Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə-Rusiya münasibətlərinin normallaşması regiona nə vəd edir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Türkiyə-Rusiya münasibətlərinin normallaşması regiona nə vəd edir?

Türkiyə-Rusiya münasibətlərinin normallaşması regiona nə vəd edir?


Ekspertlər hesab edirlər ki, əlaqələrin əvvəlki məcrasına qayıtması iqtisadiyyatın inkişafına, Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 27-də Rusiya dövlət başçısı Vladimir Putinə başsağlığı məktubu ünvanlaması, Su-24 təyyarəsinin pilotunun ölümünə görə üzrxahlıq etməsi iki ölkə arasında 7 aydır davam edən gərginliyin aradan qalxmasına xidmət edib. Bu çərçivədə iyunun 29-da prezidentlər arasında 40 dəqiqəlik telefon danışığı da baş tutub. Rusiya və Türkiyə prezidentləri telefonla ikitərəfli münasibətlərin son vəziyyəti və gələcəyi, Atatürk Hava Limanında törədilən terror aktı barədə müzakirələr aparıblar. R.T.Ərdoğan bu müzakirələr barədə sonradan mətbuata açıqlamasında bildirib ki, rusiyalı həmkarı ilə Türkiyə və Rusiya arasında münasibətlərin sürətlə əvvəlki vəziyyətə qaytarılması üçün razılığa gəlinib. Eyni zamanda, V.Putinlə sentyabr ayında Çində baş tutacaq G20 toplantısında görüşmək də qərarlaşdırılıb. Bununla yanaşı, prezidentlər razılaşmanın ilk addımı kimi turizm sahəsində dərhal qapıları açmağı, bu sahədəki addımları sürətləndirməyi də vacib sayıblar.

Məhz bu telefon danışığı və ilkin razılaşmadan sonra Rusiya prezidenti Nazirlər Kabinetinin toplantısını çağırıb və Baş nazir Dmitri Medvedevə qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi barədə göstəriş verib. V.Putin deyib ki, Türkiyə prezidentinin göndərdiyi məktubdan sonra türkiyəli tərəfdaşlarla münasibətlərin normallaşmasına başlamaq qərarı verilib. O, turizm sahəsində Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlərin aradan götürüləcəyini vurğulayaraq, Rusiya hökumətindən Türkiyə ilə ümumilikdə iqtisadi-ticarət əlaqələrinin normallaşması prosesinə başlamağı xahiş edib. Beləliklə də Rusiya prezidenti Türkiyəyə qarşı sanksiyaların ləğvi haqqında qəti tapşırıq verib. Bunun ardınca, Rusiya prezidenti 2015-ci ilin noyabrında Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvi barədə fərman imzalayıb. Dünən isə məlumat yayılıb ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının Soçidə keçirilən iclası çərçivəsində Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü olub. Təxminən 40 dəqiqə çəkən görüşdə Sergey Lavrov və Mövlud Çavuşoğlu iqtisadi, energetika, ticarət sahəsində əməkdaşlıq əlaqələrini, həmçinin yüksək səviyyədə kontaktları müzakirə ediblər. Bu təmasın nəticəsi olaraq, artıq noyabr ayında deyil, avqust ayında Soçi şəhərində Rusiya prezidenti V.Putin və Türkiyə prezidenti R.T.Ərdoğan arasında görüş keçiriləcəyi bildirilir.

Hadisələrdən də göründüyü kimi 2015-ci ilin noyabr ayından gərginləşməyə başlayan Rusiya-Türkiyə münasibətləri tədricən əvvəlki vəziyyətinə qayıdır. Bəs, bu iki dövlət arasında yaxınlaşma, münasibətlərin inkişaf etməsi region, o cümlədən Azərbaycan üçün siyasi-iqtisadi baxımdan nə dərəcədə əhəmiyyətlidir? Rusiya və Türkiyə arasında hərtərəfli əlaqələrin inkişafı Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına nə dərəcədə təsir göstərə bilər?

