Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > AMAF prezidenti Elçin Zeynalov: 1 gümüş, 1 bürünc medal - çox gözəl, gözlənilməz və tarixi nəticədir
AMAF prezidenti Elçin Zeynalov: 1 gümüş, 1 bürünc medal - çox gözəl, gözlənilməz və tarixi nəticədir |
Azərbaycan Milli Avarçəkmə Federasiyası fəaliyyətə başlamasının 10 ili ərəfəsində növbəti tarixi nailiyyətə imza atdı.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən verilən məlumata görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə kanoeçi Valentin Demyanenko gümüş, kayakçı İnna Osipenko-Radomskaya bürünc medal qazandı. Bu nailiyyətlər ilk dəfə yeni növlərdə qazanıldı. Əldə olunan nailiyyətləri ilk gündən Rio-de-Janeyroda idmançılarımıza dəstək olan AMAF prezidenti Elçin Zeynalov federasiyanın mətbuat xidmətində müsahibəsində belə dəyərləndirib: - İlk növbədə, idmançılarımıza dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Avarçəkmə növləri üzrə 1 gümüş, 1 bürünc medal - çox gözəl, gözlənilməz və tarixi nəticədir. Ümumiyyətlə, məndən tez-tez proqnozlarımı və onun həyata-keçib-keçmədiyini soruşurlar. Mənim cavabım belədir: Olimpiya Oyunları üçün proqnoz vermək doğru deyil. Çünki olimpiadalarda gözlənilməz hallar tez-tez baş verir. Elə götürək bugünkü final yürüşünü. "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanmış litvalı Henrikas Justautas bu dəfə heç əsas finala belə yüksələ bilmədi. Braziliyalı kanoeçi İsakias Keyruş Dos Santos gözlənilmədən bürünc mükafatçı oldu, gözəl nəticə göstərdi. İkiqat dünya çempionu Andrey Kraytor medalsız qaldı. Yəni, olimpiada çox gözəl, mürəkkəb mübarizənin getdiyi Oyunlardır. Bura bütün idmançılar medal üçün gəlir və hamısı qızıl medal arzulayırlar. Çox şadam ki, biz XXXI Yay Olimpiya Oyunlarında 2 medal qazandıq. - 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun olimpiya çempionu ola bilməməsini, İnna Osipenko-Radomskayanın şah məsafəsi sayılan 500 metr məsafəyə final yürüşündə sonuncu yeri tutmasını nə ilə əlaqələndirmək olar? - Təbii ki, təhlillər aparılacaq. Amma məncə, ilk anlarda yalnız sevinc hisslərini bölüşmək lazımdır. - Sizcə, qazanılan medallar Azərbaycanda avarçəkmə növlərinin infrastrukturunun, maddi-texniki bazasının inkişafına təkan olacaqmı? - Azərbaycanda avarçəkənlər üçün çox gözəl şərait Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Bazasında yaradılıb. Rusiya telekanalının şərhçisi də bunu bir neçə dəfə vurğuladı. Amma şübhəsiz ki, bir baza ilə avarçəkmə növlərinin inkişafı haqda danışmaq çətin olar. Biz bu idman növünün intensiv inkişafını istəyiriksə, Bakıda bir neçə bazamız olmalıdır. 3 milyon əhaliyə malik şəhərdə avarçəkmə bazası olmaya bilməz. Çox ümid edirəm ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılan medallar həm avarçəkmə növlərinə marağı daha da artıracaq, həm də gələcəkdə paytaxtımızda bazaların salınmasına və bu növün inkişafına təkan olacaq. - İlk günlərdən olimpiadanı izləyirsiniz. Demyanenko Azərbaycan olimpiyaçıları adına 10-cu medalı təmin etdi. Artıq 11 medal qazanılıb və "London-2012"dəki rekord yenilənib. Ümumiyyətlə, idmançılarımızın çıxışlarını necə dəyərləndirirsiniz? - Azərbaycan yığması gözlənilməz və çox gözəl nəticələr göstərir. Artıq 11 medalımız var. Əvvəlki olimpiadalarla müqayisədə gümüş medalların sayı çoxalaraq, 4-ə çatıb. Ən əsası, bu olimpiadada daha çox - 18 növdə təmsil olunduğumuz kimi, daha çox – 5 növdə də medal qazanmışıq. Cüdo, güləş və boksla yanaşı, ilk dəfə taekvondo və kayak-kanoedə də medallar əldə etmişik. Bunlar Azərbaycanda idmanın inkişafının, idmana olan diqqətin ən yüksək səviyyədə təzahürü, nümayişidir. Bəli, qızıl gözləyirik. Bəli, bizim kimi 150-dən artıq ölkə qızıl medal intizarındadır. İnşallah, bu da olacaq. Əlbəttə, ənənəvi növlərdə yenə medallar qazanılmalıdır və qazanılmaqdadır. Amma ən vacib məsələ Azərbaycanda idmanın inkişafı, idman növlərinin inkişaf coğrafiyasının genişləndirilməsidir. Geri dön |