Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda kürd siyasəti
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Güney Azərbaycanda kürd siyasəti

Güney Azərbaycanda kürd siyasəti


Orta Doğu ölkələrində 2003-cü ildən yeni bir siyasi dönəm gündəmə gəlməkdədir. Belə ki, Pakistan, Əfqanıstan, İraq və bunun ardınca isə Tunis, Əlcəzair, Misirdə hakimiyyət dəyişiklikləri ilə yanaşı, həm də bu dövlətlərdə uzun müddət mövcud olmuş siyasi rejimlər də dəyişməyə başlamışdır. Bu prosesdə Batı dövlətlərinin xüsusi əməyi olsa da, digər yandan həmin bölgələrdə sosial və iqtisadi həyat tərzinin yeni düzəndə inkişaf etməsi həm də böyük mənada çoxdan gözlənilən bir sosial sifarişə çevrilmişdi. 2011-ci ildən bu proses Suriya, İordaniya, Mərakeş, Bəhreyn, Qətər və digər dövlətlərdə də öz təsirini göstərməkdədir. Suriyada 1963-cü ildən iqtidarda olan təkpartiyalı siyasi rejimin əsas dayaq nöqtəsi olan BƏƏS (Ərəb Milliyyətçi Sosialist Partiyası) partiyasının indi çöküşə doğru yönəlməsi, dünyanı totalitar təfəkkür tərzinin fəlsəfəsi ilə idarə etmək istəyən İran, Rusiya, Çin, Hindistan və digər ölkələri çox ciddi şəkildə narahat etməyə başlayıb. Totalitar və diktator rejimləri çökdükcə, yeni siyasi bazisin yaranması həmin dövlətlərdə uzun illər milli sərvətləri talan edən, milyonlarla insanların ac-yalavac yaşaması səbəbindən milyardlara sahib çıxmış zənginlər zümrəsinin inzibati amirlik dövrünün sonunun çatdığına indi hər kəs inanmağa başlamışdır. Məhz bu qlobal amilləri nəzərə alan, bölgədəki hakimiyyətlərinin ömrünü uzatmaq istəyən, xalqları üz-üzə qoyaraq süni şəkildə etnik münaqişələrə səbəb ola biləcək prosesləri idarə edən bu strateji mərkəzlər saman çöpündən yapışaraq bir sıra tədbirləri həyata keçirməyə başlamışlar. Bu yöndə Tehranın paniranizm və fars şovinizmi siyasətinin qazanında hazırlanan ideoloji söykəm kimi Güney Azərbaycanın Urmu, Sulduz, Xoy, Soyuqbulaq, Səlmas və digər bölgələrində “kürd bölücülük hərəkatı”nı alovlandırmağa başlamışlar.

