Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Litvada Xocalı soyqırımı ilə bağlı “Həyat üçün qan” mərasimi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Litvada Xocalı soyqırımı ilə bağlı “Həyat üçün qan” mərasimi keçirilib

Litvada Xocalı soyqırımı ilə bağlı “Həyat üçün qan” mərasimi keçirilib


Litvada Xocalı soyqırımı ilə bağlı “Həyat üçün qan” mərasimi keçirilib.

Bu barədə Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyi tərəfindən Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr qrupu və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) ilə birgə Vilnüs şəhər Ratuşasında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı “Həyat üçün qan” adlı anım mərasimi keçirib.

Tədbirdə Litva müstəqilliyini bərpa etdikdən sonra ilk dövlət başçısı olmuş Vitautas Landsberqis, Seymində Azərbaycanla Parlamentlərarası əlaqələr qrupunun üzvləri, Seymin deputatları, bir sıra nazirliklərin vəzifəli şəxsləri, QHT rəhbərləri, Litvanın ictimai-siyasi xadimləri, şou-biznes və KİV nümayəndələri, TEAS-ın Strasburq nümayəndəliyinin rəhbəri Eliza Pieter, Londonda yaşayan həmyerlimiz S.Rakçeyava və onun rəhbərlik etdiyi “Pandora” Kvartetin ifaçıları, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri və Litvada təhsil alan tələbələrimiz iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan səfir Həsən Məmmədzadə Litva Seymindəki Azərbaycanla Parlamentlərarası əlaqələr qrupuna, TEAS-a və Litvanın Milli Qan Mərkəzinə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı keçirilən tədbirə qoşulduqları, eləcə də qonaqlara belə bir gündə Azərbaycan xalqına həmrəylik nümayiş etdirərək tədbirə gəldikləri üçün öz minnətdarlığını bildirib.

Səfir Xocalı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə səfirlik tərəfindən artıq ikinci dəfədir ki qanvermə aksiyasının təşkil edildiyini iştirakçıların diqqətinə çatdıraraq, hamını bu aksiyaya qoşulmağa çağırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün həyata keçirilən beynəlxalq maarifləndirmə kampaniyasını uğurlu olduğunu qeyd edən səfir, artıq bir sıra ölkələrin qanunverici orqanlarının Xocalı soyqırımını rəsmi tanıdığını bildirib.

Litvanın ilk dövlət başçısı olmuş Vitautas Landsberqis çıxışında Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərək, Azərbaycan və Litvanın eyni keçmişinin olduğunu bildirib və hər iki ölkənin daima təhdidlərlə üzləşdiyini qeyd edib. O, qətliamların təkrarlanmaması üçün səylərin artırılmasının vacibliyini vurğulayaraq, qardaş Azərbaycan xalqına bir daha faciə yaşamamağı arzulayıb.

Litvanın Geosiyasi Araşdırmalar Mərkəzinin eksperti Viktor Denisenko çıxışında Xocalı soyqırımını qurtarmamış, hələ son nöqtə qoyulmamış tarixi hadisələrlə müqayisə etmiş və Xocalı soyqırımını hərbi cinayət adlandıraraq bildirmişdir ki: “Xocalı soyqırımına elmi tərəfdən baxsaq, biz onun hərbi cinayət adlandırmalıyıq. Bu hadisə bunun üçün bütün lazımi xüsusiyyətlərə malikdir. İnsani tərəfdən isə əlbəttə ki, insan ağlı tərəfindən çətin dərk edilən faciə və fəlakətdir.

Digər tərəfdən isə bu bir tarixdir və bu tarixin hələ də bir hissəsi çatışmır – Ədalət hissəsi” .

Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter tədbir iştirakçıları qarşısında çıxış edərək bildirmişdir ki, Xocalı qətliamı müstəqil Azərbaycanın tarixində ən kədərli səhifədir. E.Piter tarixin daima müzakirələr və şərhlər üçün açıq olduğunu, ancaq 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələrin heç zaman yaddaşdan silinməyəcəyini vurğulamışdır. O, Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Xocalı Soyqırımında həlak olmuş insanların xatirəsinin hər il yad edildiyini, bu il Strasburqda, Parisdə, Brüsseldə, Londonda və Avropanın digər ölkələrinin paytaxtlarında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimlərinin keçirildiyini bildirib.

Çıxışlardan sonra tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirlik tərəfindən Litva dilinə tərcümə edilmiş video təqdimat nümayiş olunub.

Sonra Londonda yaşayan həmyerlimiz, tanınmış skripkaçı S.Rakçeyavanın rəhbərlik etdiyi “Pandora” Kvartetinin müşayiəti ilə Fransız bəstəkarı Pierre Thilloyun “Xocalı 613 adlı möhtəşəm əsərin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ifa edilib.

Tədbir müddəti ərzində səfirliyin əməkdaşları və Litvada təhsil alan tələbələrimiz Xocalı soyqırımının qurbanlarının xatirəsinə Litvada qanazlığından əziyyət çəkən insanlar üçün qan verib.

Səfir Həsən Məmmədzadə Xocalı soyqırımı ilə bağlı Litva televiziya kanallarına müsahibə verib.

Anım mərasimi haqqında məlumat Litvanın televiziya kanallarının xəbərlər verilişində nümayiş olunub, “extrafm” radiosunda canlı yayımlanmış, nüfuzlu informasiya agentlikləri və internet portallarında mərasim ilə bağlı məqalələr dərc olunub.

Bundan əlavə, Xocalı soyqırımı haqqında məlumatların geniş oxucu auditoriyasının diqqətinə çatdırmaq məqsədilə Litvalı jurnalist Qintaras Visotskas tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanmış geniş məqalə Litvanın “slaptai.lt” internet portalında yayımlanıb.

Geri dön