Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > GÜNEY AZƏRBAYCANDA MİLLİ HƏRƏKAT: Suallar və Vəzifələr
GÜNEY AZƏRBAYCANDA MİLLİ HƏRƏKAT: Suallar və Vəzifələr |
Hadisələrin məntiqi göstərir ki, yaxın aylarda bizi dramatik gəlişmələr gözləyir. Belə getsə, hadisələr həmişə olduğu kimi bizi qabaqlayacaq, biz də onun dalınca yüyürə-yüyürə, ona çatmağa çalışacağıq. Güneydə də, Quzeydə də son yüzilin təcrübəsi göstərir ki, bu cür gecikmə ağır itkilərə nədən olur. Ən son hadisə Sovet İttifaqı deyilən şər imperiyasının dağılması idi. Biz bu gəlişməyə, perspektivə millət olaraq hazır olmadığımızdan Erməni təhdidini görə bilmədik. Təşəbbüs Ermənilərin əlinə keçdi və indi Qarabağla bağlı durum – mağmın vəziyyətdə olmağımız məlum gerçəklikdir. Ya 1979-cu ilin sonunda Güneydəki şərti olaraq Şəriətmədari hərəkatı adlandırdığımız prosesi götürək. Az vaxtda Xəlqe-Müsəlmana yüz minlərlə adam qoşuldu. Hətta deyirlər, bu partiyanın üzvlərinin sayı 4 milyona çatmışdı. Hərəkatın sönməsinin müxtəlif səbəblərini deyə bilərlər. Bu səbəblər sırasında birisi, bizim fikrimizcə, çox önəmli idi. Bu da Azərbaycanın, ümumiyyətlə, millətimizin bu gəlişmələrə hazır olmaması idi. İdeoloji-siyasi infrastruktur bu gəlişmələrə hazır olmadığından biz bir millət olaraq uduzduq.
Bu arada başqa bir fikri də demək istəyirəm. Güneyli soydaşlarımızdan biri bir yazısında AXC hakimiyyətini böhranı görməməkdə və uyğun olaraq böhran idarəçiliyi qaydalarını tətbiq etmədiyinə görə tənqid edirdi. Haqlı idi. Bu məsələ indiki iqtidara da aiddir. Beynəlxalq münasibətlər nəzəriyyəsində böhran idarəçiliyi teorisi var. Ümumiyyətlə, bu, ictimai həyatın bütün sahələrinə tətbiq edilə bilən teoridir. Yaxın həftələrdə, ya aylarda İranda əməlli-başlı böhranın yaranması ehtimalı kifayət qədər realdır. Artıq iqtisadi böhranın ilk göstəricilərini, İran pulunun qiymətdən düşməsini, bahalığın daha sürətlə artmasını və sairəni görməkdəyik. İran dünyadan təcrid edilməkdədir. Rəhbər Xamnei ilə prezident Əhmədinejad bir-biri ilə yarışa girərək apardıqları ağılsız siyasətlə bu təcridolunmanı artırırlar. İranı daha artıq sürətlə hədəfə gətirirlər. İrandakı teokratik rejimin necə hədəfdən yayına biləcəyi haqqında ağlabatan versiya irəli sürmək çətindir. Hətta məsələ, bizcə, rejim çərçivəsindən artıq çıxıb. İran-Fars dövlətinin olum-ölüm məsələsinə çevrilib. İrana təzyiq maşını işə düşüb. Neftin qiyməti qalxdıqca, təzyiq maşını daha təsirli vasitələrə əl atacaq. Hər hansı şəkildə, deyək ki, ölkədə hərbçilər çevriliş edib, molla rejimini devirdikdən sonra da Qərb, İranın yaxasından əl çəkməyəcək. Ya da indiki molla rejimi Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə, daha doğrusu, böyük dövlətlərlə əməkdaşlığa razı olsa belə, münasibətlərin düzəlməsi çətin olacaq. İranın indiki durumu İraqın 2002-2003-cü illərdəki vəziyyətinə oxşamağa başlayıb. Səddam sonda razılıq vermişdi müşahidəçilərin fəaliyyətinə. Onlar da diktatorun yataq otağınacan girdilər, heç nə də tapmadılar. Amma Amerikanın o zamankı dövlət katibi Colin Powell Təhlükəsizlik Şurasında çıxış edib, İraqda kütləvi qırğın silahlarının olduğunu əsaslandırmağa çalışdı. Dünya Powell’in gətirdiyi “dəlillər”ə gülürdü. Buna baxmayaraq, İraq işğal edildi. Ölkə Səddam kimi ağılsızların üzündən xarabazara çevrildi. Dünyanın, daha doğrusu, böyük dövlətlərin “İran problemi” nəzəri polemika, problem səviyyəsini çoxdan keçib. Rəsmi şəxslər savaşın tarixi