Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > İran dostdur, ya düşmən?
İran dostdur, ya düşmən? |
Fərəc Quliyev: “Ermənistana yardımlardan əl çəkərsə...”
Zəlimxan Məmmədli: “35 milyon soydaşımızın haqqı tapdalanırsa, dostluqdan danışmaq olmaz” Azər Qasımlı: “Səudiyyədən üz döndərib, İranı seçdik” düşüncəsi yanlışdır” Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri iki ölkə arasında münasibətlərdə yeni dönəmin başlanğıcını qoydu. Diplomatik və iqtisadi səviyyədə istiləşən münasibətlərə İran tərəfi də etinasız deyil. İranın dövlət telekanalları münasibətlərdə isti dönəmin başladığını bildirirlər. Lakin bu istiləşmə o fonda baş verir ki, Azərbaycan tədricən Qərbdən uzaqlaşır və rəsmi Bakı Səudiyyə Ərəbistanı liderliyindəki İslam Koalisiyasına qoşulmaqdan imtina edir. Bu nöqteyi-nəzərdən yaxınlaşmanın Azərbaycana faydası və zərəri qaçılmazdır. Bu, ilk növbədə, Qərb-Azərbaycan əlaqələrinə mənfi təsir edəcək. Çünki İran Rusiyanın da daxil olduğu “Şərq bloku”nun üzvüdür. ABŞ və Avropa İttifaqı isə Bakıdan bu bloka yaxın durmamağı, paralel olaraq insan haqları və demokratiya islahatları aparmağı tələb edir. İran və Rusiyaya yaxınlaşmaq da hakimiyyəti bu islahatlardan uzaqlaşdırır. Digər yandan hakimiyyət Suriya məsələsinə münasibətdə İranın mövqeyini paylaşır. Bu, Suriyada xüsusi maraqları olan Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, Fransa, İngiltərə, ABŞ və digər dövlətlərin maraqlarına toxunmaqdır. Yəni hakimiyyət “Şərq bloku”na yaxınlaşmaqla, “Qərb bloku”na rəqib olur. İranla yaxınlaşmanın faydalı tərəfləri də var. Bu, daha çox iqtisadi məsələlərlə bağlıdır. Məlumdur ki, Azərbaycanda iqtisadi-sosial böhran var, bu şəraitdə İrandan yatırılacaq investisiya iqtisadiyyatın bir sıra sektorlarında sabitlik yaradacaq. Digər tərəfdən, İranın Azərbaycanda təhlükəli dini təbliğatı var və bu istiləşən əlaqə İranın Azərbayacana siyasi-dini təzyiqlərini azalda bilər. Bir sıra bölgələrdə İranın separatizmi qızışdırmaq istəyinin də olduğunu nəzərə alsaq, əlaqələrin inkişafının bu yöndə də xeyir gətirməsi mümkündür. “Azərbaycan Qərbə daha çox maraq göstərməlidir” Milli Dirçəliş Hərəkatı Partiyasının başqanı, millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə açıqlamasında bildirib ki, Azərbaycan həmişə sıfır problemli qonşuluq siyasətində maraqlı olub. F.Quliyevin sözlərinə görə, heç vaxt Azərbaycan qonşu dövlətlərə problem yaratmayıb və həmişə əməkdaşlıqda maraqlı olub: “Əgər İran əvvəlki siyasətində düzəlişlər edərsə, Ermənistana yardımlardan əl çəkərsə, ölkəmizin bir sıra bölgələrində apardığı təbliğatlara son qoyarsa, bu, hər iki ölkə üçün sərfəli olacaq. Azərbaycan həmişə ikitərəfli əməkdaşlıqda marağını göstərib. İqtisadi baxımdan ölkəmizin qonşuları ilə əlaqələri normaldır. Amma mən İranda 35 milyon türkün işğal altında qaldığını qəbul edirəm. Bu başqa məsələdir. Lakin bugünkü Azərbaycan dövlət siyasətində sıfır problemli siyasət yürüdülürsə və dinc yaşamaq, əməkdaşlıq etmək məsələlərinə əks tərəf əməl edəcəksə, Azərbaycandan bu yöndə heç bir problemlər olmayacaq. Hesab edirəm ki, Azərbaycan qonşularla normal əlaqələr yaratmaqla bərabər Avropaya inteqrasiya daha da maraqlı olmalıdır. Bu yaxınlarda İran prezidenti Avropa ölkələrində səfərdə oldu, həmin dövlətlərlə bir sıra müqavilələr bağladı. Azərbaycan da üzünü daha çox Qərbə tutmalıdır. İranla da münasibətlər normal ola bilər. Çünki quru yolları, dəmir yolları, dəniz yolları və ortaq iqtisadi maraqlarla bağlı olaraq, bu əlaqələrin olması vacibdir. Lakin yenə də Azərbaycan Qərbə inteqrasiyaya daha çox maraq göstərməlidir”. “İrandan bizə dost olmaz” Politoloq Zəlimxan Məmmədli “Cümhuriyət”ə bildirib ki, İranı həmişə rəsmi səviyyədə mehriban qonşu kimi dəyərləndirmişik. Rəsmilərimizin bu ölkəni strateji tərəfdaş kimi də