Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirilib
Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirilib |
Bu gün Belçika Federal Parlamentinin “Konqres” zalında «İşğal olunmuş ərazilər, unudulmuş ərazilər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri» mövzusunda müzakirələr keçirilib.
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanovun təşkilatçılığı ilə keçirilən bu müzakirələrdə Belçikada səfərdə olan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, beynəlxalq hüquq üzrə doktor Fuad Süleymanov, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı, Avropada Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin direktoru Klod Moniket (Claude Moniquet) və “Sərhədsiz vəkillər” təşkilatının təsisçisi Pyer Legros iştirak ediblər. Tədbiri Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar açıb. Sonra «Euronews» kanalının 2011-ci ildə hazırladığı «Dağlıq Qarabağ: qaçqınları ziyarət» adlı video reportajı nümayiş etdirilib. Tədbirdə Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək qeyd edib ki, münaqişə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1 milyon Azərbaycan vətəndaşının öz daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olub. Hərbi əməliyyatlar nəticəsində on minlərlə insan, o cümlədən mülki şəxslər, qadınlar, uşaqlar və qocalar həlak olub. Münaqişə Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dolları həcmində ziyan vurub. Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsinin SSRİ-nin süqutu kontekstində 80-ci illərin sonlarından başladığını qeyd edərək, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin erməni deputatlarının vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil olması ilə bağlı müraciəti, Ermənistan və Dağlıq Qarabağda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı zorakılıq, terror aktları təşkil etməklə onların öz yaşayış yerlərindən qovulması və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xocalı şəhərində azərbaycanlılara və Ahıska türklərinə qarşı törətdikləri soyqırım cinayəti barədə geniş məlumat verib. Baş nazirin müavini Azərbaycanda qaçqın və məcburi köçkünlərin bilavasitə zəruri ehtiyaclarının təmin edilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən, münaqişənin sülh yolu ilə həllində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedən, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətindən, ərazilərin demoqrafik, sosial, inzibati strukturunun dəyişdirilməsindən, beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Ermənistandan, eləcə də başqa ölkələrdən, milliyyətcə erməni mülki əhalinin bu ərazilərə yerləşdirilməsindən, nəzarətdə olmayan ərazidə narkotik vasitələrin əkilib-becərilməsindən danışıb. O bu cür halların təkcə Azərbaycan üçün deyil, eyni zamanda region və bütövlükdə beynəlxalq aləm üçün çox təhlükəli olduğunu bildirib, münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumları, dünyanın aparıcı dövlətlərini beynəlxalq hüququn fundamental əsaslarını pozanların işğalçı siyasətinə son qoymağa, ikili standartlardan və ədalətsizlikdən əl çəkməyə, prinsipial mövqe nümayiş etdirməyə, beynəlxalq hüquqa əsaslanan addımlar atmağa, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin bərpa olunmasına nail olmağa çağırıb. Avropada Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin direktoru Klod Moniket qeyd edib ki, Avropa Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak etməlidir. Bununla əlaqədar o, Ermənistana qarşı siyasi sanksiyaların tətbiq olunmasını da mümkün sayıb. “Sərhədsiz vəkillər” təşkilatının təsisçisi və rəhbəri Pyer Legros hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə beynəlxalq ictimaiyyət məsələ ilə bağlı məlumatlandırılmalı və diqqəti məsələyə yönəldilməlidir: “Yalnız bundan sonra Avropa bu prosesə öz töhfəsini verə bilər”. P.Leqros Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara nikbin yanaşmadığını vurğulayıb: “Çünki Minsk Qrupunun fəaliyyəti nəticə verməyib”. O, növbədə beynəlxalq ictimaiyyətin məsələ ilə bağlı məlumatlandırılması məqsədilə rəhbərlik etdiyi “Sərhədsiz vəkillər” təşkilatının missiyasını Azərbaycana göndərməyin məqsədəuyğun olduğunu söyləyib: “Missiya bütün faktları toplamalı və Avropanı bu barədə məlumatlandırmalıdır”. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli böyük ölçüdə Rusiyadan asılıdır: “Bu münaqişə haqqında bir qayda olaraq “dondurulmuş” ifadəsini işlədirlər, lakin bu belə deyil. Qoşunların təmas xəttində atəşkəsin pozulması əsl müharibənin başlaması ilə nəticələnə bilər”. Millət vəkili Avropanın bu münaqişə ilə bağlı məlumatlandırılmasının vacibliyini qeyd edib. Müzakirələrin yekununda Belçika parlamentinin deputatı David Qeerç Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş səylərin artırılmasının zəruriliyini vurğulayıb və Belçika parlamentinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə təqdim etmək təşəbbüsü barədə məlumat verib. Dinləmələrdə 100-dən çox şəxs, o cümlədən ekspertlər, Belçika parlamentinin hər iki palatasının deputatları, Elxan Süleymanovun rəhbərliyi ilə Azərbaycan-Belçika parlamentlərarası əməkdaşlıq qrupunun üzvləri iştirak ediblər. Geri dön |