Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > ŞEYXİN GÜNAHI (hekayə)
ŞEYXİN GÜNAHI (hekayə) |
Allahım! Sən nöqsanlı sifətlərdən pak və uzaqsan. Səni daim belə tərənnüm edir və tərifləyirəm. Sənin adın mübarəkdir. Varlığın hər şeydən üstündür. Səndən başqa ilah yoxdur... Dil ilə, bədən və mal ilə edilən bütün ibadətlər Allah-adır. Ey Peyğəmbər! Allahın salamı, rəhməti və bərəkətləri sənin üzərinə olsun. Salam bizim üzərimizə və Allahın bütün yaxşı bəndələri üzərinə olsun. Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur. Yenə şahidlik edirəm ki, Məhəmməd Onun qulu və Peyğəmbəridir... Allahım! Məhəmmədə və Məhəmmədin ümmətinə rəhmət elə; Şərəfini yüksəlt. İbrahimə və İbrahimin ümmətinə rəhmət etdiyin kimi. Şübhəsiz, bəyənilməyə layiq yalnız sənsən, şan və şərəf sahibi də sənsən... Allahım! Bizə dünyada yaxşılıq və gözəllik, axirətdə də yaxşılıq, gözəllik ver. Bizi cəhənnəm əzabından qoru... Allahım! Səndən kömək istəyirik, günahlarımızı bağışlamanı istəyirik ki, razı olduğun şeylərə hidayət etməyini istəyirik. Sənə inanırıq, sənə tövbə edirik. Sənə güvənirik. Bizə verdiyin bütün nemətləri bilərək səni xeyir ilə tərifləyirik. Sənə şükür edirik. Heç bir nemətini inkar etməz və onları başqasından bilmərik. Nemətlərini inkar edən və sənə qarşı gələni edirik... Allahım! Biz yalnız sənə ibadət edirik. Namazı tək sənin üçün qılırıq, ancaq sənə səcdə edirik. Yalnız sənə qaçır və sənə yaxınlaşdıracaq şeyləri qazanmağa çalışırıq. İbadətlərini sevinclə edirik. Rəhmətinin davamını və çoxalmasını arzulayırıq. Əzabından qorxuruq, həqiqətən, sənin əzabın kafirlərə və inancsızlara çatır...
Şeyx adəti üzrə namazını qılıb, ənənəvi duasını etdi və ayağa qalxdı. Namaz ləvazimatını yığışdırıb mətbəxə keçdi və qazı yandırıb çaydanı üzərinə qoydu. Sonra mətbəxin pəncərəsindən üzünə gülümsəyən günəşin şüalarını nurani baxışlarıyla salamladı və adəti üzrə salavat çevirdi. Daha sonra yataq otağına keçib yataqda xəstə yatan, amma xəstəliyin onun mələk üzünə qətiyyən təsir etmədiyi sevimli həyat yoldaşı Bikə xanıma baxdı, gülümsədi. Uzun-uzun xanımının günəş tək parlayan nurlu üzünə tamaşa edən Şeyx əllərini açıb, göyə doğru qaldırdı və Uca Tanrıya onu bəxş etdiyinə görə dəfələrlə şükür etdi. Və yenə gülümsəyərək Bikə xanıma yaxınlaşdı, zərif əllərindən tutub “İlahi yardım et! Sən onu rəhmətindən uzaq tutma!” – deyərək kövrəldi və dərin xəyallara daldı... Kərkük yaxınlığında kiçik bir qəsəbədə yaşayan Şeyx Əli orta yaşlı, özünü biləndən həyatını Uca Tanrıya – Allaha adamış, səhərdən axşamacan işi-gücü ancaq müqəddəs kitab Quranı və digər dini kitabları oxumaq, aradabir çıxıb təmiz Kərkük havası almaq, sonra divardan asdığı, ata yadigarı, onunçün müqəddəs sayılan sazı çalmaq, bilgisayarında dini saytlara nəzər yetirmək, arada dini məzmunlu şeirlər, hekayələr yazmaq, onları sosial şəbəkədə insanlarla paylaşmaq, dindar və Allahını sevən gənclərin tez-tez