Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli |
Və yaxud da Azərbaycan türk millətinin imzasını imzalar sırasına salmış milli ideoloq
1955-ci il martın 6-sı fani dünyaya göz yumaraq haqq dünyasına qovuşan Azərbaycan xalqının, türk dünyasının böyük mütəfəkkiri, görkəmli dövlət xadimi, Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cümhurbaşqanı Məhəmməd Əmin Rəsulzadənin vəfatının 57-ci ildönümüdür. Deməli, Türk dünyasının, o cümlədən Azərbaycan xalqının böyük oğlu 57 ildir ki, cismən bizimlə deyil. Əslində millətimizin böyük oğlu haqqında çox yazmaq olar. Ancaq biz burada böyük Azərbaycan türkünün həyat və yaradıcılığından deyil, mənəvi irsindən bir neçə yapraq söz açmaq istərdik. M.Ə.Rəsulzadə ilk növbədə maarifçi və publisist bir şəxsiyyət olmuşdur. Bu onun bütün yaradıcılığı boyu, fasiləsiz şəkildə özünü büruzə vermişdir. Gənc yaşlarında yazdığı ilk məqaləsindən (1903-cü il) ömrünün sonunadək (1955-ci il) xalqının maariflənməsinə son dərəcə həssas diqqət göstərən M.Əmin soydaşlarının məktəblərə cəlb olunmasında, müəllimsizlik problemlərinin aradan qaldırılmasında birbaşa və ya dolayısı şəkildə iştirak etmiş, xalqına əvəzsiz töhfələr vermişdir. Elm, maarif və təhsillə bağlı sahələrdə M.Ə.Rəsulzadənin gördüyü işləri sadalamaqla bitməz. Üstəlik, böyük mütəfəkkir sahibkarların xeyriyyə işlərinə - məktəblərin tikilməsi, şagird və tələbələrin təhsil alması (Azərbaycanda və Azərbaycandan kənarda), opera və tamaşaların oynanılması və s. cəlb olunmasında müstəsna rol oynamışdır. Azərbaycan Cümhuriyyəti dövründə elm, təhsil, mətbuat və maarifləndirmə işi ilə bağlı parlamentdə qəbul olunmuş qanunlarda M.Ə.Rəsulzadə, lideri olduğu «Müsavat»ın nümayəndələri ilə birlikdə böyük fədakarlıqlar göstərmiş, 1919-cu ildə Bakı Dövlət Universitetinin təməlinin qoyulmasında müstəsna rol oynamışdır. Onun redaktoru olduğu mətbu orqanlar («Təkamül», «İrani-nov», «Tərəqqi» «Açıq söz», «Yeni Qafqasiya», «Odlu Yurd», «Azəri-Türk», «Qurtuluş», «Azərbaycan» və s.), bu qəzetlərdə yazdığı yüzlərlə məqaləsi yeni Azərbaycan nəslinin yetişməsinə mühüm təkan vermişdi. Bu gün də həmin məqalələr elmi-fəlsəfi, ictimai-siyasi, dini, etik, estetik və s. sahələrdə öz aktuallığını qoruyub saxlamaqda, yeni nəsil üçün mühüm əhəmiyyət kəsb etməkdədir. M.Ə.Rəsulzadənin yaradıcılığında ən çox diqqəti çəkən məsələlərdən biri də, erməni vəhşiliyinin ifşası olmuşdur. Bolşevik, şovinist ruslarla erməni daşnaklarının, terrorçularının işbirliyini vaxtında anlayan və onların iç üzünü hələ ötən əsrin əvvəllərində açmağa başlayan Rəsulzadə, bütün yaradıcılığı boyu bu məsələyə zaman-zaman toxunmuşdur. Eyni zamanda Rəsulzadə ermənilərin yalnız Azərbaycan türklərinə deyil, Türkiyə türklərinə, bütövlükdə isə türk dünyasına qarşı apardıqları terrorçu, barbar siyasəti bir çox məqalələrində qələmə almışdır. O, ermənilərin ötən əsrin əvvəllərində və Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Azərbaycan türklərinə qarşı etdikləri soyqırımları konkret faktlarla sübut etmişdir. O, SSRİ-nin əsl simasının açılmasında da böyük rol oynamışdır. Sovet Rusiyasının indiki MDB-yə daxil olan xalqlara, o cümlədən Azərbaycan türklərinə qarşı həyata keçirdiyi işğalçı siyasəti vaxtında görən M.