Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Borçalı türklərinin soykökündə yaxından iştirak etmiş xalqlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Borçalı türklərinin soykökündə yaxından iştirak etmiş xalqlar

Borçalı türklərinin soykökündə yaxından iştirak etmiş xalqlar


Protobulqarların Qafqazda yaşamaları haqqında qrabar dilində yazmış Moisey Xorenli iki dəfə xatırlayır.«Basen adlı yer (indiki Qars ətrafında) Vnandur Bulqarları tərəfindən məskunlaşdırılmışdı... Bu yerlər indi onların adı ilə Vənənd adlanır». Bulqarların Cənubi Qafqaza ikinci gəlişlərini Moisey Xorenli belə təsvir edir:
«Ulu Qafqaz dağlarında, Bulqar torpağında böyük çaxnaşmalar oldu və onların çoxu Koxadan (Kolxidadan) cənubdakı torpaqlara yerləşdilər».Görünür salnaməçi «böyük çaxnaşmalar» dedikdə orta əsrlərin başlanğıcında hunların Şərqi Avropaya yürüşlərini nəzərdə tutur. Hun axınlarının başlanması ilə protobulqarlar haqqında məlumatlar azalır. Yenidən protobulqarlar haqqında məlumata yalnız VIII əsr lanqobard xronisti Pavel Diakonun salnaməsində rast gəlinir:«V əsrdə Karpat ətrafına gələn bulqarlar lanqobard kralı Algemundu öldürdülər və onun qızını ələ keçirdilər... Sonralar onlar qot başçısı Tiriarinin oğlu Teodoriyə qarşı mübarizədə Bizans imperatoru Zenona kömək göstərdilər». Cəsur və yenilməz döyüşçülər kimi ad çıxaran protobulqarlar 486-488-ci illərdə gepidlərə qarşı mübarizədə Bizansın müttəfiqi kimi çıxış edirdilər.
IV əsrin 50-60-cı illərində hunlarla Qərbə köçməyərək Qafqazda qalan bulqarlara burcalılar deyilirdi. Onlar da öz növbəsində barsillərə, savirlərə və barıncalara bölünürdülər. Bəzi müəlliflər bars sözünün qədim türk dillərində qaplan mənasını verdiyini qeyd edirlər. Onların masqutlar (massagetlər) tərəfindən Qafqaza köçürülmüş şumer döyüşçülərinin törəmələri olduqları güman olunur. Yaşadıqları ərazilər isə Bersiliya adlanırdı. Cənubi Qafqazdan başqa, həm də Şimali Qafqazda məskunlaşan barsillər Sulak çayı ilə Terek çayının mənsəbindən İdil (Volqa) çayına qədər uzanan ərazilərdə yaşayırdılar. Şimali Qafqazda yaşayan barsillərin ən böyük şəhərləri Bulker şəhəri idi. Barsil başbuğu Mixtar titulunu daşıyırdı. 706-cı ildən başlayan və 30 il davam edən ərəb-barsil müharibələrindən sonra onların 20 mini islamı qəbul etdi, qalanları isə İdil (Volqa) çayının mənsəbindəki adaya çəkildilər.
V əsrin sonlarına qədər başqa türk xalqları kimi suvarlar da Böyük Hun imperatorluğunun tərkibinə daxil idilər. Böyük Hun imperatorluğunun parçalanmasından sonra təşəbbüsü ələ alan avarlar suvarların xeyli hissəsini qərbə doğru sıxışdırdılar. VI əsrin əvvəllərində bulqarlarla birləşən suvarlar Volqa–Don çayları arasındakı ərazilərdə hakim oldular. Qərbi Sibir ərazisində qalan suvarlar isə VII əsrdə Sibir xanlığı adlı dövlət qurmağa nail oldular.
516-cı ildə Sasanilərlə ittifaq bağlayan Suvar hökmdarı Bələk xan Bizans ordusunu darmadağın edərək, Cənubi Qafqazı ələ keçirdi. Bizans ordularını təqib edən suvarlar Şərqi Anadolunu tutdular. Bizans tarixçisinin yazdığına görə, «suvarlar ən yaxşı müdafiə olunan şəhərləri də, nə iranlılara, nə də bizanslılara məlum olmayan bir üsulla asanlıqla ələ keçirirdilər. Hələ indiyə qədər suvarların istifadə etdikləri döyüş alətləri icad olunmamışdır». Bələk xandan sonra hakimiyyətə gələn arvadı Boğarık xatun 528- ci ildə Bizans imperatoru Yustinianla (527-565) müqavilə bağlayaraq, Sasanilərə qarşı mübarizəni davam etdirməyə başladı. Suvarların rəğbətini qazanmaq istəyən Sasani hökmdarı Xosrov Ənuşirvan (531-579) suvarların Azərbaycanda yurd salmalarına razılıq verdi. Azərbaycanlıların soykökündə suvarlar yaxından iştirak etmişlər. Erkən orta əsr Bizans mənbələri Qəbələ şəhərini suvarların iqamətgahı kimi təsvir edirlər. Suvar tayfalarının adı indiki Biləsuvar şəhərinin adında da qorunub saxlanılmışdır.
