Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elşən İsmayıl: - DALĞALARIN RƏQSİ (hekayə)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Elşən İsmayıl: - DALĞALARIN RƏQSİ (hekayə)

Elşən İsmayıl: - DALĞALARIN RƏQSİ (hekayə)


Yorucu, bitkin bir günün ardından sərin, rahatladıcı, xoş bir təəssürat yaradan axşamçağı, özü də ecazkar dəniz sahilində... Bu düşüncələrlə Turqut işdən çıxmağa hazırlaşırdı ki, birdən gözü telefonunun ekranındaki gənc qız şəklinə sataşdı. Ona həvəslə, həyacanla baxaraq ürəyindən bu sözləri keçirdi: “Səninlə keçirdiyim o möhtəşəm gecəni ömrümün bütün gündüzlərinə dəyişərdim...”. Turqut kövrələrək bir anlıq fikrə daldı və o unudulmaz günü xatırlamağa başladı...

Turqut əslən Qarslı olan bir İstanbullu iş adamının oğluydu. Uşaq vaxtı iş yerinin dəyişməsilə əlaqədar köçmüşdülər İstanbula. Haradasa o vaxtı təxminən 6 yaşı olardı Turqutun, amma hər şey elə dünən kimi yadındaydı... Qarsda Azərbaycan türkləriylə birlikdə yaşayan sadə, məmur ailəsiydi onlarınkı. Atası Anadolu türkü olsa da yaşadıqları məhəllədə bir yaşlı qarı ona bir dəfə demişdi ki, guya onlar yüz il bundan öncə Osmanlı zamanında Qacar xanədanlığından, yəni Azərbaycanın güneyindən köçüblərmiş. Ulu babası Qacar dövlətində mirzə olaraq çalışan Turqutun soy ağacı elə dövlət, nisbətən rəsmi peşə sahibləriylə dolu idi... Turqut özü bir bankda hüquq məsləhətçisi işləyirdi. Atası bələdiyyə sədrliyindən təqaüdə çıxdıqdan sonra ticarətə girişmişdi, qısa zamanda orta səviyyəli bir şirkət sahibi olmuşdu. Turqut atasının ticari firması olmasına baxmayaraq özü sevdiyi peşədə, özü seçdiyi yerdə işləməyi qərara almışdı. Yaşı otuzu ötsə də hələ ailə qurmaq haqqında düşünmürdü, elə hey çalışırdı, çalışırdı... Qardaşları Özal və Fikrət yaşca Turqutdan kiçik olsalar da atalarının yanında salışır, indidən şirkətdə söz sahibi olmuşdular. Başqa böyük qardaşlar kimi Turqut heç vaxt kiçik qardaşlarını qısqanmaz, onların hər uğuruna sevinir, bacardığı qədər onlara dəstək olmağa çalışırdı. Beləcə sadə, olduqca mütəvazi, mehriban ailəsi vardı Turqutun. Bir tək anasını uşaq yaşda itirməsi olmasaydı taleyindən heç də şikayətçi olmazdı...

Həmin gün Turqut çox ağır bir iş gününü yenicə bitirmişdi və planında evə gedib duş qəbul etdikdən sonra yatıb dincəlmək, növbəti istirahət günü bir az ev işləriylə məşğul olmaq, dostlarıyla görüşüb vaxt keçirmək və sonda yenə evə qayıdıb yeni iş gününə hazırlaşmaq vardı. Amma nədənsə o bunu etmədi. Səbəb başına gələn qeyri-adi hadisə oldu.

Elə yenicə iş yerindən çıxıb avtodayanacağa gəlmişdi ki, birdən arxadan yad bir gənc qızın incə, olduqca zərif səsi onu diksindirdi. Dərhal arxaya dönüb səsin sahibini görmək istədi. Amma qarşısında birdən-birə peyda olan bu mələk simalı qız onu öz zərif, titrək, təzə açmış bənövşəni xatırladan möhtəşəm görünüşüylə ovsunladı. Birdən-birə ciddi iş adamı Turqut nisbətən bəstəboy, narin üzlü, qısa saçlı bu xanımın qarşısında şaşqın romantikə dönmüşdü. Qız ondan sadəcə iki küçə o yandaki otelin yerini soruşmuşdu. Amma Turquta elə gəlirdi ki, sanki göylərdən onuncun enmiş bu kiçik mələk ona öz sehrli sözlərini deyir. Bu dəqiqə Turqutu kimsə ehmalca itələsəydi o andaca yerə tirtap gedərdi. Çünki məs indi onun ayaqları tutmur, sanki havada uçurdu. Gözləri qarşısındaki qıza olan heyranlığından və həyəcandan böyümüş, az qala hədəqəsindən çıxacaq hala gəlmişdi. Bir neçə dəqiqə beləcə keçdi. Turqut nə danışdı, nə etdi o qızla, bilmədi, qurduğu şirin xəyallar onun ruhunu alıb aparmışdı. Cismindən isə Turqutun xəbəri yox idi.

