Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Dədə zurna-balabanın ustadı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Əli Dədə zurna-balabanın ustadı olub

Əli Dədə zurna-balabanın ustadı olub


Əli Dədə zurna-balabanın ustadı olub


«Heyvagülü», «Koroğlu nağarası», «Dağ çiçəyi», «Yasəməni», «Qəhrəmani», «Alçaçiçəyi» və başqa havacatların müəllifi, tanınmış musiqiçi Əli Kərimovun (1874-1960) adı XIX yüzilin sonu, XX yüzilin birinci yarısı peşəkar xalq musiqisinin ən görkəmli nümayəndələri ilə bir sırada durur. Bu kimi yaradıcılarımızın ortaya qoyduqları sənət inciləri daha aydın bilinməli, tanınmalıdır. O zaman erməni kimi oğru millət ürək edib milli zurna-balaban havalarımızı və alətlərimizi oğurlamağa cəsarət etməzlər.
Balabançı Ə.Kərimov Qurban Pirimov, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Keçəçi oğlu Məhəmməd, Mirzə Məhəmmədhəsən, aşıqlardan Hüseyn Bozalqanlı, Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Dədə Şəmşir, bəstəkarlardan Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Əhməd Bakıxanov, Bülbül kimi görkəmli sənətkarların yaxın dostu və çağdaşı olub. O, zurna, balaban, tütək kimi nəfəsli alətlərdə xalq havalarını, eləcə də özünün yaratdığı havaları böyük sənətkarlıqla ifa edib, onların imkanlarını texniki baxımdan genişləndirib. Onun bəstəçilikdən başqa ən böyük işi zil tembrli zurnanı peşəkar kamera alətinə çevirməkdən ibarət olub. O, təkcə çalğığçı yox, həm də çoxlu mahnıların yaradıcısı olub, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayıb. Hələ sağlığında ona el içində «Əli Dədə» deyiblər.
Əli Zülfüqar oğlu Kərimov 1874-cü ildə Ağsu rayonunun Kalva kəndində doğulub. Onun ustadı kalvalı Allahverən Şıxıoğlu olub. O zaman Allahverən güclü zurnaçı sayılarmış. Əli Dədə deyərdi ki, mən iki il ustadım Allahverənə şəyirdlik etmişəm. Zurna sənətinin Kalvada dərin kökləri varmış. Eləcə də XVIII yüzildə yaşamış kalvalı aşıq Baba Şirvaninin saz və söz yaradıcılığı onun peşəkar kimi tanıdıb. Beləlikə, demək olar ki, Kalva xalqımızın iki böyük dəyərinin – sazın və zurnanın yaşadıldığı yer olub. Üstəlik, nəzərə alaq ki, Əli Dədə təkcə zurna-balabanın ustadı olmayıb, milli musiqi alətlərimizdən olan saz, tar, nağara və qoşa nağarada gözəl çalmağı bacarıb, muğamlarımızı dərindən bilib. Əli Kərimov milli muğamlarımızın sirrini çağının kamil və məşhur xanəndəsi, sehrli sənəti ilə ən çox Şirvan-Qarabağ məclislərinin bəzəyi olan Mirzə Məhəmmədhəsəndən (1831-1907) öyrənib, uzun müddət balabanda onu müşayiət edib. Qeyd edək ki, o çağlar balaban kamanı əvəzləyib. Mirzə Məhəmmədhəsən Şamaxıda ən çox Mahmud ağanın məclislərində və bir də varlı şəxslərin toylarında oxuyarmış. Millət vəkili, AMEA-nın müxbir üzvü Rafael Hüseynov Mirzə Məhəmmədhəsən, Əli Kərimov və Aşıq Bilal üçlüyü haqqında əsərlərinin birində söz açaraq yazır: «Onların üçündə də həm yüksək ifa bacarığı, həm də bəstəçilik vardı. Və bu üç nəfər Azərbaycanımızın zəngin, əlvan musiqi xəritəsində özümlüyü ilə seçilən Şirvan musiqisinin üç qanadını inkişaf etdirdilər, maraqlı ifaçılar nəsli yetişdirdilər. Mirzə Məhəmmədhəsən xanəndəlikdə bu vəzifəni yerinə yetirdi. Əli Kərimov balaban, zurna ifaçılığında bu işi gördü. Mirzə Bilalsa aşıq sənətində».
