Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Qıpçaq ənənəsi və təsir dairəsi
Qıpçaq ənənəsi və təsir dairəsi |
Güllü Yoloğlu - TÜRKOLOQ Günümüzdə bir çox adət-ənənələrimizdə olduğu kimi, təbii ki, keçəpapaqların geyimində də dəyişiklik olub. Təkcə onu demək yetər ki, əvvəllər indiki şir maskasının yerinə qurd maskası olub. (Gürcüstanın Sərtçala Muğanlı və Dağıstanın Şaitli kəndlərindəki bayramların nümunəsində) Tarixi Azərbaycan torpaqlarının bir hissəsi bu gün qonşu dövlətlərin ərazisinə aid olsa da, burada, yəni öz dədə-baba yurdlarında yaşayan türklər qədim və zəngin mədəniyyətlərini, toponimlərini çətinliklə də olsa, qoruyur, yaşadır, gələcək nəsillərə ötürürlər. Onlardan biri də Gürcüstanın Qarayazı-Qardabani rayonunun Sərtçala Muğanlı kəndinin sakinləridir. Təkcə onu qeyd edək ki, 2010-cu ilin seçkilərində 6 mindən yuxarı əhalisi və onun da 99 faizi türk olan Muğanlı kəndinin adı seçki məntəqələri arasında yox idi. İkinci müqayisəli tədqiqata cəlb etdiyimiz Dağıstanın didoylar yaşadığı Şaitli kəndi və orada keçirilən İqbi bayramıdır. Dağıstanda hündür dağların başında Şaitli adında bir iyez, didoy kəndi var. Fevral ayının ilk ongünlüyündə, yəni Kiçik Çillə içərisində Xora dağının ətəklərində İqbi bayramı keçirilir. “İq” bayramda hər evdə bişirilən ortası boş yumru çörək (bublikə oxşayır), “bi” isə cəm şəkilçisidir. Yəni bayramın adı “iqbilər”dir. Bayramda gənclər müxtəlif maskalar hazırlayırlar. Küçələrə axışan gənclər “qurd”lar adlanırlar. Onlar, Sərtçala Muğanlıda olduğu kimi, əyinlərinə tərsinə çevrilmiş qoyun dərisindən kürk geyinir, başlarına qurd maskası taxır, əllərində taxta qılınclar olur. Qurdlar bütün kəndi gəzərək pay kimi iq, yəni yumru çərək yığır, onları çiyinlərində daşıdıqları tirə düzürlər. Burada da polis, bu günkü cizgi film personajları qurdlarla bərabər kənd əhlini pay verməyə məcbur edir, cəzalananları çaya və ya qarın içinə yıxır, döyür, təpikləyirlər. Heç kəs incimir, inciməməlidir, inciyən gərək küçəyə çıxmasın. Bəri başdan onu da vurğulayaq ki, hər iki bayram baharın gəlişi ilə əlaqədardır. Didoylar bu bayramı fevralın ilk ongünlüyündə, muğanlının qıpçaq türkləri isə martın 22-də keçirirlər. Lakin haqqında danışacağımız payyığma zamanı pay verməyənlərin üstünə qar əvəzi unun səpilməsi də göstərir ki, didoyların mərasimi qarlı-buzlu vaxtda keçirmələrinin başqa bir anlamı da burada gizlənirmiş... Muğanlı kəndində qədim adət-ənənələr, özəlliklə də mövsüm mərasimləri ilə bağlı ayinlər el ağsaqallarının, ağbirçəklərinin yaddaşından süzərək meydan tamaşaları şəklində də olsa, yaşayır. Qıpçaq türklərindən ibarət olan kənd əhli hələ də Bayram dedikləri Novruz bayramı öncəsi çərşənbələri köhnə adları ilə qeyd edir: Xəbərçi çərşənbə, Kərə çərşənbə, Kürə çərşənbə və Axır çərşənbə. Su ilə bağlı bütün ayinlər də məhz Axır çərşənbədə keçirilir. Hər çərşənbənin də özünəməxsus yeməyi olur. Lakin bütün bunlarla yanaşı Muğanlı əsrlərdən üzü bu yana daha bir mərasimi qoruyub saxlamaqdadır. Bu, keçəpapaqların Bayram şənliklərində iştirakı və rolu ilə bağlıdır. Youtube-da Muğanlının Novruz bayramı ilə bağlı kifayət qədər video materiallar var. Amma buradakı keçəpapaqlarla bağlı elmi izah demək olar ki, yoxdur. Kəndin tanınmış adamlarından olan Elbrus Məmmədovun sayəsində keçəpapaqlara AMEA-nın Folklor İnstitutunun əməkdaşı, folklorşünas Seyfəddin Rzasoy diqqət yetirir, kəndə gedir və çoxlu sayda məlumat əldə edir və bacardığı qədər də bu məsələyə elmi izah verməyə çalışır, bur çox hallarda uğurları da göz önündədir: “Muğanlıda Novruz karnavalı” (Tbilisi, 2014, 106 s.). Lakin biz Seyfəddin Rzasoya dəyərli məlumatlarına görə təşəkkür edərək, onun materiallarından faydalanaraq bu məsələyə bir az fərqli yanaşacaq və yuxarıda qeyd etdiyimiz kimi, Şaitli kənd sakinlərinin İqbi bayramı ilə paralellər aparacağıq. Birincisi ondan başlayaq ki, kitabda Sərtçala Muğanlı sakinlərinin oğuz olduqları göstərilir. Məlumdur ki, oğuzlar bu bölgələrə yerləşəndə artıq İslam dinini qəbul etmişdilər. Yerli qıpçaqlarla münaqişələrinin kökündə də bu dururdu. Belə olmasaydı, qıpçaqların İslam dinini qəbul etmək istəməyən qismi Eçmiədzinin