Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 103 YAŞLI “ARŞIN MAL ALAN”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > 103 YAŞLI “ARŞIN MAL ALAN”

103 YAŞLI “ARŞIN MAL ALAN”


Dünya şöhrətli dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin üçüncü operettası olan “Arşın mal alan”ın 25 oktyabrda 103 yaşı tamam olur. Bu əlamətdar hadisə YUNESKO – nun xəttilə beynəlxalq aləmdə təntənə ilə qeyd edilir. 28 yaşlı şuşalı gəncin yaratdığı “Arşın mal alan” yer kürəsini dolaşaraq bəşəriyyətə sevinc, Azərbaycanımıza isə baş ucalığı gətirir. Bütün dünyada şöhrət qazanmış bu operettanın fabulası, mövzusu doğma Qarabağımızın tacı sayılan qədim Şuşa şəhərindən götürülsə də, əsəri Üzeyir bəy Sankt- Peterburq konservatoriyasında oxuyarkən qələmə almışdı. Azman sənətkar 1938-ci ildə yazdığı “Arşın mal alan” haqqında qeydlərim” adlı məqaləsində bu barədə belə deyirdi: “Arşın mal alan” 1913-cü ildə Peterburq konservatoriyasında oxuduğum zaman yazılmışdır. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. “Arşın mal alan” yazılıb qurtardıqdan sonra mən çar senzurasından əsərin çap edilməsi və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim, çox əziyyət çəkdim”.

“Arşın mal alan”ı Bakıya göndərməmişdən əvvəl Üzeyir bəy aktyor Hüseynqulu Sarabskiyə Sankt- Peterburqdan göndərdiyi məktubda yazırdı:

“Bəradərim Hüseynqulu!



Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.

...Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun.

Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir.

Bəradərin Üzeyir

30 iyul 1913-cü il

Peterburq.




Bəli, böyük mütəfəkkir “Arşın mal alan”ın uğurlu gələcəyini öncədən görmüşdü. Bəs o zaman gənc bəstəkar olan Üzeyir bəy Hacıbəyli necə olmuşdu ki, operetta janrına müraciət etmişdir? Məlumdur ki, bu operettadan əvvəl 24 yaşlı Üzeyir bəy “Ər və arvad” (1909),


“O olmasın, bu olsun” (1910) adlı operettalar yazmışdır. Operetta ərsəyə gətirmək zərurəti barədə isə bəstəkar belə yazırdı: “Musiqinin gücünə inanaraq musiqi vasitəsi ilə ictimai-məişət qüsurlarını qamçılamaq, Azərbaycan ziyalılarının qabaqcıl hissəsinin ətalət və mədəniyyətsizliyə qarşı mübarizəsini musiqidə əks etdirmək arzusunda olmaq məni komik musiqi janrı- operetta yaratmaq fikrinə sövq etdi”.

Ü. Hacıbəyli “Arşın mal alan” operettasını tamamladıqdan sonra onu ilk dəfə Sankt-Peterburq konservatoriyasının direktoru, görkəmli rus bəstəkarı Aleksadr Qlazunova çalmışdır. A. Qlazunov əsəri çox bəyənmiş və onu bütün Rusiyada ilk operetta adlandırmışdır. “Arşın mal alan”a verilən yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturası ilə librettosunu vəd etdiyi kimi Bakıya, dostları Müslüm Maqomayevə və Hüseynqulu Sarabskiyə göndərir. Onlar da operettanı tamaşaya hazırlayırlar.

25 oktyabr 1913-cü ildə, cümə günü Bakıda H. Z. Tağıyevin teatrında “Arşın mal alan” operettasının premyerası olmuşdur. İlk tamaşanın yaradıcı heyəti belə idi: Əsgər-H. Sarabski, Gülşöhrə - Ə. Ağdamski, Soltan bəy - Ə. Hüseynzadə, Süleyman -H.Terequlov, Asya - Gülsabah xanım, Telli - Olenskaya. Əsərin rejissoru-H. Sarabski, dirijoru isə M. Maqomayev olmuşlar.

