Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan prezidenti 20 il əvvəlki cinayətini boynuna alır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Ermənistan prezidenti 20 il əvvəlki cinayətini boynuna alır

Ermənistan prezidenti 20 il əvvəlki cinayətini boynuna alır


Sərkisyanın tükürpədici Xocalı etirafları

Tomas de Vall 2000-ci ildə ondan götürdüyü müsahibənin stenoqramını yaydı; Azərbaycan bundan təkzibedilməz dəlil kimi istifadə edib insan qəssabının əleyhinə cinayət işi qaldıra bilər

Xocalıda ermənilər tərəfindən törədilmiş, əsrin ən vəhşi qətliamlarından biri kimi tarixə düşən kütləvi qırğının 20 illiyində Ermənistanın indiki prezidenti Serj Sərkisyanın bu hərbi cinayətdə şəxsən iştirakına dair sensasion etirafları açıqlanıb. ABŞ-ın Karnegi Fondunun proqram direktoru, Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Vall Xocalı soyqırımının 20 illiyi ilə bağlı Serj Sərkisyandan 2000-ci ildə götürdüyü müsahibənin stenoqramını yayıb.

Karnegi Fondunun saytında yayılan stenoqrama yazdığı qeyddə Toms de Vall bildirir ki, bu addımı atmaqla Sərkisyanın həmin müsahibəsi ilə bağlı illərdir davam edən spekulyasiyalara son qoymaq istəyir. Məsələ ondadır ki, Tomas de Vall “Qara Bağ” adlı kitabını yazarkən apardığı araşdırmalar çərçivəsində o vaxt Ermənistanın müdafiə naziri olan Sərkisyandan da müsahibə götürüb. Həmin müsahibədə Sərkisyanın erməni qüvvələrinin Xocalıda məqsədyönlü şəkildə dinc əhalini qırdığını təsdiqlədiyinə dair sitatlara öz kitabında yer verib. O vaxtdan bəri hər dəfə Xocalı qətliamının ildönümündə Tomas de Vallın kitabına və Sərkisyandan götürdüyü müsahibəyə istinad edilirdi.

Bu kitab dərc olunduqdan sonra Ermənistan tərəfi Tomas de Vaalı saxtalaşdırmada ittiham edib. Tədqiqatçını Azərbaycanın əlaltısı olmaqda və qəsdən saxtakarlıqla məşğul olmaqda ittiham edənlər də olub.

“Hər il məni Xocalıdakı qətliam və Sərkisyanın mənim kitabımda yer alan sözləri ilə bağlı müsahibə vermək üçün mühasirəyə alırlar. Bu il Xocalının 20 ilinin tamam olduğu bir vaxtda mən qərara aldım ki, ən yaxşısı Sərkisyanın rusca verdiyi müsahibənin tam stenoqramını yaymaq və onun dediklərini tam kontekstdə təqdim etməkdir” - deyə ekspert qeyd edir.
Belə məlum olur ki, Tomas de Vallın Sərkisyanla həmin müsahibəsinin audioyazısı da saxlanılır.


Məlum olur ki, Tomas de Vall Serj Sərkisyanla 2010-cu il dekabrın 15-də, Naxçıvanla Ermənistan sərhədində Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə görüşünün ardınca bir araya gəlib. Müsahibə xeyli genişdir və orada bir sıra maraqlı detallar yer alır. Sabahkı sayımızda Sərkisyanın Tomas de Valla söhbətinin digər ilginc detallarını oxuculara təqdim edəcəyik. Bu gün isə Xocalı qətliamının 20 ilinin tamam olmasını nəzərə alaraq Ermənistanın indiki dövlət başçısının 1992-ci ilin fevralında hərbi və insanlığa qarşı cinayətdə necə yer aldığına dair etiraflarını çatdırırıq.

Müsahibənin Xocalı hadisələri və bu hadisələrdə yer alan 366-cı alaya aid hissəsi belədir:

Tomas de Vaal: Amma mən deyə bilərəm ki, məndə olan məlumatlara görə, 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub.

Serj Sarkisyan: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma, birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar “Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər. İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırkı komandanı, general-leytenant (Seyran) Ohanyan orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma bir, iki və ya üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur.

Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?

Serj Sarkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.

Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır. Baxmayaraq ki, mənim fikrimcə, çox şey şişirdilib. Azərbaycanlılara hər-hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cürə müqayisə etmək olmaz. Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və güllə uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli o da döyüş əməliyyatlarında iştirak edir...Və orada dəhliz harada isə onları güllələmək üçün qoyulmamışdı, Ağdamın girəcəyində deyil, Xocalıda da güllələmək olardı.

Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki ...

Serj Sərkisyan: Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi. Amma bu metodu biz düşünmədik. Bunu, Hadrut və Şuşa rayonlarından öz milislərinin köməyilə bizimkiləri qovarkən onlar düşündülər. (Tərcümə “Turan” agentliyinindir.-red).
***
Serj Sərkisyanın 1992-ci ildə Qarabağda erməni silahlı birləşmələrinə rəhbərlik edənlərdən biri kimi Xocalı qətliamında, Qaradağlı kəndində yüzlərlə dinc sakinin vəhşicəsinə qətlə yetirilməsinə, başlarının kəsilməsinə, dərilərinin soyulmasına görə şəxsən məsuliyyət daşıdığına, onun bu cinayətlərdə şəxsən iştirakına heç kimin şübhəsi yoxdur.

Lakin onun Tomas de Valla söhbətinin dünən yayılmış stenoqramı sənəddir, dəlil-sübutdur və Sərkisyan özü Xocalıda dinc insanların kütləvi şəkildə, qadın, uşaq, qoca demədən qırılmasına rəhbərlik etdiyini təsdiqləyir. Və açıq etiraf edir ki, bu qətliamı azərbaycanlıların ermənilərin dinc əhaliyə əl qaldıra bilməyəcəyi barədə düşüncələrini dəyişmək üçün həyata keçiriblər. Sərkisyanın 12 il əvvəl verdiyi müsahibənin stenoqramının yayılması Azərbaycan tərəfinin əlinə onun barəsində cinayət işi qaldırmaq, eləcə də beynəlxalq instansiyalara müraciət etmək üçün çox mühüm dəlil-sübut verir. Bu stenoqramdan istifadə edərək Sərkisyanın hərbi cinayətə rəhbərlik etdiyini sübuta yetirmək çətin deyil.

Azərbaycan hüquq-mühafizə orqanları Xocalı qətliamında iştirak edən hərbi canilərin bir qrupuna qarşı cinayət işi başladıb və onların arasında 366-cı alayın hərbçiləri də var. Lakin görünür, Ermənistanla danışıqlara mane olmamaq üçün bu cinayət işinin personajları arasında nə Sərkisyanın, nə də Robert Köçəryanın adlarını salmayıblar.

Geri dön