İranda daxili faktorlara hesablanmış kürd kartı

Hələ 19-cu yüzilliyin ortalarında Rusiya, Fransa və İngiltərə Qacarlar İmperiyasının tamamilə çökməsi yönündə bir sıra strateji proyektləri tədrici yolla həyata keçirmək üçün addımlar atmışdılar. Özəlliklə indi Urmu və Kürdüstan vilayətləri adlanan bölgələrdə erməni, assur (aysor) və kürd əhalisini himayə etməklə onları min ildən çox idarə edən türk hakimiyyətlərinin çöküş siyasəti yönündə bu toplumları bir sosial şəbəkə olaraq idarə etməklə özlərinin strateji hədəflərinə doğru irəliləyirdilər. Belə ki, həmin dönəmdə İranın Xuzistan bölgəsində Zanqan, Cəlali, Əl-bukord, Gilan bölgəsində Rəşvənd, Amarlu, Mazəndaran bölgəsində Cahanbeqlu, Xacavənd, Qəzvin bölgəsində Huyatvənd, Kakavənd, Rəşvənd, Məəfi, Behuti, Uamişqazak, Cəlilvənd, Kalxori, Tehran bölgəsində Pazuki, Burbur, Xədavənd, Uriyad, Zərgər, Nənəqul,kord baça, Kalxori, Bəlucstan bölgəsində lotafa, xanzəndə, Xorasan bölgəsində zərəfanlu, keyvanlu, milanlu, Kerman bölgəsində mir kord, Fars bölgəsində şəbəkənkərə, rəmani, esmaili, karzubi, məsudi, şəkani, zəndi, kord şuli, Kürdüstan bölgəsində kurmancı əşirətinə aid olan sərşiv, bəni ərdələn, caf, xulilan, gorani, kalxori, şərəfbəyani, kərindi, zəngənə, Luristan bölgəsində delfan, selsela, ərmai, bəyravənd, itivənd, cudeki və kord, bununla yanaşı indiki Batı Azərbaycan bölgələrində cəlali, milan, şeyxkanlu, dudkanlu, dəlayi, beruki, əmui, mandula, berui, kalikanli, kəliki, heydəranlu, şəkkaki, xerki, beqzadə, zarza (zerzan), liran, məməs, məngur, morki, dexborki, qovark, süsəni, feyzullahibeqi, Həmədan bölgəsində cəmiri, cuzikan, şahcan, Doğu Azərbaycan da isə alabianlu, məhəmmədxanlı, hüseynaklu tipli irili, xırdalı kürd əşirətlərinin məskunlaşması strategiyası genişləndirildi.
1914-1918-ci illərdə Fransa, Rusiya və İngiltərə öz strateji maraqlarına uyğun olaraq, dünyanın sonuncu qüdrətli türk dövlətləri olan Osmanlı və Qacarlar imperiyalarının tam çöküşü siyasətində dağınıq və yayğın şəkildə yaşayan bu kürd əşirətlərini də hərəkətə gətirməklə onları maliyyə və silah cəhətindən təmin edirdilər. Əsas məqsəd bu türk dövlətlərini daxili münaqişələrin sayəsində tamamilə çökdürmək olmuşdur. 1924-cü ildən hakimiyyəti böyük dövlətlərin güclü dəstəyilə qəsb edən mehtər oğlu Rza Pəhləvi tarixdə ilk dəfə olaraq fars şovinist siyasətinə pərçimlənmiş İran dövlətinin yarandığını elan etmişdir. Bununla da paniranizm anlayışı dövlət siyasətinə çevrildi. Bu proses 1978-ci il 23 bəhmən tarixinə kimi dövlət siyasəti olaraq idarə olundu. Həm Rza Pəhləvi, həm də onun oğlu Məhəmmədrza Pəhləvi 54 illik hakimiyyətləri dönəmində qatı fars şovinizmi siyasəti aparılmaqla yanaşı, ən azından türkün min illik siyasi və etnoloji dəyərlərinin izlərini məhv etmək üçün çalışıldı. Çünki, paniranizm və fars şovinizmi doktrinasının mətbəxində Maday, Atropat, Səlcuqlu, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar dövlətlərinin