Musa Qalankatlının «Ağvan tarixi» əsərində suvarların «oda, suya, Aya, gözlərinə təəccüblü görünən şeylərə, xüsusilə də, iri bədənli təsəvvür etdikləri Tanrı xana» inandıqları qeyd olunur. Möhkəm gövdəli palıd ağacları ətrafında Tanrı xana ibadətgahlar düzəldən suvarlar ona atları qurban verir, qurbanlığın qanı ilə bu ağacları sulayır, dərisini və başını isə budaqlardan asırdılar. Səkkizguşəli ulduz şəklində təsvir olnunan Günəş Tanrı xanın simvolu hesab edildiyindən suvarların əksəriyyəti səkkizguşəli boyunbağı taxırdılar. Suvar xanı Alp İlitverin ölkə əhalisinin hamısını xristianlaşdırmaq təşəbbüsü uğursuzluqla nəticələndi. Yalnız Qərbi Azərbaycan ərazisində məskunlaşmış savirlərin bir hissəsi xristianlığı qəbul edərək get-gedə öz türklüklərini itirməyə başladılar. Erkən orta əsr mənbələri savirlərin bu hissəsini «sevordik», yəni «qara savirlər» adlandırırlar. İndi də Tiflis şəhərinin ən böyük məhəllələrindən biri – «Sabur tala» bəzi alimlərin iddia etdikləri kimi «top oynanılan meydan» deyil, «Sabir talası» mənasını verir. İndiki gürcü dilində bəzi sözlər – «simes» (yemək), «sive» (soyuq), erməni dilindəki «toxmaq», «varel» (qaynamaq), «təsək» (çeşid, növ) savir dilindən alınmadır.
Suvarların kütləvi şəkildə Azərbaycan ərazisinə gəlmələri onların Volqa və Don ərazisində saylarının azalmasına gətirib çıxartdı. Bu bölgədə qalan suvarlar Şərqi Avropanın ən qüdrətli türk dövlətlərindən olan Xəzər xaqanlığının qurulmasında xəzərlərlə, barsillərlə və digər qohum tayfalarla birlikdə yaxından iştirak etdilər. Suvarlar VII əsrin 80-ci illərində Xəzər xaqanlığının qərb ucunu təşkil edirdilər.
Borçalı türklərinin soykökündə yaxından iştirak etmiş xalqlardan biri də xəzərlərdir. VII-X əsrlərdə mövcud olmuş Xəzər xaqanlığının qurulmasında suvarların varisləri olan xəzərlərlə yanaşı barsillər və sarı oğuzlar da yaxından iştirak etmişlər.
Göytürk xaqanlığının qərb hissəsini idarə edən İstəmi Yabqunun oğlu Türksənfın 576-cı ildə Cənubi Qafqaz uğrunda Bizansla apardığı uğursuz müharibə türk xalqları arasında çəkişmələrin artmasına və 15 il sürən daxili müharibələrə səbəb oldu. VII əsrin əvvəllərində daxili çəkişmələrə son qoyan türklər yenidən Cənubi Qafqaz uğrunda mübarizəyə qoşuldular. Musa Qalankatlının yazdığına görə, türk ordusunun əsas zərbə qüvvəsini xəzərlər təşkil edirdilər. Bizans tarixçisi 626-cı ildə imperator İraklinin Sasanilərə qarşı «Xəzər adlanan şərq türkləri ilə ittifaqa girməsini» xüsusi qeyd edir. Musa Qalankatlının yazdığına görə, Sasanilərə qarşı müharibəyə hazırlaşan «Türk xaqanı hakimiyyəti altında olan dağlılara, aranlılara, şəhərlilərə, köçərilərə, başlarını qırxdıranlara və kəkillilərə, bütün xalqlara, tayfalara silahlanaraq hazır olmağı tapşırdı». 627-ci ildə Sasani ordularını geri oturdan türklər Tiflisi mühasirəyə aldılar. Qışın sərt keçməsi və ərzaq ehtiyatının azlığı Türk ordusunu bu mühasirədən əl çəkməyə və qışlamaq üçün geri dönməyə vadar etdi. 628-ci ilin yazında Tiflisi tutan Türk ordusu, 630-cu ildə Göyçə gölü sahilində Sasaniləri daha ağır məğlubiyyətə uğratdılar. Lakin Türk xaqanlığı daxilində onun dağılması ilə nəticələnən çəkişmələr Sasanilərin tam məhv edilməsinin qarşısını aldı.
Türk xaqanlığının dağılmasından sonra Göytürk xaqanlarının mənsub olduqları Aşina (Qurd) nəslindən olan Xəzər hökmdarı 634-cü ildə özünü xaqan elan etdi. Ərazisi Qara dənizdən Xəzər dənizinə, Kama çayından Azərbaycanın cənubuna qədər uzanan Xəzər xaqanlığının paytaxtı əvvəlcə indiki Mahaçqala şəhəri yaxınlığında yerləşən Səməndər, sonralar isə Xəzər dənizinin şimalında salınmış İdil şəhəri olmuşdur.
Kərəm Məmmədov

Geri dön