ilə bağlı ciddi-ciddi bəyanatlar verirlər. Yaxın aylar Güney, ümumiyyətlə, Azərbaycan üçün bu tərəfdən də baxanda möhtəşəm fürsətlər yaradacaq. Əlbəttə, risklər də olacaq. Ən böyük risk yüzildə bir, ya iki dəfə yaranan bu fürsəti qaçırmaq olardı. Prioritetləri, gəlir-çıxarları yaxşıca hesablamaq lazımdır. Bununla belə onu da deməyə məcburuq ki, İsrailin, ya Amerikanın İranla savaşa başlaması İranda bizim milli problemimizin avtomatik həlli demək deyildir. Güneyli-Quzeyli bu gəlişmələrə hazır olmalıyıq. Amma necə? Günümüzün əsas sualı budur. Bu suala doğru-dürüst cavab verə bilmək üçün azından bir alt-sualı cavablandırmalıyıq. Bir millət olaraq buna qadirikmi? 1905-ci ilin fevralı. Bakıda Ermənilər qırğın törədirlər. Azərbaycan milli qüvvələrinin qarşısında Türk və Müsəlmanları düşmən bilən Çar hökuməti və ondan da artıq düşmənə çevrilmiş Ermənilər dururdu. Bu vaxt Erməni milli gücü nədən ibarət idi? Mütəşəkkil partiyaları, silahlı dəstələri, mərkəzləşdirici kilsəsi, siyasiləşmiş zəngin burjuaziyası, formalaşmış milli mətbuatı ilə Ermənilər qonşulardan bir neçə dəfə güclü görünürdülər. Ən güclü partiyası Daşnaksütyun idi. Daşnaksütyun artıq hərbi-siyasi ordenə çevrilmişdi. Rus polisinin verdiyi məlumata görə, inqilab dövründə Daşnaksütyunun 165 min üzvü vardı. İxtiyarındakı hərbi dəstələrdə döyüşçülərin sayı isə 100 minə çatırdı. Terrorist hazırlamaq üçün bu təşkilatın Bolqarıstanda xüsusi hərbi məktəbi, Londondakı Erməni Milli Bankında isə 1 milyon funt sterlinq həcmində hesabı vardı. Hərbi dəstələri saxlamaq üçün 10 milyon rubla qədər büdcə xərclənirdi. Onlarla Rus məmuru terrora məruz qaldı. Ermənilər bu zaman o dərəcədə güclü idilər ki, onlar Rusiya İmperiyasının Qafqazdakı ali təmsilçisi Qraf Qolitsını, Bakı qubernatoru Knyaz Nakaşidzeni belə hədəfə almağa cəsarət etdilər, onlara sui-qəsd düzənlədilər. Bir sözlə, Türklər və Ermənilər müxtəlif şərtlərdə yeni siyasi mübarizə mərhələsinə girirdilər. Milli güclər fərqli idi. Ermənilər siyasi təşkilatlanma, iqtisadi qüdrət, dövlət orqanlarında təmsilçilik, təhsil, mətbuat və s. sahələrdəki açıq-aydın üstün güclərinə güvənib, Güney Qafqazda dominant güc olmaq iddiasında idilər. Erməni milli hərəkatı bir qədər də qabağa gedib, gələcək muxtar Ermənistanda əhalinin əksəriyyətinin Ermənilərdən ibarət olması üçün bu coğrafiyanı Türklərdən təmizləməyi planlayırdılar. Daşnaksütyun, Türkləri də özünə tabe etmək fikrində idi. Bu məqsədlə Daşnaksütyun, Müsəlmanlara ünvanlanmış minlərlə bəyannamə yaydı. Burada Müsəlmanları Rus hökumətinə - “tək düşmənə qarşı” birgə mübarizəyə çağırdı. Amma çağırış - bəyannamələr, maraqlıdır ki, Ermənilərlə iş birliyinə getməyən Müsəlmanlara təhdidlə bitirdi: “Hazır olun: Biz torpağı sizin qanınıza bələyəcək, sizin meyitlərinizi bütün dünyanı bürüyəcək atəşə verəcəyik.” Qafqazların bu faciəli hadisələri 1905-ci il fevralın 6-da Bakıda bir Müsəlmanın Ermənilər tərəfindən öldürülməsindən sonra başladı. Silahlı toqquşmalar və talanlar üç gün çəkdi. Rəsmi statistikaya görə, ölənlərin sayı 249 nəfər idi, amma faktik olaraq min nəfərdən çox adam öldürülmüşdü. Fevralın 20-21-də bu hadisələr İrəvanda təkrarlandı. Daha sonra terror və qətl hadisələri Naxçıvanda (mayın 12-dən ayın sonunadək), Şuşada (iyunun başlarında), yenidən Bakıda (20-26 avqust), Başnoraşendə (sentyabrın sonları), Qazaxda (sentyabrın sonları), Gəncədə (15-18 noyabr) və Tiflisdə (21 noyabr) baş verdi. 