Ə.Rəsulzadə, bütün varlığı ilə buna qarşı çıxmış, dünya ictimaiyyətinin diqqətini buna yönəltməyə çalışmışdı. M.Əmin SSRİ rejiminin əsl mahiyyətini ifşa etməkdən nəinki çəkinmiş, əksinə bunu, məqalələrində, sosial-siyasi fəaliyyətində açıq şəkildə büruzə vermişdir. Azərbaycanda milli-siyasi partiyaların yaranmasında da M.Ə.Rəsulzadənin rolu danılmazdır. O, Azərbaycan tarixində ilk siyasi partiyanın - «Hümmət»in qurucularından biridir. Milli ideologiyanın daşıyıcısı olan «Müsavat» partiyasının lideri və ideoloqu kimi M.Ə.Rəsulzadə Azərbaycanda çoxpartiyalılığın tərəfdarı, parlamentli ölkənin ideya daşıyıcısı olmuşdur. M.Ə.Rəsulzadə çağdaş Azərbaycan dövlətinin başlıca ideyalarını təşkil edən ideologiyanın yaradıcısı və qurucusudur. Bu gün Azərbaycan dövlətinin əsas atributlarından olan bayrağımızın simvolları - türkçülük, çağdaşlıq və islamçılıq, eyni zamanda aypara və səkkizguşəli ulduz M.Əminin ideyalarının nəticəsidir. M.Ə.Rəsulzadənin yaradıcılığında türkçülüyün çox böyük fəlsəfi-siyasi anlamı var. Türkçülük - bu yalnız bir millətin azadlığı uğrunda mübarizəsi ilə məhdudlaşmayıb, bütün azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Eləcə də Cümhuriyyətin «Azərbaycan» adlandırılması, dilinin türk dili olması, milli bayrağın qəbul olunması, milli ordunun yaranması və s. məsələlər həmin dövrdə qəbul olunmuş ən mühüm qərarlardan yalnız bir neçəsidir. 1917-1920-ci illərdə Azərbaycan cəmiyyətinin siyasiləşmiş və siyasətdən uzaq olan bir çox təbəqələri tərəfindən qəbul edilən M.Ə.Rəsulzadə, bu dövrdə yeganə siyasi xadim, şəxsiyyət olub ki, sollar, sağlar və mərkəzçi qüvvələrin əksəriyyəti də onun cəmiyyətdəki mövqeyini, nüfuzunu, öndərliyini qəbul ediblər. Buna səbəb isə Rəsulzadənin türkçülüyü, sosial-demokratiyanı, islamı və yeniləşməni vəhdət, bütöv şəkildə götürməsi olub. Bu baxımdan o, hamı tərəfindən qəbul edilən liberal-demokrat, siyasi lider, xalqın milli öndəri idi. Belə olmasaydı, Rəsulzadəni bolşeviklər, menşeviklər, eserlər, bitərəflər, millətçilər Azərbaycan Milli Şurasına sədr seçməzdilər. Azərbaycanın müstəqilliyni bütün dünyaya bəyan edən də M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şura olub. Azərbaycan Cümhuriyyətinin qurulmasında və onun fəaliyyətində M.Ə.Rəsulzadənin xüsusi yeri, rolu olub. O, Azərbaycan Cümhuriyyətini qurmaqla xalqın özünə olan inamını bir daha bərpa edib, Şərq, müsəlman və türk dünyasında ilk demokratik cümhuriyyət qurulmasının nümunəsini göstərib. Demokratik cümhuriyyətin ideologiyasının nəzəri və praktik banilərinin başında duran M.