“Arşın mal alan”ın ilk tamaşasından sonra mətbuatda həm müsbət, həm də mənfi rəylər dərc olundu. 3 noyabr 1913-cü il tarixli “Sədayi həqq” qəzetində belə bir yazı verilmişdir: ”Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəyovun təzə operettası “Arşın mal alan” camaata çox xoş gəlib, təkrar oynanmasını xahiş etdiklərinə görə cümə günü noyabrın 8-də ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni- təvəccöhünü qazanmış Ələkbər Hüseynzadə çıxış edəcəkdir”. 27 oktyabr 1913-cü il tarixli “İqbal” qəzetində Hacı İbrahim Qasımov adlı teatr tənqidçisi isə yazırdı:”...Arşın mal alan” operettası bir dərəcə “fars” ( lağ-lağı, məsxərə-S.Q.) tamaşalarına oxşayır-desək zənn edirəm ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar”.

Üzeyir bəy Hacıbəyli özü bu məsələlərlə bağlı “Arşın mal alan” haqqında qeydlərim məqaləsində yazırdı: “Bu əsər birinci dəfə oynandığı zaman, Bakı burjuaziyasının “Kaspi” qəzeti tərəfindən son dərəcə hörmətsizlik və nifrətlə qarşılanmışdır. Əsər haqqında yazılmış “tənqiddə” avtor söyülürdü. Onlar bu əsəri “qızlarımızı pis yola çağırmaqda töhmətləndirirdilər. O zamanlar azərbaycanlı qızlar ən elementar hüquqlardan belə məhrum edilmişdilər. Bu komediyanı yazmaqdan da məqsəd səhnədə musiqili əsər vasitəsilə qadın azadlığına yardım etmək, köhnə adət və ənənələri ifşa etmək idi”.

Başqa bir resenziyada isə görkəmli ictimai və siyasi xadim, yazıçı Nəriman Nərimanov ( “Yeni iqbal” qəzeti, 16 mart 1916-cı il) yazırdı: “...Doğrusu gördüyüm operettalardan “Arşın mal alan” mənə xoş gəldi. Həm musiqi, həm məna cəhətdən...

...”Arşın mal alan” operettasında bir ideya var, desək yarar. Nədir o ideya? Qızı görməmiş almaq olmaz. Cənab Əsgər bəyin fəlsəfəsində arvad mal kimi bir şeydir. Malı görüb almaq kimi, qızı da gərək əvvəl görəsən, sonra alasan. Demək ki, Əsgər bəyin fəlsəfəsilə arvad almaq üçün bir sifətini görmək tamamdır. Şəksiz bu bir tipdir, ağılları gözündə olan adamların tipidir...

Üzeyir bəy cənabları oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana gətirəcəkdir. Hər halda qeyri əsərlərə nisbət hal-hazırda Üzeyir bəyin əsərləri böyük yolu açır. Bu yolda Üzeyir bəyin daha artıq tərəqqi etməyini səmimi qəlbdən istəyirik”.

Doktor N. Nərimanov.

Ü. Hacıbəyli “Arşın mal alan” operettasındakı obrazları belə səciyyələndirirdi: “Bəziləri Əsgəri idealizə edərək onu açıq fikirli, yenilik tərəfdarı, kultura müdafiəçisi kimi göstərirdilər. Halbuki bu tamamilə yalnış və saxta bir fikir idi. Əsgər hər şeyə bir tacir kimi baxan adamdır. O, əgər qızı görüb almaq istəyirsə, bu onun yeni həyat tərəfdarı olduğu üçün yox, tacir olduğu üçün idi. O, alacağı qızla arşını 12 qəpiklik çiti eyni dərəcədə qiymətləndirir: çitin safı, çürüyü olduğu kimi, qızın da koru, çopuru və ona layiq olmayanı da ola bilər. Məhz bunun üçün də tacir “malı” görüb almaq istəyir. Həm də Soltan bəy kimilərinin qızını! Yoxsa Əsgərdən ideya gözləmək, onu açıqfikirli bir cəmiyyət nümayəndəsi kimi göstərmək tamamilə yalnış fikirdir. Əsgərin yoldaşı Süleyman da tacir oğludur. Təfavüt bunun bir qədər daha çevik və qulaqkəsməkdə, iş düzəltməkdə, kələk qurmaqda daha mahir olmasındadır.

