Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > «Səhər» TV əməkdaşlarının həbsi Tehranı özündən çıxardı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > «Səhər» TV əməkdaşlarının həbsi Tehranı özündən çıxardı

«Səhər» TV əməkdaşlarının həbsi Tehranı özündən çıxardı


İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü: «Rəsmi Bakının son hərəkətləri cavabsız qalmayacaq»

İranın təxribatçı «Səhər» telekanalının əməkdaşı Anar Bayramlının həbs olunması Tehranın Azərbaycana qarşı aqressivliyini bir qədər artırdı. İran televiziyasının Bakıdakı müxbirini iki gün öncə Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları saxlayıb. Maraqlıdır ki, Anar Bayramov təkcə «Səhər TV» yox, eyni zamanda İranın ən müxtəlif tele-radio qurumlarına reportajlar hazırlayırmış.
Elə həmin gün Sumqayıtda İran televiziyasının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramil Dadaşov da saxlanılıb. Saxlanmanın səbəbləri barədə hələ ki, məlumat açıqlanmayıb.
İran ölkəmizdəki casus şəbəkələrinin, təxribat ruporlarının fəaliyyətinin qarşısının alınması ilə heç cür barışa bilmir.
İranın ölkəmizdəki strukturlarının qeyri-qanuni fəaliyyətinə qarşı MTH-nin, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər bir qayda olaraq molla rejimi tərəfindən təhdidlə müşayiət olunur. Bu rəsmi Tehranın Azərbaycana yönəlik ənənəvi, standartlaşmış, xarakterik siyasətdir. Şantaj və təhdidlər Azərbaycanı İranın məkrli oyunları qarşısında müti vəziyyətə düşürmək vasitəsidir. Hecə ki, Azərbaycan vətəndaşı olan və bütün potensialını ölkəmizə qarşı təxribatlara yönəldən «Səhər TV» əməkdaşının həbsinə cavab olaraq yeni təhdidlərlə üzləşdik.
İlk olaraq bu həbslərə İranın Azərbaycandakı səfirliyi reaksiya verdi. İran səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bəyanladı ki, səfirlik bu ölkə televiziyasının nümayəndəliyinin əməkdaşlarının qanunazidd əməllərə yol vermələri barədə ittihamları qəbul etmir. İsgəndəri bu hadisə ilə bağlı xəbərdarlıq edib və bildirib ki, «İran televiziyasının əməkdaşlarının saxlanması ikitərəfli münasibətlərə zərər vura bilər».
«Səhər TV»nin təxribatçı fəaliyyətinə qarşı tədbirlər Tehranda da rezonans doğurub. İran rəsmiləri bu hadisəyə görə, «Azərbaycanın cavab verməli olacağını» bildiriblər. İranın İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü Fatimə Alya «Fars» informasiya agentliyinə müsahibəsində bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin nümayəndələri Xarici İşlər Nazirliyinə dəvət olunaraq onlara ciddi xəbərdarlıq edilməlidir: «Azərbaycan hökumətinin İranla əlaqədar hərəkətləri cavabsız qalmayacaq və bu hərəkətlərə qətiyyətli cavab verəcəyik». O iddia edib ki, guya İrana qarşı beynəlxalq səviyyədə atılmış addımlar ABŞ və İsrailin təhriki ilə baş verir: «İranın beynəlxalq səhnədə qüdrətlənməsi ilə paralel olaraq İrana qarşı müxtəlif hərəkətlər planlaşdırılır».
İslam Şurası Məclisinin millət vəkili sonda əlavə edib: «ABŞ, İngiltərə və sionist rejim bir-birilərilə əməkdaşlıq edərək İran xalqına qarşı fitnə adı ilə bir çox planlar cızırlar və Azərbaycanın son hərəkəti də bu fitnələrin davamıdır».
İran prezidenti Mahmud Əhmədinejadın qardaşı Davud Əhmədinejad da «Səhər TV»-nin müxbirinin həbsinə münasibət bildirib. O da iddia edib ki, müxbirin tutulmasında İsrailin əli var: «Onun tutulmasında sionistlərin rolu olub». İran prezidentinin qardaşı da bu ölkənin nüvə alimlərinin qətlilə bağlı Azərbaycanın ünvanına böhtanlar səsləndirib: «Bölgədəki bu kimi ölkələr dünya zülmkarlarına bağlı ölkələrdir. Bizim nüvə alimlərimiz də sionizm və dünya zülmkarlarının əliylə terror edilib. Onlardan asılı olan bölgədəki bəzi ölkələr də bu işdə onlara yardım göstərib».