1906-cı ilin birinci yarısında qırğınlar səngisə də müxtəlif yerlərdə davam etdi. İlyarım ərzində hər iki tərəfdən 10 minə qədər adam həlak oldu. Ermənilərin hücumlarına Türk toplumu hazır deyildi. Partiyası, təşkilatı, silahlı dəstələri yoxdu. Odur ki, reaksiyası gecikdi, itkilər çox oldu. Bununla belə bu hadisələr Türkləri təşkilatlanma, özünü müdafiə ehtiyacına inandırdı. 1906-cı ildə Əhməd Bəy Ağaoğlunun başçılığı ilə məşhur Difai partiyası yarandı. Onlarla Türk düşməni məhv edildi. Onların arasında Rus məmuru, Erməni başkəsəni, Türk satqını da vardı. 1906-cı ilin sonları üçün artıq Difai və Müdafiə partiyalarının fəaliyyəti nəticəsində nisbi paritet yarandı, Ermənilər terror hadisələrini dayandırdılar. Tarixi keçmişimizin bu faktı göstərir ki, bu millətin müqavimət, mübarizə gücü, potensialı çoxdur. Problem bu potensialı işə salmaqdadır. Tariximizin başqa dövrlərindən də misal gətirmək mümkündür. Nəhayət, Quzey Azərbaycana bağımsızlığı bağışlamadılar. Quzeydə istiqlal hərəkatının minlərlə şəhidi, onlarla lider kadrosu, yüz minlərcə iştirakçısı, sıra nəfərləri olub. Bunu tarix şüuru olan hər kəs bilir. Milli hərəkatda hansı cərəyanlar var, hansı daha effektlidir? İndi gələk əsas məsələyə. Dünya tarixi göstərir ki, milli hərəkat daxilində çeşidli cərəyanlar olur. Nəzəriyyə də, tarixi təcrübə də bunu deyir. Güney milli hərəkatında bu çeşidlilik təbiidir. Bu yazının müəllifi fikir və əməl baxımından istiqlalçıdır. Hətta daha artıq – bütöv, demokratik Azərbaycan Dövləti arzusunda olan bir adamdır. Amma siyasi proseslər bir vətəndaşın arzusuna, ya iradəsinə görə deyil, özünün qanunlarına uyğun olaraq gedir. Həzırda mövcud olan müxtəlif fikir axımlarına baxaq. I axım - istiqlalçılıq Dünya tarixi və nəzəriyyəsi aydın göstərir ki, müstəqil dövləti olmayan millət özünü qoruya bilmir. Öz mədəniyyətinə sahib çıxa bilmir. Güney Azərbaycanın son 100 illik tarixi buna şahiddir. Adı “Əcəm” olanlar bizi dilsiz qoydular. Təhqir etdilər, təhqir etməkdə davam edirlər. İstiqlalçıların “Niyə məhz istiqlal?” sualına cavab verməsi asandır, bu cavabı ilk növbədə bu 100 illik muxtariyyət təcrübəsinin uğursuzluğu ilə əsaslandırması məntiqlidir. Özəlliklə, İran xaricində bu ideyanı təbliğ etmək olar və lazımdır. Ancaq bu şüarla ölkə daxilində açıq fəaliyyət göstərmək praktik olaraq mümkün deyil. İndiki mərhələdə Güneydə istiqlalçıların sosial bazasının o biri axımlara nisbətən məhdud görünməsi də, bizcə, anlaşılandır. Bununla belə, bu axımın olması millli hərəkatın ən vacib imperativlərindən biridir. Əlbəttə, bağımsızlıq hər bir millət üçün ən yüksək dəyərdir. Amma bu bağımsızlığı necə əldə etmək olar? Onu necə qorumaq olar? Israil, Amerika və başqa ölkələr NATO-su ilə birlikdə İranı bombalasalar belə, Tehrandakı mərkəzi hakimiyyət, ordusu, polisi, başqa gücləri ilə birlikdə qalacaq. Bu hakimiyyət hansı şərtlərdə Azərbaycanın istiqlalını, ya muxtariyyətini qəbullana bilər? Azərbaycanda elan olunmuş muxtar, ya müstəqil qurumu hansı ölkə tanıyar? XVII yüzildə yaranmış beynəlxalq münasibətlər sisteminin özəyində suverenlik prinsipi durur. Bu həmin prinsipdir ki, dünya müşəxxəs sərhədləri ilə tanınmış ölkələrin bölünməsinə çox həvəssiz yanaşır. Beynəlxalq hüquqda təyini-müqəddərat haqqının yanında başqa bir prinsip də var – dövlət sərhədlərinin zorla dəyişməzliyi prinsipi. (Qarabağ danışıqlarında Azərbaycan Respublikasının vurğuladığı əsas prinsip də məhz budur). Bir