Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İntihar əlacsızlığı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > İntihar əlacsızlığı

İntihar əlacsızlığı


İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü




Niyə insan ömrün az olduğunu bildiyi halda yaşamaq inadından əl çəkmir? Anlayır ki, bu, həyatın mənalı gedişidir: ölüm var və o, qaçılmazdır. Ancaq ömrü bilərəkdən yarıda qırmaq asan başa gəlmir. Bu, çox hallarda insanlıq tərəfindən bağışlanmaz hərəkət kimi qəbul edilir.
***
Zamanların heç biri insana xoşbəxtlik vermir. Xoşbəxtliyi insan özü yaradır.
Bəşər tarixi isə başdan-başa qan-qada, təhlükə, çoxsaylı problemlərlə doludur. Bu, o deməkdir ki, həyat, yaşamaq haçansa rahat olmayıb. Arasıkəsilməyən savaşlar, insanlararası, eləcə də millətlərarası qovğalar insan psixikasını, daxili dünyasını gərginlikdə saxlayıb. Gərginlik elə bir haldır ki, başlayır və artır. Əgər insan içəridən güclü deyilsə, gərginliyə dözmür. Həyat isə daim insanı yenməyə çalışır. Gerçəklik təzadlı, insanı özündən ayıran məqamlarla doludur. Zaman güclü insanı sevmir, istəmir ki, onun inamı, idrakı, mənəviyyatı və iradəsi zamanın hökmündən güclü olsun.
***
Məsələnin qəlizliyi ondadır ki, şəraitin hökmünə uyğun yaşayan şəxsin həm də zamanın qoruyucusu olması qaçılmazdır. Adam gerçəkçi olduğundan təbiətin verdiyi bütün balaca nemətləri xoşbəxtlik sanır və ondan beşəlli yapışır. İnsan təbiətinin ikili, təzadlı xarakteri onun həyata, dünyaya, insana və təbiətə münasibətinin qarışıq formalaşmasına səbəb olur. "İnsanın ikili təbiəti" dedikdə burada onun təbiətin verdiyi imkanlarla, qabiliyyətlə məhdudlaşmasını, başqa yandan isə bu ölçüyə sığmamasını nəzərdə tuturuq. İnsan daxili imkanlarını aşkarlamaq, özünü ruhən böyütmək istəyində olmayanda zamanın verdiyi ölçüləri, həddi, səddi hər şey sanır. Zaman da ki, çox dəyişkəndir. Qəfildən dəyişən hadisələr, gerçəkliyin dolaşıq məqamları istər-istəməz zamanın diqtəsindən qırağa çıxa bilməyən insanın psixikasına təsir edir, nəticədə o, qəfil "çökür".
Yüzillərdən bəri ədəbiyyatın, incəsənətin, ümumən yaradıcı sahələrdə çalışan bütün peşə adamlarının məqam-məqam daxilini oynadan, habelə heç bir yaradıcılıqla məşğul olmayan insanların ağlında, ruhunda yaratdığı təbəddülatların sonucu olan intihardan söhbət gedir.
***
Əsrlərdir bu mövzu çoxunu düşündürüb, ancaq intihara dov gəlməklə bağlı hələlik böyük anlamda məntiqi açıma rast gəlinmir. Məsələ burasındadır ki, ədəbiyyat adamları intihar mövzusunu bədiiyyatın tələbləri baxımından təsvir, müəyyən məqamlarda hətta vəsf də edirlər. Yəni həyatdan yazıçının qələminə gələn, ikinci bir ömür bağışlanan intihar mövzusu bədiiləşdikcə "ülviləşir", lap "sehrli" bir məzmun da daşıyır. Adam ağlı elə ki, zəif olur, belə təsvirlərdən və təsirlərdən canını qurtara bilmir. Əksinə, “dəbdə olana meyil etmək” xəstəliyi onun təhtəlşüurunu alışdırır və ağlın, şüurun qarşısıalınmaz qənaəti kimi ona təlqin edir...
Həyat isə gözləmir. Qarışıq əhvallar, nizamsız ömürlər artdıqca, həyatdakı gərginliklər də çoxalır. Çünki adamlararası ilişkilər gərginləşdikcə bu, yeni-yeni gərginlik dalğası yaradır.
Toplumda intiharların artmasının səbəbləri çoxdur. Bəşəriyyətin keçib gəldiyi yolda insan taleyi, xoşbəxtliyi, istəklərinin gec-tez yerinə yetəcəyi ilə bağlı "cahanşümul" və ümidli fikirlər olsa da, çağımızda həqiqət adamların ağlına intuitiv olaraq bu məntiqi nəticəni çatdırır: bəşərin bütün dəbdəbəli, ancaq əslində daxildən boş olan insansızlıq tarixi başdan-başa ümidsizlik bağışlayır. Şübhəsiz ki, tarixin müəyyən məqamlarında rast gəlinən ülvi, müqəddəs yolçuların işləri bəşərin yaşamasına, müəyyən uğurların qazanılmasına səbəb olub. Yəni dünya azadlığı hər şey sanan Babəksiz, dərisi soyulan Nəsimilərsiz, tonqalda yandırılan Cordano Brunolarsız, Cəlaləddin Rumilərsiz və başqalarından xali çox balaca, tamam ümidsiz görünərdi.
