Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Professor Adil Əliyev: Azərbaycanın palçıq vulkanları təbii sərvətlər qaynağıdır
Professor Adil Əliyev: Azərbaycanın palçıq vulkanları təbii sərvətlər qaynağıdır |
Daha əvvəl xəbər verildiyi kimi, Hacıqabuldan 23 kilometr şimal-qərbdə yerləşən “Axtarma-ardı” vulkanı yanvarın 26-da püskürüb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun palçıq vulkanları şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Dövlət Mükafatı laureatı, professor Adil Əliyev AZƏRTAC-a məxsusi müsahibəsində baş vermiş bu təbiət hadisəsi barədə fikirlərini bölüşüb. “Axtarma-ardı” vulkanının 1990-cı il iyunun 27-dən etibarən ilk dəfə püskürdüyünü bildirən professor deyib: “Onda vulkan yer səthinə təqribən 400 min kubmetr vulkan brekçiyası püskürmüşdü. 6 saatdan çox davam edən püskürmənin hündürlüyü təqribən 500 metr təşkil etmişdi.“Axtarma-ardı”nın budəfəki püskürməsinin intensivliyi xeyli azdır. Məsələn, püskürmənin intensivliyi 6 dəqiqə - saat 7:36-dan başlayaraq 3 dəqiqə və saat 7:49-dan başlayaraq daha 3 dəqiqə davam edib, hündürlüyü isə 12 metrdən çox olmayıb. Azərbaycan Milli Elmlər Akademiyası vəziyyəti öyrənmək üçün vulkanın püskürdüyü yerə komissiya göndərib, amma ezam edilən mütəxəssislər yağıntı və palçıq üzündən nümunə götürə bilməyiblər. Buna görə də vulkanın fotoşəkillərini çəkmək, prosesi kənardan müşahidə etmək və şahidlərdən informasiya toplamaqla kifayətlənməli olublar. Komissiya hava şəraitindən asılı olaraq, palçıq bir qədər quruyandan sonra yenə də əraziyə gedəcək”. Professor A.Əliyev müsahibəsində palçıq vulkanları kimi yetərincə maraqlı və müəmmalı təbiət hadisəsi barədə də ətraflı informasiya verərək deyib: “Bu təbiət hadisəsi yer qabığının dərin qatlarında gedən proseslərlə bağlıdır, palçıq-vulkan sahələrinin tektonik inkişafı və təkin neftli-qazlı olması ilə sıx əlaqədardır: palçıq vulkanları olan yerə mütləq neft və qaz toplanır. Təsadüfi deyildir ki, palçıq vulkanlarını bəzən “yanacaq xəzinəsi” axtarmaq üçün mayak hesab edirlər. Abşeron yarımadasının tanınmış tədqiqatçısı professor D.V.Qolubyatnikov hələ ötən əsrin 20-ci illərində vulkanları pulsuz kəşfiyyat buruğu adlandırıb. Quyu qazmaq baha başa gəlir, püskürən vulkan isə müxtəlif yaşlı və tipli dağ süxurlarını yerin səthinə çıxarır. Bu süxurları öyrənən geoloq-vulkanoloqlar onların yatım dərinliyi, geoloji törəmələr barədə elmi nəticə çıxarırlar. Vulkanların öyrənilməsi həm də ona görə qiymətlidir ki, müasir qazma texnikası üçün hələlik əlçatmaz olan yerin daha böyük dərinlikləri barədə informasiya verir. Hazırda bizdə qazma 6-7 kilometrə çatıb, vulkan isə 10-11 kilometr dərinlik barədə məlumat verir. Vulkan palçığı bir çox dərdlərin dərmanıdır. Vulkan gili keramzit, kərpic istehsalı üçün əla xammaldır, buna görə də inşaatda istifadə olunur. Vulkan püskürməsinin məhsulu olan vulkan brekçiyasının tərkibində bir sıra qiymətli elementlər, metallar var, onları çıxarıb xalq təsərrüfatının ehtiyacları üçün istifadə etmək olar. Balneoloji xüsusiyyətləri sayəsində vulkan palçığı bir çox xəstəliklərin, o cümlədən dəri və ginekoloji xəstəliklərin müalicəsində, habelə kosmetologiyada istifadə olunur. Bundan əlavə, palçıq vulkanları turistlər, ümumiyyətlə təbiəti sevənlər üçün maraqlıdır. Azərbaycan ərazisi palçıq vulkanizminin inkişafı üçün unikal klassik regiondur. Vulkanların sayına (350!), onların müxtəlifliyinə və fəallığına görə dünyada Azərbaycanın analoqu yoxdur. Ölkəmiz palçıq vulkanlarının vətəni sayılır. Burada palçıq vulkanı təzahürlərinin bütün formalarına təsadüf edilir”. Geri dön |