sözlə, “istiqlal”,”bağımsızlıq” çox şirin sözlərdir. Amma onu necə, hansı şərtlərdə (Azərbaycandaxili, ölkədaxili, beynəlxalq miqyasda) əldə edə bilərik? Göründüyü kimi, cavablanası suallar çoxdur. Doğru-dürüst, çoxvariantlı konseptlər olmalıdır. Onun detallarının mediada görünməsinə heç ehtiyac da yoxdur. Amma istiqlalçı partiyaların rəhbərliyi detalları ilə bu konsepti işləyib-hazırlaya, onu qəbul etdikdən sonra işini bu konseptə uyğun qura bilər. Əlbəttə, partiya rəhbərliyinin qəbul etdiyi bu sənədin – yol xəritəsi də demək olar - ümumi prinsipləri istiqlalçı qüvvələrin, ümumiyyətlə, millətimizin ixtiyarına qoyulsa, məncə, faydalı olar. Belə bir sənədin lüzumunda razılaşdıqdan sonra, gəlin düşünək görək bu sənədi bizlər hazırlaya bilərikmi? Nasir Purpirar təkbaşına İranın 80 illik rəsmi pan-İranist tarixçiliyini alt-üst elədi... Biz bu sənədi hazırlaya bilərik, istiqlal fikrini yayıb, istiqlalçıların sıralarını genişləndirə bilərik. Və daha vacibi – bu işi görməliyik! II axım - federalçılıq Deyildiyi kimi, İranda federalçılıq, ya muxtariyyət hərəkatının 100 ildən artıq tarixi var. Bu tarixə qısaca nəzər salaq. Ən vacibi isə onun dərslərinin nədən ibarət olduğunu müəyyən etməyə çalışaq. İranın “məmaleki-məhrusə” xarakterli imperiya olması, 4 əyalət, 26 vilayətdən ibarət olması Qacarların milli münasibətlərin fövqündə olması məlum həqiqətlərdir. Əyalət və vilayət əncümənləri institutu Məşrutə inqilabının ən mühüm qazancı idi. İranda federalizm məhz bu əncümənlərə əsaslanmalı idi. Tehrana vəkillərin yarısının verilməsi, daha önəmlisi - Fars dilinə dövlət dili statusunun verilməsi Farsların Məşrutə inqilabından əsas qazancları idi... Biz Azərbaycanın və Türklərin Məşrutə inqilabında fəal iştirakı ilə fəxr edirik. Amma gəlin görək, Səttar Xan və yüzlərlə insan nəyə xatir qanlarını tökdülər? Rəhmətlik Təbrizli Əli, Məşrutə inqilabında Türklərin iştirakına çox yaxşı qiymət vermişdir: “Biz yorğa getdik, Farslar mindilər”. 1917-21-ci illərdə İranda (Azərbaycan, Gilan, Xorasan) muxtariyyət hərəkatları baş verdi. Bu hərəkatlar Tehrandakı istibdad hakimiyyətinin zəiflədilməsinə, ölkənin xarici təsirdən azad olunmasına, İranın federativ şəkildə yenidən qurulmasına yönəlmişdi. Zəif cəhəti: Bu hərəkatlar lokal xarakterli idi, Tehrandakı respublika hərəkatı, ya Tehranın zülmünü azaltmaq istəyən qüvvələrlə əlaqə qurmamışdı; 20-illik mübarizə dövrünü (1905-25) Türklərin “siyasi fədakarlığı, həm də milli qəflət” dövrü saymaq olar. 21 Azər hərəkatı əvvəlkilərdən fərqlənir. Məhz bu hərəkat zamanı milli muxtariyyət prinsipləri ortaya atıldı... Hərəkatın rəhbəri Seyid Cəfər Pişəvərinin etirafı çox qiymətlidir. O, Bağırovla məlum fikir münaqişəsində bildirmişdi ki, 21 Azər hərəkatının ən zəif cəhəti başqa İran xalqları ilə sıx münasibətlərin qurulmaması idi. İslam inqilabı və ondan dərhal sonra muxtariyyət məsələsi ortaya atıldı. Müxtəlif muxtariyyət modelləri – xodmuxtari, xodgərdani - irəli sürüldü. Azərbaycan tərəfi ümidlərini Ayətülla Şəriətmədariyə bağladı. O isə milli muxtariyyət prinsipləri əvəzində Azərbaycanda təyinatların onunla razılaşdırılması lüzumunu ortaya atdı... Bizcə, bu mübarizə mərhələsinin ən böyük dərsi budur: Şəxsiyyətin deyil, ideyanın dalınca getmək lazımdır. Azərbaycana muxtariyyət istəyən qüvvələr aşağıdakı suallara cavab vermək məcburiyyətindədirlər: Tehran özünü möhkəmləndirdikdən sonra yerli muxtariyyətləri bir qayda olaraq asanlıqla ləğv