Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Xocalının işğalı Azərbaycana 170 milyon dollar ziyan vurub
Xocalının işğalı Azərbaycana 170 milyon dollar ziyan vurub |
Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev «Azərbaycan» qəzetinə müsahibəsində bildirib. O, qeyd edib ki, Xocalı faciəsi beynəlxalq hüquq normalarına görə soyqırım və insanlığa qarşı cinayət sayılır. Beynəlxalq hüquq normalarına uyğun soyqırım, deportasiya, işgəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılıb, nəticədə 1 yanvar 2012-ci il tarixədək sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 nəfər, o cümlədən soyqırım epizodları: Xocalı üzrə 39 nəfər, Qaradağlı üzrə 6 nəfər, Bağanıs-Ayrım üzrə 18 nəfər, Meşəli üzrə 6 nəfər, Kərgicahan üzrə 47 nəfər, işgəncə faktı üzrə 35 nəfər, terrorçuluq faktı üzrə 3 nəfər, digər epizodlar üzrə 85 nəfər, habelə banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama və s. cinayət törətmiş 48 nəfər, bütövlükdə isə cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılıb. Məhkəmə qərarına əsasən barələrində həbs-qətimkan tədbiri seçilmiş və axtarışa verilməsi ilə əlaqədar müvafiq sənədlərin əməliyyat-axtarış orqanlarına göndərilməsi təmin edilib. İstintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixdə, saat 22:00 radələrində Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələri, keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçib. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak ediblər. Eyni zamanda, hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunub. Hücumdan əvvəl şəhər şiddətli artilleriya atəşinə tutulub, sonra çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar şəhərə daxil olub, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib. Bu zaman azğınlaşmış erməni quldurları mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara aman vermədən müxtəlif çaplı odlu silahlardan atəş açıb, tank, PDM və digər texnikanın altına salaraq əzməklə qətlə yetiriblər. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olan azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili İşlər Şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb canını qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər. Xocalı faciəsi ilə bağlı həmin şəhərin 5 379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1 275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. X.Vəliyev bildirib ki, hazırda cinayət işinin Xocalı soyqırımı epizodu üzrə 3 000 nəfərə qədər şəxs şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2 000 nəfərə yaxın şəxs zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən artıq müxtəlif ekspertizalar keçirilib. Xocalı şəhərinin işğalı ilə əlaqədar dövlət mülkiyyətinə və vətəndaşların xüsusi mülkiyyətinə dəymiş maddi ziyan müəyyən olunub, əşyaların maddi sübut kimi tanınması təmin edilib, habelə baxış, götürmə və s. zəruri istintaq hərəkətləri aparılıb. Nəticədə 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əsgəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan CM-nin 107 (deportasiya), 113 (işgəncə), 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb. Hazırda Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslərin barəsində sübutların toplanması, onların şəxsiyyətləri barədə tam anket məlumatlarının əldə edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilib və müəyyən edilib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 mln. manatdan və ya 170 mln. dollardan artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir. X.Vəliyev qeyd edib ki, birmənalı olaraq Xocalı sakinləri olan azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq normativ aktlara uyğun olaraq soyqırım kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə görə insanlığa qarşı cinayət sayılır. Hərbi prokuror həmçinin Xocalıda qətlə yetirilən şəxslərin şəkillərinin guya Kosovada öldürülən şəxslərin şəkilləri ilə eyni olması barədə ermənilərin yalançı iddialarına da cavab verib. Vurğulayıb ki, Xocalıya silahlı hücum zamanı öz canlarını qurtarmaq məqsədilə Xocalını məcburən tərk edib, Ağdam rayonu istiqamətində qaçmağa cəhd edərkən Əsgəran rayonunun Naxçıvanik kəndinə gedən yolla Ağdamın Şelli kəndi arasındakı ərazidə erməni silahlıları tərəfindən təqib edilərək odlu silahlardan açılan atəşlərlə öldürülən dinc sakinlərin video kadrları var. Bu görüntülərlə yanaşı cinayət işinin materiallarına Ağdam məscidinə gətirilmiş meyitlərin də fotoşəkilləri əlavə olunub. Meyitlərin tanınması ilə bağlı 400-dən artıq istintaq hərəkəti keçirilib və həmin meyitlər öz qohumları və yaxınları tərəfindən tanınaraq şəxsiyyətləri dəqiqləşdirilib, bununla əlaqədar Xocalı rayon İcra Hakimiyyətinə verilmiş sorğulara alınmış müvafiq cavablarla həmin şəxslərin Xocalıda qeydiyyatda olmaları təsdiq edilib. Həmçinin erməni silahlıları tərəfindən qətlə yetirilmiş həmin şəxslərin bir çoxunun sağlığında çəkilmiş fotoşəkillər onların qohumlarından əldə edilərək cinayət işinin materiallarına əlavə edilib. İstintaq materiallarına əlavə edilmiş həmin fotoşəkillərin və kadrların ən sadə üsulla müqayisəsi də Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların Kosovada serblər tərəfindən öldürülənlərlə tamamilə başqa-başqa adamlar olduğunu bir daha sübut edir. Bundan başqa Xocalı soyqırımı 1992-ci ildə törədilib və həmin vaxtda da çəkilmiş fotoşəkillər, video görüntülər dəfələrlə nümayiş etdirilib. Kosovo hadisələri isə bundan çox sonra baş verib. Bu da erməni ideoloqlarının saxtakarlığını bir daha üzə çıxarır. Geri dön |