Ustad sağlığında böyük şairimiz M.Ə.Sabirlə dostluğundan belə danışarmış. Bu haqda Bayram Hüseynli və Tahirə Kərimovanın 1984-cü ildə Moskvada çap olunmuş «Əli Kərimov» adlı araşdırma kitabında yazılıb: «Bir dəfə mən Şamaxıda çayxanaya girib Sabirlə salamlaşıb görüşdüm. Şair bu doğmalıqdan çaşbaş qaldı, bir qədər özünü itirdi. Ona görə ki, çayxanaya gələnlərin heç biri şairə quru salam da vermirdilər. İlk tanışlıqdan sonra mən onunla daha da tez-tez görüşər və doğma söhbətlər edərdik. Bir dəfə Sabir məni öz evinə dəvət etdi, heyranlıqla söylədi ki, sənə bəzi şeyləri göstərəcəyəm. Bu, mənim üçün də çox maraqlı idi. Biz onun Sarıtorpaq məhəlləsindəki evinə getdik. Evində o qədər də əşya gözə dəymirdi. Mənim diqqətimi ilk olaraq çəkən rəfdə qoyulmuş və divardan asılmış musiqi alətləri oldu. Çox qəribə idi ki, şairin yoxsul komasında musiqi alətlərimizdən saz, tar, qaval, balaban, kamança, qoşa nağara var idi. Mən heyrətimi gizlətməyib:
- Şair, axı, bu qədər karastı (alətlər) sənin nəyinə gərəkdir?
Sabir:
- Gördüyün bu musiqi alətlərini ürəkdən sevir, bir çoxunu isə çalmağı bacarıram.
Mən soruşdum:
- Bunlardan ən yaxşı hansını çalmağı bacarırsınız?
O, bu an divardan asılmış sazı götürüb mənim üçün bir mahnı çaldı. Özüm də bilmədən qeyri-ixtiyari pencəyimin döş cibində gəzdirdiyim yastı balabanı çıxardım və hər ikimiz «gəzişdik»".
Əli Dədənin Üzeyir bəylə tanışılığının da maraqlı tarixçəsi var. O, bununla bağlı deyərdi: «1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə mən, Cənnətalı (dəmkeş) və Əlibaba (nağaraçı qardaşı) iştirak edirdik. Yadımdadır ki, biz ora getməmişdən öncə Bakıda Üzeyir bəyin başçılığı altında gərgin məşqlər keçdik. Mən orda öz dəstəmlə ayrıca «Koroğlu nağarası»nı çalmalı idim. Bəstələdiyim «Koroğlu nağarası» Üzeyir bəyin çox xoşuna gəlmişdi. Buna görə məni bağrına basaraq öpdü. Ongünlükdə isə «Cəngi»ni zurnaçılar dəstəsi birlikdə çalmalı idi, məşqlərdə onu başa gətirincə çox çalışdıq. Dəstədəki zurnaçıların sayı dəqiq yadımda deyil. Onu bilirəm ki, zurnaların səsi bir-biri ilə düz gəlmirdi. Üzeyir bəy də çox çalışırdı, bir şey alınmırdı. O, yamanca gərginləşmiş, sinirlənmişdi. Mən ona dedim:
- Bəy, icazə ver, mən bu alətlərin hamısının səsini bir «cığır»a salım. Doğrusu, Üzeyir bəy mənim bu gözlənilməz təklifimdən tutuldu və dedi ki, neçə saatlardı biz çalışırıq bir iş hasil olmur, sən nə edəcəksən?
Mən inad etdim:
- Bəy, siz icazə verin, indi görəcəksiniz ki, onu necə uzlaşdırıb, yoluna qoyuram.
Üzeyir bəyin icazəsindən sonra dəstədən irəli çıxdım. Həmişə yanımda alətlərlə yanaşı belə gözlənilməz məqamlar üçün arı mumu gəzdirərdim. Çalğıçıların alətlərini bir-bir yoxladım və həmin mumdan istifadə eməklə zurnaların deşiklərini az-çox qapamaqla hamısını bir kökə gətirdim. Sonra Üzeyir bəyə dedim:
- İndi birgə çalmaq olar.
Üzeyir bəyin göstərişi ilə Səid Rüstəmov dəstəni yerbəyer etdi. Əlində də çubuq var idi. Biz birgə «Cəngi»ni çalmağa başladıq. Artıq məqsədimizə çatmışdıq. Üzeyir bəyin də, Seyid Şuşiniskinin də sevinci yerə-göyə sığmırdı. «Cəngi»nin ifası ağır zəhmət bahasına, gərgin məşqdən sonra belə baş tutdu.