edə bilib. Bu muxtariyyətin təminatı nə ola bilər? Necə etmək ki, Tehran verdiyi vədlərə, ya imzaladığı sənədlərə xilaf çıxmasın? Bu, birinci dərəcəli, çox önəmli məsələlərdir. Bu məsələləri həll etməyincə heç bir istiqlalçı, ya sıradan vətəndaş muxtariyyətə inanmayacaq. Muxtariyyətin qalıcı, davamlı olması üçün, məsələn: 1.Muxtar qurumun federasiyadan, ya konfederasiyadan azad surətdə çıxmaq haqqı tanınmalıdır; Çünki muxtariyyət – ingiliscə “authonomy” - əslində azadlıq deməkdir və federal, ya konfederal dövlət əslində könüllü birləşmə anlamına gəlir; 2.Mərkəzi hökumət hüquqi-siyasi öhdəliklər götürməlidir; bu beynəlxalq səviyyədə də ola bilər, ölkə Anayasında da təsbit edilə bilər; 3.Tehran hökumətinin yerli muxtar qurumu silah gücünə ləğv etməməsi üçün başqa işlək mexanizmlər olmalıdır. Məsələn, bu muxtar qurumun ixtiyarında yerli özünümüdafiə qüvvələrinin olması; İran ordusuna buradan yığılan əsgərin yerli qarnizonlarda xidmət etməsi; yerli qarnizonların komandirlərinin yerli əhalidən olması və s. Federalçılığı təmsil edən qüvvələrin qarşısında duran başqa bir vəzifə müttəfiqlərlə sıx əlaqələrin qurulması sayıla bilər. Müttəfiqlər sırasında başqa Fars olmayan xalqların milli hərəkatları və Tehrandakı demokratik, anti-teokratik, liberal hərəkatlar çox önəmlidir. Bəlkə də qaçınılmazdır. Etiraz ola bilər ki, Farslar arasında demokratik qüvvə yoxdur. Əgər belədirsə, onda qeyri-Farsların özləri ümum-İran demokratik hərəkatını yaratmalıdırlar. İranda normal rejimin olmasını istəyənlər- Farslar daxil- anlamalıdırlar ki, İran çoxmillətli dövlətdir, milli sitəm ləğv olunmasa, onlar da normal rejimdə yaşamaq şansı əldə edə bilməyəcəklər. Yaşıllar hərəkatının son illərdə irəli getməməsinin səbəblərindən biri də, milli hərəkatların onu müdafiə etməməsi idi. “İrana demokratiya, Azərbaycana muxtariyyət” şüarı, məncə, məqbul şüar sayılmalıdır. Bu tezisi qəbul etməyən Farslar, ya farsqafalılar sadəcə irqçidirlər. Bu arada bir suala da aydınlıq gətirmək məcburiyyətindəyik: İran, Rusiya tipli dövlətlərdə demokatikləşmənin limiti varmı, başqa sözlə, burada həqiqi demokratik və federativ dövlətin olması mümkündürmü? Federalçı qüvvələr dünyada mövcud olan muxtariyyət modellərindən hansının Azərbaycana və İrana daha uyğun olduğu ilə bağlı araşdırma aparıb, qərarlarını bildirməlidirlər. Bu modellər də dünyanın siyasi təcrübəsində istənilən qədərdir: Adı olub, dadı olmayan Sovet tipli muxtariyyətdən tutmuş, tam müstəqilliyə yaxın olan Aland adaları muxtariyyətinə qədər. Kimiləri deyir ki, molla rejimi ömrünü uzatmaq üçün federasiyaya da razı olar. Bu, tamamilə yanlış fikirdir. Molla rejimi məktəblərdə ana dilində dil və ədəbiyyat dərslərinə belə icazə vermir, özünün yazdığı Anayasanı belə pozmaqda davam edir. Həm də ona görə yanlış fikirdir ki, molla rejiminin milli muxtariyyət verməsi sonda özünün hakimiyyətdən getməsi, ölkədə demokratik idarəçiliyin qurulması demək olardı. “Bu federasiya 20-30 il sürə bilər, mənim də ona ömrüm yetməz” deyə bir soydaşımız telefonla əndişəsini dilə gətirmişdi. Muxtariyyətin, deyək ki, 20-30 il uzanacağı deyilən mütləq qayda yoxdur. 1917-ci ildə Quzey Azərbaycanda ərazi-milli prinsiplərdə muxtariyyət tələbinin ömrü heç bir il də çəkmədi. 