Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda soydaşlarımız “seçki terroru”na məruz qalır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı, Özəl xəbər, Fərəc Quliyev > Gürcüstanda soydaşlarımız “seçki terroru”na məruz qalır

Gürcüstanda soydaşlarımız “seçki terroru”na məruz qalır


Rəsmi Bakı baş verənlərə biganədir; ekspertlər seçkilərdən sonra Borçalıdakı azərbaycanlılara qarşı təzyiqləri bir sıra amillərlə izah edirlər
Gürcüstanda oktyabrın 8-də keçirilən parlament seçkilərindən sonra soydaşlarımıza qarşı edilən təzyiqlər, 8 nəfərin həbsi Azərbaycanda ciddi narahatlıqla qarşılanıb.

“BBC”nin məlumatına görə Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin həbs edilən tərəfdarları seçki günü Marneulinin Qızılhacılı kəndində 48 saylı seçki məntəqəsində baş vermiş insidentdə təqsirli bilinirlər.

Ə.İmamquliyev jurnalistlərə açıqlamasında vəziyyətə nəzarət olunduğunu və sonadək saxlanılan şəxsləri müdafiə edəcəklərini bildirib: “Xüsusi təyinatlılar sanki terrorçuları həbs edirdilər. Gənclər seçkilərdə iştirak edənlərdən biridir, təsadüfən qarşıdurma yaranan zaman seçki məntəqəsinin ərazisində olublar. Oktyabrın 8-də 48 nömrəli seçki məntəqəsi yerləşən Qızılhacılı kənd sakinlərinin hamısı baş verənlərlə bağlı istintaqa açıqlama verməyə hazır idilər. Lakin onları dinləyən olmadı”.

Ekspertlər azərbaycanlılara qarşı seçkilərdən sonra edilən təzyiqləri müxtəlif cür izah edirlər. Əsas ehtimal həbs edilən gənclərin olduğu Marneulidə müxalifətin reytinqinin güclü olması və seçki günü bu ərazidən Saakaşvilinin partiyasının daha çox səs yığması ilə bağlıdır. Proseslər davam edərsə, Azərbaycan-Gürcüstan münasibətlərində gərginliyin baş verə biləcəyi də istisna olunmur. Azərbaycan Xarici İşlər Nazirliyinin tezliklə baş vermiş hadisəyə münasibət bildirməsinin vacibliyi qeyd olunur.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirdi ki, Gürcüstanda artıq azərbaycanlılar siyasi iradə ortaya qoyur, siyasətlə ciddi şəkildə məşğul olur və bunun üçün də yüksək mübarizə nümayiş etdirirlər: “İvanişvilinin vaxtında müxalifətdə olmaq asan deyil. Amma azərbaycanlılar müxalifətdə olurlar, təzyiqlərdən çəkinmirlər və sonda da seçkini udurlar. 26 yaşlı gənc Samirə İsmayılovanın Borçalıda 9 min səs yığması elə-belə iş deyil. Ayın 8-də Qızılhacılı kəndində saxtakarlıq etmək istədilər və camaat bunun qarşısını aldı. Müəyyən gərginliklər yaşandı. İndi vəziyyət sakitləşib və Əhməd İmamquliyev yüksək səslə ikinci tura keçib. Bir aydan sonrakı seçkilərdə onun nüfuzuna xələl gətirmək üçün bu cür üsullara əl atıblar. Onun tərəfdarlarını qarşıdurma yaradan tərəfdar kimi qələmə verməyə cəhdlər olur. Sevindirici hal odur ki, bizim orada elektoratımız var, ciddi müqavimət göstərir. Bu bir yenilikdir. Prosesi izləyirik. Formalaşan gənclik belə primitiv üsulların həyata vəsiqə almasına imkan verməyəcək. Hər bir soydaşımızın yanındayıq. İndiki gürcü hakimiyyəti Azərbaycan türkünün varlığını qəbul etməkdə zorlanır. Bu da qorxu mənbəyidir. Bunun üçün də təhlükəsizlik sistemimiz bunun fərqində olmalıdır”.

