Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycanın bütün yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq - MÜSAHİBƏ
Azərbaycanın bütün yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq - MÜSAHİBƏ |
“Azərsu” ASC-nin departament rəisi Əhməd Məmmədov: “Əsas hədəfimiz az elektrik enerjisi sərf etməklə əhalini fasiləsiz su ilə təmin etməkdir”
“Azərsu” ASC-nin Strateji inkişaf departamentinin rəisi, əməkdar mühəndis, t.e.d. Əhməd Məmmədovun “APA-ECONOMICS”ə müsahibəsi - Əhməd müəllim, “Azərsu” ASC 2011-ci ildə gördüyü işlər barədə məlumat verərdinizmi? - 2011-ci il “Azərsu” ASC üçün çox əlamətdar bir dövr olub. Ötən il “Azərsu” ASC-nin sifarişi ilə onlarla iri layihənin icrasına, o cümlədən regionlarda böyük işlərə başlanılıb. Bizim üçün ən əlamətdar gün isə 8 sentyabr tarixidir. Həmin gün prezident İlham Əliyev Ceyranbatan Su Kəmərləri İdarəsinin 50 illik yubileyi münasibətilə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində olub və burada ən müasir texnologiyaya uyğun tikiləcək ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində iştirak edib. Almaniyanın KfV bankının krediti və İsveçrənin SECO təşkilatının qrantı hesabına reallaşdırılan Azərbaycanın ikinci böyük şəhəri Gəncənin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin də təməli həmin gün qoyulub. Bildiyiniz kimi, 2011-ci ilin büdcəsinə dəyişikliklər təsdiqlənərkən “Azərsu” ASC-yə əlavə vəsait ayrıldı. Bu vəsait hesabına qısa müddətdə 11 şəhərdə (Quba, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, İmişli, Biləsuvar, Lənkəran, Şəmkir, Mingəçevir və Qax) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisinə başlanıldı. Quba, Ucar və Qax şəhərlərində layihələrin təməlini prezident İlham Əliyev şəxsən özü qoydu. Çox qısa müddətdə, yəni 2011-ci ilin son 4-5 ayı ərzində adıçəkilən şəhərlərdə işlərin 20-25%-i keyfiyyətlə yerinə yetirildi. Təsdiq olunmuş proqrama əsasən, artıq bu ilin sonuna Quba, Ucar və Zərdabda işləri yekunlaşdırıb yeni şəbəkəni istismara verəcəyik. Digər 8 rayonda isə işlər 2013-cü ilin sonuna qədər yekunlaşacaq. Qeyd edim ki, bu layihələr çərçivəsində rayon mərkəzləri ilə yanaşı, bəzi kənd və qəsəbələrə də içməli su veriləcək. Məsələn, Külüllü mənbəyindən Kürdəmir, Ucar və Zərdabla yanaşı 40-dan artıq kəndin, Lənkəran layihəsində 7, İmişli layihəsində isə 4 kəndin su təchizatı aparılacaq. Deməli, indiyə qədər içməli sudan əziyyət çəkən, kanal və çay sularından istifadə edən 60 mindən artıq insanın dayanıqlı su təchizatı aparılacaq. 2011-ci ildə Dünya Bankının krediti hesabına reallaşdırılan “Milli su təchizatı” layihəsi çərçivəsində Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilib. Məlumdur ki, hazırda Abşeron yarımadasında sürətli urbanizasiya və şəhərsalma prosesi gedir, yeni yaşayış massivləri yaradılır. Bütün bunları və gələcək perspektiv inkişafı nəzərə alan “Azərsu” ASC Bakı və Abşeron yarımadasının içməli suya olan tələbatının ödənilməsi üçün Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin imkanlarının artırılmasını vacib sayır. Abşeron yarımadasının kənd və qəsəbələrinin əksəriyyətində su təchizatı sistemi qismən mövcuddur. İndi qarşımızda duran başlıca vəzifə bütün yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkəsi yaratmaqdan ibarətdir. Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda paytaxtın mərkəzi rayonlarının, eləcə də ətraf kənd və qəsəbələrin içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkələrinin yaradılması ilə bağlı mühüm tədbirlər nəzərdə tutulub. Artıq bu istiqamətdə konkret işlərin həyata keçirilməsinə başlanıb. Bilirsiniz ki, hələ də Abşeron yarımadasında mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan bir çox qəsəbələr var. Biz Mərdəkan, Şüvəlan, Qala, Zirə, Binə, Türkan, Pirallahı və digər qəsəbələri paytaxtın su təchizatı sisteminə qoşmaqla bu problemin köklü həllinə start vermişik. Bu, ölkə başçısının qarşımızda qoyduğu prioritet məsələdir. Buna nail olmaq üçün Ceyranbatanda məhsuldarlığı saniyədə 6 kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi davam etdirilir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasında yerləşən bütün qəsəbələr üzrə su təchizatı və kanalizasiya sistemləri şəbəkəsinin layihələndirilməsi başa çatdırılıb və bir çox obyektlərdə tikinti işlərinə başlanıb. Bu sadaladıqlarım “Azərsu” ASC-nin həyata keçirdiyi böyük layihələr və onların tərkib hissələridir. Bundan başqa, Bakı, Sumqayıt şəhərləri və regionlarda 100-dən artıq layihə üzrə tikinti işləri aparılır. Ümumilikdə ötən il dövlət büdcəsindən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 300 mln manatdan artıq investisiya yatırılıb. Bunun 87 mln. manatı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasına, 181 mln. manatı 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına, 20 mln. manatı beynəlxalq kredit layihələri üzrə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsinə yönəldilib. Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KFV bankı və digər maliyyə qurumlarından isə yenidənqurma işlərinə 35 mln. dollara yaxın kredit cəlb olunub. - Hazırda ölkə əhalisinin, demək olar ki, yarısı Bakı şəhəri və Abşeron yarımadasında yaşayır. Sirr deyil ki, ötən əsrin 60-70-ci illərində yaradılmış su təchizatı sistemi və kanalizasiya şəbəkəsi bugünkü tələbata cavab vermir... - “Azərsu” ASC-nin perspektiv inkişaf planında və maliyyələşdirmədə əsas götürdüyü başlıca vəzifə məhz Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi ilə bağlıdır. Bu gün Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı 4 mənbə hesabına təmin olunur. Bura Xaçmaz, Kür, Ceyranbatan və Oğuz-Qəbələ su mənbələri daxildir. Bu yaxınlarda istismara verilməsinin bir illiyini qeyd etdiyimiz Oğuz-Qəbələ-Bakı su kəməri hazırda paytaxtımızın içməli su təchizatında müstəsna rol oynayır. Qeyd edim ki, indi bu kəmərlə paytaxta saniyədə 5 kubmetr su daxil olur. Bu kəmərin istifadəyə verilməsi ilə paytaxtın su təchizatında əsaslı dönüş yaranıb. Nəticədə şəhərin mərkəzi hissəsində fasiləsiz su alan abunəçilərin xüsusi çəkisi 80%-i keçib. Eyni zamanda Nizami, Xətai, Sabunçu, Suraxanı rayonlarında suyun verilmə qrafiki artırılıb. Amma əsas hədəfimiz az elektrik enerjisi sərf etməklə əhalini fasiləsiz su ilə təmin etməkdir. Bunun üçün şəhərin