Ə.Rəsulzadə sübut edib ki, müstəqillik yalnız zorakılıq, inqilab yolu ilə deyil, irəli sürülən siyasi-ideoloji, elmi-fəlsəfi prinsiplərin, aparılan düzgün siyasətin nəticəsində də əldə edilə bilər. Qeyd edək ki, Rəsulzadə və onun silahdaşlarının Cümhuriyyət üçün müəyyənləşdirdiyi daxili və xarici siyasət, bu gün mövcud olan Azərbaycan Respublikasının yerinə yetirdiyi daxili və xarici siyasi prinsiplərindən demək olar ki, fərqlənmir. Onun banisi olduğu Azərbaycan Cümhuriyyəti, bugünkü Azərbaycan Respublikasının yalnız mənəvi deyil, həm də siyasi-hüquqi mənada varisidir. M.Ə.Rəsulzadənin dövlət, hakimiyyət, millət, din, dil və s. məsələlərlə bağlı fikirləri xüsusi əhəmiyyət kəsb edir. O, bu anlayışlara müəyyən kateqorik tərif vermiş, həmin təriflər öz aktuallığını bu gün də qoruyub saxlamağa haqq qazanmışdır. M.Əmin «islam ümmətçiliyi»ndən türk millətçiliyinə keçilməsində mühüm rol oynamışdır. O, millətçiliyin isə nasionalizm yox, patriotluq mənasında qəbul edilməsini önəmli saymışdır. M.Ə.Rəsulzadə Azərbaycan türklərinin ictimai-siyasi, mənəvi həyatında islam dininin rolunu çox yüksək qiymətləndirmiş, böyük məharətlə dövlət və dinin ayrı-ayrılıqda yerini və rolunu göstərə bilmişdir. O, Azərbaycan türklərinin dini fanatizmdən, xürafatdan uzaq olması üçün, İslam dininin əsil mahiyyətini bilməyin vacibliyini irəli sürmüşdür. Cənubi Azərbaycan xalqının - İran türklərinin dözülməz həyatını, farslar tərəfindən assimilyasiyaya uğramasını, bütün hüquq və azadlıqlardan məhrum olmasını və s. ilk dəfə M.Ə.Rəsulzadə qələmə almış, bunun tarixi, fəlsəfi, siyasi, iqtisadi səbəblərini qabartmağa çalışmışdır. O, yalnız İran türkləri üçün deyil, bütün İran xalqlarının həyatında mühüm rol oynayan demokratik mətbuatın banilərindən biridir. Rəsulzadə bütün yaradıcılığı boyu İran xalqlarının azadlıq ideyalarını müdafiə etmiş, özü bir müddət bu mübarizədə şəxsən fəal şəkildə iştirak etmiş və bütöv Azərbaycan idealı uğrunda elmi-nəzəri və təcrübi addımlar atmışdır. M.Əmin istər Azərbaycan Cümhuriyyəti dövründə, istərsə mühacirət illərində bir çox ölklərlə diplomatik münasibətlərin qurulmasında inanılmaz işlər görmüşdür. Şübhəsiz ki, bu ölkələrin önündə Türkiyə durur. Onun Türkiyə rəsmiləri ilə apardığı danışıqlar nəticəsində, 1918-ci ildə Azərbaycan türklərinin rus bolşevikləri və erməni daşnakları tərəfindən məhv olunması siyasətinin qarşısını ala bilmiş, Türkiyə Azərbaycan qardaşlığının yalnız mənəvi deyil, rəsmi şəkildə təməl prinsiplərini qoymuşdur. M.Ə.Rəsulzadə və onun silahdaşlarının Türkiyə ilə yaratdığı ittifaq bu gün də davam etməkdədir. Eləcə də M.Ə.Rəsulzadə Almaniya, Polşa, Rumınıya və başqa dövlətlərlə də diplomatik münasibətlərin qurulmasında misilsiz rol oynamışdır. Bütün bunlar o deməkdir ki, M.Ə.Rəsulzadə Azərbaycandan kənarda lobbiçiliyin əsasını qoyan, Azərbaycanı dünyaya tanıdan ən böyük şəxsiyyətimizdir. M.