1918-ci ilin aprelində (mayında deyil – Zaqafqaziya Federasiyası məhz apreldə Rusiyadan müstəqilliyini elan etdi) artıq Quzey, Rusiyadan ayrılmışdı, müstəqil idi. Zaqafqaziya Federasiyasının ömrü isə cəmi 40 gün çəkdi. Sovetlərdə bu, 70 il çəkdi. Amma dünya da dəyişib, millətimiz də 90 il əvvəlki deyil. Vacib məsələlərdən birisi də Quzey artıq 20 ildir bağımsızdır. Federalist kəsim “Haradır vətənim?”, “Biz kimik, keçmişimiz nə olub, gələcəyimiz necə olmalıdır?” sualına doğru-dürüst cavab verməlidir. Həqiqi federalistdirsə, vətəninin məhz Azərbaycan olduğunu bildirməsi tələb edilir. Görünən odur ki, bu sahədə, onların bəzilərinin problemləri var. Deyilənlərə bir fikri də əlavə etməkdə fayda var. İran əhalisinin yüzdə 40-nın (Türklərin) nümayəndələrinin təmsil olunmadığı təşkilat legitim sayıla bilməz, İrandakı xalqları təmsil etmək səlahiyyətinə sahib ola bilməz. Odur ki, yeni “namotəmərkez” (mərkəzsizləşmə) prinsiplərində İranın bütövlüyünü qorumaq istəyənlər Türklərin nümayəndələrini bu təşkilatlara cəlb etmək məcburiyyətindədirlər. III cərəyan – mədəni muxtariyyətçilik Şərti olaraq mədəni muxtariyyətçi, ya “dilçi” adlandıra biləcəyimiz milli, Türkçü aydınların bir hissəsinin əsas tezisi budur: Milli şüuru yüksəltmək lazımdır, qoy xalqa milli şüur verək, qalanını özü həll edəcək. Bu kəsim indi siyasi məqsəd qoymur qarşısına, maarifçiliyi, aydınlanmanı və aydınlatmanı yetərli sayır... Bu aydın kəsim istiqlalçı və federalçı kəsimin ən təbii müttəfiqidir. Onların bugün, ya sabah siyasiləşməsi heç də vacib deyil. İnanılmaz əskikliyimiz olan milli şüur məsələlərinin həll olunmasına böyük ehtiyac var. Güneydə Türkçülüyün qarşısında duran məsələləri bu cür sıralamaq olar: • Türk milləti, Türk dili, Türk ədəbiyyatı, Türk kültürü və s. anlayışların müdafiəsi; “Azəri”çiliklə mübarizə; •Doğru-düzgün, inandırıcı tarix şüurunun formalaşdırılması; (xeyli işlər görülüb, Dr. Zehtabiyə, Təbrizli Əliyə, Hisariyə rəhmət diləyək, Dr. Cavad Heyətə, Həsən Raşidiyə şükranlarımızı çatdıraq); özəlliklə bu suallara aydınlıq gətirmək lazımdır: -Milli tariximiz Türkolojidə, yoxsa İranistikada yer almalıdır? -Türk sülalələri niyə milli mədəniyyətimizə sahib çıxmadılar? -Məzhəb məsələləri millətləşmə sürəcində necə rol oynadı? Bu məsələ ilə bağlı indi nə təklif etmək olar? -Ümumiyyətlə, milli tariximizin, özəlliklə son 200 ildə hansı dərsləri var və ondan hansı nəticələri çıxartmalıyıq? •Milli təhsil sisteminin qurulması zərurətinin əsaslandırılması; •Milli dildə təmizlik və dilin inkişafı; •Əski ideoloji-siyasi irsin (Zərdabi, Əhməd Ağaoğlu, Əli Hüseynzadə, Əli Mərdan Topçubaşı, Rəsulzadə, Mirzəbala Məmmədzadə və b.) mənimsənilməsi; •Yerliçilik və tayfaçılığın alternativi kimi milli birlik fikrinin formalaşdırılması; •Adların və soyadların milliləşməsi; •Azərbaycan coğrafiyası xaricindəki soydaşlarla əlaqələrin gücləndirilməsi; •Türk dünyasının birliyi şüuru və s. Güneydə Azərbaycançılıq məfkurəsinin tələblərini aşagıdakı kimi formulə etmək olar: •İranda Türk etnik zonasının və Güney Azərbaycanın sərhədlərinin bəlirlənməsi; haradır Azərbaycan? sualına əsaslandırılmış elmi cavabın hazırlanması; •Bütöv Azərbaycan şüurunun formalaşdırılması; •İqtisadi və sosial-demoqrafik sahələrdə Tehran hökumətinin ayrı-seçkilik siyasətinin ifşası və s. “Bütöv İrançılar”ın dəlilləri nədir? Şərti olaraq “bütöv İrançılar” adlandıra biləcəyimiz bəzi milli ziyalılarımızın fikirləri və davranışlarını da nəzərdən keçirməliyik. Bizim müşahidələrimizə görə, onların bir hissəsi Fars kültür orbitindən qopmayan, Fars ədəbiyyatını özləri üçün əvəzedilməz dəyər bilən insanlardır. Türkçü yazarların bir bölümünün bütün İranı vətən saymaları səbəbi üzərində durmaq gərəkdir. Bizcə, bu ziddiyyətli yanaşmanı aşağıdakı dəlillərlə izah etmək olar. 1. İranda Azərbaycan və Türklük məsələlərinə həsr edilmiş kitab və məqalələrin yazarları, “təcziye-tələblik”də (bölücülükdə) ittiham olunmamaq üçün bu “qoruyucu kəmər”dən istifadə etmək məcburiyyətindədirlər. Bizcə, bu dəlil, ya səbəb gerçək və səmimidirsə, məntiqə də uyğundur, ona anlaşıqlı yanaşmaq lazımdır. 