Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazir: Azərbaycanda 2015-ci ildə kənd təsərrüfatının istehsalında 6,6% artım qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Nazir: Azərbaycanda 2015-ci ildə kənd təsərrüfatının istehsalında 6,6% artım qeydə alınıb

Nazir: Azərbaycanda 2015-ci ildə kənd təsərrüfatının istehsalında 6,6% artım qeydə alınıb


Əvvəlcə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.

Ziyalıların, iş adamlarının və fermerlərin iştirak etdikləri görüşdə çıxış edən nazir Heydər Əsədov hazırda dövlət qurumlarının səylərinin Prezident İlham Əliyev tərəfindən irəli sürülən vəzifə və tövsiyələrin yüksək səviyyədə yerinə yetirilməsinə yönəldiyini bildirib. Vurğulanıb ki, ölkədə iqtisadi fəallığın yüksəldilməsi, yeni iş yerlərinin açılması, aqrar sektorun inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalı, sahibkarlar və fermerlər üçün əlverişli biznes mühitinin yaradılması və digər məsələlərin həlli istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Heydər Əsədov qeyd edib ki, ölkədə əlverişli biznes mühitinin yaradılması məqsədilə Prezident İlham Əliyev çoxsaylı fərman və sərəncamlar imzalayıb, sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb, lisenziyaların verilməsi proseduru və kreditlərin ödənişi sadələşdirilib. Ölkəyə valyuta axınını artırmaq, ixracın stimullaşdırılmasını təşviq etmək məqsədilə sahibkarlara lazımi şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, bu ildən etibarən sahibkarlar tərəfindən alınan bütün növ texnikalara 40 faiz güzəşt tətbiq olunacaq. Bu məqsədlə dövlət tərəfindən 51 milyon manat vəsait ayrılıb. Eyni zamanda, əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün bütün növ gübrələr 70 faiz güzəştlə satılacaq. Nazirlik gübrəyə tələbatın artdığını nəzərə alaraq, 45 milyon tondan çox ehtiyat yaradıb.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və süni mayalama ilə bağlı məsələlərə də toxunan Heydər Əsədov bildirib ki, buna nail olmadan yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Nazir fikrini statistik göstəricilərlə əsaslandıraraq deyib ki, hazırda ölkədə 2 milyon 200 min iribuynuzlu mal-qara var. Bu heyvanların əksəriyyəti həm az məhsul verir, həm də örüş-otlaqlarda torpaqları deqradasiyaya uğradır. Aparılan təhlillər göstərir ki, cins tərkibini dəyişməklə mal-qaranın ümumi sayını 400-500 min başadək azaltmaq, eyni zamanda, heyvanları qapalı şəraitdə bəsləməklə örüş-otlaq sahələrini yem, yaxud əkin dövriyyəsinə cəlb etmək mümkündür.

Görüşdə su probleminin həlli məqsədilə ölkəmizdə görülən infrastruktur layihələr haqqında da ətraflı məlumat verilib. Heydər Əsədov bildirib ki, yeni kanalların çəkilməsi, suvarma şəbəkələrinin qurulması, subartezian quyuların qazılması və görülən tədbirlərlə yanaşı, bu sahədə də yeni təsərrüfatçılıq metodlarının tətbiqinə ehtiyac var. Məsələn, dünya təcrübəsində qış aylarında hündür ərazilərdə yaradılmış gölməçələr vasitəsilə yayda əkin sahələrinin suvarılması geniş yayılıb. Bu metodlar elektrik sərfiyyatını azaltmağa, sahibkarların daha böyük mənfəət götürməsinə imkan yaradır.

Heydər Əsədov onu da qeyd edib ki, təsərrüfatlarında yeni suvarma qaydaları tətbiq edən sahibkarlara müvafiq texnikaların alınmasında “Aqrolizinq” ASC vasitəsilə güzəştlər tətbiq olunacaq.

2015-ci ildə dünyada hökm sürən iqtisadi və maliyyə probleminə baxmayaraq, Azərbaycanda kənd təsərrüfatının istehsalında 6,6 faiz artım qeydə alınıb. Bunun yüksək nəticə olduğunu qeyd edən nazir vurğulayıb ki, son illərdə aqrar sektorun inkişafı və fermerlər üçün yaradılmış şərait yaxın gələcəkdə kənd təsərrüfatı məhsulları istehsalında daha böyük artım əldə etməyə imkan verəcək.
Milli Məclisin deputatı Mahir Aslanov görüş iştirakçılarını on illər parlamentdə kənd təsərrüfatının inkişafı istiqamətində qəbul edilən qanunlar barədə məlumatlandırıb.
Sonra nazir fermerlərin və ictimaiyyət nümayəndələrinin müraciət və təkliflərini dinləyib.
Çıxışlarda Prezident İlham Əliyev tərəfindən sahibkarlar üçün yaradılan şəraiti, kənd təsərrüfatının inkişafına dövlət dəstəyini, fermerlərə edilən güzəştləri və digər tədbirləri təqdir etdiklərini bildiriblər.

Daha sonra görüş kənd təsərrüfatının müxtəlif sahələri üzrə sahələri üzrə ayrı-ayrı panel- lərdə davam etdirilib.

Həmin gün nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Goranboy rayonu üzrə 18 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 539445 manat məbləğində 31 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 198567,0 manat məbləğində güzəşt tətbiq edilmiş, Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 13 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilmişdir. Eyni zamanda “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi üçün xidmət göstərilmişdir.

Görüşdə həmçinin rayon sakini Abbasov Kamil Süleyman oğlunun müraciəti təmin olunaraq 1 ədəd Belarus-89.2 markalı traktorun ona növbədənkənar olaraq lizinqə verilməsi yerində rəsmiləşdirilmişdir.

Geri dön