relyefcə yüksək nöqtələrində yerləşən su anbarlarından istifadə etməklə su şəbəkəsində özüaxımlı rejimlər yaradılmalıdır. Artıq bu istiqamətdə konkret işlərə başlamışıq. Belə ki, Ceyranbatanda tikilən yeni sutəmizləyici qurğuda emal olunan su dəniz səviyyəsindən 190 metr hündürlükdə yerləşən anbara qaldırılacaq. Buradan isə yeni çəkiləcək kəmər vasitəsilə özüaxımli rejimdə olmaqla Pirallahı qəsəbəsinə qədər yol boyu yerləşən bütün yaşayış məntəqələrinə su veriləcək. Onu da deyim ki, yol boyu yerləşən bütün qəsəbələrin yaxınlığında mümkün yüksəkliklərdə tənzimləyici su anbarları da inşa olunur. Bu isə öz növbəsində həm Bakıətrafı qəsəbələrin içməli su ilə fasiləsiz təminatına imkan verəcək, həm də anbarlarda lazımi su ehtiyatının toplanmasına şərait yaradacaq. Belə bir sistemin indiyədək mövcud olmaması suyun birbaşa magistral kəmərlərdən götürülməsi məcburiyyəti yaradırdı ki, bu da su ehtiyatlarından səmərəsiz istifadəyə və böyük su itkilərinə gətirib çıxarırdı. Bir məsələni də qeyd edim ki, sutəmizləyici qurğunun istifadəyə verilməsi və yeni supaylayıcı şəbəkələrin yaradılması Abşeronun böyük bir hissəsini əhatə edəcək. Beləliklə də bu layihənin həyata keçirilməsi Abşeron yarımadasının 2035-ci ilə qədərki inkişafı nəzərə alınmaqla 2 mln. nəfərə qədər əhalisinin yüksək keyfiyyətli içməli su ilə təmin etməyə imkan yaradacaq. Paralel olaraq ötən əsrin ortalarında yaradılmış şəhər su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurularaq genişləndirilməsi işləri də görülür. Yerinə yetiriləcək işlərin perspektiv inkişafı nəzərə alınaraq aparılması məqsədilə Bakı şəhəri və Abşeron yarımadası üzrə Master Planın hazırlanmasına başlanıb. Məhz Master Planda öz əksini tapan həll variantları nəzərə alınaraq şəhər daxilində yeni su xətləri və kanalizasiya kollektorları, yağış kanalizasiya şəbəkəsi tikilməyə başlanıb. Yeni su və kanalizasiya şəbəkəsi şəhərin baş planında nəzərdə tutulan dəyişikliklər nəzərə alınmaqla icra olunur. - Bütün dünyada içməli suyun keyfiyyətinin artırılmasına xüsusi diqqət yetirilir. Bəs, “Azərsu” ASC bu istiqamətdə nə kimi işlər görür? - Bu, bizim qarşımızda duran ən vacib məsələlərdən biri, hətta deyərdim ki, birincisidir. Yeri gəlmişkən, bu vacib məsələ dövlət başçısı cənab İlham Əliyevin də daimi nəzarətindədir. Təsadüfi deyil ki, ötən il sentyabr ayının 8-də Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində prezidentimiz “Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam olsun” demişdi. Bir məsələni də qeyd edim ki, ultrasüzgəcli sutəmizləyici qurğularının inşası dünyada tamamilə yeni bir sahədir. Mübaliğəsiz demək olar ki, Ceyranbatanda tikilən qurğu məhsuldarlığına görə dünyanın ən iri sutəmizləyici qurğusudur. Müqayisə üçün deyim ki, hazırda Moskva şəhərində 250 min kubmetrlik, Almaniyada isə 80 min kubmetrlik, Türkiyədə 48 min kubmetrlik qurğular mövcud olduğu halda, Ceyranbatan sutəmizləyici qurğusunun sutkalıq gücü 520 min kubmetr təşkil edəcək. Bu yeni texnologiyanın tətbiqi ilə suyu bakteriyalardan tam təmizləmək mümkündür. İçməli suyun keyfiyyətindən söhbət düşmüşkən, onu da diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda “Azərsu” ASC Bakı şəhərində dünya standartlarına tam cavab verən laboratoriya inşa edir. Burada əsas məqsəd paytaxta daxil olan içməli suyun keyfiyyətini daimi nəzarətdə saxlamaqdan ibarətdir. Bu ilin yayında istifadəyə verilməsi nəzərdə tutulan yeni mərkəzi laboratoriyanın köməyi ilə Ümumdünya Səhiyyə Təşkilatının içməli su ilə bağlı tələb etdiyi 75-dək parametri öyrənməyə imkan verəcək. Bir sözlə, gələcəkdə həm içməli suyun, həm də çirkab sularının hərtərəfli, kompleks yoxlanılması məhz bu laboratoriyada həyata keçiriləcək. - Son illər Azərbaycanın dövlət başçısı ölkə regionlarının dinamik və tarazlı inkişafını təmin etmək məqsədilə bir sıra vacib sənədlər, mühüm proqramlar qəbul edir. Regionlarda başqa hansı layihələriniz var? - Bakı və Abşeron yarımadasına yönəldilən vəsaitlər burada kifayət qədər su ehtiyatlarının yaradılmasına imkan verəcək. Yəni Bakı istiqamətinə ötürülən suyun həcmi xeyli artdığından, Kür sutəmizləyici qurğusunda emal olunan içməli suyun bir hissəsinin ölkənin digər şəhərlərinə yönəltmək imkanı yaranıb. Artıq Kür sutəmizləyici qurğusu vasitəsilə ölkənin 7-8 rayonunun su təchizatının həyata keçirilməsi ilə bağlı layihələr işlənib. Layihəyə əsasən, Talış kəndi yaxınlığında yerləşən sutəmizləyici qurğudan Şirvan, Salyan, Neftçala, Biləsuvar, Saatlı və Sabirabad istiqamətlərinə kifayət qədər içməli su nəql olunacaq. Belə yanaşmanın bir müsbət cəhəti də ondan ibarətdir ki, layihənin reallaşdırılması təkcə rayon mərkəzlərini deyil, eyni zamanda 147 kəndin də su təchizatı problemini həll etməyə imkan yaradacaq. Bundan başqa, içməli sudan daha çox əziyyət çəkən kəndləri də müəyyənləşdirmişik və onların su təchizatının aparılması üçün layihələr işləyirik. Sudan daha çox əziyyət çəkən 130-a qədər kəndin su təchizatının aparılması üçün təxirəsalınmaz tədbirlər planı hazırlanıb və həyata keçirilməsinə başlanıb. - Bakı şəhərinin sürətlə böyüməsi, ətraf ərazilərdə yeni-yeni yaşayış massivlərinin salınması kanalizasiya şəbəkəsinin də əsaslı şəklidə yeniləşdirilməsini tələb edir... - Bu, doğrudan da belədir. “Azərsu” ASC-nin qarşısında duran həlli vacib məsələlərdən biri də məhz Böyük Bakının kanalizasiya şəbəkəsinin yenidən qurulmasından ibarətdir. Xatırladım ki, ötən əsrin 70-ci illərində Bakının kanalizasiya şəbəkəsi yaradılarkən bütün çirkab sularının Hövsan Aerasiya Stansiyasına yönəldilməsi əsas götürülmüşdü. Şəhərin hazırkı inkişaf planı və işlənən Master Plan yaranan çirkab sularının bir hissəsinin şəhərin Qərb hissəsinə yönəldilməsinin məqsədəuyğun olduğunu göstərir. Hazırda paytaxtın qərb hissəsində yaranan çirkab sular şəhərin, demək olar ki, mərkəzindən keçirməklə tamamilə əks istiqamətə nasoslardan istifadə etməklə böyük enerji sərfiyyatı hesabına Hövsan Aerasiya Stansiyasına ötürülür. “Azərsu” ASC sözügedən problemin həlli istiqamətində konkret işlərə başlayıb. Bu məqsədlə Lökbatan dairəsi yaxınlığında məhsuldarlığı sutkada 400 min kubmetr olacaq yeni təmizləyici qurğunun inşasına başlanıb. Bununla da Xırdalan şəhərinin və ətraf ərazilərin çirkab sularının Lökbatan təmizləyici qurğusuna ötürülməsi