Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > İran parlamentində Türk fraksiyasının perspektiv işi...
İran parlamentində Türk fraksiyasının perspektiv işi... |
"Bunun ən üstün tərəflərindən biri İran daxilindəki milli çoxluğun etiraf edilməsidir"
img Fərəc Quliyev: "Düzdür, fraksiya dərin siyasi məsələlərə toxuna bilməsə də, dil və başqa problemlərin həllinə nail ola bilər" İran parlamentində Türk fraksiyası yaradılıb. Yerli internet portalları və İran xəbər agentlikləri Təbriz millət vəkili və Şərqi Azərbaycan vilayətinin keçmiş valisi Əhməd Əlirza Beygiyə istinadla belə bir məlumat yayıb. Əlirza Beygi fraksiyanın adını Türkdillilər fraksiyası, eləcə də Türk fraksiyası kimi bildirib. Lakin yarırəsmi Fars xəbər agentliyi yaydığı xəbərin başlığında Azəridillilər fraksiyası ifadəsi də dərc edib. Hazırda Ankarada yaşayan siyasi ekspert Kərim Əsgəri "Amerikanın Səsi"nə müsahibəsində 60-dan çox millət vəkilinin İran Məclisində Türk fraksiyası yaratmasının önəmli olduğunu bildirib, amma qeyd edib ki, onun nüfuz və təsirini zaman göstərəcək. Onun sözlərinə görə, fraksiyanın yaradılması xəbərindən sonra çox diqqətçəkən mövzu elə onun adı olub: "İranda 90 ildir türkün inkar edilməsinə şahidik. Rəsmi şəkildə olmasa da, əməldə türk adı inkar olunub, yerinə qondarma azəri çıxarılmışdı. Bu gün İran Məclisində özəlliklə də 60-dan çox millət vəkilinin təşkil etdiyi qrupun adı olaraq türk sözünün istifadə edilməsi çox önəmlidir. Bu yetərlidirmi? Yox, deyil. Çünki türkdilli dedikləri zaman, yəni türkü tamamilə rəsmiyyətə tanımırlar. Ancaq bu, azəri kəlməsindən qat-qat yaxşıdır". Türk fraksiyasına Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan və Tehran vilayətlərindən olan 5 millət vəkilinin daxil olduğu heyət sədrlik edəcək. Əsgəri bu heyətin türklərin ən çox yaşadığı vilayətlərdən seçilməsinin həmçinin bir mesaj olduğunu vurğulayır. Təbrizli siyasi ekspert fraksiyanın yaradılmasını ümumilikdə önəmli bir addım kimi qəbul edir, amma deyir ki, bu barədə dəqiq fikir bildirmək hələ ki, çox tezdir. Kərim Əsgərinin sözlərinə görə, fraksiyaya həm mühafizəkar, həm də islahatçı millət vəkilləri daxildir. Türk fraksiyasının üzvlərindən islahatçı siyasətçi və Təbriz millət vəkili Məsud Pezeşkiyan İran parlamentinin birinci sədr müavini seçilib. Əsgəri fraksiyanın müxtəlif siyasi qanadların üzvlərindən təşkil edilməsinin diqqətəlayiq olduğunu vurğulayır. Onun sözlərinə görə, Türk fraksiyası parlamentdə bir qrup kimi hər hansı bir qanunun qəbulu və ya qəbul olunmamasında rol oynaya bilər. Əsgəri həmçinin deyir ki, "bu fraksiya ilə bağlı ən önəmli məqam kimlik məsələsidir. Fraksiyaya üzv olan millət vəkilləri bunu hamıdan daha yaxşı bilir. Seçkilərdən öncə bunların hamısı mühafizəkar, müstəqil, ya da islahatçı olduqlarına baxmayaraq, kimlik məsələsi ilə bağlı verdikləri vədlərə görə səs qazanıblar. Təbii ki, bu seçkilərin dörd il sonrası da var...", deyə o vurğulayıb. İran parlamentində yaradılan yeni fraksiyanın perspektivi barədə bizim ekspertlər nə düşünür? Millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, yaradılan fraksiyanın nə iş görə biləcəyini gələcək göstərər: "İstənilən halda, bu böyük bir hadisədir. Məndə olan məlumata görə, 100-ə qədər türk əsilli deputat orada təmsil olunacaq. Bunun ən üstün tərəflərindən biri İran daxilindəki milli çoxluğun etiraf edilməsidir. Digər avantaj isə türk dili probleminin qaldırıla bilməsilə əlaqəlidir. Düzdür, fraksiya dərin siyasi məsələlərə toxuna bilməsə də, dil və başqa problemlərin həllinə nail ola bilər. Bilirsiniz ki, İranda parlamentə düşmək üçün millət vəkilləri bir neçə mərhələdən keçməli olur. Seçkiyə hər adam buraxılmır. İnanmıram ki, fraksiya tez bir zamanda hansısa inqilabi addım atacaq, ancaq, istənilən halda, bu böyük hadisəni alqışlamaq lazımdır. Fraksiyada təmsil olunan hər bir deputata uğurlar arzulayıram". Məhəmmədəli QƏRİBLİ Geri dön |