Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Ruhən bitmiş insanlar və onların apardığı təbliğat bizi inkişafdan, yeni sağlam düşüncələrdən uzaqlaşmağa vadar edir – Elşən İsmayılla müsahibə
Ruhən bitmiş insanlar və onların apardığı təbliğat bizi inkişafdan, yeni sağlam düşüncələrdən uzaqlaşmağa vadar edir – Elşən İsmayılla müsahibə |
Müsahibimiz Bütöv Azərbaycan Ocaqlarının üzvü, gənc vətənpərvər, millətçi, istedadlı həvəskar yazar və rejissor Elşən İsmayıldır. Sizə onunla apardığımız müsahibəni təqdim edirik:
Elşən bəy, hər şeydən öncə bilmək istəyirik sizin üçün vətən nə deməkdir? Vətən, üzərində müstəqil yaşadığımız, millətimiz və ailəmizlə xatirələrimizi yaratdığımız, mədəniyyətimizin, dövlətimizin və tariximizin ortaq elementi torpaq parçasına verdiyimiz addır. Bizim mədəniyyətimizdə namusumuz da bir parçasıdır, xoşbəxtliyimizin də. Torpaq bəsit bir ərazi parçası deyil. Çünki dünyanın hər hansı bir yerindəki torpaq parçası bizim vətənimiz ola bilməz. Vətənimizin bizdə qoyduğu hiss fırtınasını yaşada bilməz. Vətən torpağı bir dəfə əldə edildiyi şərtlər etibarilə digər torpaq parçalarından ayrılır. Vətən uğrunda döyüşürlər, hətta ölürlər, ən önəmlisi də vətənə ən gözəl dəyərlərlə verilir. Tarix boyu vətən hər zaman müqəddəs sayılmışdır. Vətən uğrunda bir çox müharibələr aparılmış, bir çox qan tökülmüş, bu yolda bir çox can fəda edilmişdir. İllərdir vətən üçün yazılmayan şeir qalmayıb, bir çox ədəbi əsərdə vətən mövzusu işlənmişdir. Bu torpaq parçası asan əldə edilməyib, bu səbəbdən də asanlıqla almaq istəyənlərə veriləcək çox əhəmiyyətli cavablar hətta çox sərt cavablar var. Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü-nüma. Vətənim verdi mənə namü-nəmək, Vətəni məncə unutmaq nə demək?! Anadır hər kişiyə öz vətəni: Bəsləyib sinəsi üstündə onu. Südüdür ki, dolanıb qanım olub, O mənim sevgili cananım olub. Saxlaram gözlərim üstə onu mən, Ölərəm, əldən əgər getsə vətən. Vətənin neməti nisyan olmaz, Naxələflər ona qurban olmaz. Vətən – əcdadımızın mədfənidir, Vətən – övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz, Olsa, o şəxsdə vicdan olmaz. Böyük sənətkarımız, dahi şairimiz Abbas Səhhətin bu şeirini mən çox sevirəm. Ta uşaqlıqdan əzbərim olmuşdur. Mənimçün vətənin təsviri bu şeir deməkdir. Sizin üçün müqəddəs məfhumlar hansılardır ? Mənimçün hər şeydən öncə milli kimliyim – Türklüyüm, sonra vətənim, millətim, tarixim, mədəniyyətim, milli musiqim, ana dilim; doğulduğum, yaşadığım, soyumun, nəslimin, əcdadımın var olduğu bütün torpaqlar; Bütöv Azərbaycan və Turan məfkurəsi, ülküsü, bayrağımız, bütün milli atributlarımız və rəmzlərimiz, eyni zamanda qədim inancımız, qədim törələrimiz müqəddəsdir. Sizi kövrəldən, hissiyyatınıza toxunan məqamlar olmuşmudur və o məqamları qeyd edərdiniz zəhmət deyilsə? Mən xaraktercə çox emosional insanam. Sadə şeylərdən həmən həyəcanlanır, hislərimi tez büruzə verirəm. Bunun səbəbi isə məncə millətçi və incəsənət adamı olmağımla əlaqədardır. Bir az da burda gendən, irsən keçmə məsələsi də var. Çünki mənim atam və 7 arxa dönəmim hamısı vətəninə, millətinə bağlı insanlar olmuşdur. Nəslimdə keçmişdə incəsənət xadimləri, siyasət və dövlət adamları olmuşdur. Təvazökarlıqdan uzaq olsa da deməyiləm ki mən bəy nəslindənəm və axırıncı bəy olan babamın atası Şahkərəm xan sovet quldurları tərəfindən tutularaq bütün mülkü müsadirə edilmiş və özü də Sibirə sürgün edilmişdir. Bu barədə düşüncələr, millətimin tarixi, keşmişim, bu günkü bəzi siyasi və ictimai durumlar və özəlliklə Güney Azərbaycan, Türk dünyası ilə bağlı hər hansı xəbər, musiqi, film, və s. məni daima kövrəldir. Xüsusən şanlı kino tariximizə qızıl hərflərlə yazılmış Nəsimi, Babək və Dədə Qorqud filmləri hər izlədiyimdə məni uşaq kimi ağlamağa vadar etmişdir. Şeirə, sənətə bağlılıqmı, yoxsa millətçilikmi, ikisindən hansı sizin ruhunuzu daha çox oxşayır, və