təmin olunacaq. Bundan əlavə, Böyükşor gölü yaxınlığında yerləşən 4 saylı kanalizasiya nasos stansiyasından şəhər istiqamətinə qaldırılan çirkab suların da yeni tikiləcək tunel vasitəsilə özüaxımlı rejimdə olmaqla bu qurğuya yönəldiləcək. Yeri gəlmişkən, bir məsələni də qeyd edim ki, Abşeron yarımadası quraq bir ərazi olduğundan, burada yaşıllaşdırma işlərinin aparılmasına ciddi ehtiyac var. Lökbatan çirkab təmizləyici qurğusu istifadəyə verildikdən sonra burada təmizlənmiş suyun bir qismi təkrar istifadəyə qaytarılaraq yaşıllıqların salınmasında istifadə ediləcək. Bakı şəhəri gündən-günə dəyişir, gözəlləşir. Artıq ölkəmizin paytaxtı dünyanın ən yaraşıqlı şəhərlərinin sırasına qoşulur. Bu məsələni xüsusi diqqət mərkəzində saxlayan prezident İlham Əliyev Bakı bulvarının genişləndirilərək Bayraq Meydanından Sultan burnuna qədər uzadılması ilə bağlı göstəriş verib. Belə olan halda “Zığ-1” və “Zığ-2” kanalizasiya nasos stansiyaları da yeni bulvarın ərazisinə düşəcək. Bulvarın təmizliyini qorumaq məqsədilə Sultan burnunadək 4 km uzunluğunda yeni tunel tikiləcək və mövcud kanalizasiya nasos stansiyaları bulvar ərazisindən çıxarılaraq ora köçürüləcək. Yeri gəlmişkən, hazırda Abşeronun bəzi sahilboyu ərazilərində çirkab suları təmizlənmədən dənizə axıdılır. Bunun qarşısını almaq üçün sahil boyu müxtəlif ərazilərdə 11 ədəd lokal çirkab sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Pirşağı qəsəbəsində tikiləcək çirkab sutəmizləyici qurğu Koreya hökumətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Onu da deyim ki, Pirşağıda tikiləcək qurğu ən modern tipli olacaq və təmizlənmiş sudan həm texniki, həm də suvarma məqsədilə istifadə etmək mümkün olacaq. - “Azərsu” ASC-nin həyata keçirdiyi layihələrdə yeni texnologiyalardan necə istifadə edir? - Bu gün “Azərsu” ASC-də işlərin keyfiyyətlə yerinə yetirilməsinə, material və avadanlıqların seçilməsinə xüsusi fikir verilir. Həyata keçirilən layihələrdə Avropa ölkələrində və Türkiyədə istehsal olunan avadanlıq və qurğulardan istifadə edilir. Artıq Bakıda yeni tunellər Almaniya istehsalı olan avadanlıqlarla qazılır. Sifarişlərimizi Türkiyənin bu sahədə ixtisaslaşmış, eləcə də qabaqcıl texnologiyalardan istifadə edən yerli şirkətlərimiz yerinə yetirir. Layihələrin həyata keçirilməsi üçün su təchizatı və kanalizasiya sistemləri sahəsində tanınmış şirkətlərin məsləhət xidmətlərindən istifadə olunur. Layihələrin yüksək keyfiyyətlə işlənməsi üçün Səhmdar Cəmiyyətin nəzdində xüsusi layihə ekspertiza qrupu yaradılıb və bu qrupa xarici mütəxəssislər də cəlb olunub. Eyni zamanda bizim mütəxəssislər təcrübə toplamaq üçün Türkiyə, Almaniya, Fransa, Hollandiya, Rusiyaya ezam olunurlar. “Azərsu” ASC-nin rəhbərliyi kadr potensialının gücləndirilməsinə də xüsusi önəm verir. Artıq gənc mütəxəssislərin seçimini aparmışıq və onları təcrübə keçmək üçün xarici ölkələrə göndərəcəyik. Bununla yanaşı, “Azərsu” ASC-də Təlim Tədris Mərkəzinin yaradılması istiqamətində işlərə başlanıb. Bütün bunlar yeni texnologiya əsasında qurulan su təchizatı və kanalizasiya şəbəkələrinin gələcəkdə normal istismarını aparmaq üçün vacibdir. Geri dön |