Rəsmi Tehran son hadisə ilə bağlı artıq Azərbaycan əleyhinə kampaniyaya start verib. İran mətbuatı bu həbsləri az qala ölkənin ciddi hadisəsinə çevirib. Bu faktın özü kampaniya sifarişinin ən üst səviyyələrdən verildiyinin göstəricisidir. Məsələn, fars-molla rejiminin antiAzərbaycan ruhlu ənənəvi təbliğatına xidmət edən və ölkənin dini rəhbərliyinə bağlı «arannyus» portalında Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə təhlilçi Həsən Behiştipurun ölkəmiz əleyhinə sərsəm fikirləri geniş yer alıb. O, özünü dindar adlandıran bir qrupun və İranın təxribatçı telekanalının əməkdaşlarının həbsinə Azərbaycanın «Mossad»la əlaqələrinin nəticəsi kimi məntiqsiz izah verməyə çalışıb. Hər gün azad medianı boğan, insanları azad düşüncələrinə görə dar ağacına, daş-qalağa məhkum edən, Qərbin casusları adı ilə Güney Azərbaycanın tanınmış ziyalılarını zindanlara dolduran İranın sanki birdən-birə yadına insan hüquqları, azad media yadına düşüb.
Həyasızlığa baxın: «Dindarların və siyasi ideyaları olan fəalların geniş şəkildə həbsi də əksəriyyətini müsəlmanlar təşkil edən və hamı, o cümlədən müsəlmanlar üçün hüquqi və siyasi azadlıqları təmin etdiyini iddia edən Azərbaycan hökuməti üçün beynəlxalq səhnədə bədnamlıqdan başqa heç bir şeyi yoxdur». Tanış «müsəlman təəssübkeşliyi» iddiası… Ermənistana qucaq açan, İrəvanla ən yüksək səviyyədə əməkdaşlıq quran, bütün səylərini Azərbaycan əleyhinə yönəldən İranın müsəlman təəssübkeşliyi barədə ənənəvi moizəsi…
İranın sən demə rəsmi dairələrini narahat edən məqamlardan biri də Bakıda «Eurovision» mahnı müsabiqəsinin keçirilməsi imiş. Mollalar nədən narahatdırlar? Hədən İranın hakimiyyətə yaxın media vastələrində bu hadisəni karikatura mövzusuna çevirirlər? Guya Azərbaycan xalqına canıyananlıqla bu tədbirə sərf olunacaq vəsaitin sosial problemlərin həllinə yönəldilməli olduğuna diqqət çəkmək istəyirlər. Çox bəsit bir yanaşmadır. Öz xalqının cibinə girib milyardları nüvə proqramına yönəldən, onu fəlakətlərin astanasına gətirib çıxaran İran hakimiyyəti əslində qonşuluğunda nəinki Azərbaycan adlı dövlətin olmasından, burada hətta bir mahnı mahnı müsabiqəsinin keçirilməsindən də vahimələnir. Hədən ki, sabah İranın özündən bu tədbirə maraq göstərənlərin sayı əhəmiyyətli dərəcədə olacaq.
İranın narahatlıqlarını başa düşmək çətin deyil. Yalan-yanlış ideologiya ilə, siyasətlə ölkəni çıxılmaz vəziyyətə gətirib çıxaran İran rəhbərliyinin aqressivliyi sərhəd tanımır. Tehran hətta Suriya və Ermənistandan başqa bütün qonşularına düşmən gözüylə baxır.
İranın Azərbaycana qarşı düşmənçilik siyasəti son bir il ərzində daha da intensivləşib. Baxmayaraq ki, Azərbaycan İrana qarşı koalisiyada və sanksiyalarda iştirak etmir.
Xatırladaq ki, bir müddət əvvəl İsrail vətəndaşlarını hədəfə alan İran xüsusi xidmət orqanlarına bağlı casus şəbəkəsinin ifşasına da Tehran sərt reaksiya vermişdi. İran hökuməti bu ölkənin nüvə alimlərinə qarşı terrorda ittiham olunan «Mossad» əməkdaşalarının guya Azərbaycana sığınması barədə sərsəm iddialara əsaslanaraq rəsmi Bakıya nota təqdim etmişdi. Amma iddialara və notaya cavab da adekvat oldu.
Azərbaycan Xarici İşlər Hazirliyi İranın iddialarını yalan, iftira adlandırmaqla münasibət bildirdi.
Ötən ilin avqust ayında İran ordusunun baş qərargah rəisi Seyid Həsən Firuzabadi Azərbaycan hakimiyyətini qiyamla təhdid etmişdi. Bu şəxs bundan əvvəl də bir neçə dəfə ölkəsinin aqressiv siyasətii ortaya qoymuşdu. Azərbaycanın Qərblə əməkdaşlığı İranı daim qıcıqlandırıb. İranın hərbi hava qüvvələri və gəmiləri dəfələrlə Azərbaycanın dövlət sərhədlərini pozublar. İran ordusu ötən ilin sonlarında Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi də ölkəmizə qarşı düşmənçiliyin davamı kimi dəyərləndirilməlidir. Faktlar bununla bitmir. «Hizbullah»ın İran qolu olan «Ənsari-Hizbullah» təşkilatı ötən ilin noyabrında Azərbaycanın Təbrizdəki baş konsulluğunun binasını ələ keçirəcəklərilə hədələmişdi. Eləcə də son aylarda İranda Azərbaycan dövləti əleyhinə keçirilən silsilə tədbirlər Tehranın düşənçilik siyasətinə son qoymaq niyyətində olmadığını bir daha göstərir. «Şəriət məhkumları» silsiləsindən keçirilən konfranslarda rəsmi Bakının ünvanına yağdırılan ittihamlar, günorta namazını ardınca İran Astarasında Azərbaycan dövlətçiliyi əleyhinə yürüş çağırışları və s. Faktiki olaraq İran Azərbaycanı on ildən çoxdur ki, təhdid edir.


Geri dön