Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Seymur Həsənli: "Vətənpərvərlik dillə deyiləsi, kağıza yazılası, «mən vətənpərvərəm» deyib şüar ediləsi hər hansı bir davranış deyildir."
Seymur Həsənli: "Vətənpərvərlik dillə deyiləsi, kağıza yazılası, «mən vətənpərvərəm» deyib şüar ediləsi hər hansı bir davranış deyildir." |
Əsl vətənpərvərlik yalnız ədalətli cəmiyyətdə yaşamağa dərin inamın, firavan və qanunsevər vətəndaşların mövcud olduğu bir məkanda özünün həqiqi çalarını alır
«Haradan başlanır vətən?» sualına cavab kimi çox vaxt bəzilərimiz «əlifbadan, yaxşı və sadiq dostlardan» – deyə cavab verirdik. Yaşadığımız zamanın çağırışları, çağdaş proseslərlə ayaqlaşmağımız üçün ilk növbədə milli həmrəylik vacib məsələdir. Bəxtimizdən Azərbaycanın dostları az, düşmənləri çoxdur. Belə bir şəraitdə isə cəmiyyəti ətrafında birləşdirərək vahid tamı yarada biləcək birlik formulunun müəyyənləşməsi vacib məsələdir. Ölkədə dövlət maraqlarının dəstəklənməsi naminə ictimai rəyin onurğasını təşkil edən elə vacib mesajlar var ki, onlarsız dövlətin təhlükəsizliyi və inkişaf mümkün olmur. Bu sırada olan əvəzedilməz mesajlardan biri – vətənpərvərlik anlayışıdır. Son illərdə bir sıra müşahidəçilərin bədbin rəylərinə görə, cəmiyyətdə bu anlayış müəyyən qədər deformasiyaya uğrayıb, öz kəsərini bir qədər itirib. Bu fikirlə müəyyən mənada barışmaq da olar, lakin bütün hallarda vətənpərvərlik təkcə şablon şüarlardan ibarət deyil. Bu, bütün ciddiliyi ilə dövlətin inkişaf dinamikası ilə birbaşa bağlıdır. Vətən barədə deklorativ bəyanatlar verməzdən öncə kamil insan və ədalətli cəmiyyət barədə bəzi prinsipləri dərk etmək lazımdır. Bu yaxınlarda Facebook-da qürbətdə yaşayan bir tanışımın vətən barədə həsrət dolu qeydlərini oxuduqdan sonra torpaq və onun üstündə yaşayan Allah bəndələrini bir-birinə bağlayan «vətən» adlı məfhumun altyapısında ciddi faktorların olduğunu fərq etdim. İnsanı vətənə bağlayan və onun müdafiəsinə qalxmağa məcbur edən amillər təkcə ruhi həyəcanın doğurduğu şüarlar deyil, həmçinin bu şüarları doğuran maddi-mənəvi sərvətlərdir. Qəribədir ki, maddi nemətlər uğrunda aparılan qanlı müharibələr son nəticədə yeni ideoloji şüarları üzə çıxararaq onları «vətən uğrunda aparılan müharibə» müstəvisinə daxil edir. ABŞ-da istiqlaliyyət uğrunda gedən mücadiləni, Çexiyada Qus müharibələrini, yaxud Fransa tarixindən Janna Darkı xatırlayın. Bütün korporativ maraqlara baxmayaraq bu xalq hərəkatlarının kökündə duran ideoloji əsas – vətəni qorumaq olub. Deməli, vətənin qorunması və müdafiəsinin təşkili o ölkədə yaşayan cəmiyyətin milli birliyindən və əlində tutduğu maddi nemətlərin qorunmasından hədsiz asılıdır. Vətənpərvər insan amilinin kökündə duranlardan ən əsası yaşadığı və ruzi qazandığı, nəslinin yüz illər sonra da yaşayacağı torpağı itirmək təhlükəsidir. Bu şərtlər onun üçün vətəni qorumağı vacib amilə çevirir. Vətənpərvərlik mücərrəd ola bilməz. Vətəni sevmək üçün hər kəsin öz kriteriyası olmalıdır: varlının malik olduğu var-dövləti itirəcəyi, cəmiyyətin yaxşı qazanan, yüksək əməkhaqqı alan vətəndaşı həmin iş yerinin daha mövcud olmayacağının dəhşətini anlayacağı, kasıbın torpaqsız qalacağı kimi… Məhz bu kriteriyalara əsaslanan varlı, ortabab, kasıb vətəndaş yaşadığı ölkədə malik olduğu mülkünü, işini, biznesini, firavan yaşamını, alın təri ilə qazandığı bir tikə çörəyini itirmək təhlükəsindən birləşərək onun müdafiəsinə hər an hazır olur, vətənpərvərə çevrilir. Beləliklə, əsl vətənpərvərlik yalnız ədalətli cəmiyyətdə yaşamağa dərin inam, firavan və qanunsevər vətəndaşların mövcud olduğu bir məkanda özünün həqiqi çalarını alır. Hüquqi dövlət quruculuğunda vətənpərvərliyin yeri hardadır? Cəmiyyətdə vətənpərvərlik hisslərinin aşılanması üçün hansı işlər görülməlidir? Bu suallarla ziyalılarımıza müraciət etdik. Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli hesab edir ki, vətənpərvərlik məsələsi heç bir zaman hüquqla tənzimlənə bilməz: «Bu, insanın içindən gələn və hər kəsin doğulduğu torpağa olan sevgisinin təzahür formasıdır. Vətənpərvərlik vətənə olan sevgi olduğundan onun yeri insanın qəlbindədir. Qısası onu deyim ki, şüarçılıqla vətənpərvərlik olmaz. Vətənpərvərlik elə hisslərdir ki, onun bütün insan cəmiyyətlərində aşılanmasına ehtiyac var. Bunun üçün bütün təbliğat resurslarından geniş istifadə etmək lazımdır. Vətəni parça-tikə olan, müharibə şəraiti davam edən Azərbaycanda isə bu hisslərin təbliğinə daha böyük ehtiyac var. İnsan vətəni o qədər sevməlidir ki, onu öz anası, bacısı, şərəfi, namusu bilməlidir. O əldən gedibsə və buna dözümlü yanaşırsansa, görünən nəticə sadəcə biabırçılıqdır. Ölkədə ən böyük təbliğat resursu televiziya kanallarıdır. Telekanallarda şou, milli-mənəvi dəyərləri aşağılayan proqramlar əvəzinə daha çox milli ruhu qaldıran verilişlər hazırlanmalıdır. Bütün ictimai rəy milli problemlər ətrafında köklənməlidir. Bu istiqamətdə nəinki telekanallar, internet resursları, qəzetlər, radiolar da ümumi səfərbərlik elan etməlidirlər. Əgər vətən dardadırsa, hətta sistemli şəkildə ümumi proqram hazırlanıb bütün resursların o istiqamətdə fəaliyyətinə təkan vermək olar. Ümumilikdə, vətənpərvərlik dillə deyiləsi, kağıza yazılası, «mən vətənpərvərəm» deyib şüar ediləsi hər hansı bir davranış deyildir. Vəzifəndən aslı olmayaraq hər hansı bir mütəxəssis və ya müəyyən işə məsul şəxs ölkə vətəndaşlarına vicdanı ilə xidmət edirsə, əyri yollardan istifadə etmirsə, bu özü də bir vətənpərvərlik sayıla bilər». Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan düşünür ki, vətəni ikiyə bölünmüş, torpaqlarının bir hissəsi işğal altında olan hər bir Azərbaycan türkü vətənpərvərlik hisslərindən uzaq olmamalıdır: «Vətənpərvərlik hissi olmayan bir millətin yaşadığı ölkə həmişə təhlükələrə məruz qalır. Tarix göstərib ki, hansı ölkədəki vətənpərvərlik hissləri güclü olub, o ölkə düşmənə qalib gəlib, dövləti yüksək inkişaf edib. Mənim fikrimcə, ölkədə vətənpərvərlik öndə olmalıdır. Bilirsiniz, rüşvət olan bir məmləkətdə heç vaxt yüksək vətənpərvərlik ola bilməz. Ölkədə korrupsiyanın, rüşvətin kökü kəsilməlidir ki, normal bir cəmiyyət yaransın. Ədalətsizliyə son qoyulsun, insanlar vətəni də düşünməyə başlasınlar. Bundan sonra valideynlər uşaqlarını yaxşı tərbiyə etməyə məcbur qalacaqlar, onlara həyatlarını qurmaq üçün yaxşı tövsiyyələr verəcəklər, uşaqlarına «quzu balam» deyərək böyüdüb onları «qoyun» etməyəcəklər, onlara «aslanım» deyib düşmənlərini tanıdacaqlar. Ədalətli bir dövlətdə bağçalarda, orta məktəblərdə, universitetlərdə yaxşı əmək haqqı alan müəllimlər başqa şeylər haqqında düşünməyəcəklər. Çalışacaqlar ki, tərbiyə etdikləri uşaqlarda, dərs dedikləri şagirdlərdə, tələbələrdə vətənpərvərlik hisslərini də aşılasınlar. Ədalətli dövlətdə televiziyalarımız, radiolarımız müğənniləri gənclərin gözündə ideala çevirməyəcəklər, o