Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Vyana görüşü: sülh, yoxsa müharibə?
Vyana görüşü: sülh, yoxsa müharibə? |
Fərəc Quliyev: “Hərbi əməliyyatlara başlamağımız üçün şərait yaranacaq”
Elxan Mehdiyev: “Danışıqlara Sərkisyanın şərtləri üzərindən gedilir” “Təmas xəttində gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb”. Bu fikirlər ATƏT-in Minsk Qrupunun birgə bəyanatında səslənib. “Xarici işlər nazirlərimiz bu görüşün gələn həftə Vyanada keçirilməsinə yardım etməyə hazırdırlar. Onların əsas vəzifəsi atəşkəs rejimini gücləndirmək və müzakirə olunan elementlər və prinsiplər əsasında münaqişənin hərtərəfli həlli barədə danışıqların bərpa edilməsi üçün əlverişli şərait yaradacaq etimad tədbirləri üzrə konsensus əldə etmək olacaq”, - deyə bəyanatda qeyd olunur. Azərbaycan görüşə üstünlüklə gedir Ehtimal olunan görüşdən Azərbaycanın gözləntiləri böyükdür. Çünki prezident İlham Əliyev Vyanaya Azərbaycan ordusunun apreldə qazandığı hərbi uğurları ilə gedir. Məlumdur ki, apreldə Azərbaycan Ermənistan ordusunun təxribatına tutarlı cavab verdi. Həm Ermənistan geri çəkilməyə məcbur oldu, həm də Azərbaycan Dağlıq Qarabağa nəzarəti əlində saxlaya biləcək bir sıra strateji məntəqələri azad etdi. Digər tərəfdən Azərbaycan tərəfi hərbi əməliyyatları bir şərtlə dayandırdı ki, uzun illərin müzakirələrindən fərqli olaraq, nəticələrə aparan danışıqlar keçirilsin. Ermənistan prezidenti Serj Sarkisyan da buna razı oldu və kompromisə hazır olduqlarını dedi. Doğrudur sonradan atəşkəs qarşı tərəfdən dəfələrlə pozuldu, lakin xarici işlər naziri Edvard Nalbandyan rəsmi İrəvanın danışıqlardan imtina etmədiyini bildirdi. Vyana görüşü, yoxsa Putinin səfəri? Paralel olaraq, Ermənistanın bu mövqeyinə və aprelin 5-də əldə olunmuş sonuncu atəşkəs anlaşmasının şərtlərinə əməl etməyəcəyini bildiyindən Azərbaycan təmas xəttində və bütün cəbhəboyu bölgələrdə, o cümlədən Ermənistanla sərhəd məntəqələrində Silahlı Qüvvələrinin və hərbi texnikalarının sayını artırıb. Bu, Ermənistan tərəfindən Azərbaycanın müharibəyə hazırlığı kimi qəbul olunur. Azərbaycanda baş verən hərbi hərəkətlənməyə adekvat olaraq, rəsmi İrəvan poliqonu yox, danışıqlar masasını seçdiyini bəyan edib. Bütün bu faktorları nəzərə alan Ermənistanın nüfuzlu siyasət adamları da Vyana görüşünün Azərbaycanın lehinə nəticələnəcəyini bildirirlər. Lakin Ermənistanın bu məsələdə Rusiyasız hərəkət etmədiyi iddiasını irəli sürənlər Vyana görüşünün də nəticəsiz başa çatacağını deyirlər. Gələn məlumatlara görə, Kreml münaqişənin Minsk Qrupu yox, Ermənistan - Rusiya - Azərbaycan formatında həlli planını hazırlayıb. Bu plan əsasında problemin Rusiya prezidenti Vladimir Putinin mayın sonunda Azərbaycan və Ermənistana edəcəyi səfər sonrası böyük ölçüdə Moskvada həllini tapacağı gözlənilir. “Azərbaycan masadan qalib qalxacaq” Millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə Ermənistan hərbi meydanda