2. Tarixi Azərbaycandan kənarda məskunlaşmış Türklərin (Şiraz ətrafındakı Qaşqay Türkləri kimi) varlığı; son 50-60 ildə milyonlarla Türkün Azərbaycandan İranın başqa yerlərinə köçməsi, Azərbaycandakı Türklərin İranda yaşayan Türklərin az hissəsinə çevrilməsi; bir sözlə, “Azərbaycan ayrılsa, qalan soydaşlarımızın taleyi necə olacaq?” əndişəsi; . Bu dəlilə gəldikdə, dünyada milli dövlət sərhədlərindən kənarda milyonlarla soydaşı, ya əski vətəndaşı olan ölkələr var. Bu dövlətlərin varlığı, sərhədləri kənarında qalan soydaşların statusunun yüksəlməsində ən həssas faktor rolunu oynamağa qadirdir... Etnosun milli dövlət içindəki və xaricindəki hissələri arasında sıx işbirliyinin yaradılması isə yalnız texniki problemdir. Azərbaycandan kənarda yaşayan Türkçü insanların bir qismində “Azərbaycançılıq” duyğusunun olmaması, ya zəifliyi, bizcə, qeyri-adi hadisə kimi qarşılanmamalıdır. 3. Son min ildə İran dövlətinin yaşamasında Türklərin, xüsusən hakim Türk xanədanlarının mühüm rolu olmuşdur; gələcək İranda Fars dili ilə yanaşı Türkcəyə də rəsmi dövlət dili statusu verilməlidir; “İranı biz yaşatdıq, biz ona hakim olduq, indi niyə onu Farslara verək?” iddiası. Qulağa xoş gəlsə də, yanlış yanaşmadır. Gələcək İranın Avstriya-Macarıstan imperatorluğu, ya Çexoslovakiya kimi bir “dual dövlət”ə çevrilməsi çağdışı bir istəkdir. Çünki 1) İran əski imperiya xarakterini saxlamaqdadır, XX və XXI yüzillər isə imperiyaların yenidənqurulması deyil, dağılması dövrüdür; 2) İran əhalisi yalnız Farslardan və Türklərdən ibarət deyil, gələcək İranda başqa xalqların da haqlarının təmin edilməsi, bu sıradan onların milli dillərinə rəsmi statusun verilməsi tələb edilir; 3) Türk xanədanları İrana hakim olmuşlar (bugünkü İran/Fars dövlətinin başında duran Ayətülla Xamnei kimi), ancaq Türklər hakim etnos/millət olmamışlar; 4) Türklər yalnız Azərbaycanda çoxluqdadırlar (Tehran istisna ola bilər), Azərbaycan sərhədlərinin xaricində yaşayan Türklər azlıqdadırlar, yerli əhali ilə rəqabət aparacaq gücə sahib deyillər; 5) gələcəkdə Güney Azərbaycanın birləşə biləcəyi ən uyğun ölkə Quzey Azərbaycandır və s. “İrana hakim olacağıq” xülyası ilə yaşayanlara bir tarixi faktı xatırlatmaq faydalı ola bilər. Gənc Şah İsmayılın “ata” kimi xitab etdiyi Sultan II Bayəzid, göndərdiyi bir məktubunda ətrafını bürümüz Farsları göz önünə alaraq ona öyüd-nəsihət verirdi: “Farslar məsələsində ehtiyatlı ol, onlar özlərindən olmayan hökmdarlara itaət etməyən bir xalqdır.” İstiqlal, ya muxtariyyət məsələsinə iman gətirməyənlərin başqa arqumentləri də var. Onları da qısaca nəzərdən keçirək. 1. İranın zəngin neft imkanlarından niyə imtina edək? Əks-arqument: İranın neftindən sənə nə? Sənə aidiyyatı olsaydı, Güney Azərbaycan bərbad gündə olmazdı ki?! Güneyin özünün Muğan nefti var, Quzeyin isə Bakı nefti. 