toplamaq olmurdu. Buna görə qala sakinləri yeraltı suları idarə etmək üçün səy göstərib, qalanın bəzi hissələrində yeraltı suları üzə çıxarmağa nail olublar. Son illər aparılan araşdırmalar zamanı Əlincəqalanın şərq tərəfində aşkar olunan kəhrizlər də suya olan tələbatın ödənilməsi üçün mühüm rol oynayıb. Gülüstan türbəsində aparılan bərpa işləri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il oktyabrın 7-də imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncama uyğun həyata keçirilir. Orta əsr Azərbaycan mədəniyyətini müasir dövrümüzədək yaşadan Gülüstan türbəsi xatirə memarlığının ən dəyərli nümunələrindən biri, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı kimi böyük əhəmiyyətə malikdir. Buna görə də AMEA Naxçıvan Bölməsinə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bərpa işlərinin elmi əsaslarla aparılmasının təmin olunması tapşırılıb. Həmçinin sərəncamla AMEA Naxçıvan Bölməsinə “Gülüstan türbəsi” tədqiqat qrupunun yaradılması, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına bərpadan sonra Gülüstan türbəsinin ziyarətçilərə açıq olması uçün zəruri tədbirlər görülməsi barədə tapşırıq da verilib. “Gülüstan türbəsi” tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamın imzalanmasından bir gün sonra, yəni 2015-ci il oktyabrın 8-də AMEA Naxçıvan Bölməsində tədqiqatçıları özündə birləşdirən “Gülüstan türbəsi” tədqiqat qrupu yaradılıb. Həmin il oktyabrın 12-də tədqiqat qrupunun ilk yığıncağı keçirilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Fəxrəddin Səfərli deyib ki, Naxçıvan memarlıq məktəbinin ən gözəl nümunələrindən sayılan, Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan abidə iki hissədən – sərdabə və türbədən ibarətdir. Digər türbələrdə sərdabə hissəsi yerin altında yerləşdirildiyi halda burada yerin səthindən yuxarıda inşa olunub. Türbənin aşağı hissəsini təşkil edən yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Yuxarı hissə isə 12 üzlü qüllədən ibarətdir. Qüllənin bütün üzlərində yaradılan taxçaların içərisinin çox incə şəkildə işlənmiş naxışlarla və ornamentlərlə doldurulduğunu deyən tədqiqat qrupunun rəhbəri qeyd edib ki, türbənin daş üzərində oyulmuş ornamentləri zənginliyi, incəliyi, zərifliyi və mürəkkəbliyi ilə seçilir. Yüksək sənətkarlıqla işlənmiş ornamentlərin taxçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentləri yalnız Naxçıvan şəhərində 1186-cı ildə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən inşa edilmiş Möminə xatın türbəsinin ornamentləri ilə müqayisə etmək olar. Geri dön |