Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyavuş Novruzovun “dana oğrusu ” açıqlamasına reaksiyalar gəldi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Siyavuş Novruzovun “dana oğrusu ” açıqlamasına reaksiyalar gəldi

Siyavuş Novruzovun “dana oğrusu ” açıqlamasına reaksiyalar gəldi


Səidə Qocamanlı: “Siyavuş Novruzovun fikirlərinə baş qoşmaq istəmirəm”;

Fərəc Quliyev: “Hamının adını siyahılara doldurmaq doğru deyil”

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov SƏS TV-yə müsahibəsində Azərbaycandakı siyasi məhbuslarla bağlı səs-küy yaradan fikirlər səsləndirib. Deputat son günlərdə siyasi məhbus siyahıları hazırlayanlar arasında baş verən qalmaqala münasibət bildirərkən, müxalifətin hazırladığı siyahılarla bağlı kifayət qədər sərt danışıb.

YAP funksionerinin etiraz doğuran fikirləri bunlardır: “Müxalifət toyuq, dana oğrularını ”siyasi məhbus" kimi təqdim edirdi. Təbii ki, bu da heç bir nəticə verə bilməzdi. Bütün bunları görən erməni lobbisi də istəyirdi ki, Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirsin. Yəni 5-10 manata bu cür siyahılar hazırlanırdı və ayrı-ayrı strukturlara göndərilirdi".

Deputatın bu fikirləri əks düşərgədə ciddi narazılıq yaradıb.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı siyasi məhbus siyahıları ətrafında daim qalmaqal yaşandığını söylədi: “Siyahılara daxil edilən şəxslərlə bağlı hüquq müdafiəçiləri arasında mübahisələr hər zaman olub. Təəssüflər olsun ki, hərə öz bildiyi kimi siyahıları tərtib edir. Ona görə də bu gün həmin proses davam edir. İndi qalmaqal yaradan iki əsas siyahı mövcuddur. Bu söhbət hələ çox uzanacaq. Deputatın belə fikirlər səsləndirməsinə gəlincə, hesab edirəm ki, hər insanın öz səviyyəsinə uyğun deyimlərdir. Siyavuş Novruzov daim xoşagəlməz fikirləri ilə orijinal olmağa çalışıb. Bu da onun ortaya atdığı növbəti fikirlərdir. Bunun üstündə çox durub, gündəmdə saxlamağın tərəfdarı deyiləm. Sadəcə, ürək ağrıdan odur ki, bu siyahıların ətrafında xoşa gəlməyən söhbətlər gedir. Bu da cəmiyyət, siyasi məhbuslar və onların ailələri arasında narazılıqlar yaradır. 2000-ci ilin əvvəllərində tərtib edilən 716 nəfərlik siyahıda da bu cür qalmaqal yaranmışdı. O zaman buradakı səfirliklər xahiş etdilər ki, vahid bir siyahı olsun. Hüquq müdafiəçiləri, o cümlədən Leyla Yunusun özü buna razı olmadı. Məhz bu səbəblərdən uzun müddət Avropa Şurasında başımız ağrıdı. Onlar da başa düşmürdülər ki, bu nədir, çünki iki siyahı ortada var idi. Bu gün iki siyahının ortaya çıxması həmin hadisənin təkrarıdır. Düşünürəm ki, burada beynəlxalq ekspertlərin müdaxiləsi çox vacibdir. 2001-ci ildə Avropa Şurasına daxil olandan siyasi məhbuslarla bağlı kriteriyalar üzərində işləyirik. Bu kriteriyaların olmasına baxmayaraq, bu şəxslərin sözləri bir-birinin boğazından keçmir. Zərbə ən çox məhbus ailələrinə dəyir. Belə məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Bu iki siyahı ortaya çıxandan bir müsahibə belə indiyə qədər verməmişdim. Çünki bilirəm ki, o siyahılar məhbus ailələrinə ciddi zərbədir. Siyavuş Novruzovun ortaya atdığı fikirlərə baş qoşmaq istəmirəm. Bu da növbəti şoudur. Bəlkə də bunu deyib ki, bir az da gündəmdə qalsın, mətbuatda adı hallansın”.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bunları dedi: “Ölkəmizin daxili birliyə böyük ehtiyacı var. Həmin məhbusları azad edib, bu məsələni hazırda sıfırlamağa dəyər. Kimsə peşəsinə görə hər şey edə bilməz. İnsanlar konkret məsuliyyətə cəlb olunublarsa, onların adı siyasi məhbus ola bilməz. Etiraf edək ki, bəzi QHT-lər, xüsusilə xaricə bağlı olan QHT-lər imitasiya ilə məşğuldurlar. Bəzən onlar həbsdə olanlara zərər edib, onların adlarını alver predimetinə çevirirlər. Hamının adını siyahılara doldurmaq doğru deyil. Müəyyən qurumlar vətənə xəyanət etməyənlərin azadlığını tələb edə bilərlər. Siyahılardakı fərq onu göstərir ki, burada məsələ tamam fərqlidir. Bir siyahıda birinin adının olub, digər siyahıda olmaması onu göstərir ki, burada konkret kriteriyalara əməl olunmur. Qrant müqabilində birinə dəstək verən kəslər onların azadlığa çıxmalarının marağında belə deyillər. Elə insanlar var ki, uzun müddət həbsdədirlər və cəmiyyət üçün faydalı ola bilərlər. Amma həmin QHT-lər o şəxslərin azadlığa çıxmalarına ciddi şəkildə mane olurlar”.


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Azərbaycanda demokratiyanın yaranmamasına səbəblərdən biri kimi, deputatların bu cür çıxışlarının olduğunu qeyd etdi: “O deputatların bu tipli çıxışları beynəlxalq təşkilatlar tərəfindən izlənilir və bu, Azərbaycandakı qurumların münasibətləri kimi qiymətləndirilir. Əvvəllər də siyasi məhbus siyahıları ilə bağlı qalmaqallar olsa da, bu dəfə daha geniş oldu. Hər kəs öz peşəsi ilə məşğul olsa daha yaxşı olar. Qeyri-peşəkarların artması bu dəfə narazılığı daha da artırdı. Siyavuş Novruzovun fikirləri qalmaqallı siyahılarla bağlı deyil. Siyasi məhbus anlayışını deputatların qəbul etməmələri, onların savadı, dünyagörüşü və baxışları ilə qiymətləndirilir. Bu da həmişəki Siyavuş Novruzovun fikirləridir. O, ondan artıq inkişaf etmədi”.

Cavanşir ABBASLI

Geri dön