Gözlərini açanda adını yenicə öyrəndiyi o qızın dəniz sahilində əllərini arxaya doğru açaraq dayandığını, coşqun dalğaları izlədiyini gördü. Dərhal ayağa qalxdı. Çaşqın və təəccüblü üz ifadəsiylə qızın yanına gələrək soruşdu:

Dəniz, biz bura necə gəldik axı?

Qız gülümsəyərək Turquta döndü və olduqca şirin ədasıyla cavab verdi:

Aha, deyəsən bəyimiz də oyanmış. Adımı xatırlamağın gözəl irəliləyişdir.

Turqut qızın sözlərindən heç nə anlamasa da həyəcanla onun qönçə dodaqlarından çıxan hər hərfi diqqətlə dinlədi. Və bir anlıq düşündü, Tanrım bu nə ağlasığmaz, amma möhtəşəm hadisə idi onun başına gəlmişdi. Əgər Turqut bir az fanatik olsaydı o zaman deyərdi, yoxsa mən cənnətəmi düşdüm? Amma ailəsindən gördüyü sırf elmi tərbiyə əsasında Turqut belə cəfəngiyatlara inanmırdı. Yenə də qarşılaşdığı bu qeyri-adi hal qarşısında aciz qalmışdı o.

Mənə başa sala bilərsən, biz bura necə gəldik axı? Xahiş edirəm – axır ki, cəsarətini toplayıb qızla danışmağa qərar verdi.

Qız yenə gülümsəyərək onun gözlərinin içinə baxdı və həzin səsiylə - bizi buraya sən gətirmisən, əzizim – Turquta sarıldı.

Düşdüyü vəziyyətin gözəl olsa da anlamını, səbəbini, baş vermə ardıcıllığını dərhal öyrənmək istəyən Turqut bu mələk simalı qızın adını haradan bildiyini nə qədər düşünsə də tapa bilmədi.

Doğrudan heç nə xatırlamırsan? Bəs mənə necə aşiq olduğunu da ? – nisbətən zarafatyana dodaqlarını büzərək əlləriylə Turqutun başını tutub gözlərinə baxdı.

Turqut bu gözəl, bu şirin qızın gözlərində sanki xoşbəxtliklə bərabər dərin bir kədər də gördü və onun ecazkar bir musiqi kimi səslənən səsini, sözlərini eşitdi. Beləcə bir şeylər xatırlamağa başladı.

Həmin gün o dayanacaqda sadəcə bir otelin ünvanını öyrənmək istəyən Dəniz yanından qəfildən keçən bir “Mercedes”-in az qala altında qalacaqdı ki, Turqut həmən onu kənara çəkdi. O andaca göz-gözə gələn cütlük Turqutun həyəcandan, Dənizin qorxudan müvazinətini itirməsiylə, üst-üstə yerə yıxıldı. Bədbəxtlikdən Turqutun başı yerdəki bir kəsilmiş dəmir boru çıxıntısına möhkəm dəydi və elə o vaxt onu al qan götürdü. Dəniz onu ölümdən qurtaran bu adamın özünün həyatının təhlükədə olduğunu duyaraq hay-həşir qopardı və hadisə yerinə bir neçə dəqiqə içində təcili yardım, polis və s. gəldi.

Dərhal xəstəxanaya çatdırılan Turqut kəllə-beyin travmasıyla öncə əməliyyata alındı bir gün sonra palataya yerləşdirildi. Dəniz isə onu bir an olsa belə yalnız buraxmadı. Bir iki gün beləcə keçdi. Onlar əməlli-başlı dostlaşdılar. Öncə Turqut, sonra Dəniz öz həyatı haqqında danışdı.

Şanlı Urfada bir ağa ailəsində dünyaya göz açan 25 yaşlı bu gənc qız Universiteti Mardində bitirdikdən sonra evinə qayıdanda heç də arzulamadığı bir həyata məcbur edildi. Atasının qonşu aşirətlə düşmənçiliyi üzündən el adəti üzrə Dəniz tanımadığı, orta yaşlı bir kişiyə təcili ərə verilməliydi. Əlbəttə ki, ailədən kimsə ağanın sözünə qarşı gələ bilməzdi və Dənizin Mardində Beynəlxalq Əlaqələr fakültəsini bitirməyini də heç düşünən olmadı. Dənizsə son çarəni İstanbuldan olan bir tələbə yoldaşının təklifiylə gizlicə qaçmaqda görmüşdü.