Ə.Rəsulzadənin ədəbiyyat, tarix, mədəniyyət və s. sahəsində gördüyü işləri də qeyd etməmək mümkün deyil. O, Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə dair bir çox əsərlər yazmışdır. Bu əsərlərdən biri də, böyük şair-filosofumuz Nizami Gəncəviyə həsr etdiyi monoqrafiyadır. Bundan başqa Azərbaycanın son əsrlərdəki ədəbi və tarixi hadisələrini qələmə almış, baş vermiş mühum olayları dəyərləndirmişdir. Fikrimizcə, Azərbaycan Cümhuriyyəti dövrünün ədəbiyyatına, tarixinə, mədəniyyətinə M.Ə.Rəsulzadə qədər diqqət yetirən, bütün bunları qələmə alan, qiymətləndirən ikinci bir şəxsiyyət yoxdur. O, mədəniyyət və adət-ənənələrimizin unudulmamasında və yaşadılmasında əlindən gələni etmiş, yeni nəsilin yaddaşında böyük bir iz buraxmışdır. Ən sonda M.Ə.Rəsulzadə kimdir sualına onlarla veriləcək cavabdan bir neçəsini qeyd etmək istərdik: 1. Azərbaycanda ilk milli təşkilatın (Azərbaycan türk gənc inqilabçılar dərnəyi) qurucusu; 2. Azərbaycan türkçülüyü ideyasının müəllifi; 3. Öncə Azərbaycan muxtariyyəti, daha sonra Azərbaycan istiqlalı ideyasının müəllifi; 4. Türk Cümhuriyyətinə «Azərbaycan» adı verilməsinin ideya müəllifi; 5. Azərbaycan Cümhuriyyətinin ideoloqu və qurucusu; 6. Azərbaycan Cümhuriyyətinin ilk və sonuncu cümhurbaşqanı (Milli Şuranın sədri kimi); 7. Üçrəngli dövlət bayrağımızın ideya müəllifi (milli dövlət bayrağının müəyyənləşməsi baxımından); 7. Azərbaycan Cümhuriyyətinin parlamentli ölkə olmasının ideya müəllifi; 8. Bakı Dövlət Universitetinin yaranmasında müstəsna rol oynayan şəxsiyyət; 9. Milli Azərbaycan lobbisinin ən böyük nümayəndəsi; 10. 20-ci əsrin ən böyük Azərbaycan türk oğlu; 11. Mütəfəkkir və filosof; 12. Bütün türk və islam dünyasının fəxri; 13. «Azərbaycan Cümhuriyyəti» adını tarixə yazmış böyük şəxsiyyət; 14. Azərbaycan türk millətinin imzasını imzalar sırasına salmış milli ideoloq; 15. Azərbaycan siyasi tarixinin müəllifi; 16. Azərbaycan siyasi ədəbiyyatının müəllifi; 17. Demokrat; 18. Patriot - Azərbaycançı; 19. Türkçü; 20. İslamçı; 21. Qafqazçı; 22. Nizamişünas; 23. Qafqazşünas; 24. Heç vaxt daşlaşmayan-maddiləşməyən, ancaq mənəviyyatımızın və ruhumuzun heykəli; 25. Azərbaycan, Azərbaycan Cümhuriyyəti anlayışlarının sionimi kimi ifadə oluna billəck yeganə isim; 26. Publisist-jurnalist; 27. Maarifçi; 28. Bolşevizmin iç üzünü açıb göstərən ən tanınmış simalardan biri; 29. Erməni millətçiliyinin faş olunmasında mühüm rol oynamış şəxsiyyətlərdən biri; 30. İranda, o cümlədən Cənubi Azərbaycanda demokratiya toxumu səpən ilk Azərbaycan türkü («Yeni İran» qəzetinin baş redaktoru kimi); 31. Azərbaycan türkünə sən «müsəlman», «tatar» deyil, türksən, «biz türkük» ideyasının siyasi müəllifi; 32. Azərbaycan və Türkiyə birliyi ideyasının müəlliflərindən biri; 33. Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyə deməkdir, birinin varlığı digərinin varlığına bərabərdir ideyasının müəlliflərindən biri; 34. Ortaq türk dilinin, ortaq türk tarixinin, ortaq türk ədəbiyyatının müəllifi və s. Faiq Ələkbərov (Qəzənfəroğlu) AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Geri dön |