Soltan bəy adi Qarabağ bəylərindən biridir. Onun hər bir sözü, hərəkəti sinfi mənsubiyyətini açıq təsvir edir. Konservatizm Soltan bəydə o dərəcəyə çatmışdır ki, o, hətta injener, doktor və uçitelləri belə bəyənmir.

Gülçöhrə və Asya çadra altında və dörd divar arasında, savadsız, biliksiz, sevmək və sevilməkdən məhrum edilmiş bir şəraitdə yaşayan azərbaycanlı qızlarıdır. Həyatın zövqlərini (oxumağı, kulturanı, ictimai vəzifə və sairəni) bütün varlığı ilə dərk etməkdən məhrum edilmiş bu gənc nəsil nümayəndələrini ən çox maraqlandıran məsələ evlənmək, ərə getmək məsələsidir.

Gələcəkdə həyat yoldaşı kim olacaqdır?

Keçmişdə azərbaycanlı qızların həyatını qara günlərə çevirən “ərlər” onları həmişə bu məsələ üzərində düşündürürdü. Ekonomik cəhətdən ailənin yiyəsi olan ərlərin yaxşılığı xoşbəxtlik, pisliyi bədbəxtlik sayılırdı. Buna görə də Gülçöhrə qədər bir az düşüncəli qızlarımız, heç olmazsa, bu gələcək həyat yoldaşını görməyi arzu edirdilər.

Asya, Telli və xalalar isə tamamilə baxtabaxt, təvəkkül və elçilərin yardımı ilə yaşayırdılar.

İndiki azərbaycanlı gənclər bu həyata yalnız tarixi bir hadisə kimi baxırlar. İndi həyatımızda arşınmalçılar olmadığı halda, belə bir əsər tamaşaçını maraqlandırır. Məncə, bunun səbəbi əsərin reallığı və məzmununun maraqlı olmasıdır”.

Doğrudan da “Arşın mal alan” bütün dövrlərdə maraqla qarşılanmış, sevilmiş, dünya səhnələrində böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Hələ Üzeyir bəyin özünün sağlığında bu əsər şöhrət tacına sahiblənmiş, müxtəlif dillərə tərcümə olunmuşdur. Bəstəkar özü yazırdı ki, “Arşın mal alan” birinci tamaşaya qoyulan günlərdən bir neçə ay sonra demək olar ki, SSRİ xalqlarının hamısının, o cümlədən rus, gürcü, erməni, özbək, tacik, yunan, fars, ingilis, fransız dillərinə tərcümə edilərək oynanılmışdır.

Hazırda isə “Arşın mal alan” ın dünya şöhrəti daha geniş miqyas almış, 70-ə yaxın xarici dilə çevrilmiş, 50-dən çox ölkədə, 150 teatrın səhnəsində tamaşaya qoyulmuş, Amerikanın 13 ştatında, Polşanın 16 şəhərində, Çində, Çexiya və Slavakiyada, Bolqarıstanda, Fransada, Türkiyədə, Yunanıstanda, İranda və başqa Avropa, Asiya, Afrika ölkələrində səhnə həyatı yaşamışdır.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti dekadası zamanı oynanılan “Arşın mal alan” operettası haqqında Moskva mətbuatında bir-birindən maraqlı, əhəmiyyət kəsb edən resenziyalar dərc olunmuşdur. Məqalələrin birində “Arşın mal alan” haqqında belə yazılmışdır: “Azərbaycanlılar nə gözəl “gülüş” ustalarıdırlar. Bu tamaşada o qədər həqiqi iti fikir və gülüş, həm artistlərin oyununda, həm orkestrin melodiyalarında, həm rəssamın ürək açan və parlaq dekorasiyalarında coşqun şənlik vardır ki, “Arşın mal alan” tamaşasına baxarkən tamaşaçı qəşş edircəsinə gülür”. Resenziyanın sonunda müəllif yazırdı: “Bizim rus komediya teatrımızın(“Satira” teatrı, Operetta) “Arşın mal alan”dan özləri üçün çox şey götürə bilərlər”.