sosial, mədəni, ictimai, hərbi, coğrafi anlamda min ildən çox institutsional dəyərlərinin bütün izlərini məhv etmək üçün çox dərin mübarizələr aparıldı. Hətta Türk Dünyasının ALTUN NÖQTƏSİ hesab olunan Urmu bölgəsini tamamilə “kürdləşdirmək” tipli böyük siyasi oyunlar da yaşanıldı. Güney Azərbaycan türklərinin ötən 100 il ərzində çox böyük rəşadəti sayəsində bu planlar baş tutmamışdır. Çünki, belə bir siyasətə qarşı milli iradənin göstərilməsi həm də böyük bir ənənəyə söykənirdi. Bunu 1908-1912-ci illərdə baş vermiş Məşrutə Hərəkatı, 1918-1920-ci illərdə Azadistan Hərəkatı, 1941-1946-cı illərdə yaşanılan 21 Azər Hərəkatı, 1957-1968-ci illərdə Fədai Hərəkatı, 1977-1981-ci illərdə davam etmiş inqilabi hərəkatları bunu bir daha təsdiq edir. 1978-ci il 23 Bəhmən İnqilabından sonra hakimiyyətə gəlmiş klerikal rejim ölkədə milli siyasət baxımından mahiyyətcə mənhus pəhləvilər rejimindən heç nə ilə fərqlənmədi. İlk öncə dini və əxlaqi dəyərlərin dövlət siyasətinə çevriləcəyini elan edən klerikal rejim öz hakimiyyətini möhkəmlədən kimi, dərhal din pərdəsi adı altında paniranizm və fars şovinist siyasətini fərqli bir biçimdə gündəmə gətirmiş oldu. Zaman-zaman Güney Azərbaycanda, xüsusilə Urmu, Təbriz, Sulduz, Səlmas, Zəngan, Həmədan, Savə, Qəzvin, Əhər, Ələmdar, Ərdəbil, Meşkin, Soyuqbulaq, Həmədan və digər şəhərlərdə gündəmə gələn milli iradə hərəkatı klerikal rejimin daha ağır fəsadlara səbəb ola biləcək dərin siyasətlərin qarşısını alan əsas faktora çevrilmişdir. Bu proses indi daha möhtəşəm xarakter daşımaqdadır.
Ancaq, bütün bunlarla yanaşı, İran adlı ölkənin klerikal rejimi qatı antitürk siyasətini sadəcə ideoloji söykəmlərlə deyil, bunu həm də bölgədə etnik münaqişələr zəminində də tətbiq etmək üçün ötən 33 illik hakimiyyətində davam etdirmişdir. İlk öncə bu yöndə yalnış olaraq əfşar, qaraçorlu, qaşqay, səkkizlər, qanlı, keçanlu, donboli, malkarlı, şadılı, dəliqanlı, qoluqcanlı, şatranlı, əhmədlu, hacallı, hasanbəyli və başqa türk boylarının kürdləşməsi siyasətini gündəmə gətirdi. Guya bu elat toplumları əsgidən “kürd” olmuşlar və orta çağ dönəmində zorla “assimliasiya” edilmişlər.
Klerikal hakimiyyət Kürdüstan bölgəsinə qəsdən və bilərəkdən dövlət nəzarətini zəif siyasətlə yönləndirməklə buradan Tehran rejiminin İraq, Suriya və Türkiyədə kürdləri bir tərəfdən kontrabanda mallarının (silah və narkotika) ticarətinə yönəldilməsi, digər yandan isə kürd bölücü terror birləşmələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi üçün münbit şərait yaratmışdır. Bu sırada İraqdakı “Kürdüstan Xalq Azadlıq Cəbhəsi”, “Kürdüstan İşçi Partiyası” (PKK), və “Kürdüstan Milli Azadlıq Ordusu” tipli terrorçu birləşmələrinin nəinki Türkiyə, İraq və Suriyada türkmanlar əleyhində, həm də Güney Azərbaycana qarşı məqsədli şəkildə uzlaşmış şəkildə fəaliyyət göstərmişlər. Bütün bunlara fars şovinizmi və paniranizm meyarı ilə yanaşan Tehran rejimi hətta göz yummaqla dolayı yolla kürd terroizminə dəstək də vermişdir.

