Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Forumu çoxqütblü dünyada Azərbaycan üçün aydın perspektivlər göstərdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Bakı Forumu çoxqütblü dünyada Azərbaycan üçün aydın perspektivlər göstərdi

Bakı Forumu çoxqütblü dünyada Azərbaycan üçün aydın perspektivlər göstərdi


Fərəc Quliyev: "Azərbaycan bundan sonra dünyaya inteqrasiya, investisiyaların qoyulması, yeni bazarların əldə olunmasında bu tədbirdən faydalana bilər"

"Hər kəs IV Qlobal Bakı Forumunun Azərbaycan üçün faydalarını yaxşı dərk edir"

Bu günlərdə Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Belə ki, Azərbaycanın paytaxtında "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu keçirildi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edildi. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxil olub. Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda, həmçinin 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib. Hər ötən il Forum iştirakçılarının sayında müşahidə edilən kütləvilik bu tədbirə beynəlxalq marağın artmasından xəbər verir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Forumda çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, artıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa bir zamanda dünya miqyaslı beynəlxalq təsisata çevrilib. Çıxışı zamanı Azərbaycanda, regionda, eləcə də dünyada baş verən proseslərə də toxunan İlham Əliyev bir sıra vacib mesajlar da verib: "Sonuncu dəfə ötən ilin yazında görüşümüzdən bu günədək dünyada vəziyyət dəyişmişdir. Hamımız bunun şahidiyik və təəssüf ki, dəyişikliklər müsbət məcrada olmamışdır. Dünya daha da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən hesab edirəm ki, dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılması üçün rolumuzu oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək.

Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı - bunlar son illərin reallıqlarıdır. Odur ki, IV Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri bu məsələlərin müzakirəsidir və xüsusilə də iştirakçıların səviyyəsi, onların beynəlxalq məsələlərə töhfələri, təcrübə və biliklərini nəzərə alsaq, bunların hamısı yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına yardım edə bilər. Düşünürəm ki, hamımız vahid məqsəd - əməkdaşlıq, qarşılıqlı anlaşma, sabitlik və sülhün təşviqi ətrafında birləşmişik. Çünki biz bir-birimizlə bağlıyıq".

IV Qlobal Bakı Forumunun ölkəmiz üçün faydaları kifayət qədərdir. Bəs bu faydalar özünü daha çox hansı istiqamətlərdə göstərə bilər?

Millət vəkili Fərəc Quliyevin sözlərinə görə, istənilən bir tədbirin hər hansı bir ölkədə keçirilməsi həmin dövlətin nüfuzunun göstəricisidir: "Bu baxımdan IV Qlobal Bakı Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın əhəmiyyətini göstərən bir məsələdir. Azərbaycan tolerant bir ölkədir, burada həm etnoslararası, həm də dinlərarası münasibətlər normaldır. Artıq Azərbaycan dünya tərəfindən nümunə kimi göstərilir ki, bizdə tam tolerant bir mühit var. Ermənistandan fərqli olaraq bura monoetnik bir ölkə deyil və Azərbaycanda müxtəlif mədəniyyətlər cəmlənib. Ona görə də mədəniyyətlərarası, sivilizasiyalararası, dinlərarası dialoqda da Azərbaycan mühüm rol oynayır. Həmçinin Azərbaycanın, eləcə də Azərbaycan torpaqlarını işğal edən bir ölkənin qiymətinin verilməsi üçün meydan yaranıb. Ən mühüm olanı isə odur ki, açıq cəmiyyət həm sosial, həm siyasi, həm də mədəni sahədə idarəetmənin liberallığını göstərən bir məsələdir. Yəni Azərbaycan bundan sonra dünyaya inteqrasiya, investisiyaların qoyulması, yeni bazarların əldə olunmasında bu tədbirdən faydalana bilər".

Fərəc Quliyevin sözlərinə görə, bu kimi forumlar Azərbaycanın təbliğatı, onun dünyada daha yaxından tanıdılması, problemlərinin beynəlxalq aləmə çatdırılması baxımından da xüsusi əhəmiyyətə malikdir: "Hesab edirəm ki, hər kəs IV Qlobal Bakı Forumunun Azərbaycan üçün faydalarını yaxşı dərk edir".


Məhəmmədəli QƏRİBLİ

Geri dön