Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə MİT ətrafında gedən qalmaqal böyüyür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Türkiyədə MİT ətrafında gedən qalmaqal böyüyür

Türkiyədə MİT ətrafında gedən qalmaqal böyüyür


Baş prokuror (dadistan-i koll) ifadə verməyə çağırılan MİT (Milli İstihbarat Təşkilatı) mənsubları ilə bağlı ciddi dəlillər olduğunu açıqladı, qalmaqalı başladan prokuror işdən çıxarıldı.



Türkiyədə Milli İstihbarat Təşkilatı ilə PKK terror təşkilatı arasında gizli danışıqlar və anlaşmalarla bağlı dövlət qurumları arasında görünməmiş çəkişmə ilə müşayiət olunan qalmaqal böyüyür. Xəbər verildiyi kimi, İstanbul prokurorluğunun xüsusi səlahiyyətli dövlət ittihamçısı Sədrəddin Sarıkaya PKK-nın şəhərlərdə fəaliyyət göstərən qolu olaraq bilinən KCK-ya qarşı aparılan istintaq çərçivəsində MİT direktoru Hakan Fidanı, bu qurumun keçmiş rəhbəri Emre Taneri, onun müavini Afet Günəşi və daha iki yüksək səlahiyyətli kəşfiyyat mənsubunu şübhəli şəxs qismində ifadə verməyə çağırıb.



Onlar kəşfiyyat fəaliyyətlərindən kənara çıxaraq PKK terror təşkilatı ilə gizli danışıqlar aparmaqda, bu danışıqlarda əldə edilmiş razılaşmalarla üzərinə dövlətin terrorla mübarizə fəaliyyətlərinə zərbə vuran öhdəliklər götürməkdə və digər qanunsuz əməllərdə şübhəli hesab edilirlər. Prokurorun MİT rəhbərlərini ifadəyə çağırması Türkiyədə dövlət strukturları (saxtari, qurumları) arasında ciddi gərginliyə səbəb olub. Baş nazir Ərdoğan və prezident Abdulla Güllə görüşdükdən sonra Hakan Fidan ifadə verməyəcəyini bildirib. Digər şübhəlilər də ifadə verməkdən imtina ediblər və prokuror Hakan Fidan istisna olmaqla onların barəsində həbs qərarı verib. MİT-in indiki rəhbərini dindirmək üçün isə Ankara prokurorluğuna təlimat göndərilib.

H.Fidan baş nazirə kifayət qədər yaxın şəxsdir və onun KCK istintaqında ifadə verməyə çağırılması hökumətdə şok effekti (təsiri) yaradıb. Ərdoğan özü məsələ ilə bağlı fikirlərini bildirməsə də hökumət üzvləri prokuroru səlahiyyət həddini aşmaqda ittiham ediblər. Dərhal hökumət xüsusi səlahiyyətli dövlət ittihamçılarının MİT rəhbəri kimi yüksək vəzifəli şəxsləri baş nazirin yazılı icazəsi olmadan istintaqa cəlb etməsini qadağan edən qanunvericilik düzəlişi hazırlanıb və parlamentə göndərilib. MİT rəhbərliyinin PKK ilə danışıqları ötən il internetə ötürülən gizli səs yazısı ilə üzə çıxmışdı. Məlum olmuşdu ki, H.Fidanın təlimatları əsasında MİT-in o vaxtkı direktor müavini Afət Günəş və digərləri Norveçin paytaxtı Osloda PKK-nın Avropa strukturlarına başçılıq edənlərdən biri Zübeyir Aydarla danışıqlar aparıb. Prokurorluq isə KCK istintaqı çərçivəsində Diyarbəkirdə apardığı axtarış zamanı MİT rəhbərləri ilə PKK arasında gizli işbirliyinə dair xeyli dəlillər əldə edib.