Beynəlxalq faktorlar və bölgədə “kukla siyasəti”

Orta Doğunun əsas strateji nöqtəsi hesab olunan Türkiyə, Suriya, İraq və İranın sərhəd bölgələrində yaşayan kürdlər və onlara məxsus əşirətlər 1850-ci illərdən başlayaraq, gah Osmanlı, gah da Qacarlar dövlətlərinə qarşı Fransa, İngiltərə və Rusiyanın dəstəyi ilə daim silahlı üsyanlarda iştirak etmişlər. Teokratik rejim qurulandan sonra Güney Azərbaycanın Urmu, Səlmas, Piranşəhr, Pəsvə, Bokan, Savucbulağ, Makı, Qoşaçay, Sulduz, Xoy, Tikantəpə və digər bölgələrində kürd əhalisinin sayının artırılması siyasəti aparılmışdır. Belə ki, qaçaqmalçılıq sayəsində gözlənilmədən xeyli zənginləşən kürdlər tədricən Türkiyə və Güney Azərbaycan sınırları boyunca məskunlşama projesinə uyğun şəkildə hərəkət etmişlər. İndi Urmu bölgəsinin “kürdləşməsi” siyasətini rəsmi Tehran rejimi, Çin, Rusiya, ABŞ, İngiltərə, Fransa, Ermənistan, Ərəb ölkələri daha çox (hərə öz maraqları çərçivəsində) aktiv şəkildə idarə edirlər. Çünki, Soyuq Savaş bitdikdən sonra, 1991-ci ildən bu günə kimi Türk Dünyasını böyük bir coğrafi anlamda bütünləşdirə bilən Türkiyə - Güney Azərbaycan - Orta Asiya zolağı vasitəsilə dünyada yeni güc mərkəzinin yaranması strateji hədəfləri ortaya çıxmışdır. Beləliklə də dünyanın antitürk mərkəzləri bu yöndə “baş sındıraq”, bu coğrafi bütünlüyün yaranmasının qarşısını hansı üsullarla necə almağın yeni hədəflərini sərgiləməkdədirlər.
Güney Azərbaycanın Türkiyə ilə sınır bölgələrinin kürdləşdirilməsi prosesi 2003-cü ildə İraq diktatoru Səddam Hüseynin devrilməsindən sonra bölgədə strateji maraqları olan güclər tərəfindən daha dərin siyasi prosesə çevrilmişdir. Belə ki, indi İraq türkmanlarının ərazisiində süni şəkildə yaradılan “Kürdüstan Milli Muxtariyyəti” sayəsində “İran Kürdüstan”ı projesi də aktuallaşmağa başlamışdır. Əski Sovetlər Birliyi dönəmindən fərqli olaraq, bu dəfə kürdlərin silahlandırılması, maliyyələşdirilməsi, sonucda isə hərbi qücə çevrilməsi prosesi baş verməkdədir. İran və İraq sınırlarındakı dağlıq bölgələr indi heç bir dövlətin nəzarətində deyil. Bu bölgə üzərindən “İran Kürdüstan”ı çox sürətlə silahndırılmaqdadır. “İran Kürdüstanı”ndakı kürd silahlı birlikləri və eləcə də kürd siyasi təşkilatları olaraq, “Komalə - Kürd Kommunist Partiyası”, “Kürdüstan Əmək Partiyası”, “Kürdüstan Demokrat Partiyası”, “PJAK” (Partiya Jiyana Azada Kurdistane) və digər kürd təşkilatlarını idarə etmək üçün İsrail, Fransa, Kanada, Almaniya, İngiltərə, İsveç, Danimarka, Yunanıstan, Belçika, Hollandiya və digər dövlətlərdə hətta xüsusi kadrlar belə hazırlanır. Kürdlərə məxsus əksər siyasi qurumlar zahirən bir-birlərinə qarşı antoqonist münasibətdə olduqlarını bildirirlər. Gerçəkdə isə bu siyasi kukla təşkilatları onları idarə edən güc mərkəzlərinin əmrlərini və projelərini həyata keçirməklə məşğuldurlar.

