Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Nəticə verən danışıqlar mərhələsinə qədəm qoymaq lazımdır
Nəticə verən danışıqlar mərhələsinə qədəm qoymaq lazımdır |
Prezidentlərin Vyana görüşü danışıqları konstruktiv mərhələyə keçirmək üçün yaxşı zəmin yaradıb
Ermənistan 2014-cü ildə Paris danışıqlarından sonra ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini pozub, hər dəfə danışıqlarda irəliləyişə ümid yarananda, cəbhə xəttində təxribatlara əl atıb və bununla da danışıqların nəticəsiz başa çatmasına səbəb olub. Hətta Almaniya federal kanslerinin təşəbbüsü ilə bu ilin fevral ayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış müzakirələrdən sonra da aprelin əvvəllərində Ermənistan belə bir təxribata əl atıb. Ancaq bu dəfə Azərbaycan ordusu tərəfindən layiqli cavab alaraq geri oturdulub, sarsıntıya, ağır məğlubiyyətə uğrayıb. Həmin vaxta qədər Ermənistan bütün beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirib, heç bir vəchlə danışıqlar masası arxasında ciddi müzakirələr aparmağa meyl göstərmədiyi halda, Azərbaycan Silahlı Qüvvələrinin aprel zəfəri həm rəsmi İrəvanı danışıqlar masası arxasına oturmağa, həm də ATƏT-in Minsk qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün Serj Sarkisyan hakimiyyətinə təzyiq göstərməyə vadar edib. Elə bu məqsədlə də mayın 16-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin xarici işlər nazirlərinin də iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilib, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparılıb. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi üçün tərəflər arasında növbəti görüşün iyun ayında olacağı gözlənilir. Vyana danışıqlarının nəticəsini şərh edən bəzi siyasi ekspertlər hesab edirlər ki, həmsədr dövlətlər, eləcə də Azərbaycan Ermənistana bir ay vaxt veriblər. İyun ayına kimi Ermənistan problemin həllinə dair konstruktiv təkliflərlə razılaşmalıdır. Əks təqdirdə, münaqişənin hərbi yolla həlli qaçılmaz olacaq. Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, politoloq Hikmət Məmmədov da "Kaspi”yə açıqlamasında bildirib ki, Vyana görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda keyfiyyətcə yeni mərhələ yaradıb. Onun sözlərinə görə, aprel ayının əvvəlində "dörd günlük müharibə” zamanı Azərbaycan Silahlı Qüvvələrinin ön cəbhədəki kiçik bir bölüyünün düşmən təxribatının qarşısını alması, onlara sarsıdıcı zərbə vurması, hətta əks-hücuma keçərək erməni işğalında olan bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa etməsi bütünlükdə sülh danışıqlarında yeni şərtlər formalaşdırıb: "Yaddan çıxarmaq lazım deyil ki, Ermənistan prezidentinin Vyanaya getməsinin və danışıqların bu formatda aparılmasının əsas səbəbi Azərbaycan ordusunun əldə etdiyi qalibiyyət idi. Ona görə də Vyana görüşündə Azərbaycanın hərbi qalibiyyəti diplomatik müstəvidə davam etdirildi. Həmsədr dövlətlər, həmçinin Ermənistan artıq başa düşüblər ki, mütləq nəticə verən danışıqlar mərhələsinə qədəm qoymaq lazımdır. Bu kontekstdə onu da bilirik ki, regionda çoxsaylı ölkələrin bir sıra maraqları var və onlar münaqişənin danışıqlar yolu ilə tənzimlənməsində öz maraqlarının təmin olunması üçün çalışırlar. Bunlar bizim üçün faktor ola bilər, amma həmin maraqlar Azərbaycanın milli maraqları ilə toqquşa bilməz. Çünki Azərbaycan öz gücü hesabına ilk növbədə milli maraqlarını təmin edəcəkdir. Hadisələrə bu aspektdən yanaşanda və səsləndirilən bəyanatlara diqqət yetirəndə görərik ki, məsələnin siyasi yolla həll olunması üçün ciddi axtarışlar mərhələsi başlayır. İyun ayında prezidentlərin yenidən görüşü ilə bağlı təklifin səsləndirilməsi artıq o deməkdir ki, problemin mərhələli həlli üçün münbit beynəlxalq şərait formalaşır. Ancaq qısa müddətdə problemin həll olunmağını, yekun sənədin imzalanmağını gözləmək bir qədər sadəlövhlük olardı. Proses müəyyən qədər vaxt aparsa da, sonda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Çünki beynəlxalq ictimaiyyət də Azərbaycanın haqlı və güclü mövqeyini qəbul edir”. Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev isə hesab edir ki, problemin sülh yolu ilə həlli istiqamətində aparılacaq danışıqlar əhəmiyyətli olmayacaq. Onun fikrincə, Azərbaycan qələbənin bir addımlığında olduğu zaman beynəlxalq güclərin, beynəlxalq təsisatların xahişi ilə hücumu dayandırıb və danışıqlar vasitəsilə məsələnin həll olunmasına dəstək verdiyini nümayiş etdirib. Lakin aprel ayından bu günə qədər ötən müddətdə problemin həlli istiqamətində hər hansı ciddi dönüş yaranmayıb. Millət vəkili deyib ki, həmsədr dövlətlərin yalnız müxtəlif çağırış və bəyanatlarla işlərini yekunlaşdırması anormal haldır: "Hazırkı danışıqlarda Madrid prinsiplərinin yenilənmiş forması olan Kazan prinsipləri ortadadır. Bu prinsiplərdə açıq şəkildə göstərilib ki, işğal altındakı Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonlarını və Laçın rayonunun 13 kəndini Ermənistan silahlı qüvvələri tərk etməlidir. Bundan sonra da təhlükəsizliyin qorunması ilə bağlı sülhməramlı qüvvələr məsələsi gündəmə gətiriləcək. Lakin Ermənistan indidən istəyir ki, monitorinq olsun, cəbhə xəttində xüsusi qurğular quraşdırılsın, sülhməramlılar yerləşdirilsin və sair. Bu da onu göstərir ki, Ermənistan tərəfi yenidən danışıqlar prosesini pozacaq mövqe nümayiş etdirir. Danışıqların bu vəziyyətdə davam etməsi Azərbaycanı heç bir halda razı sala bilməz”. Rufik İSMAYILOV Geri dön |