ya sizin üçün daha önəmlidir? Düzdür, hər birinin öz yeri var. Lakin mən bu zamanadək fəaliyyətimdə bu iki məfhumu ümumilikdə bir-birindən ayırmamışam. Mənim millətçilik duyğularım, vətənə olan sevgim mənim bu günə qədərki bütün yaradıcılığımda görünmüşdür. Yazdığım şeirlərin haradasa yarıdan çoxu vətən, millət, bayraq, və s. haqqındadır. Çəkdiyim 3 həvəskar film də vətən, millət, milli kimliyimizi təbliğ edir. Amma əlbəttə ki, sənət tamamən ayrı mövzudur. Millətçilik hisləriylə çuğlaşsa da sənətim heç vaxt siyasətə alət olmamışdır, olmaz da. Çünki elə detallar var ki orda sadə insan düşüncəsi, səmimi hislər və ümumbəşəri duyğular millətçiliklə haradasa uzlaşmır. Və peşəkar sənətkar olmaq arzusunda olduğum üçün mən heç vaxt tam olaraq milli duyğularımı sənətimə, saf bir millətçi olduğum üçünsə sənətimi milli düşüncəmə qarışdırmamağa çalışmışam və çalışmağa davam edirəm. Məncə hər insan belə etsə o zaman hər sahədə uğur qazanar. Sizcə cəmiyyətimizin siyasi və ictimai problemləri ümumilikdə nə ilə əlaqədardır, özəlliklə gənclərin bu problemlərə yanaşma tərzi necədir? Düşünürəm ki, baş verən bütün üzücü hadisələrin kökündə, ortalığa çıxan problemlərin əsas səbəbində insanların bir-birini tam anlaması, siyasi və ictimai eqoları, şəxsi zəmində qısqanclıqlar və paxıllıqlar, eyni zamanda tənbəllik, məsuliyyətsizlik durur. Şəxsi zəmində qısqanclıq günümüzün haradasa ən böyük probleminə çevrilmişdir. Xüsusən də orta yaşlı insanların gənclərə qarşı mənasız qısqanclıqları cəmiyyətdə daha böyük problemlərə, qruplaşmalara, parçalanmalara, bölünmələrə gətirib çıxarır. Hələ də Sovet bolşevizminin təsirində olan (millətçisi belə) orta yaşlı bəzi ruhən bitmiş insanlar və onların apardığı təbliğat gəncləri - bizi inkişafdan, yeni sağlam düşüncələrdən uzaqlaşmağa vadar edir və beləcə məsələlər içindən çıxılmaz vəziyyətə dönür. Gənc insanların bir-birinə olan qısqanclığı isə nisbətən sağlam rəqabət üzərində qurulduğu üçün cəmiyyətdə yeni perspektivlərin yaranmasına şərait yaradır. Amma əlbəttə ki gənclər arasında da yaşlı adamlardakı kimi psixoloji xəstə adamlar olduğu üçün bəzən onların da fəaliyyəti dağıdıcı xarakter daşıyır. Bu kimi digər problemlərin həlli isə öncəki köşə yazılarımda qeyd etdiyim kimi ümummilli təbliğat sistemindən, dövlətimizin xalqımıza qayğısından və bütün sahələrdə aparılmalı olan vacib islahatlardan keçir. Üzvü olduğunuz təşkilat, çevrəsində olduğunuz adamlar sizə necə təsir edir və sizin üçün hansı önəmə sahibdir? Üzvü olduğum Bütöv Azərbaycan Ocaqları (BAO) təşkilatı – “Millətin Təşkilatı, Dövlətin Dayağı” deviziylə və böyük yolbəyimiz Elçibəyin “Millətləşmə, Dövlətləşmə, Bütövləşmə” prinsipləriylə öz siyasi-ictimai fəaliyyətini müəyyən edən, vətənimizin və millətimizin bütövlüyünə, ümummilli birliyinə çalışan, vətənpərvərliyi və milli kimliyimizi təbliğ edən qurumdur. Əlbət belə bir qurumun tərkib hissəsi olmaq mənim üçün böyük xoşbəxtlik, vətən bütövlüyü uğrunda mübarizə aparan insanlarsa müqəddəsdir. Uşaqlıqdan, mərhum liderimiz, yolbəyimiz Elçibəyin yanında, komandasında olmaq, onun müqəddəs kimliyini, qutsal ruhunu duymaq istəmişəm. Belə bir arzum gerçəkləşmədiyi üçün çox zaman üzülsəm də indi çox xoşbəxtəm. Çünki onun vaxtilə yanında olan, tapşırıqlarını, nəsihətlərini dəqiqliklə dinləyən, onun varlığıyla yaşayan insanların çevrəsindəyəm indi. Elçibəy yoluna ən sadiq, milli davaya sahib çıxan insanların birliyi olan BAO mənimçün bir insanlıq, siyasət, liderlik və dövlətçilik məktəbidir. Burda olmaqla fəxr edirəm və millətimizin bütün vətənpərvər gənclərini bu milli birliyə qoşulmağa, vətənimizin milli və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa səsləyirəm. Tanrı biz Türklərə paytaxtı Təbriz olan Bütöv Azərbaycan və daha sonra minillərin qutsal arzusu Ulu Vətən Turanı bərqərar etməkdə yar olsun! Tanrı Türkü qorusun! Geri dön |