verdiyi sualları cavablamaq və s. olurdu... Beləcə Uca Yaradanın ona bəxş etdiyi gözəl həyatı yaşayıb gedirdi, Allahın sevimli bəndəsi Şeyx Əli... Onun bütün nəsli, yeddi arxa dönəmi dindar idi. Atası İraqın məşhur din xadimi Səhabəddin Xoca idi. Onun atası da vaxtilə öz ailəsiylə Təbriz ətrafından bura köçüb gələn, Azərbaycan Türkü Əziz Ağa idi. Əziz Ağanın nəsli vaxtilə Səfəvi Xanədanlığında dini-tərbiyəvi işlərə baxan, daima Tanrının haqq səsini dövlətin bütün sərhədlərinə çatdırmaqla Şaha və onun ailəsinə sədaqətlə xidmət edirdi... Atası, babası şiə məzhəbindən olsa da Şeyx Əli özünü məzhəbsiz hesab edir, İslamın birliyinə inanır, məzhəblərin Şərqi daima hakimiyyəti altında tutmaq istəyən güclərin xalqları, millətləri dinlə parçalamaqla onları idarə etməyi asanlaşdıran məkrli planların bir parçası olduğunu düşünürdü. Bir çoxları onu qınasa da dinin dövlət üzərində hakimiyyətini qəbul etmir, dinlə dövləti, cəmiyyəti ayrı hesab edirdi. Olduqca obyektiv, demokratik baxış tərzi olan Şeyx İslamdan savayı digər dünya dinlərini də tədqiq edir, dinlər arası əlaqələri araşdırır, tez-tez dini məclislərdə, beynəlxalq müşavirələrdə iştirak edir, bütün dinlərin Uca Yaradanın insanları ədalətlə yaşamaq üçün göndərdiyinə inanırdı. “Şeyx” təxəllüsü sırf dindar olduğuna, din xadimi olduğuna görə deyil, əslində qeyri-adi ruhani bacarığı olduğuna görə ətrafı tərəfindən ona verilmişdi. Deməli, Şeyx Əli bölgədə həm də qədim Şamanlara məxsus xüsusi bacarıq olan, insanların taleyilə bağlı verilən istənilən sualın “yuxu” vasitəsiylə cavabını verə bilirdi. Amma hər sualı cavablamırdı, yalnız insan həyatını ciddi şəkildə dəyişdirməyəcək sualları cavablandırırdı. Çünki insan taleyinə qarışmağı böyük günah hesab edirdi və həmin şəxsin Allah qatında müsbət yerinin olmadığını deyirdi daima. Yaşının qırxı adlamasına baxmayaraq hələ evlilik barəsində düşünməyən, bütün zamanını dinə həsr edən Şeyx bir gün adəti üzrə bir mürəkkəb məsələni həll etmək məqsədiylə yuxuya getdi. Yuxuda isə o məsələ ilə bağlı heç nə görmədi. Amma uzun ağ saçları olan, saqqalı günəş kimi parlayan, gözlərini qırışlar örtmüş bir qocanın ona doğru gəldiyini və “sən Tanrı qatında böyük günah işləmisən, oğul” deməsiylə qarşılaşdı. Qocanın görünüşündən canına qəribə bir üşütmə düşən Əlinin bu sözlərə cavabı: - Niyə, axı mən özümü biləndən daim Allah yolunda olmuşam. Onun ədalətini, haqq səsini insanlara çatdırmaq üçün çalışmışam – oldu. Qoca isə yenə eyni sözləri təkrar etdi. Əli dözmədi, uca səslə: - Ey Allahın müqəddəs bəndəsi, sən kimsən, de görək məndən nə istəyirsən – soruşdu. Qoca isə öz növbəsində: - Mən sənin Ulu baban Əziz Ağayam, oğul. Və biləsən Uca Yaradanın izniylə ruhum daim səni nəzarətdə saxlayır. Əlinin canına daha çox üşütmə düşdü. Və qorxmağa başladı. Udqunaraq: - Babam, axı mənim günahım nədir? Allah şahiddir, bu zamana qədər bir insan incitməmişəm, daim xeyir işlərlə