2. Quzey Azərbaycan müstəqil oldu, gördünüz başına nə işlər gəldi, bir ovuc Erməniyə belə cavab verə bilmir. Əks-arqument: Quzey Azərbaycanın başına ona görə bu işlər gəldi ki, o, tamın bir parasıdır. Para isə tam kimi bütün potensialını ortaya qoya bilmir. Üstəlik, son 20 ildə Quzey müstəqil olmasaydı, əhalinin xeyli hissəsi artıq Ruslaşmışdı. Bu gün milli qüvvələr nə etməlidirlər? Bizcə, indiki siyasi durumun özəlliyini nəzərə alaraq milli qüvvələrin səfərbərliyini elan etmək lazımdır. Birinci növbədə bu, ölkə xaricindəki diaspora aiddir. Zaman vardı, diaspor içərisində dadsız-duzsuz sağçı-solçu dartışmaları gedirdi. Çox yersiz ittiham idi. Milli hərəkatda sağçı da, solçu da ola bilər. Əslində xaricdəki milli qüvvələrin əksəriyyətinin keçmişi sol partiya və təşkilatlarla bağlı olmuşdur. Bu da anlaşılandır. Yalnız sol partiyalarda ritorika, bəyanat səviyyəsində milli məsələlər yer almışdı. Sağ partiyalarda indi də milli məsələ yerli-dibli yoxdur. İkincisi. Milli qüvvələr bir an öncə, ləngimədən siyasi xətlərini müəyyən etməlidirlər. Özünə, ya partiyasına istiqlalçı, federalçı, kültürçü deməklə iş bitmir. Konkret xəttin səmərəliliyi ciddi-ciddi arqumentlərlə, dəlillərlə əsaslandırılmalıdır. Üçüncüsü. Proqram sənədlərini qaydaya salandan sonra taktik məsələlər görüşülməli, işlənib-hazırlanmalıdır. Özəlliklə hər xəttin özünün müttəfiqlər məsələsində fikri aydın olmalıdır. Dördüncüsü. Milli təşkilatların fəaliyyətini koordinasiya edə bilən bir mərkəzin olması son dərəcə arzuediləndir. Bu partiyalar və qüvvələr arasında Tv, yazılı mətbuat, yığıncaq yerləri, bir sözlə, ictimai yerlərdə və vasitələrdə dava-dalaşa maratorium,yasaq qoyulmalıdır. Hər cərəyan öz xəttini müdafiə edib, o birini pisləməməli, ya o birisini təhqir etməməlidir. Beşincisi. Ölkə daxilində təşkilatlanma işi sürətlənməlidir. Altıncısı. Milli qüvvələrin (istiqlalçıların, federalçıların) ən çətin işlərindən biri milli burjuaziyanı milli işə cəlb etməkdir. Burjuaziya siyasətə çətin gəlir, həmişə çəkingən olur. Çünki sərvətini itirməkdən qorxur. Bu da normaldır. Amma burjuziyanın böyük kəsimi milli işə qatılmayınca bu iş qabağa getməz. Quzeyin təcrübəsindən örnək gətirək. Əkinçinin yaradıcısı rəhmətlik Həsən Bəy Zərdabi nalə şəkirdi, yalvarırdı ki, bircə qəzetimiz var, amandı, qoymayın o batsın... Amma Hacı Zeyalabdin Tağıyev və başqa milli burjuaziya nümayəndələri meydana girdikdən sonra durum dəyişdi. Rus hökuməti bir qəzeti bağlayanda o birisi açıldı... İndiki Quzey Azərbaycanda demokratik hərəkatın çıxmaza girməsinin ən önəmli səbəblərindən birisi də budur. Quzeydə burjuaziyanın əksəriyyəti hakimiyyətə bağlı, ya da onun günlük kontrolunda olan bürokratik burjuaziyadır. O, sərvətini itirmək qorxusundan başını əyib aşağı, rüşvətçi hakimiyyətin təzyiqləri səbəbindən siyasətə qarışmır. Başqa bir vəzifə də İrandakı milli ”sosial yuxarıların” milli hərəkata cəlb edilməsidir. Bu, ən çətin vəzifədir. Ən azından onları İrançılıq dairəsindən qopartmaq, neytrallaşdırmaq haqqında düşünməyə dəyər. Sonuc 1.Azərbaycan milli hərəkatında müxtəlif siyasi-ideoloji cərəyanların-axımların olması təbiidir, hətta lazımdır. Yetər ki, sağlam axımlar olsun. 2.Bu cərəyanlar bir-birinə qarşı olmamalı, əksinə, bir-birinə sevgi ilə yanaşmalı, aralarında sıx işbirliyi yaradılmalıdır. 3.İqtisadi-demoqrafik çəkisindən asılı olmadan təşkilatlanmamış, ideoloji baxımdan şəkillənməmiş Azərbaycan Türkünün, mağmın duruma düşməsi labüddür. Odur ki, sürətlə bilinclənmək, təşkilatlanmaq lazımdır. Bu işi sahaha saxlamaq yanlışdır. Prof. Nəsib Nəsibli Geri dön |