Moskvada keçirilən dekadada “Arşın mal alan” operettasının uğurla tamaşaya qoyulması barədə Üzeyir bəy belə qeyd edirdi: “ Böyük teatrda əməkdar artist rejissor Hidayətzadə yoldaşın verdiyi quruluş “Arşın mal alan”ın keçmiş quruluşlarının hamısından üstündür. Rejissor əsərin məzmunu və ideyasını düzgün mənimsədiyi üçün, onun traktovkası da doğru çıxmışdır.

Yeni quruluşun bədii tərtibatında gənc rəssam Ədhəm Sultanov yoldaş az əmək sərf etməmişdir. Rəssamın quruluşundakı bütün işlər gözəl təsir buraxır. Xüsusilə perspektivada verdiyi Şuşa şəhərinin mənzərəsi həm bədii, həm gözəl, həm də düzgündür.

Artistlərimizin oynamasına gəldikdə, demək lazımdır ki, əməkdar artist Bülbülün Əsgər rolunu oynaması ampulua cəhətcə bir az qəribə görünsə də, o, bu vəzifənin öhdəsindən gələ bilir. Bülbül ustalıqla böyük formalı opera səhnəsindən musiqili komediya roluna keçə bilmişdir.

Kələkbaz Süleyman rolunu əməkdar artistimiz H. Hacıbababəyov gözəl ifa edir. Gülçöhrə rolunda Sona Mustafayeva və Səltənət Quliyeva, Asya rolunda Aliyə Terequlova və Elmira Axundova öz rollarını yaxşı oynayırlar.

20 ildən çox Soltan bəy rolunu oynayan Ələkbər Hüseynzadə qoca artist olmasına baxmayaraq, bu rolu oynamaqda şöhrət qazanmış və əvvəlki məharətini olduğu kimi saxlaya bilmişdir. Bu sözləri Vəli rolunda çıxan Anatollu haqqında da demək lazımdır, çünki o, Vəli rolunda keçmişdə göstərdiyi bacarıq və temperamentini indi də göstərir. Həqiqət Rzayevanın yaratdığı Telli keçmiş qulluqçuların həqiqi tipidir”.

Zənnimizcə, “Arşın mal alan” operettasının tamaşaları haqqında Üzeyir bəyin verdiyi təhlil hər dövrün rejissor, rəssam, aktyor nəsilləri üçün proqram xarakteri daşımalıdır.

“Arşın mal alan” əsəri 100 ildir ki, dünya səhnələrini dolaşır. Operetta bu illərdə teatrlarda uğurla tamaşaya qoyulmaqla yanaşı, həm də hələlik dörd dəfə də ekran həyatı yaşamışdır. 1917-ci il inqilabından əvvəl Piron qardaşlarının “Filma” səhmdar cəmiyyətində işləyən rejissor B. Svetlov bu əsər ilə maraqlanmış, onu lentə çəkmişdir. “Arşın mal alan” filminin ilk tamaşası 3 yanvar 1917-ci ildə olmuşdur. Filmdə H .Sarabski (Əsgər), Ə. Ağdamski (Gülçöhrə), Ə. Hüseynzadə (Soltan bəy), Y. Nərimanov (Cahan xala), M. Əliyev (Süleyman), A. Olenskaya (Asya), H.Terequlov (Vəli), Y. Olenskaya (Telli) çəkilmişdilər. O illərdə filmlər səssiz olduğu üçün əsərin musiqisindən əsər-əlamət yox idi. Ümumiyyətlə, film zəif alınmışdır. Üzeyir bəy Hacıbəylinin tələbi ilə, müəllifdən icazəsiz çəkildiyi üçün film qadağan edilmiş və ekrandan çıxarılmışdır. “Arşın mal alan” ikinci dəfə 1937-ci ildə ABŞ-da lentə alınmışdır. Erməni əsilli Amerika kinorejissoru R. Mamulyan bu əsəri ekranlaşdırmış və heç yerdə də Ü. Hacıbəylinin adı göstərilməmişdir. Yalnız filmin Şərq motivləri əsasında çəkildiyi vurğulanmışdır.