məşğul olmuşam, namazımda-niyazımda, orucumda, zəkatımda bir qüsur etməmişəm. De görək, günahım nədir? - Sən bu zamana qədər ilahi eşq ilə feyzyab olmusan, bu məqbuldur və Allah qatında yüksək qiymətləndirilir. Ancaq oğul, bir məsələ var ki, sən onu yaddan çıxarmısan. - Nədir, axı, söyləsənə... – deyə Əli çox həyəcan keçirdi və qorxusundan titrəməyə başladı. - Allah, onu sevənləri sevər, ona uzanan əlləri yardımsız buraxmaz. Amma onun əmrlərindən kənara çıxan kimsələri dərgahına qəbul etməz... Sən başda Allahın olmaqla, eləcə də ailəmizin, soyumuzun qanunu pozmusan. Ailə qurmamısan. Tanrı ədalətini səndən sonra davam etdirəcək bir nişanə qoymamısan. Ona görə nə qədər xeyirxah əməllərin sahibi olsan da, daim Allah, din yolunda olsan da, Uca Yaradanın niyazından uzaq olacaqsan. Və bil, yenə deyirəm, Allah onu sevənləri sevər, amma ona özənənləri sevməz. Təklik yalnız bir olan Haqqı-Təalaya məxsusdur. Sən kimsən ki onun kimi yalnızlığı seçirsən? – deyə babası qəzəblə səsini yüksəltdi. Bu yuxudan olduqca narahat oyanan Şeyx Əli bir müddət sonra, dini səfərlərinin birində görüb bəyəndiyi, özündən bir neçə yaş kiçik olan Bikə xanımla ailə qurdu. Aradan bir neçə il keçməsinə baxmayaraq onların hələ də övladları olmurdu. Və Şeyx babası ilə məsləhətləşmək üçün yenidən yuxuya getdi. Bu səfər nurani qoca ona belə bir cavab verdi: - Allah sənin sədaqətini, xoş əməllərini görür və bilir. Amma səni yenə də imtahana çəkmək istəyir. De görüm, sən bu imtahana hazırsanmı? Cavabı “əlbəttə” olan Şeyxin imtahanın mövzusunu və necəliyini soruşacaq zamanı olmadı. Babası onu tez tərk etdi. Amma o hadisədən qısa zaman sonra Tanrı Bikə xanıma gözəl bir övlad bəxş etdi. Ata, ana çox xoşbəxt oldular və Allaha günlərlə şükür edərək dualar etdilər. Amma Şeyxin yadından yuxuda babasının dediyi “imtahan” məsələsi hələ çıxmamışdı. Olduqca fikirli halda aylarla düşündü, düşündü, tapa bilmədi. Aradan illər keçdi. Övladı böyüyüb yetkin yaşa doldu və xaricdə təhsil almaq fikrinə düşdü. Anası buna qarışı gəlsə də elmə hər şeydən öncə önəm verən Şeyx oğluna izn verdi. Həsrətlə dönməsini gəzləyən Bikə xanıma dəstək oldu və ata-ana ikisi də birdən övladları üçün darıxmağa başladılar. Aylarla övladından uzaq qalan Bikə xanım bir müddət sonra ağır, sağalması müşkül olan bir xəstəliyə tutuldu və tezliklə yataqdan qalxa bilmədi. Və bu zaman Şeyxin yadına babasının ona yuxuda dediyi imtahan düşdü. Çarəsizcə günlərlə dualarını əsirgəməyən Şeyx canı qədər çox sevdiyi yoldaşının göz önündə əriyib getməsinə dözə bilmirdi, tez-tez ağlayır, yarının bu halına kədərlənirdi. Nəhayət bir gün yenə niyyətlə yuxuya getdi. Bu səfər də qarşısına gələn babası ona: - Uca Yaradan səni imtahana çəkəcək – deyə təkrar etdi. Şeyx həyəcanla və dərin kədərlə: - Axı o imtahan nədir belə, baba, canım qədər sevdiyim yoldaşım can üstədir, Allah mənə niyə rəhm etmir – deyə yalvarırcasına soruşdu. Babası gülümsədi