təqdim etdiklərini deyən Z.Məmmədlinin sözlərinə görə, bəlkə də bu, diplomatiyada normaldır, amma İranda hüquqları, haqları pozulan 35 milyon soydaşımız yaşayır: “Bu çox önəmli məsələdir. Əgər bu varsa, mənim milli dövlətimin adını daşıyan toplumun əhəmiyyətli hissəsi əziyyət çəkirsə, Azərbaycan və İran arasında strateji tərəfdaşlıqdan danışmaq olmaz. İranın Ermənistana da yardım etdiyini nəzərə alsaq, fars şovinizminin Azərbaycan türkünə münasibəti bəlli olur. Burada dini təəssübkeşlikdən də danışmaq olmaz. Çünki guya İran İslam dövlətidir. Digər tərəfdən müsəlman dövlətinə təcavüz edən xristian dövlətinə (Ermənistana) dəstək verir. Demək, burada İslam təəssübkeşliyi də yoxdur. İranın hədəfi siyasi şiəlik yaranandan türklərə qarşı savaşmaq və türkləri bu coğrafiyadan sıxışdırmaqdır. Əgər rəsmi səviyyədəki görüşlərdə siyasi şiəliyin Azərbaycanda yayılması istəyi dilə gətirilirsə, demək Azərbaycana təhdid açıq şəkildədir. Rəsmi səviyyədə əlaqələrdə heç bir problem olmasa da, fars şovinizmi Şimali Azərbaycan adlı dövlətin inkişafında maraqlı deyil”. Azərbaycanın “İslam koalisiyası”ndan imtina edib, İranla yaxınlaşması doğru qərar idi? Azərbaycanın indiki vəziyyətinin çox mürəkkəb olduğunu deyən Fərəc Quliyev vurğulayıb ki, Azərbaycan bəzən bir çox məngənələrin arasında sıxılmaq məcburiyyətində qalır: “Azərbaycanın bu məsələdə tutduğu yol odur ki, bloklara girməsin və hər kəsin öz maraqları ilə iştirak etdiyi müharibədə öz subyektləri ilə iştirak etməsin. Bu yanaşma doğrudur. Azərbaycanı qorumaq lazımdır. Neytrallıq qorunmalıdır. Bu seçimlərin bəzən yerinin dəyişməsi tənqidə məruz qalır. Amma hesab edirəm ki, olduqca ehtiyatlı siyasət yürüdüb Azərbaycanın maraqlarını qorumaqdan başqa yolumuz yoxdur”. “Hakimiyyətin Suriya məsələsinə münasibət bildirməsi yanlış idi” Politoloq Azər Qasımlı “Cümhuriyət”ə açıqlamasında bildirib ki, Azərbaycanın Suriya məsələsinə münasibət bildirməsi olduqca yanlış idi, hakimiyyət isə bir neçə şəxsin dililə bu məsələyə öz münasibətini ortaya qoydu. A.Qasımlının sözlərinə görə, bu həm kökündən yanlış idi, həm də buna fərqli-fərqli münasibətlər bildirildi: “Araz Əzimov hökumətin adından açıq şəkildə Əsəd rejimini dəstəklədi. Elmar Məmmədyarov isə Əzimovdan tamam fərqli fikir dedi və bildirdi ki, Azərbaycan İslam koalisiyasına qoşulacaq. Bu, Əsəd rejiminə qarşı olan koalisiyadır. Azərbaycan Suriya məsələsinə ona görə münasibət bildirməməlidir ki, bu bizim problem deyil. Digər tərəfdən hadisələr bizim regionda baş vermir ki, bu bizim maraqlarımıza toxunsun. Suriyada bir çox ölkələrin maraqları toqquşur. İstər-istəməz də, buna münasibət bildirəndə həmin ölkələrdən bir neçəsinin, birinin maraqlarına toxunmuş olursan. Bu Azərbaycana lazım deyil. Hakimiyyət bu məsələdə çox ciddi səhvlər buraxıb. Əvvəldən humanitar fikirlər bildirilməli idi. Məsələn, prezident İran səfərində bu cür fikirlər səsləndirdi. Əvvəldən deyilməliydi ki, biz Suriyada problemin yaranmasını istəməzdik, problemin tezliklə həll olunmasını istərdik, istənilən an suriyalı qaçqınlar üçün yardım əlimizi uzada bilərik. Lakin bu olmadı. Yəni Azərbaycan koalisiyaya qoşulmamalıdır, prezidentin İrana səfərini dəstəkləyirəm. İranla münasibətləri nə qədər sıxlaşdırsaq, bu, Azərbaycanın xeyrinə olacaq. Elə etmək lazımdır ki, İran Azərbaycana siyasi təsirlər edə bilməsin. Prezidentin səfəri doğru qərar idi, amma hakimiyyət bu səfəri Azərbaycanın Əsədə dəstəyi kimi təqdim etməməlidir. Bunu “Hakimiyyət Səudiyyə Ərəbistanından üz döndərib, İranı seçdi” kimi təqdim edirlər, bu yanlışdır. Xarici siyasətdə bir xətt olmalıdır, hələ ki, bu yoxdur. Səfərdə İranla imzalanan sənədlərin gələcəkdə Azərbaycana xeyir qazandıracağına inanmıram. Çünki xarici siyasətdə səhvlər aradan götürülməyib”. Mənsur Rəğbətoğlu Cebhe.info Geri dön |