Bəs bu operetta ABŞ-ya necə gedib çıxmışdır?

1915-ci ildə Tiflisdə yaşayan Sedrak Maqalyan isimli bir erməni Üzeyir bəy Hacıbəylinin yanına gələrək, onun “Arşın mal alan” əsərini erməni dilinə tərcümə etmək istədiyini bildirmişdir. Hətta Üzeyir bəylə müqavilə də bağlanmışdır. O, operettanı erməni dilinə çevirib, səhnəyə qoymuşdur. Əsər Bakıda, Gürcüstanda və başqa şəhərlərdə göstərilmişdir. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra S. Maqalyan xaricə mühacirət edir. Gedərkən özü ilə “Arşın mal alan”ı da aparır. O, əvvəlcə Türkiyədə, sonra Yunanıstanda yaşayır və “Arşın mal alan” operettasının hesabına dolanır. Daha sonra ABŞ-ya köçür. Orada da bu əsəri tamaşaya qoymaqla küllü miqdarda gəlir əldə edir. Bu operettadan qazandığı çoxlu pulların sayəsində o qədər varlanır ki, çoxmərtəbəli bir otel tikdirir və ona “Arşın mal alan” adını verir.

1925-ci ildə Üzeyir bəy ABŞ-dan Okorokov familiyalı bir bakılı musiqiçidən məktub alır. Okorokov vaxtilə Bakıda violonçelçalan olmuşdur. Məktubda o, Üzeyir bəyə bildirir ki, burada Maqalyan familiyalı birisi Sizin “Arşın mal alan” operettanızı özəlləşdirərək çoxlu pullar qazanır. Mənə vəkalətnamə göndərsəniz halal pullarınızı alıb Sizə yollayaram. Lakin o dövrün təzadları üzündən Okorokovun məktubu cavabsız qalır. Ermənilər isə daha da azğınlaşaraq, ABŞ-da tamaşaya qoyduqları “Arşın mal alan”ı həyasızcasına “erməni operettalarının kraliçası” adlandırırlar və onun süjeti, musiqisi əsasında film çəkərək mənimsəyirlər.

1942-ci ildə, ikinci Dünya müharibəsi dövründə Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri İranda olarkən, ermənilər tərəfindən Amerikada çəkilmiş həmin “Arşın mal alan” filminə baxırlar. Titrlərdə Üzeyir bəy Hacıbəylinin adına rast gəlmədiklərindən hiddətlənir, Bakıya dönən kimi bunu Üzeyir bəyə çatdırırlar. Ü. Hacıbəyli bu xəbərdən çox təsirlənir və müəllif hüquqlarının müdafiəsi üçün Azərbaycanın o zamanki rəhbəri Mir Cəfər Bağırova məktub göndərir. M. C. Bağırov məktubu alan kimi Üzeyir bəyə zəng çalır və bildirir ki, bu məsələnin həlli üçün Moskvaya müraciət etmək lazımdır. Ü. Hacıbəyli dərhal SSRİ-nin xarici işlər naziri V. M. Molotova məktub yazır. Aradan bir neçə gün keçdikdən sonra, gecə vaxtı Üzeyir bəyin evinə zəng olur. V. M. Molotovun köməkçisi olduğunu bildirir və Ü. Hacıbəylidən belə gec telefon açdığı üçün üzrxahlıq edərək söyləyir ki, Molotov yoldaş Sizin məktubunuzla tanış oldu və tapşırdı məlumat verim ki, SSRİ müəllif hüquqlarının müdafiəsi üzrə Beynəlxalq konvensiyaya daxil olmadığı üçün Sizin hüquqlarınızı müdafiə etmək iqtidarında deyilik.