Tehrandan uzanan xəyanət körpüsü

Güney Azərbaycanın Türkiyə və “İran Kürdüstanı” sərhəd bölgələrində planlı şəkildə məskunlaşan kürdlərin silahlandırılması prosesində rəsmi Tehranın paniranist və fars şovinizmi mərkəzləri də istənilən imkanları yaradırlar. Son bilgilərə görə təkcə Urmu şəhərinin “Bərq” (işıq) dördyolu məntəqəsəində məskunlaşmış kürd əhalisinin sayəsində 10 min nəfərlik qeyri rəsmi silahlı qüvvələr yaradılmaqdadır. Hətta bu hərbi birliklərin İraq üzərindən bölgəyə daşınan silahlarla təchiz olunmasında heç bir problem yoxdur. İran rejimi isə kürd əhalisinin əlində olan bu silahların qanuniləşdirilməsi üçün dövlətin rəsmi orqanı olan SEPAH-ın (İslam İnqilabı Keşikçilər Korpusu) və ETTEALAT-ın idarələrində xüsusi qeydiyyat bölümünü də yaratmışdır. Hətta kürdlərə məxsus evlərin damlarında “İran Kürdüstanı”nın bayraqlarının dalğalanmasına dövlətin rəsmi qurumları tərəfindən heç bir yasaq yoxdur. Sulduz, Urmu, Xoy, Maku, Səlmas, Sayınqala, Tikantəpə və Qoşaçay şəhərlərinə köçmüş kürdlərə məxsus dükanlarda, şirkətlərin binasında, çayxana və qəhvəxanalarda "İraq Kürdüstanı Muxtariyyəti”nin lideri Məsud Bərzani və İraq prezidenti Cəlal Tələbaninin, PKK lideri Abdulla Öcalanın belə portretləri asılmışdır. Bu bölgələrdə kürdlərə məxsus minik avtomobillərində həmin türk qatillərinin şəkillərinin, “Kürdüstan” xəritəsi və bayrağının vurulması halları çox geniş yayılmışdır. Bu xəritələrdə Güney Azərbaycanın Urmu vilayəti, Türkiyənin güney-doğu vilayətləri, Azərbaycan Respublikasının Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Füzuli rayonlarının əraziləri də daxil edilmişdir. Son dönəmdə Sulduz, Urmu, Tikantəpə, Səlmas, Xoy, Makı, Sayınqala, Qoşaçay və digər şəhərlərə köç etmiş kürd tayfaları isə bunlardırlar: keçelan, torini, adaman, koçgiri, holikan, elimiho, trigever, karabalan, gerdeyari, vəznə, gülbahə, siyalə, mametkan, seli yetimi, hadranlu, ağucanan, derviş cemala, sağman və haverki. Bu əşirətləri bir araya gətirərək böyük bir siyasi gücə çevrilmələri üçün PDK və PJAK-ın çox güclü təbliğat şəbəkəsi də qurulmuşdur. Bu yöndə “pyam.nu” internet səhifəsi əsas təbliğat tribunası hesab olunur.