***
Azərbaycanda da intiharlara az rast gəlinmir. Buradaca desək ki, intiharları bütünlüklə yox etmək olar – ciddi səslənməz. İnsanların xarakteri müxtəlifdir, təbiət çəkdiyi alınmayan rəssama oxşayır. Nəsillər bir-birini əvəz edir, daim dünya müxtəlif təəssüratlı, psixikalı yeni-yeni adamların meydanına çevrilir. İnsan doğularkən onun insani özəllikləri ilə yanaşı, antiinsani cəhətləri də doğulur. İnsan ruhən böyük insani imkanlara (inama, idraka, mənəviyata və iradəyə) malikdir. Başqa yandan da o, insani imkanlarının aşkarlandığı bədəninin tələbləri ilə yaşamağa məcburdur və məhkumdur, bədən və ruh təzadından ibarətdir. Bu anlamda zəif insan gerçəkliyin tələbinə uymayanda, eləcə də ruhunun imkanlarına çatmayanda gerçəkliklə insani istəkləri arasında uçurum yaranır. Müəyyən hallarda bu, intiharla sonuclanır.
İntiharların təkcə maddi problemlər üzündən edilməsi ilə bağlı düşüncələr yanlışdır. Qabaqcıl ölkələrdə zənginlərin intiharlarına çox rast gəlinir.
***
İndi isə intiharın psixoloji gedişlərini xarakterizə edək. İnsan özünü azdan-çoxdan dərk etməyə başlayandan adamların yaşamaq ehtirası ilə yanaşı, intihara meyli də yaranıb. İntihar bəşər tarixində həmişə bəraət qazandırılması qeyri-mümkün olan bir hadisə kimi qəbul edilib. Təbiətin insana verdiyi ömür payı çox azdır. Çətinliklər, qorxular həmişə olub, bundan sonra daha çox olacaq. Əslində insan intihar etməklə ömür, aqibət payını kəsir, istəklərini boğur. İnsan gedir, istəkləri yarımçıq qalır. Bir çağlar güclü, möhtəşəm idi, qeyri-adi duyğuları ilə yerə-göyə meydan oxuyurdu. İndi isə artıq o, yoxdur. İnsan ən zəif, iradəsiz məqamında daha çox intihara əl atmaq təhlükəsi ilə üz-üzə qalır. Çox zaman tərəddüdlər məngənəsində çabalayır, nə edəcəyini bilmir. Əslində ən özünə inanmayan, ümidsiz adam belə son anda, yəni ölüm çağında özünü öldürmək fikrinə düşdüyünə peşman olur. Bu fikri çıxılmaz şəraitdə qalan, əqidəsini qorumaq bahasına bilərəkdən, məqsədli şəkildə canından keçənlərə şamil etmək olmaz.
***
Bəs şəxsiyyətlə gerçəklik arasında qarşıdurma haçan yaranır? Onda ki, müəyyən bir ağıl, mənəviyyat səviyyəsinə yetən şəxs mənəvi tələbatını elə-belə səviyyədə ödəyə, ifadə edə bilmir; o, tərənnüm etdiyi ideyanın onu yaşatmasını istəyir. Yəni o dərəcədə ideyaya vurulanlar olur ki, hətta insanlığa aid olan bütün ülvi özəlliklər ideyanın ayağına yazılır. İnsan axtarır, axtarır, sonda isə istədiyini tapmır. Əslində bu, o deməkdir ki, şəxs gerçəkliyi dəyişmək, zamandan, taledən yüksəyə qalxmaq iqtidarında ola bilmir.
Faciəviliyin dərki intihar istəyinin gerçəkləşməsini sürətləndirir. Gör o, nəyi arzulayırdı, nəyə çatdı? Bütün ömrünü bu ideyaya sərf etmişdi, ancaq nəticəsi nə oldu?
***
Çağdaş Azərbaycan ədəbi gəncliyinin çox hallarda ümidsiz, insanları həyatın burulğanlarında qətiyyətsizləşdirən, ruhsuz məqamlara tuş edən "əsərlər" yaradaraq əlacsızlığı aqibətin qaçılmaz qaydasına çevirmələri göz qabağındadır. Əslində fərdin içi – mənəvi, ruhani dünyası hansı səviyyədədirsə, onun yaradıcılığında bu, bütün çalarları ilə üzə çıxır. Bədbinlik mövzusunu ən təbii şəkildə belə ədəbiyyatın başlıca xəttinə çevirmək antixəlqi və antibəşəridir. Əxlaqın sadə qaydasıdır: gərək zəiflik və zəlillik elə təsvir edilsin ki, ondan çıxmağın xilas yolu da görsənsin. Bu anlamda ədəbiyyatın intihar mövzusundakı çabaları çox hallarda oxucunun daha da ümidsizləşməsinə aparıb çıxarır.
***
Ailəcanlılıq, doğmalıq məsuliyyəti məsələsində Azərbaycan Türklərinin özünəməxsusluğu danılmazdır. Çətinliklər insana haqq vermir ki, o, “intihar” adlı heç cür bəraət qazandırılmayan işə əl atsın.
İntihar – insanın insani imkanlarından şüurlu, ya şüursuzcasına əl çəkməsi, şərə yenilməsidir. Həyatın bütün çətinliklərinə baxmayaraq yaşamaq gözəldir. Ən özünə inamsız şəxs belə həyata, insanlığa hədsiz gərəkli olduğuna inanmalıdır.



Geri dön