Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə-Azərbaycan hərbi əlaqələri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Türkiyə-Azərbaycan hərbi əlaqələri

Türkiyə-Azərbaycan hərbi əlaqələri


1921-ci il Qars müqaviləsinin təsir dairəsinin genişləndirilməsi vacibdir

«Ankara Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırlması istiqamətində dəstəyini artırmalıdır»

«Türkiyə ilə hərbi müttəfiqlik Azərbaycanın mövqelərini xeyli gücləndirəcək»


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər iki ölkə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyinin göstəricisi sayıla bilər. Rəsmi görüşlərdə iki ölkənin silahlı qüvvələri, eləcə də Türkiyə Jandarma Komandanlığı ilə Daxili Qoşunlar arasındakı strateji tərəfdaşlıq və əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Ümumiyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirəndiyi, o cümlədən Rusiya və İrandan artan təzyiqlər fonunda Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməyə həmişəkindən daha çox ehtiyacı var. Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları «Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında» anlaşmanın hərbi müddəalarının yerinə yetirilməsi Türkiyəni Azərbaycanın təhlükəsizliyinə cavabdeh ölkə statusuna gətirir. Başqa sözlə, 1921-ci ildə imzalanan və Naxçıvanın təhlükəsizliyinə cavabdeh olan Qars anlaşmasının təsir dairəsi genişləndirilərək bütün Azərbaycana şamil edilə bilər. Necə ki, Ermənistana hücum ediləcəyi halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, daha doğrusu Rusiya bu ölkəni müdafiə etməli olacaq, eləcə də Azərbaycana hücum Türkiyə tərəfdən adekvat cavablandırıla bilər.
Ekspertlər Azərbaycan-Türkiyə hərbi əlaqələrinin perspektivinin vacibliyini vurğulayırlar. Türkiyə Azərbaycanın müdafiə qüvvələrinin həm NATO standartlarına uyğunlaşdırılması istiqamətində, həm də ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirdiyi islahatlara dəstəyini artırmalıdır.
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Cəsur Sümərinli bildirir ki, əməkdaşlığın dərinləşdirilməsi üçün kifayət qədər hüquqi baza var. Eyni zamanda Türkiyə Azərbaycana milyonlarla dollar səviyyəsində yardımlar edib və hərbi təhsilin inkişafına yaxından dəstək verib. Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığının perspektivləri dövlətlərarası və NATO – Azərbaycan münasibətlərinin istiqamətlərini əhatə etməlidir: «Azərbaycan – Türkiyə hərbi əməkdaşlığının mövcud vəziyyətini çox da yüksək qiymətləndirmək mümkün deyil. Buna orta qiymət verərdim. Azərbaycan müstəqilliyini bərpa edəndən sonrakı illərdə, xüsusilə də 1994-2000-ci illərdə iki ölkə arasında hərbi əməkdaşlığın vəziyyəti daha sıx və ümidverici görünürdü. O dövrdə Türkiyə Azərbaycanın Silahlı Qüvvələri üçün hərbi kadrların hazırlanması işinə böyük töhfə vermişdi. Sonradan bu əməkdaşlıq daha çox texniki xarakter almağa başladı. 2010-cu ildə iki ölkə arasında imzalanmış «Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında» müqavilə iki ölkə arasında hərbi əməkdaşlıqda intensiv irəliləyişlər ümidini yaradırdı. Müqavilənin əhəmiyyətli hissəsi məhz hərbi və hərbi-texniki əməkdaşlığa həsr olunub. Son illəri nəzərdən keçirəndə görürük ki, Türkiyənin Azərbaycanla hərbi əməkdalığı getdikcə daha çox müdafiə sənayesi kompleksinin inkişafına, birgə hərbi məhsul istehsalına istiqamətlənib. Bu müsbət hal hesab edilə bilər. Amma əsas hədəflər – Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində də dəstək dayandırılmamalıdır. Xüsusilə də kadrların hazırlanması məsələsi önəmlidir. Təəssüf ki, 2000-ci illərin əvvəllərindən bu istiqamətdə addımlar hissedilən dərəcədə zəifləyib. Amma iki ölkə arasında hərbi əməkdaşlığın bütün istiqamətlərdə irəliləməsi üçün bütün imkanlar və şanslar mövcuddur. Sadəcə tərəflər bu məsələni siyasi problemlərin qurbanına çevirməməlidirlər». Ümumilikdə 2005-ci ildən sonra Türkiyə-Azərbaycan hərbi əməkdaşlığında yeni sıçrayış gözə dəyir. Bu da Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) imzalanmasından sonra baş verdi. Ekspertlərin fikrincə, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
- Birincisi, NATO ilə əməkdaşlıq sənədləri, xüsusilə də İPAP. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
- ikincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. Nəzərə alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında Türkiyənin adı Azərbaycanın milli təhlükəsizliyinin təminatçısı rolunda göstərilməsə də, həmin sənədlərdə təsvir olunan mühit Türkiyənin bu rola sahib olduğunu dolayısı ilə təsdiqləməkdədir. Həm də nəzərdən qaçırılmamalıdır ki, Hərbi Doktrinada Azərbaycan ərazisində xarici hərbi iştirakın mümkünlüyünə dair məqamlar da əksini tapıb. Xüsusilə də Bakıda imzalanmış «Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında» müqavilədə nəzərdə tutulanlar Türkiyənin Azərbaycanın milli təhlükəsizliyinin qarantı rolunda olduğunu göstərir;
- üçüncüsü, bu, Türkiyənin milli regional maraqları və qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Nəzərə alınmalıdır ki, 2009-cu ildən başlayaraq Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Bu sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir.
İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar mövcuddur və Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
Eyni zamanda Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan ərazilərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi də Türkiyə – Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.
Politoloq Qabil Hüseynli isə bildirib ki, ASQ-nin NATO standartlarına keçirilməsi, ordunun bəzi hərbi ləvazimatlarla təchizatı, hətta hərbi sənayenin bəzi sahələrinin yenidən qurulmasında və s. bu kimi məsələlərdə Türkiyə bizə yaxından kömək edib və onun nəticələri də artıq var. Amma hərbi müttəfiqlik artıq iki ölkə arasındakı hərbi əlaqələri daha yüksək səviyyəyə qaldıra bilər.
Politoloq Türkiyə ilə Azərbaycan arasında baş tutacaq hərbi ittifaqın regionda ciddi nəticələrə yol açacağını da istisna etmədi: «Düzdür, Rusiya nüvə ölkəsidir. Amma bu o demək deyil ki, Kreml Gürcüstanın ərazilərini işğal etdiyi kimi Azərbaycanla da o cür davrana bilər. Türkiyə ilə bağlanan hərbi müttəfiqlik anlaşması Azərbaycanın mövqelərini xeyli gücləndirəcək. Əgər Azərbaycana zorla təslimçi sülhü qəbul etdirməyə çalışacaqlarsa, rəsmi Bakı bundan imtina edəcək və Ermənistana qarşı hərbi əməliyyatlar məsələsi gündəmə gələcək. O zaman əgər Türkiyə hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirərsə, Azərbaycana hər cür dəstək verməli olacaq. Azərbaycan da Rusiyanın bu işə müdaxiləsinə baxmayaraq, öz torpaqlarını azad etmək imkanlarına malik olacaq».


Cavid

Geri dön