Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, Borçalı > Tbilisidə C.Məmmədquluzadənin gürcü dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub
Tbilisidə C.Məmmədquluzadənin gürcü dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub |
Noyabrın 5-də Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin gürcü dilinə tərcümə olunmuş hekayələrindən ibarət “Poçt qutusu” kitabının təqdimatı olub.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva, Azərbaycanın və Gürcüstanın yazıçılar birliklərinin üzvləri, elm, ictimaiyyət xadimləri iştirak ediblər. Gürcüstanın ədəbiyyatşünas-tədqiqatçısı, tərcüməçi Almaz Mirzəoğlu C.Məmmədquluzadənin ən maraqlı və dərin mənalı 13 hekayəsini gürcü dilinə tərcümə etdikdən sonra “Poçt qutusu” adlı yeni kitab nəşr etdirib. Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani tədbirdə bildirib ki, dövrünün realist tənqidçisi C.Məmmədquluzadənin hekayələrinin gürcü dilinə tərcümə olunması Azərbaycan və gürcü xalqları arasında mədəni, elmi əlaqələrin inkişafına daha bir töhfədir. O, belə bir kitabı ərsəyə gətirdiyinə görə müəllifə minnətdarlıq edib. AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bir zamanlar Tbilisidə yazıb-yaratmış ədiblərimiz M.F.Axundzadə və C.Məmmədquluzadənin yaradıcılıqlarından söz açıb. M.F.Axundzadəni Şərqdə komediya janrının, C.Məmmədquluzadəni isə tragikomediyanın baniləri adlandıran akademik deyib ki, onların yazdıqları hekayələr, komediya və dram əsərləri millətin maariflənməsində mühüm rol oynayıb. Gürcüstanın tənqidçi alimi Levan Breqadze, Gürcüstan Elmlər Akademiyasının akademiki Rain Metreveli, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, ədəbiyyatşünas alim Bədirxan Əhmədov və başqaları çıxış edərək “Poçt qutusu” kitabındakı hekayələr barədə fikirlərini bölüşüb, C.Məmmədquluzadənin yaradıcılığından danışıblar. Almaz Mirzəoğlu deyib ki, elmi tədqiqat və tərcümə işlərini bundan sonra da davam etdirəcək. O, yaradıcılığına verilən qiymətə görə minnətdarlıq edib. Kitabın elmi redaktoru İrma Ratiani, nəşriyyat redaktorları gürcü tədqiqatçısı Nariman Yasağaşvili və Mirzə Məmmədoğludur. Qeyd edək ki, tədbirdə filologiya elmləri doktoru, professor, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının gürcü dilinə tərcümə olunmuş “Yağmur qoxusu” adlı şeirlər kitabının da təqdimatı olub. Çıxış edənlər M.Qasımlının yaradıcılığından söz açıb, onun yaradıcılığında Vətənə, xalqa, millətə sevginin əsas yer tutduğunu qeyd ediblər. Kitabdakı şeirləri gürcü dilinə Mirzə Məmmədoğlu və tanınmış gürcü şairi mərhum Avto Çxaidze tərcümə ediblər. Geri dön |