Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cəbhədə atəşkəs olsa da...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Cəbhədə atəşkəs olsa da...

Cəbhədə atəşkəs olsa da...


Azərbaycan çox qısa zaman ərzində Dağlıq Qarabağ və ətraf əraziləri işğaldan azad etmək imkanlarına malikdir

Son günlər cəbhə bölgəsindən gələn qələbə xəbərləri Azərbaycan ictimaiyyətində böyük ruh yüksəkliyi yaratdı. Hər kəs uzun müddətdən bəri içimizi dağlayan məğlubiyyət ab-havasından çıxıb qələbə əzminə kökləndi. Güclü ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı hər an işğaldan azad etmək gücünə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Lakin qələbələri sıraladığımız bir vaxtda gələn atəşkəs xəbəri cəmiyyətdə o qədər də birmənalı qarşılanmadı. Belə ki, məlumata əsasən, aprelin 5-də saat 12.00-dan etibarən qoşunların təmas xəttində tərəflərin razılığı ilə hərbi əməliyyatlar dayandırılıb.

Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir. Bəs atəşkəsin elan olunmasının səbəbləri nədir? Yaxın gələcəkdə bizi hansı hadisələr gözləyir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də mövzu ilə bağlı “Kaspi”nin suallarını cavablandırdı. Millət vəkilinin sözlərinə görə, aprel ayında baş verən hadisələr qarşı tərəfin formalaşdırdığı kələkbaz imicə ağır zərbə oldu: “Atəşkəsin elan olunmasının səbəbləri Müdafiə Nazirliyi ilə bağlı olan məsələlərdir. Bu haqda mərkəzləşmiş şəkildə informasiya yayılır və biz də buna əməl etməliyik. Uzun müddətdir ki, cəmiyyətdə belə bir əhval-ruhiyyə yaranmışdı ki, ordu quruculuğu sahəsində ciddi heç bir iş görülmür. İlk növbədə bu mif qırıldı. Qarşı tərəfin bizdən daha güclü olması ilə bağlı bir kələkbaz rəy yaranmışdı. Son yaşanan hadisələr bir daha sübut etdi ki, Ermənistan tərəfinin heç bir gücü yoxdur. Həmişə bildirilirdi ki, ermənilərin arxasında Rusiya dayanır və onlar Rusiyanın köməkliyi ilə Azərbaycanın ərazilərini işğal ediblər. Məlum oldu ki, Azərbaycan çox qısa zaman ərzində Dağlıq Qarabağ və ətraf əraziləri azad etmək imkanlarına malikdir”.

Millət vəkili qeyd etdi ki, elan olunan bu atəşkəsdən sonra dünya dövlətləri və beynəlxalq təşkilatlar məsələyə yanaşma tərzini dəyişəcəklər: “ATƏT-in Minsk qrupu başda olmaqla bütün beynəlxalq təşkilatlar bundan sonra daha çox ehtiyatlı olmaq məcburiyyətindədirlər. Çünki onlar dərk edir ki, əks təqdirdə müharibə fəal mərhələyə keçə bilər. Məsələ burasındadır ki, indiyə qədər də danışıqların özündə daha çox ermənilərin əldə etdiyi uğurlar əsas götürülür və Ermənistan tərəfi diktə edən tərəf kimi qeyd olunurdu. Son yaşanan hadisələr isə vəziyyəti dəyişdi. Bütün bunların hamısı çox müsbət məqamdır. Bir çoxları düşünürdü ki, xalqın müharibə əhval-ruhiyyəsi yoxdur. Lakin xüsusilə şəhid valideynlərin davranışı onu göstərdi ki, Azərbaycan hər an səfərbər olmağa hazırdır. Qeyd edim ki, hətta böyük dövlətlər bu məsələyə müdaxilə edərlərsə, iqtidarlı-müxalifətli, qocalı-cavanlı hər kəs düşmənə qarşı vuruşacağıq. Düşmən böyük olanda onun qarşısından çəkilmirlər. Çünki biz öz evimizin, torpağımızın uğrunda savaşırıq. Dünya dövlətləri imzalanan atəşkəsdən sonra məsələyə yanaşmanı tamamilə dəyişəcəklər. Hesab edirəm ki, Ermənistan tərəfinə ciddi zərbə vurduqdan sonra indiki halda atəşkəsin elan olunması pis məqam deyil. Çünki biz öz gücümüzü dünyaya və qarşı tərəfə göstərdik. İndi biz həm də öz mövqeyimizi açıq şəkildə nümayiş etdiririk ki, əgər siz məsələni dinc yolla həll etməyəcəksinizsə, biz öz hücumlarımızı davam etdirə bilmək gücünə sahibik”.

Şəbnəm Mehdizadə

Geri dön