Qalmaqalla bağlı dünən İstanbul cümhuriyyət prokuroru Fikrət Seçen yazılı açıqlama yayıb. O, KCK işini aparan prokurorlarla görüşdükdən sonra bəyan edib ki, MİT mənsublarının istintaqa çağırılmasına görə prokurorun ünvanına media üzərindən yönəldilən ittihamların, şərhlərin əsası yoxdur. Baş prokuror Sarıkayanın terror cinayətlərini araşdırmaqda kifayət qədər təcrübəsinin olduğunu, terrorun dövlətə vurduğu zərərləri aydın dərk etdiyini və onun MİT rəhbərlərini istintaqa çağırarkən əlindəki ciddi dəlillərə söykəndiyini bildirib. “KCK istintaqı çərçivəsində bəzi dövlət görəvlilərinin onlara verilmiş səlahiyyətlərdən kənara çıxaraq hərəkət etdikləri, beləliklə də terror təşkilatının aksiyalarını həyata keçirməsinə yardım etdikləri şübhəsini təsdiqləyəcək dəlillər əldə edilib” deyə, açıqlamada bildirilir.

Osloda MİT-lə danışıqlar aparan PKK-çı Zübeyir Aydar isə kürd terror təşkilatına bağlı telekanala müsahibəsində Türkiyədə yaşanan bu qalmaqalla bağlı deyib ki, işin kökündə AKP ilə Fətullah Gülən camaatı arasında güc savaşı dayanır. “Belə başa düşülür ki, camaatın güclü dayaqlarının olduğu polisdə bəzi düzənləmələr edilir. Polis də bu düzənləmələrə uyğun olaraq MİT-lə təmaslarımıza dair bilgiləri sızdırır” deyə, o bildirib. Aydar PKK lideri Abdulla Öcalanın MİT rəhbərliyinə bir neçə məktub yazmasını da təsdiqləyib.

CHP isə hökumətin MİT rəhbərlərini istintaqa çağıran prokurorun səlahiyyətlərini məhdudlaşdırmağa yönələn düzəlişə qarşı çıxıb. Məsələ burasındadır ki, xüsusi səlahiyyətli dövlət ittihamçıları AKP iqtidarı dövründə yaranıb və bu səlahiyyətlərə malik olan prokurorlar “Ergenekon” işi çərçivəsində 200-ə qədər ordu mənsubunu, o cümlədən keçmiş Baş Qərargah rəisi İlkər Başbuğu həbsə alıblar. Lakin indi hökumət bu səlahiyyətlərin onun maraqlarına qarşı yönəldiyindən narahat olmağa başlayıb. Belə ki, MİT-in PKK ilə baş nazirin, yaxud prezidentin göstərişi ilə təmas qurub anlaşmalar əldə etməsinə şübhə yoxdur. Ərdoğan özü də Oslo danışıqlarının səs yazısı yayılanda Hakan Fidanın arxasında olduğunu bəyan etmişdi. PKK ilə anlaşmaq Ərdoğana “kürd açılımı” və seçkilər üçün lazım idi. Lakin indi polis və ədliyyədə onun planlarına ciddi zərbə vuran hadisələr yaşanır.

CHP qrupundan millət vəkili Muharrem İncə deyib ki, baş nazir MİT rəhbərlərinin istintaqa cəlb edilməsini qadağan edən düzəlişlə “öz qladyosunu” qurur. Onun fikrincə, bu düzəliş Ərdoğanın qurduğu dərin dövləti qorumaq cəhdidir. “Baş nazir öz adamlarına toxunulmazlıq təmin edir” deyə, İncə bildirib. Ədliyyə naziri Sadullah Ergin isə deyib ki, düzəlişi təkcə MİT rəhbərlərinə şamil etmək yanlış olar. Nazirin fikrincə, düzəliş eyni zamanda yüksək vəzifəli ordu mənsublarının da baş nazirin icazəsi olmadan istintaqa cəlb edilməsini qadağan etməlidir. Baş nazirin müavini Bülənt Arınc isə jurnalistlərə deyib ki, MİT rəhbərlərini istintaqa çağırarkən İstanbul cümhuriyyət baş prokuroruna xəbər vermədən hərəkət etdiyi üçün prokuror Sarıkaya vəzifədən azad edilib. O, prokurorun səlahiyyətlərindən sui-istifadə etdiyini deyib. Arınc bildirib ki, yüksək vəzifəli dövlət mənsublarının baş nazirin icazəsi olmadan istintaqa cəlb edilməsini qadağan edən düzəliş bu gün parlamentin müvafiq komitəsində müzakirə ediləcək.

Geri dön