Milli qəhrəmanımız Koroğlunun adı ilə bağlı dastan, operanın necə təsiri varsa, Əli Dədənin bəstələdiyi «Koroğlu nağarası»nın öz önəmi var. Elə ki Kalvada toy olardı, qabaqca ustad bir saata qədər öz həyətində çalardı. Həyətdən toy evinəcən, «Vağzalı», «Çobanyaylağı» havalarını səsləndirərək gələrdi. Kəndin yeniyetmələri dəstənin böyür-başında sevinclə toy olacaq evə kimi ustadı müşayiət edərdilər. Ustad sanki bununla camaatı toya çağırardı ki, ay camaat, gəlin, toy başlandı. Əli Dədə Kalvada yox, harada toy çalsaydı, bütün el-oba ora yığışardı. Ən qəmli havaları da elə bil qəm yarasına məlhəm qoyardı. O, 60-dan çox instrumental melodiya bəstəçisidir. Onların bir bölümü oyun havalarıdır. Mahnıların çoxu Azərbaycan Radiosunun qızıl fonduna 1959-cu ildə yenidən təkmilləşdirilmiş şəkildə böyük ustadın çalğısında daxil olub. İndi orada ustadın öz çalğısında 19 havası qalmaqdadır. Bunlar «Dağ çiçəyi», «Rəqs», «Yasəməni», «Tərəkəmə» (el havası), «Xırdaca», «Uzundərə» (el havası), «Qəhrəmani», «Çəməni», «Şirvani», «Alçaçiçəyi», «Turşəngi», «Heyvagülü», «Koroğlu nağarası»dır.
Azərbaycanın ünlü sazçısı aşıq Mirzə Bilal (1872-1937) Əli Kərimovla bərk dost olublar. Onların ilk tanışlığı çağının böyük xeyriyyəçisi, muğam bilicisi Mahmud ağa Əhməd Ağa oğlunun (1826-1901) şeir musiqi məclisindən başlayıb. Hər iki sənətkarın kamilləşməsində isə şamaxılı Aşıq İbrahimin böyük əməyi olub. Əli Dədəni uzun illər nağarada müşaiyət etmiş Bəxtiyar Kərimov sağlığında deyərmiş: «İli yadımda deyil, bizi Bakıya çağırdılar. Rəhmətlik Üzeyir bəy Əlini böyük hörmətlə qarşıladı. Sonra Bülbülə tapşırdı ki, Əli kişi neçə hava bəstələyibsə, hamısını lentə yazsın. Bülbül də bizi sayğı ilə qarşılayıb, bir qutunun (maqnitofon nəzərdə tutulur-U.) qabağında əyləşdirdi. Əli nə havalar yaratmışdısa, üç günə hamısını çaldıq, bəstələri lentə yazıldı».
Üzeyir bəy Əli kişinin xalq musiqisinin gözəl bilicisi olduğunu anladığından onu Konservatoriyada dərs deməyə dəvət edir. Əli Dədəsə «kəndsiz yaşaya bilmərəm» deyib şəhərə gəlməkdən imtina edir. Xalq musiqisinin gözəl bilicisi və ifaçısı Əli Kərimovun yaradıcılığı hələ sağlığında ikən musiqişünaslar Bayram Hüseynli və Tahirə Kərimova tərəfindən ciddi şəkildə araşdırılaraq öyrənilib. 1950-ci illərdə onlar böyük sənətkarın yaşadığı kəndə gələrək uzun müddət qonaq olub, bəstələrinin hamısını nota köçürüblər. Bugün də Əli Dədənin çalğısı radio və televiziyalardan eşidilməkdədir. Təəssüf ki, onun mahnılarının çoxusu xalq mahnısı kimi təqdim edilir. Hər halda «İnnabı», «Heyvagülü», «Koroğlu nağarası» və başqa məşhur mahnıların yaradıcısını gec də olsa tanımağa dəyər. Sonda onu da qeyd etmək yerinə düşər ki, 2009-cu ildə araşdırmaçı Qalib Soltanoğlunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə ustad haqqında yazdığı «Kalvalı Əli Dədə» kitabı işıq üzü görüb.

Geri dön