Kürdlərin təhdid siyasətinin astar üzü

PDK və PJAK-a məxsus “grilaypjak.blogfa.com” və “pyam.nu” internet resurslarında açıq şəkildə belə qeyd olunur: “Çaşmayın və əsla təəccüb də etməyin. Bilin ki, İraqdakı türkmanlara məxsus Mosul, Ərbil, Süleymaniyyə və Kərkük şəhərlərini necə İraq Kürdüstan Milli Muxtariyyətinin tərkibinə qatmışıqsa, Güney Azərbaycan torpaqlarının da yarısı “İran Kürdüstanı” projesinin tərkib hissəsinə çevriləcəkdir. Oradakı türklər bu şəhərləri “bizim məkanlar” adlandırsalar da, hamısını geri alacağıq. Güney Azərbaycan adlanan coğrafi ərazidə işğal altında olan şəhərlərimizin azad olunmasında bizim qarşımızı siz türklər ala bilməyəcəksiniz. Buna gücünüz yetməz. Azərbaycan adlanan bu torpaqlar əslində Kürdüstandır. Sizlər isə səlcuq türklərilə birlikdə Orta Asiyadan gələrək bu torpaqlarda məskunlaşmış köçərilərin törəmələrisiniz”.
Quzey İraq Kürdüstan Milli Muxtariyyəti hökumətinin başçısı, Kürdüstan Yurdsevərlər İttifaqı Partiyasının lideri Mustafa Bərzani (yəhudi kürdüdür) kürdlərə məxsus “KurdTV” kanalındakı çıxışında Güney Azərbaycanla bağlı fikirlərini belə bülüşmüşdür: “Milyonlarla kürdün haqq və hüququnu tapdalayanlar bilməlidirlər ki, borcları ödəmək zamanı gəlmişdir. Hamı anlayır və görür ki, artıq bütün kürdlər oyanmışlar. Bizə dəstək olan beynəlxalq güclərin sayəsində artıq biz zülmdən azadlığa qovuşmuşuq. Bizim strateji hədəflərimizin qarşısında sədd çəkərək durmuş Türkməneli (İraq Türkman vilayəti), Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlanan bölgələr köçərilərin işğalında əsrlərdiən bəri inləyən torpaqların da əsl sahibi olan kürdlərə qovuşmasına çox az qalıb. Kərkük, Urmu, Marağa, Təbriz kürd xalqının qəlbidir. Onları kimsəyə verməyəcəyik”. Kürdlərə məxsus və İrana yönəlik “PukMedia” İnformasiya Agentliyinin açıqlamalarının birində qeyd olunur ki: “Böyük Kürdüstanın reallaşmasını və onu tezləşdirməyə can atan kürdlərin Rəzən, Bahar, Kövrəng, Həmədan, Əsədabad və Məlayir şəhərlərinə böyük köç dalğası başlanmışdır”. Qeyd etmək lazımdır ki, bu şəhərlərin hamısı Güney Azərbaycana məxsusdur.
Qərb ölkələrinin maliyyə dəstəyilə “Kürdüstana Qayıdış Hərəkatı” yeni təbliğatlara başlamaqla İranın dağlıq ərazilərində yaşayan bütün kürdlərə müraciət edibdir: “Güney Azərbaycan, Kərkük, Ərbil, Mosul, Kifri, Xanəgin, Təlafət və Adanadan tutmuş Naxçıvan da daxil olmaqla hər yer Kürdüstandır”. Bu qurumun “Kürdlərə xitab” bəyanatında PKK və PJAK-la yanaşı İraqdakı kürd təşkilatlarının da bölgə ilə bağlı perspektivdə duran planları açıqlanmışdır: “Qarabağ erməni qardaşlarımızın, Ərdəhandan (Türkiyə) tutmuş Qəzvinə (Güney Azərbaycan), Mosuldan (İraq Türkmanlarının ərazisi) Naxçıvan və Kəlbəcərədək bizim torpaqlardır (Azərbaycan Respublikası)”.

