Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Müasir, qüdrətli, dünyəvi dövlət
Müasir, qüdrətli, dünyəvi dövlət |
Azərbaycan inkişafın yeni trendlərini müəyyənləşdirir
Müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün müqəddəs, ən şirin nemətdir. Müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər də mürəkkəb və ağırdır. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd edir. Müharibə şəraitində olmasına, daim xaricdən təzyiqlərə məruz qalmasına baxmayaraq Odlar yurdu bu 25 il ərzində qüdrətli dövlətə çevrilərək hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmişdir. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda Prezident İlham Əliyev qeyd etmişdir ki, bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır: “Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix illəridir”. Ölkə bayram əhvali-ruhiyyəsindədir. Respublikanın hər yerində müstəqilliklə bağlı bayram tədbirləri keçirilir, xoş təəssüratlar bölüşülür. Milli Məclisin deputatları isə qəzetimizə açıqlamalarında 25 illik dövlət müstəqilliyi yolunda qazanılan uğurları qiymətləndiriblər. Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc QULİYEV: - Azərbaycan dövləti 25 illik müstəqilliyi dövründə böyük yol qət edərək zamanın çağırışlarına uyğun inkişaf yolu keçib. Azərbaycan 25 ildir beynəlxalq hüququn müstəqil subyekti və suveren dövlətdir. Bu müddətdə Azərbaycanın keçdiyi uğurlu yola, əldə etdiyi nailiyyətlərə diqqət yetirsək ölkəmizin dinamik inkişafa nail olduğunu görərik. Ölkəmiz bu gün dünyanın, beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Müstəqillik ən böyük sərvətdir. Azərbaycan müstəqillik qazandıqdan sonra yerində saymadı. Öz iqtisadiyyatını yüksəltdi, dünya mədəniyyətinə, siyasətinə töhfəsini verdi. Eyni zamanda beynəlxalq əlaqələrini genişləndirdi və özünün güclü-qüdrətli ordusunu yaratdı. Bütün bu uğurlar Ermənistanla müharibə şəraitində olduğumuz halda qazanıldı. Amma gəlin Azərbaycanı Ermənistanla müqayisə edək. Bu ölkə hərbi parad keçirir və hərbi qulluqçularının, hərbi texnikasının üzərində başqa dövlətin bayrağı əks olunur. Azərbaycana diqqət edək. Bir vaxtlar Qarabağ müharibəsində qoşalülə tüfəngi ilə döyüşən ölkə indi müasir hərbi texnika ilə təchiz olunmuş güclü Silahlı Qüvvələrə sahibdir. Məncə, bu müqayisə Azərbaycanın necə qüdrətli ölkəyə çevrildiyini tam sübuta yetirir. Azərbaycan qüdrətləndikcə bizə qarşı hücumlar, qarayaxma kampaniyaları da artdı. Ancaq bunun heç bir təsiri olmadı. Çünki Azərbaycan 25 il öncəki ölkə deyil və heç kimin diktəsi ilə oturub-durmur. Prezident İlham Əliyev də dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda bu məsələyə toxunaraq vurğuladı ki, biz heç kimin işinə qarışmırıq və kiminsə bizim işimizə qarışmasına imkan vermirik. Ancaq xoş niyyət göstəririk. Bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqillik qazandıqdan sonra Azərbaycanın dövlət büdcəsi dəfələrlə artıb. Bu da böyük inkişafın göstəricisidir. Beynəlxalq münasibətlər sisteminin fəal əməkdaşı, etibarlı tərəfdaşı olan Azərbaycan Respublikası artıq dünyada söz sahibidir. 25 il ərzində dövlətin yüksələn xətlə yaxşılaşan beynəlxalq münasibətləri göz önündədir. Bu gün Azərbaycanın dünyanın 177 ölkəsi ilə diplomatik münasibətləri var, xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 91 diplomatik missiyası fəaliyyət göstərir. Bakıda 53 səfirlik, 4 baş konsulluq, 12 fəxri konsulluq və 12 beynəlxalq təşkilatın daimi nümayəndəliyi fəaliyyət göstərir. Bu, bir dövlətin 25 illk müstəqillik yolunun uğur salnaməsi hesab oluna bilər. Rəşad BAXŞƏLİYEV, “Azərbaycan” Geri dön |