Deputat Fərəc Quliyev Gürcüstandakı soydaşlarımızın hüquqlarının təmin olunmasına çalışdıqlarını qeyd etdi: “Gürcüstanda sayına görə azərbaycanlılar parlamentdə az təmsil olunurlar. Burada seçki saxtakarlığı da mühüm rol oynayır. Amma ermənilərin sayı azdır, gürcü parlamentində təmsilçiləri var. Soydaşlarımıza qarşı müəyyən təzyiqlər olur. Bunu bütün gürcü hakimiyyətinin ayağına yazmaq olmaz. Gürcüstan Azərbaycandan qidalanır və bizimlə yaxın əlaqələri olan dövlətdir. Rusiya-Gürcüstan müharibəsində ermənilər açıq şəkildə rusların tərəfində olsalar da, oradakı soydaşlarımız Gürcüstan hakimiyyətinin yanında oldular. Bunlar çox ciddi amillərdir. Azərbaycanın müvafiq strukturları, xüsusilə Xarici İşlər Nazirliyi bu məsələ ilə məşğul olmalı və keçmişdə baş verənləri onların yadına salmalıdır. Susqunluğumuz oradakı soydaşlarımızın tək qalmalarına səbəb ola bilər”.

Əslən Borçalıdan olan politoloq Şahin Cəfərli baş verənlərlə bağlı bunları dedi: “Səsvermə günü Marneuli rayonunun Qızılhacılı kəndində saxtakarlıq cəhdlərinə etirazlarını bildirmiş bəzi azərbaycanlıların polis tərəfindən saxlanılmasını siyasi baxımdan yanlış, hüquqi cəhətdən isə qeyri-qanuni addım sayıram. Həmin insanlar məhz qanunsuzluğa etirazlarını bildiriblər. Ola bilsin ki, emosiyaların təsiri altında kimlərsə hüquqazidd əməllərə yol verib. Həmin adamları cərimə və ya qısamüddətli həbs qərarı ilə inzibati qaydada cəzalandırmaq olardı. Lakin bunun əvəzində gecə yarısı xüsusi təyinatlıları göndərib, o şəxsləri evlərindən çıxararaq Rustavi şəhərindəki təcridxanaya aparıblar. Mən bu hadisədə etnik mahiyyət axtarmaq istəməzdim və bu addımın azərbaycanlı əhaliyə qarşı yönəldiyinə inanmıram. Sadəcə olaraq, hakimiyyət ölkədə yeganə ciddi müxalif qüvvə kimi qalmış Vahid Milli Hərəkatı sıxışdırmaq və onun tərəfdarlarını qorxutmaq istəyir. Bunu həm də 2-ci tur ərəfəsində ”profilaktik" tədbir kimi qiymətləndirmək olar. Qızılhacılıdakı hadisə beynəlxalq miqyasda əks-səda doğurdu və transmilli mediada işıqlandırıldı. Nəticədə olay beynəlxalq müşahidəçilərin rəyində əksini taparaq seçkiyə müəyyən qədər kölgə salan amil oldu. “Gürcü Arzusu” 2-ci tur zamanı bu tip olayların təkrarlanmasını istəmir. Həbslərdə etnik faktor rol oynamasa da, hesab edirəm ki, hakimiyyət orqanları daha ehtiyatlı davrana bilərdilər. Onların istifadə etdiyi metod yerli əhalidə narazılıq və dövlətə etimadsızlıq yaradıb. Bu, Gürcüstan dövlətinə lazım deyil. Lakin hadisə Gürcüstan-Azərbaycan dövlətlərarası münasibətlərinə təsir göstərə biləcək səviyyədə deyil və qonşu ölkənin daxili işidir. Azərbaycanlılara qarşı sistematik təzyiqlər olarsa, rəsmi Bakı yalnız o zaman münasibət bildirə bilər və bildirməlidir".

Cavanşir ABBASLI

Geri dön