Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət…
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət…

İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət…


Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru


Və yaxud torpaqları işğal altında olan bir xalqın bayrağı nə qədər uca ola bilər?!

Bu gün Azərbaycan cəmiyyətində, xüsusilə onun ziyalı təbəqəsində ən çox müzakirə olunan məsələlərdən biri milli ideya, milli ideologiyanın hansı ideya əsasında formalaşması ilə bağlıdır. Bir qədər də dəqiqləşdirsək, hazırda Azərbaycan xalqının milli ideyasının, milli ideologiyasının azərbaycançılıq, türkçülük və yaxud da başqa birisinin olması ilə bağlı mülahizələr mövcuddur. Onlardan hər hansı birini seçən ideoloqlar inandırmağa çalışırlar ki, məhz müdafiə etdikləri ideya Azərbaycan xalqının milli ideyası, yaxud da milli ideologiyası olmağa layiqdir. Bunun üçün uzaq və yaxın tarixə müraciət edən bəzi ideoloqlar hətta iddia edirlər ki, Azərbaycan xalqı məhz onların ideyasını milli ideologiya kimi tanıyırlar. Fikrimizcə, bu zaman müxtəlif ideyalardan çıxış edən ideoloqlar əsas bir məsələni - adından çıxış etdikləri Azərbaycan xalqının əksər qisminin həmin ideyalara hansı dərəcədə maraq göstərmələrini ya nəzərə almırlar, yaxud da heç almaq da istəmirlər.

Əslində hər bir xalqın milli ideologiya ilə bağlı seçimi, ilk növbədə onun milli şüurunun səviyyəsi, milli özünüdərklə bağlıdır. Əgər bir xalqın milli şüur səviyyəsində problemlər varsa, həmin toplumun milli ideologiya və b. milli məsələlərə baxışı da buna uyğun olacaqdır. Başqa sözlə, milli şüur formalaşmadan, yaxud da milli özünüdərk müəyyən üst səviyyəyə çatmadan milli ideologiya yarana bilməz. Bizə elə gəlir ki, bu mənada Azərbaycan cəmiyyətinin milli şüur səviyyəsində, milli özünüdərkdə ciddi problemlər var. Bu problemlər, ilk növbədə özünü Azərbaycan insanının milli məsələlərə, milli maraqlara, milli atributlara s. münasibətdə özünü büruzə verir.

Doğrudur, Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra, ilk dövrlərdə sovet ideologiyasına və onun tərkib hissəsi olan müstəmləkəçiliyə, köləliyə, ruslaşmağa və s. etirazları da nəzərə almaqla, müəyyən dərəcədə milli şüur səviyyəsinin yüksəlməsi özünü büruzə vermişdi. Xüsusilə, özünü Azərbaycan Cümhuriyyətinin mənəvi və siyasi-huquqi varisi elan edən Azərbaycan Respublikasının onun əksər atributlarını (milli dil, milli kimlik, milli bayraq, milli himn və s.) qəbul etməsi, bu sahədə atılmış çox mühüm addımlar idi. Ancaq təəssüflər olsun ki, sovet ideologiyasından qurtularaq yeni milli şüur formalaşdırmağa çalışan Azərbaycan xalqı arasında bu proses, bir çox səbəblərdən uzun sürməmişdi. Belə ki, yenicə milli özündərkə can atan, millət olmağa çalışan bir toplumun həyatında bir-birinin ardınca ziddiyyətli və təzadlı proseslər baş vermişdi.