Beləcə onlar tanış oldular. Bir həftə sonra isə artıq bu gözəl cütlük bir-birilərinə ürəklərini açmışdı. Və qədim nağıllardaki kimi əhd-peyman bağlayıb tezliklə nişanlanacaqları barəsində də sözləşdilər. Amma zalim fələk onları xoşbəxt olmağa qoymadı.

Xəstəxanadan çıxandan sonra bir ev tutub yaşamağa qərar versələr də Turqutun başında, aldığı zədədən qaynaqlanaraq yaranan yeni xəstəlik, onların bütün arzularını təxirə saldı. Yenidən xəstəxanaya qayıdan cütlük bir axşam bu dəniz sahilinə gəlməyə qərar verdilər.

Hər şey burada başladı. Saf sevgi dərin ehtirasla birləşib al günəşin şüaları altında daha da gözəlləşdi. Dəniz Turqutu alovun quru odunu, axar suyun tir parçasını, günəşin günəbaxan çiçəyini, sərin mehin incə ağac yarpaqlarını, torpağın bitkiləri sardığı qədər möhkəm-möhkəm sarmışdı. Onunla ürəyinin dərinliklərinə qədər enən məhəbbət hissinin verdiyi təsviredilməz dərəcədə böyük xoşbəxtliyin qanadlarında uçurdu. Sanki ürəyinə nəsə dammışdı. Sanki Tanrının ona bəxş etdiyi əvəzsiz xoşbəxtliyin bir az sonra bitəcəyini anlamışdı.

Gözəl anlar çox tez bitdi. Hər bir məşuqun saniyə-saniyə yaşamaq istədiyi o unudulmaz anlar bir neçə dəqiqə içərisində sona yetdi. Və özünü dünyanın ən xoşbəxt insanı hiss edən Dəniz getdikcə batmaqda olan günəşin al şüaları altında qızaran dənizə doğru qaçdı. Əllərini yanlara, arxaya doğru açan mələk simalı bu gənc qız xışıl-xışıl xışıldayan şıltaq dalğaların şən rəqsini izləməyə başladı. Həqiqətən də insan elə bir halda ola bilir ki, bütün aləm onun gözünə musiqi teatr kimi görünür. Və bu teatrda özəl rola sahib olan dalğalar elə hey durmadan, cəsarətlə, sevincək halda rəqs etməyə davam edirdilər...

O gözəl anlardan sonra dərin bir yuxuya gedən, sonra ayılan və başındaki travmadan təsirlənərək müvəqqəti yaddaşını itirən Turqut bir neçə dəqiqə içində hər şeyi yenidən xatırladı və öz gözəl sevgilisinə sarıldı. Bir müddət dənizə doğru baxaraq beləcə qaldılar. Sonra Turqut sahildə yeriməyi təklif elədi. Elə bu andaca bütün dünya onun üçün cəhənnəmə çevrildi... Haradan gəldiyi bəlli olmayan iki nəfər Şanlı Urfalı silahlı adam Dənizi çarpaz atəşə tutaraq günəşin şüalarının rəngi tək al qana boyadılar. Və dərhal gözdən itdilər... Turqut isə keçirdiyi ani şokla oradaca yıxılıb qaldı.

Bir ay sonra məs bu gün işdən çıxarkən o anları, Dənizlə tanış olduğu ilk saniyələrdən indiyə qədərki bütün zamanı bir film kimi izlədi – xatırladı. Dərhal həmənki sahilə gedib mərhum sevgilisi Dənizi düşünərək, onun kimi çılğın dalğaların rəqsini izləməyə başladı. Xəyalında Dənizlə burada keçirdiyi o möhtəşəm anları – eşq dəqiqələrini yenidən yaşadı...

Dənizsə sadəcə öz acı taleyinə razı olmadığı üçün doğma atasının göndərdiyi muzdlu qatillər tərəfindən öldürülmüş, Turqutun dostlarının köməyilə boğaza dorğu torpağa tapşırılmışdı. Beləcə aşirət rəisi öz “namus”-unu təmizləyib eldə, obada itirilən nüfuzunu qaytarmış, bir-birini dəlicəsinə sevən iki ürəyi qəddarcasına ayırmışdı...

Dəniz bu gün daha coşqun, daha çılğın idi. Dalğalar daha dərindən, daha qəzəbli şəkildə rəqs edirdilər. Sanki ana təbiət öz övladına acıyır, qatillərə qarşı nifrətini bildirirdi...

Elşən İsmayıl
Gənc, həvəskar yazar


Geri dön