Bu kimi suallarla Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iki üzvünə müraciət etdik. Komitə üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri (MDHP), deputat Fərəc Quliyev bildirdi ki, Azərbaycan öz qonşuları ilə hər zaman yaxşı münasibətlər saxlamağın tərəfdarı olub. Onun sözlərinə görə, bir sıra hallarda Azərbaycanın iradəsindən asılı olmayaraq qonşular arasında, misal üçün Rusiya və Türkiyə arasında müəyyən gərginlik yaşanıb, başqa bir qonşu Ermənistan isə əsassız ərazi iddiaları ortaya atıb, torpaqlarımızın 20 faizini işğal edib: "Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkə daxilində sabitliyin, əmin-amanlığın qorunub saxlanması ilə bərabər, qonşu dövlətlərdə, eləcə də bu dövlətlərlə münasibətlərdə, həmçinin onların öz aralarında da sabitliyin olmasının tərəfdarıdır. Biz istərdik ki, qonşu ölkələrdə də sabitlik, yaxşı abı-hava hökm sürsün. Çünki qonşu ölkədəki vəziyyət, oradakı abı-hava istər-istəməz bizim ölkəyə də təsir edir. Əgər qonşumuz inkişaf etmiş bir ölkədirsə, bu, bizim ölkənin inkişafına da müsbət təsir edir. Bu baxımdan, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması, bu dövlətlər arasındakı gərginliyin aradan qalxması iqtisadi-siyasi dvidentlərlə yanaşı, regiondakı sabitliyə müsbət töhfə verəcək. Düşmənçilikdən imtina etmək, xoş əhval-ruhiyyə formalaşdırmaq müsbət haldır, və bu, ölkələri, xalqları daha da bir-birinə yaxınlaşdırır. Təyyarə qalmaqalından öncə Türkiyə ilə Rusiya arasında 30 milyard dollarlıq ticarət dövriyyəsi var idi. Bu dövriyyənin yenidən bərpa edilməsi və daha da artırılması bölgə iqtisadiyyatının dirçəlişinə səbəb ola bilər. Azərbaycan manatı, iqtisadiyyatı xarici ticarət dövriyyəsi, ticari əlaqələrlə birbaşa bağlıdır. Əgər qonşu ölkələrdə iqtisadiyyat güclənərsə, bu, bizim də iqtisadiyyatımızın, milli valyutamızın daha da güclənməsinə təsir edər. Ona görə də qonşu ölkələrin iqtisadiyyatının, milli valyutalarının güclənməsində biz hər zaman maraqlıyıq. Üstəlik, Rusiya və Türkiyə kimi iki böyük dövlətin uzlaşmasının Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətli həlli üçün də əhəmiyyəti var. Hər iki dövlət arasında münasibətlərin yaxşılaşması gələcəkdə Dağlıq Qarabağ probleminin həllində də ortaq mövqedən çıxış etmələrinə səbəb ola bilər. Bütün bunları nəzərə alaraq, Rusiya və Türkiyə münasibətlərinin əvvəlki məcrasına qayıtmasını alqışlayıram”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər üzvü, deputat Elman Məmmədov da hesab edir ki, Azərbaycanın müttəfiqləri sayılan Türkiyə və Rusiya arasında münasibətlərin yaxşılaşması bütünlüklə region, o cümlədən ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir: "Əvvəla bu, hər iki dövlət üçün vacibdir. Bundan başqa, bu razılaşma region, ümumilikdə dünya siyasətində baş verən hadisələr, iqtisadi-siyasi proseslərin irəliyə doğru inkişafı üçün də vacibdir. Rusiya və Türkiyə böyük dövlətlərdir, onların strateji mövqeyi də coğrafi baxımdan mühüm əhəmiyyət daşıyır. Bir Azərbaycan vətəndaşı kimi hər iki dövlət arasında münasibətlərin yenidən bərpa olunmasını, inkişaf etdirilməsini alqışlayıram. Bu iki dövlətin münasibətinin normal olması həm Azərbaycanın iqtisadi inkişafı üçün əhəmiyyətlidir, həm də Dağlıq Qarabağ probleminin ədalətli həllində bu iki böyük dövlətin münasibətlərinin uzlaşması vacibdir. Hər iki dövlət ATƏT-in üzvüdür. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə isə ATƏT-in Minsk qrupu məsuldur. Bu mənada, Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması problemin həllinə yalnız müsbət təsir göstərə bilər. Bir məsələni də xüsusi olaraq vurğulamaq yerinə düşər ki, 2015-ci ildə olduğu kimi, indi də Rusiya-Türkiyə arasında münasibətlərin yaxşılaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolu olub. Təsadüfi deyil ki, Türkiyənin Baş naziri Binəli Yıldırım prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında münasibətlərin yaxşılaşmasına görə Azərbaycan dövlət başçısına da xüsusi minnətdarlıq etdi. Bu faktın özü bir çox mətləbləri daha açıq şəkildə ortaya qoyur deyə, əlavə şərhə ehtiyac duymuram”.

Rufik İSMAYILOV

Geri dön