Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mətanət Əliyeva: Ermənistana qarşı sanksiyaların tətbiqi qaçılmazdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Mətanət Əliyeva: Ermənistana qarşı sanksiyaların tətbiqi qaçılmazdır

Mətanət Əliyeva: Ermənistana qarşı sanksiyaların tətbiqi qaçılmazdır



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər" adlı hesabat təqdim etdi.

Bu mövqeyi ilə rəsmi Bakı bütün dünya ictimaiyyətini, Dağlıq Qarabağ münaqişəsinin həllində bilavasitə rol oynayan ATƏT də daxil olmaqla, beynəlxalq təşkilatları bir daha ədalətli mövqedən çıxış etməyə, uzun zamandan bəri yürüdülən ikili standartlardan xilas olaraq bu istiqamətdə effektiv tədbirlər görməyə çağırdı. Azərbaycan dövləti növbəti dəfə beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi mesajlarını verdi.

Təqdim edilən hesabatda Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülmə, Dağlıq Qarabağın təbii resurslarından qanunsuz istifadə, qanunsuz iqtisadi fəaliyyət və digər məsələlər əks olunub.

Sənəddə əks olunan faktlar göstərir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlər aparır. Fəaliyyətlərin qanunsuz olduğunun xüsusi vurğulandığı sənəddə sözügedən fəaliyyətlərin təşkilinə görə, bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyü bildirilir.

Azərbaycan XİN-in açıqladığı hesabatla bağlı bir neçə əhəmiyyətli məqama diqqət çəkmək istəyirəm.

Beynəlxalq hüquqa məhəl qoymayan Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşma həyata keçirir. Hesabatın ayrıca fəsli işğal edilmiş Azərbaycan ərazilərinə köçürülmə faktlarına həsr edilib. Ermənistan rəsmilərinin də etiraf etdiyi kimi, Suriyadan 15-20.000 civarında erməni əsilli qaçqın Ermənistan ərazisində yerləşdirilib. Onların içərisindən isə yüzlərlə ailənin işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırılması haqqında məlumatlar var.

Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında erməni əsilli Suriyadan olan qaçqınların məskunlaşdırılması regionda təhlükə mənbəyinin formalaşdırılmasına xidmət edir, sülhə, əmin-amanlığa ciddi təhdidlər yaradır. Son dönəmlərdə bəzi ölkələrdə baş verən proseslər, törədilən terror aktları qeyd etdiklərimi təsdiq edir. Bu situasiya Azərbaycanla böyük enerji layihələrini reallaşdıran bütün ölkələr - Avropa, qərb, xüsusilə də ATƏT-in həmsədr ölkələrindən biri – qonşu Rusiya tərəfindən göz ardı edilməməlidir. Çünki Azərbaycanda, eyni zamanda, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin bərqərar olmasında həmin ölkələr ən azı bizim qədər maraqlı olmalıdırlar. İqtisadi maraqların masalarda hər zaman diktə etdiyi müasir dönəmdə bu məsələlər gündəmin ən aktual priroretlərindən sayılır.

Digər bir məsələ. Ermənistan iqtisadi gəlirlər məqsədilə işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər həyata keçirir. Azərbaycan XİN-in hesabatında işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyətlər, təbii sərvətlərin istismarı, infrastrukturun dəyişdirilməsi haqqında faktlar təqdim olunub. Ermənistan bütün dünyanın gözü qarşısında, daha doğrusu, beynəlxalq ictimaiyyətin susmasından, ikiüzlü siyasətindən faydalanaraq hazırda işğal altında saxladığı Azərbaycan torpaqlarında mülkiyyət, təbii və digər sərvətləri vəhşicəsinə istismar edir, talan edir, qeyri-qanuni ticarət həyata keçirir.

Təəssüflə qeyd edirəm ki, bu gün Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr ölkələr olan ABŞ və Fransanın şirkətləri də fəaliyyət göstərir.

Rəsmi Bakı hesabatında bəyan edir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır.

Digər bir detal. Ermənistan hazırda işğal etdiyi Azərbaycan ərazilərində nəzarəti həyata keçirir. Azərbaycan XİN-in hesabatında bunu təsdiq edən faktlar təqdim olunub. İşğalçı dövlətin bu mövqeyini qabardaraq qeyd etmək lazımdır ki, işğal olunmuş Azərbaycan ərazilərindəki bütün cinayətlərə görə, məsuliyyəti ancaq Ermənistan daşıyır.

Ermənistanın işğalçılıq siyasətini, sadalanan fəaliyyətləri bu gün də davam etdirməsi münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını açıq-aşkar ortaya qoyur.
Azərbaycan dövləti tərəfindən hesabat bütün beynəlxalq təşkilatlara göndəriləcək.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycana səfəri yenicə başa çatmış AŞ PA prezidenti Pedro Arqamunt səfərinun yekununda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlama diqqət çəkir: “Azərbaycan Dağlıq Qarabağ regionunda baş verən münaqişənin nəticələri ilə üzləşməkdə davam etməkdədir. Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı ilə bağlı problemin həll edilməsi vacibdir. Bu münaqişə Azərbaycan və Ermənistanda qeyri-stabilliyə yol açmaqla yanaşı, həm də bu ölkələrin demokratiya, insan haqları və qanunun aliliyi sahələrində inkişaf etməsinə mənfi təsir göstərir".

Bununla da, P.Arqamunt AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyini bir daha konkret şəkildə ortaya qoymuş oldu.

Kifayət qədər diqqət çəkən bu vacib mövqenin ardınca BMT-nin də analoji mövqedən çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həllində təsiredici təzyiq addımları atacağını nəhayət müşahidə etmək istərdim. Bu, uzun zaman atılması geciksə də, gözlənilən bir addım olaraq BMT-nin bütövlükdə Qafqazda sabitliyin, təhlükəsizliyin, sülhün, ədalətin bərpa olunmasında çox önəmli bir dönüş zamanının reallaşmasına səbəb olmasına gətirib çıxara bilər.

Ermənistana qarşı sanksiyalar gündəmə gəlməlidir. Sanksiyaların gündəmə gəlməməsi üçün Ermənistan dövlətlər arası beynəlxalq münasibətlərdəki normalara riayət etməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, işğalçı siyasətini dayandırmalı və işğal etdiyi Azərbaycan torpaqlarından silahlı qüvvələrini qeyd-şərtsiz çıxarmalıdır. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli bunu birbaşa tələb edir. Əks halda, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin masa üzərinə gəlməsi qaçılmaz olacaq.

Geri dön