Paniranizm və kürdlərin müdafiə olunması

Güney Azərbaycanın Sulduz şəhərinə köçərək məskunlaşan kürdlər burada “Sazemane Defa əz Hüquqe Bəşər Dər Kordestan” adı ilə “hüquq müdafiə” təşkilatını yaratmışlar. Halbuki, İran tipli avtoritar və diktator rejimində hər hansı bir ictimai qurum, mətbu orqan ilk öncə ölkənin daxili işlər nazirliyində qeydiyyatdan keçməlidir. Bu yöndə xüsusi icazə almayanların fəaliyyəti isə qanunsuz sayılır. Bu qurum PKK və PJAK kimi qatı antitürk kürd partiyalarını açıq şəkildə müdafiə edir. “Sazemane Defa əz Hüquqe Bəşər Dər Kordestan” qurumunun son bəyanatlarından birində belə qeyd olunur: “Sulduz bölgəsi ələvi qızılbaşlarının qədim torpaqlarıdır və onlar etnik mənşə baxımından kürd olmuşlar. Sulduz şəhərinə yaxın olan Urmu, Makı, Xoy, Səlmas, Sayınqala, Qoşaçay, Bicar, Gövrə və digər bölgələr ən qədim kürd torpaqlarıdır”.
Tehrandan siyasi, ictimai və silah dəstəyi alaraq Urmu vilayətində məskunlaşmış kürdlər bölgədə sərbəst şəkildə silahlı halda gəzə bildikləri üçün Azərbaycan Türklərinə qarşı yeni üsullardan istifadə etməyə cəhd göstərirlər. Gəlmə kürdlər işadamlarından, dükan sahiblərindən, digər iaşə obyektlərindən, istehsal sahələrindən aylıq qeyri rəsmi “xərac” ödənilməsi siyasətinə üz tutmuşlar. Kürdlər silahlı qruplar şəklində hətta Güney Azərbaycan Türklərinə məxsus kəndlərə belə basqılar edərək kəndlilərin hər ay onlara bac ödəmələrini tələb edirlər. Belə bir aksiyaların birində bölgədə hərbi xidmətdə olan Məcid Talibi və Əli Sadıqzadə kürdlərin bu qanunsuz əməllərinin qarşısını almaq istədiklərində onlar terror olunaraq öldürülmüşlər. Tehran rejiminin “xeyir-duası” ilə ölkə parlamentinə deputat seçilmiş Bəhaəddin Ədəb paniranistlərin ona arxa olmasından yararlanaraq “Urmu Azərbaycan Türklərinin deyil, kürdlərin qədim şəhəridir” açıqlamasını verdikdən sonra, dərhal üzr istəmişdir. Ancaq, İran parlamentinin digər deputatı Xədicə Mənsuri isə “Urmu hər zaman kürdlərin bölgəsi olmuşdur” deməklə yanaşı, ona qarşı Azərbaycan Türklərinin deputatları öz etirazlarını bildirdiklərində, heç bir üzrxahlıqda bulunmaq istəmədiyini bildirmişdir.
Güney Azərbaycanda son illər məskunlaşan kürdlərin arasında Quzey İraqdakı Mustafa Bərzani hökumətinin dəstəyilə dərc olunan “Türkiyə və Güney Azərbaycan arasında bütün kürdlər məskunlaşaraq bufer rolunu oynamalıdırlar” təbliğatlarını aparan kitablar, dərgilər, broşürlər yayılmaqdadır. Həmin ədəbiyyatlarda kürdlərin səfərbər olunması, 19-cu yüzilin sonlarında və 20-ci yüzilin ilk onilliyində silahlandırılaraq Azərbaycan Türklərinə qarşı mübarizə aparmaları yönündə təşviqedici təbliğata geniş yer verilmişdir. Tehran rejimi isə dağlıq yollarla Güney Azərbaycana gətirilən bu ədəbiyyatlara hər dəfə olduğu kimi göz yummaqla yetinməkdədir. Urmu vilayətinin bütün şəhərlərində yerli məmurlar bu “zərərli ədəbiyyatlarla” bağlı Tehran hökumətinə şikayətlər etsələr də, hələ ki, bunun qarşısı alınmır. Yerli idarəetmə strukturklarının belə kürdlərin “işi”nə qarışmaq hüququ yoxdur. Tehran rəsmilərinin fikrincə Güney Azərbaycanda daha geniş şəkildə vüsət alan Milli Hərəkatın qarşısını almaq üçün bir sıra süni problemlərin gündəmə gəlməsi bəlli strategiyanın inkişaf etməsi üçün daha məntiqlidir. Çünki, Güneydəki Milli Hərəkat “mərkəzi hökumət”lə deyil, “kürd separatizmi”nə qarşı mübarizə aparcağı təqdirdə, teokratik rejim üçün bunun daha faydalı ola biləcəyi düşünülür.
Əslində kürdlərin öz milli muxtariyyətlərini qurmaq iddiası Tehran rejimi üçün nə qədər təhlükəli sayılsa da, Güney Azərbaycan Milli Hərəkatının yüksəlişi fars şovinizmi və paniranizm çevrələri üçün daha çox qorxulu hesab olunur. Tehran rejiminə məxsus mərkəzlərin təhlillərində o da qeyd olunur ki, kürdlər və Azərbaycan Türkləri bir-birilərilə savaşa, münaqişələrə cəlb olunacaqları təqdirdə, nəticə etibarı ilə bu iki qonşu toplum tamamilə yorulacaq və sonda isə fars mərkəzli rejim qalib olacaqdır.