Lakin aradan iki həftə keçdikdən sonra gecə saat 1-də Üzeyir bəyin evinə Moskvadan yenə də zəng olur. Bu dəfə SSRİ Kinematoqrafiya Komitəsinin sədri Bolşakov gecə vaxtı narahat etdiyi üçün Üzeyir bəydən üzr diləyərək bildirir ki, indicə İ.V. Stalin yoldaşın yanından gəlirəm. Yoldaş Stalin Sizin məktubunuzdan xəbərdardır. Və göstəriş verdi Sizə çatdırım ki, müəllif hüquqlarınızı müdafiə etmək məqsədilə təcili olaraq Bakı kinostudiyasında “Arşın mal alan” filmi çəkilməli və bütün dünya ekranlarına göndərilməlidir. Bununla da Üzeyir bəyin hüquqlarını müdafiə etmiş olarıq.

Elə də edirlər. 1943-cü ildə müharibənin qızğın çağında “Arşın mal alan” filmi üzərində gərgin iş başlayır. Nəhayət 1945-ci ildə S. Rəhmanın ssenarisi əsasında R. Təhmasibin və N. Leşşenkonun rejissorluğu ilə eyniadlı film üçüncü dəfə lentə çəkilir və planetin hər bir tərəfində müvəffəqiyyətlə göstərilir. Beləliklə də Üzeyir bəy Hacıbəylinin müəllif hüquqları bərpa edilir və bütün dünyada “Arşın mal alan”ın əsl sahibi, əsl müəllifi, hamıya bəlli olur.

Onu da qeyd edək ki, “Arşın mal alan” filmi çox maraqlı və uğurlu alınmış, Üzeyir bəyin özü tərəfindən yüksək qiymətləndirilmişdir. Bu filmdə çox dəyərli aktyor ansamblı toplanmışdır. Dünya şöhrətli müğənni Rəşid Behbudov (Əsgər), Leyla Bədirbəyli (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), Münəvvər Kələntərli (Cahan xala), İsmayıl Əfəndiyev (Süleyman), Lütfəli Abdullayev (Vəli), Fatma Mehrəliyeva (Telli) və başqaları çəkilmişlər. Filmin operatorları Əlisəttar Atakişiyev və Muxtar Dadaşov olmuşlar.

26 iyun 1946-cı ildə “Arşın mal alan” filminə görə Ü. Hacıbəyli, R.Təhmasib, N.Leşşenko, R. Behbudov, L. Bədirbəyli, Ə. Hüseynzadə, M. Kələntərli, L. Abdullayev Stalin mükafatına layiq görülmüşlər

“Arşın mal alan” filminin çəkilişi üçün Dövlət beş milyon rubl ayırmışdı. Bu filmin ekranlarda nümayişindən isə o zamankı araşdırmalara görə Dövlətə bir milyard iki yüz min rubl məbləğində gəlir gəlmişdir. Valyuta hesabı isə sirr olduğu üçün açıqlanmamışdır.

1965-cı ildə “Arşın mal alan” əsərinə yenidən müraciət edilərək T, Tağızadənin rejissorluğu ilə dördüncü dəfə rəngli film çəkilmişdir. Burada əsas rolları H. Məmmədov (Əsgər), L. Şıxlinskaya (Gülçöhrə), H. Yegizarov (Süleyman), A. Qurbanov (Soltan bəy), N.Məlikova (Cahan xala), S. İbrahimova (Telli) və b. oynamışlar.

Azərbaycan mədəniyyəti tarixində xüsusi yerə məxsus “Arşın mal alan” adlı sənət incisi, şedevr bütün cahanı fəth edərək, Azərbaycanımızı dünyada tanıtdı. Bu mədəniyyətimizin əlçatmaz, ünyetməz zirvəsi olan Üzeyir bəy Hacıbəylinin bəşəri, həmişəyaşar yaradıcılığının bariz nümunəsidir. Dünya durduqca Üzeyir bəy də, onun hər zaman yeni və ölməz irsi də var olacaqdır. Şöhrət tacı isə “Arşın mal alan”ın başının üstündən heç vaxt enməyəcəkdir.




Səadət QARABAĞLI,


Üzeyirbəyşünas

Geri dön