zaman onlar qəlbləri vətən eşqi ilə çırpınan Ramil Səfərovu, qəhrəman Mübariz İbrahimovu gənclərimizə örnək göstərəcəklər. Daha kənardan Azərbaycana sırınmış, bir çoxlarının əxlaqsızlıq günü kimi tanıdığı Valentin gününü yox, 20 Yanvar qəhrəmanları İlham və Fərizənin toy gününü sevgililər günü kimi qeyd edəcəklər». Milli Düşüncə İnstitutunun sədri Taryel Faziloğlu hesab edir ki, hüquqi dövlət quruculuğunda ən öndə duran problemlərdən biri də elə vətənpərvərliyin aşılanmasıdır: «Əgər vətəndaş öz dövləti ilə fəxr etmirsə o, öz dövlətinə xidmət etməyəcək. Vətənpərvərlik buna görə də mütləq şəkildə təbliğ olunmalıdır. Bunu tədris vasitəsi ilə, KİV-də təbliğatın düzgün qurulması ilə və ictimai aktivliyə bu yöndə dəstək verməklə vətəndaşlarda vətənpərvərlik hissini yüksəltmək olar». Müstəqil ekspert Elnur Eltürk isə vətənpərvərlik hissinin birinci evdən, bağçadan, məktəbdən başlamalı olduğunu düşünür: «Bir də hər şeyi formalaşdıran insanın düşdüyü mühitdir. Bunlar olmasa vətənpərvərliyi təbliğ etmək çətindir. Bu məsələdə sistemli fəaliyyət mexanizmi işləməlidir. Bizə bu gün vətənpərvərlik eşqi güclü olmalıdır, nəzərə almaq lazımdır ki, torpaqlarımız işğal altındadır. Bu məsələdə konkretk şüarçılıqdan, populizmdən uzaq olmaq və praqmatik vətənpərvərliyi təbliğ etmək lazımdır». «Sağlam Düşüncə və Maarifləndirmə» İctimai Birliyinin sədri Anar Xəlilov hesab edir ki, vətənpərvərlik hər bir dövlətçiliyin qorunmasında mühüm yer tutur: «Xüsusilə də müharibə şəraitində olan dövlətlərdə Vətənpərvərlik həm də milli mənəvi dəyərdir. Əgər hər bir xalq tarixi boyu döyüşkən əzmli olubsa onun yeni yetişən nəsli də daim vətənpərvər olmalıdır. Bu gun yeni müstəqillik qazanmış bir dövlət kimi bizə milli ideologiya və onun tərkib hissəsi olaraq vətənpərvərlik bir sistem halında aşılanmalıdır. Vətənpərvərlik ailədən başlayaraq hər bir sahədə olmalıdır». Yazar-publisist Hafiz Mirzənin fikrincə, Avropa modeli ilə hüquqi dövlət quruculuğunda vətənpərvərlik düşüncəsi hiss olunmur: «Orada peşəkarlıq və dini təəssübkeşlik daha öndədir. Ən öndə gedən Fransanın ermənilərə doğma münasibətində bunu bir daha gördük. İslam dini olmasaydı, onun acığına və ondan ehtiyatlanma əsasında onlarda heç dini təəssübkeşlik də olmazdı. Hüquqi dövlət anlayışı heç bir konkret və milli idealogiyanı qəbul etmir. Vətənpərvərlik də ideoloji xarakter daşıyır. Bizdə təəssüf ki, vətənpərvərlik dedikdə yalnız əsgərliyə getmək kimi düşünülür. Bu isə tamam səhv yanaşmadır. Əsgərlik məsələsi vətənpərvərlik anlayışında bəlkə də 10-cu və ya sonuncu yerdə olmalıdır. Hər şeydən əvvəl Vətəni dərk etmək və sevmək lazımdır. Əsgərliyə aparılanların heç 10%-də bu sevgi olmur. Həm də elə çıxır ki, bu hiss yalnız erkəklərə aiddir, qadınlara yox. Məncə ölkədə sosial ədalət, qanunların hamı üçün aliliyi və biznes azadlığı qurularsa, dərslər, plakatlar, şeirlər, məqalələr, mahnılar, müsabiqələr və digər yollarla Vətənpərvərlik təbliğatı aparmağa ehtiyac da qalmayacaq. Çünki insanlar ədalətin və firavan həyatın hakim olduğu Vətəni təbii qaydada sevəcəklər. Bunsuz quyuya su tökməyə bənzəyəcək. Su gərək quyunun dibindən çıxa! Bu mənada vətənpərvərlik təbliğatının aparılması heç də yalnız KİV-in və ya yaradıcı təşkilatların işi deyil. Bu mühit yaranmasa çəkilən zəhmət effektsiz və ya nümayiş naminə olacaq. Düşünürəm ki, bu məsələdə ən önəmli funksiya hökumətə məxsusdur»! Oktay Hacımusalı Geri dön |