Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baramaçılığın inkişafı üçün yem bazasının yaradılması istiqamətində tədbirlər görülür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Baramaçılığın inkişafı üçün yem bazasının yaradılması istiqamətində tədbirlər görülür

Baramaçılığın inkişafı üçün yem bazasının yaradılması istiqamətində tədbirlər görülür


Sovet hakimiyyəti illərində, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə baramaçılıq ölkəmizdə yeni inkişaf dövrünü yaşayıb. Həmin vaxtlar Azərbaycan dünyada barama istehsalına görə səkkizinci, SSRİ-də isə Özbəkistandan sonra ikinci yeri tuturdu. Təkcə Şirvan bölgəsinin aran zonasında, o cümlədən Kürdəmir, Göyçay, Ucar, Zərdab rayonlarında barama istehsalı hər il 1500 tona çatırdı.

Təəssüf ki, ötən əsrin 80-cı illərinin sonlarında respublikanın düşdüyü ağır vəziyyət nəticəsində Azərbaycanda iqtisadiyyatın bütün sahələri, o cümlədən baramaçılıq ciddi tənəzzülə uğradı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk vaxtlarından hazırlanan sosial-iqtisadi strategiya müstəqilliyini yeni bərpa edən ölkəni dinamik inkişaf yoluna çıxardı, həyati əhəmiyyət daşıyan sahələr dirçəldildi. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi strategiya Azərbaycanı regionun ən qüdrətli ölkəsinə çevirdi. İqtisadiyyatın, xüsusən kənd təsərrüfatının ayrı-ayrı sahələri yeni inkişaf dövrünə qədəm qoydu. Son vaxtlar ənənəvi sahələr olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir.

Dövlətimizin başçısının valyuta gətirən sahələrin, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tövsiyə və tapşırıqları, bu sahəyə göstərilən dövlət qayğısı insanlar tərəfindən böyük maraq və razılıqla qarşılanıb. Subsidiyanın verilməsi, hər kiloqram baramanın yerində 8 manatdan satın alınması peşəkar kümçülərin, eləcə də digər sahibkarların razılığına səbəb olub. Təkcə cari mövsümdə Zərdabda 75 kümçü tərəfindən 150 qutu baramaqurdu toxumundan 5710 kiloqram barama istehsal olunub. Kürdəmirdə 80 qutudan 3578 kiloqram, Ucarda 40 qutudan 1500 kiloqram, Ağsuda 40 qutudan 1689 kiloqram barama götürülüb. Bu rayonlarda gələn il azı 2-3 dəfə çox baramaqurdunun bəslənilməsi planlaşdırılır. Bu məqsədlə hazırda yem bazasının yaradılması istiqamətində tədbirlər görülür. Hər rayonda orta hesabla 10-15 hektarda tut tingi əkilməsi nəzərdə tutulur.

Görülən işlər ölkəmizdə baramaçılığın yeni inkişaf mərhələsinə qədəm qoyacağını deməyə əsas verir. Kürdəmir rayonundan olan təcrübəli kümçü Bilal Hüseynov bu sahənin dirçəldilməsinin yeni iş yerlərinin açılması, həm də qazanc baxımından əhəmiyyətini vurğulayaraq deyib: “Bu mövsüm 100 kiloqram barama yetişdirdim və kiloqramını 8 manatdan satdım. Gələn mövsüm azı 500 kiloqram barama istehsalını planlaşdırmışam. Hazırda bunun üçün geniş otaqlar hazırlayır, yem ehtiyatı üçün həyətimdə xeyli tut ağacı əkirəm. Dövlətimiz də bu işdə bizə dəstək verir”.

Ucar Rayon İcra Hakimiyyətinin məsul işçisi, iqtisadiyyat elmləri namizədi Nurməmməd Tağıyev isə bildirib ki, ənənəvi sahə olan baramaçılığın inkişafı üçün tut tinglərinin əkilməsi əsas şərtdir. Çünki əvvəlcə baramaqurdunun yem bazası yaradılmalıdır. Bu sahədə ixtisaslı kadrlarımız da var. Hazırda rayon ərazisində tut ağaclarının sayının artırılması üzərində iş gedir. Kümdarlar da bu işə böyük həvəs göstərirlər. Əminliklə demək olar ki, dövlətimizin başçısının tapşırıq və tövsiyələri ilə bu sahə yenidən dirçələcək və bu, həm ölkəmizə valyuta axınına, yeni istehsal sahələrinin yaranmasına, həm də əhalinin güzəranının yaxşılaşdırılmasına xidmət edəcək.

Bir sözlə, Azərbaycanda ənənəvi sahə olan baramaçılıq özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Qazanılan təcrübə və dövlət dəstəyi bu sahənin uğurlu inkişafından xəbər verir.

Geri dön