və: - Tanrı sənin öncə evlənmədiyini və günah işlədiyini mənə bildirəndə sənə o müqəddəs əmri çatdırdım. Sən də sağ ol ki, yerinə yetirdin. Amma sən günah etməyə davam etdin. Ağlaya-ağlaya yerində çapalayan Şeyx: - Xeyir, əsla elə bir şey etməmişəm – cavab verdi. - Öncə yoldaşını sevib əzizlədin, hətta bu sevgi sənin Allaha olan ilahi eşqinə təsir etdi. Sən artıq bütün olan sevgini yoldaşınla böldün. Daha sonra övladın oldu, ona qarşı sevgiylə yanaşdın, əzizlədin, hətta canından əziz tutdun onu. Yenə Allah sevgisinə şərik qoşdun. Amma Allah səndən dönmədi. Çünki özü yaratdığı bəndələrini sevmək, elə onu sevmək qədər ucadır. Lakin, övladın yurdu tərk edib gedəndə böyük həsrətlə onu özlədin. Tezliklə qayıtmasını istədin. Hətta onsuzluğa dözməyən yoldaşına da dəstək olmağa çalışdın. Bu zaman hər şeydən uca olan elmi, oğlunun irfanını unutdun. Allah elmi sevən kəsləri sevər, ona qarşı hər hansı səbəbdən cüzi də olsa düşüncədə olan kəsləri sevməz və bağışlamaz... Sonra sən yoldaşın yatağa düşəndə artıq günahların ən böyüyünü edərək yoldaşının bu halıyla barışmadın, ona qarşı, Allaha qarşı sevgini üzüntü, kədər və ən əsası ümidsizlik tutdu. Tanrı ümidsiz insanları sevməz... Ona görə sən indi Allahın əsas imtahanıyla qarşılaşacaqsan. Uca Yaradan canın qədər sevdiyin yoldaşını səndən almağa qərar vermişdir. Görək bundan sonra necə davranacaqsan - deyə qoca sözlərini bitirib bəyazlar içində qeyb oldu. Şeyx Əli yoldaşının baş ucunda əlindən tutaraq ona baxırdı. Artıq içində üzüntü deyə bir şey qalmamış, Tanrının ona bəxş etdiyi bu ruhani varlığın Allah dərgahına gedişinə hazır idi. İlk tanışlıqlarında necə həyəcanlı idisə, indi də elə həyəcan keçirirdi. Amma artıq babasının sözlərini tam anlamış və özünü həqiqi mənada Tanrıya həsr etməyin xoşbəxtliyini duyaraq son məqamı gözləyirdi... Və göy guruldadı, göydən bir nur enərək Bikə xanımın ürəyi istiqamətində axmağa başladı. Kimsələr üçünsə üzücü olan insan ölümü o an Şeyx Əli üçün artıq Tanrıya yaxınlığın növbəti mərhələsi idi. O sevinclə gülümsəyir yoldaşının canını tapşırmasını izləyirdi. O andakı nuru isə heç bir insan görə bilməzdi. Ancaq Şeyx Uca Yaradan tərəfindən ödülləndirilmişdi. Hər kəsin qəzəblə və kədərlə andığı ölüm mələyi əslində olduqca əsrarəngiz, möhtəşəm bir nur seli imiş. Bunu Şeyx canlı olaraq izlədi və anladı ki, önəmli olan günah işləməmək deyil, o günahını dərk etmək və doğru yola gəlməkmiş, ölüm isə Allahın əmri və sevgisidir. Tanrı necə ki, insan yaradıb insanları sevindirsə, öz möhtəşəm ruhunu da o insanları zamanında yanına almaqla qutlandırır... “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de:“Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” – (Zümər, 53.) “O, hansınızın daha gözəl əməl edəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır” (Mülk, 2) "Hər nəfs ölümü dadacaqdır..." (Ali İmran, 185) Elşən İsmayıl Gənc ssenarist və yazar Geri dön |