Bizə elə gəlir ki, milli şüurun formalaşması, milli özünüdərklə bağlı əsas problemlərdən birincisi varisliklə, yəni özünü Azərbaycan Cümhuriyyətinin varisi sayan Azərbaycan Respublikasının onun siyasi-huquqi və milli-mənəvi dəyərlərinə hansı dərəcədə sahib çıxması ilə bağlıdır. Varisliklə bağlı ən ciddi faktorların başında milli kimlik və milli dil məsələsi gəlir. Belə ki, Azərbaycan Cümhuriyyəti tərəfindən milli dil və milli kimlik rəsmi şəkildə «türk» olaraq bəyan edilmiş, hətta Azərbaycan SSR-nin ilk dövrlərində belə qüvvədə qalmış, ancaq SSRİ imperiyasının başçılarının göstərişi ilə (1937-ci ildən) «Azərbaycan» kimi müəyyənləşdirilmiş bir millətin, müstəqillik dövründə də eyni aqibəti yaşaması milli şüurun formalaşmasına çox mənfi təsir göstərmişdi. Hər halda Azərbaycan Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikasının əvvəlcə, yəni 1992-ci ildə Konstitusiyaya dəyişiklik edərək türk kimliyinə və türk dilinə qaytması nə qədər təbii olmuşdursa, ancaq bunun üstündən qısa bir müddət keçdikdən sonra (1995-ci ildən) sovet dövründə rəsmiləşdirilmiş «Azərbaycan» anlayışına müraciət etməsi bir o qədər anlaşılmazdır. Bütün hallarda varisliklə bağlı milli dil və milli kimlik məsələsi ətrafında baş verənlər yeni nəslin milli təfəkkür yaddaşına, özünüdərkinə və s. çox mənfi təsir göstərmişdi. Müstəqil bir dövlətdə qısa bir zaman içində milli dil və milli kimlik məsələsinə bu cür münasibət, yalnız Azərbaycan xalqının milli özünə inamına, milli özünüdərkinə deyil, həm də milli şüur səviyyəsinə yüksələrək millət kimi daha tez formalaşma prosesinə əngəl olmuşdu.

Çox təəssüflər olsun ki, varisliklə bağlı problemlər bununla bitmir. Belə ki, bir çox millətlər (Türkiyə türkləri, fransızlar, almanlar, ukraynalılar, gürcülər, ruslar, farslar, haylar və b.) özlərinin İstiqlal gününə həm mənəvi, həm də maddi baxımdan böyük dəyər verdikləri halda, Azərbaycan Respublikasında bu məsələyə o qədər də sıcaq yanaşılmır. Buna bariz nümunələrdən biri kimi 28 may İstiqlal gününün layiq olduğu səviyyədə qeyd edilməməsini, İstiqlal abidəsinin kiçik bir meydançaya sığışdırılmasını və Azərbaycanın ilk istiqlalçılarına layiq bir abidənin hələ də ucaldılmamasını göstərə bilərik. Bizə elə gəlir ki, varisliklə bağlı ən ədalətli və obyektiv addım o zaman atlmış olardı ki, 26 Bakı Kommisarı abidəsinin yerində İstiqlal abidəsi ucaldılar, ilk istiqalçıların hər birinin büstü qoyulmuş olardı. Eyni zamanda əgər yeni nəslə təhsil sistemində İstiqlal günü, ilk istiqlalçıların müstəsna əməlləri sözün həqiqi mənasında aşılanmırsa, Bakının ən möhtəşəm yerində İstiqlal abidəsi ucaldılmırsa, onda necə milli şüur formala bilər?!

Xüsusilə, Azərbaycan Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadəyə ziddiyyətli münasibətin göstərilməsi, onun Azərbaycan xalqının milli dövlətçilik tarixindəki yerinə və roluna obyektiv qiymətin verilməməsi şəraitində milli şüurdan və milli özünüdərkdən danışmaq çətindir. Əgər nə vaxta qədər M.Ə.Rəsulzadənin Azərbaycan xalqının milli-mənəvi sərvəti olması birmənalı şəkildə öz təsbitini tapmayacaqsa, kimlərsə hansısa maraqlara görə onu yalnız bir partiyanın lideri və s. kimi görəcəklərsə, şübhəsiz bu zaman milli mənəviyyatımızdakı, mili şüurmuzdakı boşluq da heç vaxt dolmayacaqdır. Bu mənada vaxtilə adları dövlət universitetlərindən yığışdırılan şəxsiyyətlərdən (məsələn, Bakı Dövlət Universiteti bir müddət M.Ə.Rəsulzadənin adını daşımışdır), sonralar bəzilərinin bərpa edilməsinə baxmayaraq, M.Ə.Rəsulzadənin «yada» düşməməsi yalnız təəssüf doğuran hal deyil, bu həm də milli şüurumuzun naqis qalması deməkdir. Maraqlıdır ki, M.Ə.Rəsulzadənin yaratdığı üç boyalı bayraq, dünyada hündürlüyünə görə ən uca bayraq kimi Ginnesin rekordlar kitabına düşdüyü halda, ancaq nə adı vaxtilə daşıdığı universitetitə bərpa edilir, nə də milli şurun bərpası baxımdan ehtiyac duyduğumuz abidəsi ucaldılır?!

