Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb
Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb |
Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul edilməsi və Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması ilə əlaqədar tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə ƏƏSMN-nin, Beynəlxalq Əmək Təşkilatının (BƏT), BMT İnkişaf Proqramının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq Layiqli Əmək üzrə yeni Ölkə Proqramının qəbul olunmasının ölkəmizin sosial-iqtisadi həyatında mühüm hadisə olduğunu qeyd edib. Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin hər bir vətəndaşın sosial firavanlığının təminatına xidmət edən siyasətinin ölkədə layiqli əməyin təminatı sahəsində də mühüm addımların atılmasına şərait yaratdığını vurğulayıb. S.Müslümov bildirib ki, respublikada davamlı tərəqqi prosesləri, dünya iqtisadiyyatına sürətli inteqrasiya, transmilli korporasiyaların geniş miqyaslı fəaliyyəti, sahibkarlığın inkişafına hərtərəfli şəraitin yaradılması sosial-iqtisadi məsələlərin həlli məqsədilə uzunmüddətli beynəlxalq və dövlət proqramlarının qəbul edilməsini aktuallaşdırır. Bu pozitiv proseslər eyni zamanda milli əmək hüquqları sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsini, həmin məsələlərin həllinə sosial tərəfdaşların daha yaxından cəlb edilməsini zəruri edib: “Ötən dövr ərzində BƏT-lə əməkdaşlıq çərçivəsində ölkədə məşğulluq strategiyası və onun icrasına dair dövlət proqramları qəbul edilib. Əhalinin məşğulluğu, yoxsulluğun aradan qaldırılması üzrə siyasətlər formalaşdırılıb. Respublikanın əmək qanunvericiliyi sistemi təkmilləşdirilib, əmək münasibətlərinin tərəflərin hüquq bərabərliyi prinsipi üzrə qurulması təmin edilib. Müstəqillik və könüllülük prinsipləri əsasında müəssisə səviyyəsində kollektiv müqavilələrin, sahə səviyyəsində sahə kollektiv sazişlərin bağlanılması geniş vüsət alıb. Ölkə üzrə dövri olaraq üçtərəfli qaydada Baş Kollektiv Sazişlər bağlanıb. Sosial partnyorlar qarşıya çıxan bir çox sosial-iqtisadi məsələlərin həllində öz mövqeyini nümayiş etdiriblər və BƏT həmin məsələlərin həlli sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə öz töhfəsini verib”. Yeni qəbul edilən “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın xüsusi önəmini vurğulayan nazir qeyd edib ki, Proqramda qarşıya qoyulan bir sıra sosial-iqtisadi məsələlərin həlli beynəlxalq təcrübəyə, iqtisadiyyatı inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin təcrübəsinə əsaslanacaq: “BƏT isə həm beynəlxalq təcrübə mübadiləsi, həm siyasətlərin müəyyənləşdirilməsi, həm də nəzərdə tutulan texniki dəstək baxımından yardım göstərəcək”. S.Müslümov bu sənədin BƏT-lə əməkdaşlıq çərçivəsində qəbul edilən artıq ikinci Ölkə Proqramı olduğunu, bundan əvvəl isə 2006-2009-cu illər üzrə proqramın icra edildiyini diqqətə çatdırıb: “Hazırda qəbul edilən “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın prioritetləri beynəlxalq əmək normalarının və əmək sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, əmək bazarında aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsi ilə məşğulluğun artırılmasıdır. Eyni zamanda, sahibkarlıq imkanlarının genişləndirilməsi, əməyin mühafizəsinin gücləndirilməsi və sosial müdafiə sisteminin genişləndirilməsi də Proqramın prioritetləri sırasındadır. Ölkə Proqramında layiqli iş yerlərini və inklüziv artımı təşviq edən milli məşğulluq strategiyasının formalaşdırılaraq həyata keçirilməsi, gənclərə yönəlmiş aktiv əmək bazarı və özünüməşğulluqla bağlı əmək bazarı proqramlarının hazırlanaraq icrasının sosial tərəfdaşlarla birgə təmin edilməsi nəzərdə tutulur. Sığorta prinsiplərinə əsaslanan yeni işsizlikdən sığorta sisteminin tətbiqi, əməyin idarə edilməsi və sosial dialoq mexanizminin gücləndirilməsi, ölkədə sosial-iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın təsis edilməsi, əməyin mühafizəsi strategiyasının hazırlanaraq həyata keçirilməsi, gələcək dövr üçün mühüm önəm kəsb edən bir sıra sosial-iqtisadi məsələlər də Proqramda əhatə olunub”. Nazir bildirib ki, sоsial-iqtisadi sabitliyin təmin olunmasında, bir sıra vacib sosial-iqtisadi məsələlərin həllində sosial partnyorların fəaliyyətinin daha sıx formada əlaqələndirilməsi, işçilərin və işəgötürənlərin mövqeyinin yüksək səviyyədə nəzərə alınması sosial tarazlığın təmin edilməsi və davamlı olması üçün vacibdir: “Sosial partnyorluq sistemini inkişaf etdirmək, sosial-iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsi məsələlərinə sosial tərəfdaşları cəlb etmək, bu məsələlərin həlli