Fars – kürd dialoqu

Güney Azərbaycanda kürd siyasəti













2006-cı ildə İran prezidenti Mahmud Əhmədinejat Quzey İraqdakı “Bİrləşmiş Kürdüstan Cəbhəsi” təşkilatı ilə dialoqa girmək üçün çoxlu cəhdlər etdi. Mahmud Əhmədinejat İran Kürdüstanı ilə bağlı yaranmış bütün problemlərin həlli istiqamətində tezliklə bunların həll olunmasına çalışacağı vədlərini də irəli sürmüşdü. “Birləşmiş Kürdüstan Cəbhəsi”nin o dönəmdəki lideri Bəhaəddin Ədəb isə ilk addım kimi “İran Kürdüstanı”nın hüquqlarının tanınması şərtlərinin tezliklə həll edilməsini istəmişdi: “İran Kürdüstanında yerli özünü idarəetmə hüquqlarının olması, kürd dilinin rəsmi dövlət dili statusunda çıxış etməsi, İrandakı hakimiyyətdə strateji vəzifələrdə kürdlərin sayının artırılması” və digər tələbləri irəli sürmüşdü. Dialoq şərtlərinə “İran Kürdüstan Demokrat Partiyası”nın, “Komala – Kürdüstan Kommunist Partiyası”nın, “Kürdüstan İşçi Partiyası”nın, “PJAK”-ın siyasi hüquqlarının Tehran rejimi tərəfindən tanınması istənilmişdir. İran tərəfi PJAK lideri Rəhman Hacı Əhmədinin (Almaniyada yaşayır) 2007-ci ilin iyun ayında ABŞ-a rəsmi səfərində maliyyə və silah dəstəyinin verilməsini istəməsini gündəmə gətirərək, sol yönümlü kürd partiyalarının tanınmasını qeyri məqbul hesab etmişdi.

Tehran rejimi uzun illərdir ölkə qanunlarına əməl olunması (ana dilində məktəb, mətbuat və digər mədəni təsisatlar) yönündə dinc şəkildə etiraz aksiyalarını keçirən Güney Azərbaycan türklərinə qarşı isə ölkənin ən qəddar cəza qüvvələrini göndərmişdir. Güney Azərbaycanın elə bir şəhəri yoxdur ki, türk dilində məktəb istəyən insanlar həbsxanalara atılmasınlar. Güney Azərbaycanda sadəcə ana dilində təhsil almaq istəyən milli fəalları həbsxanalarda ən ağır zülm və işgəncələrə məruz qaldıqları halda, Tehran rejimi kürdlərə məxsus terror təşkilatları ilə dialoqlara getmək siyasətini yürüdür. İran Kürdüstanında etnomilli bölgə siyasətinin bütün şərtlərinə faktiki olaraq Tehran rejiminin göz yumması, hətta bir sıra kürd əşirətlərinin dağlardan enərək onların Güney Azərbaycan ərazilərində məskunlaşması strategiyası fars – kürd dialoqunun əsas mahiyyəti olaraq görülməkdədir.
İraqda uzun müddət hakimiyyətdə olmuş BƏƏS partiyası və diktator Səddam Hüseyn rejiminin zülmündən bir zamanlar məcbur olub da İrana qaçqın kimi gələn kürdləri bir zamanlar Tehran rejimi Güney Azərbaycanın Urmu, Xoy, Səlmas, Sulduz, Piranşəhr, Pəsvə, Bokan, Tikab, Savucbulağ və digər bölgələrində yerləşdirmişdi. İndi nə BƏƏS partiyası, nə də Səddam Hüseyn hakimiyyətdə yoxdurlar. Güney Azərbaycan torpaqlarında qonaq qismində müvəqqəti olaraq məskunlaşmış kürdlər İraqa geri dönmək istəmədiklərində israr etməklə yanaşı, Tehran rejimi onların bu istəklərinə dolayı yolla dəstək olmaqda davam edir. Kürdlərin sanki burada saylarının artırılması hədəfi Tehran rejimi üçün başlıca təsir vasitəsi və silah rolunu oynayır. Digər yandan İraqdakı kürd liderlər də Güney Azərbaycanda qonaq qismində məskunlaşmış kürd qaçqınlarının geri dönməsində maraqlı deyildirlər.

Ənvər Börüsoy

Geri dön