Ümumiyyətlə, İstiqlal abidəsi kiçik bir meydançaya sığışdırılan, Azərbaycan Cümhuriyyətinin ideoloqu və qurucusu M.Ə.Rəsulzadəyə layiqli bir abidə ucalda bilməyən, torpaqları işğal altında olan bir xalqın bayrağı nə qədər uca ola bilər?! Bizə elə gəlir ki, Bakının mərkəzində ucaldılan üç boyalı bayrağın ürəklərə yol tapması üçün, öncə onun mənəvi dəyərni dərk etməliyik. Başqa sözlə, M.Ə.Rəsulzadənin «Bir kərə yüksələn bayraq, bir daha enməz!» fəlsəfəsini anlamadan, o bayrağı könüllərmizdə ucaltmadan nə özümüzə, nə də işğal altında olan torpaqlarımza sahib çıxa biləcəyik.

Fikrimizcə, milli şüur və milli özünüdərklə bağlı ciddi problemlərdən biri də, bu günə qədər hələ də milli tarixin, milli ədəbiyyatın, milli dil tarixinin, milli fəlsəfə tarixinin və s. yazılmaması ilə bağlıdır. Xüsusilə, «Azərbaycan tarixi», «Azərbaycan ədəbiyyatı tarixi» kitablarında milli kimlik, milli dil və s. məsələlərlə bağlı fərqli mülahizələrin öz əksini tapması, xüsusilə orta məktəblərə aid tarix və ədəbiyyat dərslikləri ilə akademik şəkildə nəşr olunan «Azərbaycan tarixi» və «Azərbaycan ədəbiyyatı tarixi» kitablarının bir-birinə zidd olması milli şüurun formalaşması yolunda nöqsanlı cəhətlərdəndir. Əgər iyirmi il ərzində bir millətə AMEA Tarix İnstitutunun, Təhsil Nazirliyinin və s. adından bir neçə fərqli milli «Tarix» təq­dim edilirsə, bu yalnız utancverici bir durum deyil, eyni zamanda xalqın özünü təsdiqinə, özünüdərkinə, ümumiyyətlə milli şüurunu formalaşmasına ziddir. Bu baxımdan milli «Tarix»i, milli «Ədəbiyyatı»ı və s. elə yazmaq lazımdır ki, onun birinci ilə üst-üstə düşmyən ikinci, üçüncü və s. nəşrinə ehtiyac qalmasın. Çünki bu kitablar, xüsusilə dərsliklər bütöv bir millətin və onun övladlarının savad qazanması üçün yazılır. Hal­buki, orta məktəblər üçün nəzərdə tutulmuş «tarix»lərlə, «ədəbiyyat»larla aka­demik nəşr olunmuş «tarix»i, «ədəbiyyat»ı müqayisə etdikdə tamamilə fərqli, ziddiyyətli məsələlər ortaya çıxır. Belə olduğu təq­dirdə vətəndaşın hansı hissləri yaşadığını anlamaq heç də çətin deyil. Üstəlik, bu ziddiyyətlərin, dolaşıqların ayrı-ayrı şəxslərin müəllifləri olduqları «Azərbaycan tarixi» adlanan kitablarda və digər müvafiq əsərlərdə də öz əksini tapdığını göz önünə gətirsək, məsələ bir qədər də qəlizləşir.

Ən önəmlisi milli dərsliklər, kitablarla yanaşı, onu tədris edən müəllimlərin, pedaqoqların özündə milli ruh, milli şüur olmalıdır ki, onlar yeni nəslə yaxşı nə isə verə bilsinlər. Yəni müəllim həmişə yeniyetmə və gənc nəslə milli şüur formalaşdıran elə bir statusa malikdir ki, onun bu mövqeyi yalnız millətə və vətənə bağlılıqda öz əksini tapmalıdır. Bu baxımdan müəllim ruhən müstəqil və cismən isə yaxşı təmin olmalıdır ki, sözü və əməli üst-üstə düşsün. Əgər müəllim bunlardan birindən naqis qalarsa, onun təlim və tərbiyə verdiyi nəslin milli şüuru, milli mənəviyyatı da yarımçıq olacaqdır…
Bu baxımdan müəllimi bir parça çörəyə möhtac edərək onu rüşvətxoluğa sövq edənlər anlamalıdırlar ki, onlar millətin gələcəyinə necə balta vururlar.

Geri dön