çox ciddi uğursuzluğa düçar olduğunu, Azərbaycanla poliqonda münasibətləri aydınlaşdırmaq iqtidarında olmadığını etiraf edir. F.Quliyevin sözlərinə görə, Ermənistan onu da etiraf edir ki, diplomatik sahələrdə də bu illər ərzində Azərbaycan üstünlük əldə edib: “Azərbaycan beynəlxalq aləmin xahişiylə qələbənin bir addımlığında hərbi əməliyyatları dayandırdı. İndi də gözləmə mövqeyində dayanır. Azərbaycan danışıqlar masasında hərtərəfli üstünlüyə malikdir. Həm hərbi sahədə uğurlarına, həm də diplomatik danışıqlarda əldə etdiyi mövqelərə görə, Ermənistandan üstündür. Beynəlxalq aləmin çağırışına əməl etməsi də Azərbaycanın üstünlüyünü artıran faktordur. Amma Ermənistan tərəfi bütün vasitələrdən istifadə edərək, cığallıq etməyə çalışacaq. Ermənilər əvvəldən şərtləri qəbul etməkdən yayınmaq üçün siyasət yürüdürlər. İndiki status-kvonun saxlanılmasına çalışacaqlar, pozucu təkliflərlə çıxış edəcəklər. Danışıqlardan nəticə gözləmirəm, amma bütün hallarda bu masadan Azərbaycan qalib qalxacaq. Yəni Ermənistanın iç üzü bir daha açılacaq. Bununla da Azərbaycanın gələcəkdə yenidən hərbi əməliyyatlara başlaması üçün şərait yaranacaq, beynəlxalq aləm də buna əngəl ola bilməyəcək”. Ermənistanın Rusiyanın əyaləti olduğunu deyən Fərəc Quliyev hesab edir ki, Ermənistan bu və digər məsələlərdə Moskvasız qərar qəbul etmir: “Bu münaqişənin həll olunmasında Rusiya da maraqlı deyil. Kreml istəsə qısa zaman ərzində Ermənistana göndərdiklərinin zəncirini çəkib geri qaytara bilər. Qaytarmırsa demək ki, mövcud status-kvonun saxlanılmasında, Cənubi Qafqazda böyük güclərin nüfuz savaşında öz mövqelərini qorumaq üçün, xüsusilə məsələnin bu mərhələdə həll olunmasında maraqlı deyil. Rusiya münaqişənin həll prosesini uzadıb öz maraqlarına uyğun həllinə çalışır”. “...Vyanaya getməyin mənası yoxdur” Politoloq Elxan Mehdiyev “Cümhuriyət”ə bildirib ki, Azərbaycan xalqı bu görüşün ənənəvi “danışıqlar” prosesi yox, real nəticəyə aparan müzakirələr olmasını gözləyir. E.Mehdiyev qeyd edib ki, əgər şərait varsa, Azərbaycan prezidenti həmsədrlər və Ermənistan dövlət başçısıyla görüşməlidir: “Amma Minsk Qrupu və Rusiya Xarici İşlər Nazirliyinin bəyan etdiyi mövzular proqnozları pessimizmə doğru yuvarlandırır. Çünki Ermənistanın son illər ortaya qoyduğu və həmsədrlərin də üzərində çalışdığı - guya insidentləri araşdırma mexanizmi hazırlamaq, guya təmas xəttində qoruyucu, aşkaredici cihazların quraşdırılması, guya tərəflər arasında inam yaratmaq, atəşkəsi gücləndirmək kimi məsələlər bundan xəbər verir. Əgər bu məsələlərin üzərində görüş keçirilirsə, bu o deməkdir ki, danışıqlara Sarkisyanın şərtləri üzərindən gedilir. Hesab edirəm ki, İlham Əliyev buna getməyəcək. Çünki Azərbaycan prezidenti əvvəllər də Sarkisyanın tələblərini rədd edib. Əgər indiki şəraitdə ermənilərin işğal ərazilərindən çıxmaq tələbi ortada deyilsə, Vyanaya getməyin heç bir mənası yoxdur”. Mənsur Rəğbətoğlu Geri dön |