Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bəstəkar Həsənağa Adıgözəlzadənin yubiley gecəsi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bəstəkar Həsənağa Adıgözəlzadənin yubiley gecəsi keçirilib

Bəstəkar Həsənağa Adıgözəlzadənin yubiley gecəsi keçirilib


Noyabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Həsənağa Adıgözəlzadənin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimiz tarixində xidmətlərindən danışıb.

Bildirilib ki, ziyalı ailəsində dünyaya göz açan Həsənağa Adıgözəlzadə çox erkən yaşlarından musiqi ilə məşğul olub. İlk musiqi təhsilini skripka üzrə alıb. O, istedadını zəhməti ilə birləşdirərək Azərbaycan bəstəkarlıq məktəbində öz yerini tutub.

Qeyd edilib ki, Həsənağa Adıgözəlzadə bəstəkarlığa hələ Bülbül adına orta ixtisas musiqi məktəbində başlayıb. O, fortepiano üçün xırda pyeslər yazıb və unudulmaz bəstəkar Emin Sabitoğlunun məsləhətlərindən xeyli faydalanıb. Musiqi məktəbini bitirdikdən sonra Həsənağa Adıgözəlzadə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) qəbul olunub. O, iki dahi bəstəkardan – Qara Qarayev və Cövdət Hacıyevdən sənətin sirlərini öyrənib.

Vurğulanıb ki, bəstəkar öz yaradıcılığında musiqinin müxtəlif janrlarına müraciət edir. Həsənağa Adıgözəlzadə bir sıra simfoniyalar, o cümlədən “Azərbaycan” və “Bursa” kantataları, xor və kamera-instrumental miniatürlər, nəfəsli alətlər üçün kvintet və süita, marşlar, mahnılar, romanslar müəllifi kimi tanınır. O, bir çox teatr tamaşalarına musiqi bəstələyib, xalq çalğı alətləri üçün əsərlər yazıb. Həsənağa Adıgözəlzadə təkcə bəstəkarlıq fəaliyyəti ilə deyil, həm də ictimai fəaliyyəti ilə seçilən sənətkarlardandır.

Gecədə Həsənağa Adıgözəlzadəyə Azərbaycan Bəstəkarlar İttifaqının fəxri diplomu təqdim edilib.

Yubiley tədbirində bəstəkarın “Yaylaq” fortepiano silsiləsi, “Bəyaz lalə” romansı, “Dahi sənətkar Əli Dədəyə xatirə” kvinteti, “Bursa” və “Azərbaycan” kantataları, “Cəlalı var”, “Bahar şərqisi”, “Nə vecinə”, “Azərbaycanım” və digər əsərləri səsləndirilib. Musiqi əsərlərini Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, o cümlədən IV Zaqafqaziya müsabiqəsinin laureatı Yulduz Aslanova, Əməkdar artistlər Zemfira İsmayılova, Ehtiram Hüseynov, Fərid Əliyev və digər solistlər ifa ediblər.

Geri dön