məqsədilə sosial tərəfdaşlarla məsləhətləşmələr aparmaq, sosial-əmək münasibətləri sahəsində siyasəti sosial tərəfdaşların iştirakı ilə formalaşdırmaq demokratik dövlət quruculuğunun əsas istiqamətlərindən biridir”. Ölkədə ilk dəfə olaraq 2001-2002-ci illər üçün Bаş Kоllеktiv Sаzişin üçtərəfli formada bаğlаndığını qeyd edən S.Müslümov sonrakı illərdə müvafiq qaydada Bаş Kоllеktiv Sаzişin bağlandığını diqqətə çatdırıb. O bildirib ki, son dövrlərin Baş Kollektiv Sazişlərində sosial partnyorlar sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın yaradılması barədə öhdəlik qəbul ediblər və bu öhdəliyin yerinə yetirilməsi üçün təşəbbüs göstəriblər. Sosial partnyorların təşəbbüsü ilə bu sahədə beynəlxalq təcrübə də öyrənilib, BƏT ekspertləri ilə məsləhətləşmələr aparılıb, dəyirmi masalar və seminarlar keçirilib: “Hazırda dünyanın bir sıra inkişaf etmiş dövlətlərində, eləcə də Avropa İttifaqına üzv dövlətlərin 19-da (İspaniya, Portuqaliya, Fransa, Türkiyə, Çexiya, Slovakiya, Polşa, Macarıstan, Sloveniya, Rumıniya, İtaliya, Rusiya, Ukrayna, Moldova və s.) üçtərəfli komissiyalar və ya şuralar fəaliyyət göstərir”. Nazir sosial partnyorlar tərəfindən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnamə layihəsinin hazırlanaraq, aidiyyəti qurumların rəy və təklifləri əsasında təkmilləşdirildiyini qeyd edib, onun artıq həm sosial partnyorlar, həm də dövlət strukturları ilə razılaşdırıldığını bildirib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi məqsədilə sosial tərəfdaşların birgə qərarının Nazirlər Kabineti adından imzalanması səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib”. S.Müslümov qeyd edib ki, BƏT-in rəhbərliyi, BƏT-in Baş direktoru Qay Rayder, bu qurumun Layiqli əməyin texniki dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Bürosunun rəhbərliyi tərəfindən həmin Komissiyanın yaradılması ölkədə milli üçtərəfli sosial dialoq üzrə institusional strukturun inkişaf etdirilməsi istiqamətində yeni mərhələ kimi yüksək qiymətləndirilib. Nazir Üçtərəfli Komissiyanın yaradılması, eləcə də Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanması istiqamətində məsləhətləşmələrdə öz köməyini göstərən BƏT rəhbərliyinə və ekspertlərinə minnətdarlığını ifadə edib: “Bu Komissiya öz fəaliyyəti ilə ölkədə demokratik prinsiplərin tətbiqi və möhkəmləndirilməsinə, vətəndaş cəmiyyətinin ölkə həyatında iştirakının genişləndirilməsinə, ölkə resurslarının daha səmərəli və mütərəqqi üsullarla idarə edilməsi və istifadəsi istiqamətində aparılan siyasətə dəstək verəcək. Komissiya sosial partnyorluq münasibətləri çərçivəsində baxılan məsələləri yeni, daha yüksək müstəviyə çıxaracaq”. AHİK-in sədri Səttar Mehbalıyev yeni qəbul edilən Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanması işlərində sosial tərəfdaşlarla birgə Konfederasiya tərəfindən görülən işlər barədə məlumat verib. S.Mehbalıyev bu sənədin müvafiq sahədə qabaqcıl dünya təcrübəsi əsasında təkmil formada hazırlandığını və layiqli əməyin təmin edilməsi sahəsində növbəti irəliləyişlərə zəmin yaratdığını, sosial tərəfdaşlarla səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəldiyini vurğulayıb. O, Proqramın uğurla icra edilməsi üçün sosial tərəfdaşların gələcək fəaliyyətlərinin də məqsədyönlü olacağına əminliyini ifadə edib. ASK-nın prezidenti Məmməd Musayev iqtisadiyyatın inkişafı, əməyin məhsuldarlığının artırılması baxımından da layiqli əmək amilinin əhəmiyyətini qeyd edib. O, “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nda əhatə olunan prioritetlərin uğurla yerinə yetirilməsi üçün sosial tərəfdaşlıq çərçivəsində öz töhfələrini vermək, yaradılan Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətində daim fəal iştirak etmək əzmində olduqlarını vurğulayıb. BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler ölkəmizin BƏT-lə əməkdaşlığının yeni Ölkə Proqramının qəbul olunması, Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi ilə yeni bir inkişaf mərhələsinə daxil olduğunu bildirib. H.Köler ölkəmizdə sosial-iqtisadi inkişaf proseslərinin, əmək və sosial müdafiə, sosial partnyorluq sahəsində əldə olunmuş müsbət təcrübənin yeni Ölkə Proqramının uğurlu icrasına, Üçtərəfli Komissiyanın səmərəli fəaliyyətinə imkan yaradacağını, bu proseslərdə BƏT-in həmişə müvafiq dəstəyi verəcəyini qeyd edib. Daha sonra Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” və Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması barədə birgə sənəd imzalanıb. Eyni zamanda Komissiyanın Əsasnaməsi təsdiq edilib və Komissiyanın üzvləri seçilib. Geri dön |