ətrafına yığışmazdı. “Kitab-Dədə Qorqud” boylarında da əsas münaqişə müsəlman oğuzlar və şamanist qıpçaqlar arasındadır. Xristianlıq ara-sıra boy göstərsə də, özəllikllə “Dəli Domrul” boyunda şamanlıqla İslamın “ilk görüşü” özünü daha qabarıq göstərir... (Bu barədə vaxtilə “Domrul dəli deyildi...” başlıqlı məqaləmizdə geniş yazmışıq). Demək istədiyimiz odur ki, Sərtçala Muğanlıdakı mərasim bu şəkildə oğuz mühitində qala bilməzdi. Araşdırmalar göstərir ki, İslam dininin zəif olduğu bölgələrdə qədim adət-ənənələr, mərasimlər öz ilkinliyini daha çox qoruya bilir. O da məlumdur ki, hər yeni gələn din özündən əvvəlkini ya məhv edir, ya da özününküləşdirir. Bu mərasimi özününküləşdirmək də mümkün olmadığı üçün bu gün salavat çevirməyi, Qurandan bir-iki nümunə gətirməyi və yaxud kəndin özünə yaraşan, qədim ənənələri yaşadan mollasının çıxışını zəif təsir kimi qiymətləndirmək olar... Günümüzdə bir çox adət-ənənələrimizdə olduğu kimi, təbii ki, keçəpapaqların geyimində də dəyişiklik olub. Təkcə onu demək yetər ki, əvvəllər indiki şir maskasının yerinə qurd maskası olub. Qurdun şirə dönüşü türk amili olan qurda münasibətlə bağlı ola bilər, yəni kənar təsirlər nəticəsində qurd şirə dönə bilər. Artıq həm Şaitlidə, həm də Muğanlıda maskalara əlavə bəzəklər vurulur, şarlardan da istifadə olunur. Didoyların qurdları Muğanlının şirə dönmüş əski qurdları Burada müasir çizgi filmlərin personajlarının maskalarını da görmək mümkündür. Lakin şir, aslan maskalılar daha çoxdur. Əksəriyyəti qara keçədə olsalar da, ağ rəngdəkilər də var. Lakin kəndin ağsaqqalı, mollası və şairi Xudaverdi Məsmalı oğlu qətiyyətlə bildirir ki, onun uşaq olduğu dövrdə keçəpapaqlar keçədən bütün başlarını çiyinlərinədək qapayan, torbaya oxşar papaq geyərmişlər. Papağa qurd qulağına oxşar iki qulaq düzəldər, baxmaq üçün iki göz yeri, nəfəs almaq üçün bir ağız yeri açarmışlar. Bizi didoyların İqbisindəki qurdlarla müqayisə aparmağa sövq edən də elə söz arası deyilmiş bu söz oldu: “Papağa qurd qulağına oxşar iki qulaq düzəldər...” Qeyd edək ki, didoylarda maskalılar birbaşa botsi – qurd adlandırılsalar da, onların da maskalarında qurda bənzərlik azdır... lap elə Xudaverdi Məsmalıoğlunun təsvirindəki kimi. Amma onlan bu maskalıları qurdlar adlandırdıqlarına görə, hamı da elə qəbul edir. Yəni şərt o deyil ki, qurdu soyub dərisini geyinsinlər... Gürcüstanlı dostlarımızdan Rəşad Sahilin dediklərinə görə, Xramçayın o tayında da, bu tayında da keçəpapaqlar Bayram günlərində görünərmişlər. El arasında onlara “keçə bölük” də deyərmişlər. Əslində “bölük” sözü “börük” sözünün təhrif olunmuş formasıdır. “Börük” də “börü” – qurd sözündən əmələ gəlib. Yəni keçə qurd... Əsasən heyvandarlıqla məşğul olan əhalinin qurdu öldürməsi onların qəzəbinə tuş gəlmək qorxusu yaradır. Bu bayramda əslində qurdlara pay verməklə onları razı salırlar ki, sürülərə tələfat verməsinlər... Qurdla bağlı bir sıra bayramlar, mərasimlər var. Onlardan biri də qaqauzların “Canavar yortuları”dır. Bu barədə də ayrıca yazımız olduğuna görə, burada geniş yer vermirik. Keçəpapaqlara xalq arasında keçəbörk də deyilirmiş. Bu keçə papaqları, yəni maskaları insanlar özləri düzəldərmişlər. Həmin maskalar Muğanlıda qalmasa da, biz onların eynisinin Dağıstanın Şaitli kəndindəki didoylardan götürülərək hazırda muzeydə saxlanılanını göstərmək istərdik. Bizcə, həmin maska təxminən belə də olmuşdur... Didoyların qurd maskaları Keçəpapaqlar ayaqlarına çəkmə əvəzinə uzun qara tuklü keçi dərisi bağlayarmışlar. Əllərində də üç hissədən ibarət qotazlı dəri qamçı olurmuş. Qotazın hörülmüş ucu saç hörüyü kimi nazik olardı. Qamçını çalanda o, hökmən şaqqıldamalı, bərk səs çıxarmalı idi. Keçəpapaqlar dəstə halında gedəndə onların paltarlarındakı zınqırovların cingiltisi, şaqqıldayan qamçıların səsi bir-birinə qarışır, vahiməli gurultu, uğultu yaranır. Bu da şaman ayinlərindəki atributları xatırladır: qamçı (kam+ça. Qazaxıstan baksılarının da çox işlətdikləri atributlardandır), zınqırov və s. Keçəpapaqlıq etməyə xalq arasında “keçəpapağa çıxmaq” deyilir. Axır çərşənbə gecəsi evlərə pay yığmağa gedən keçəpapaqlar pay verməyən adamın üstünə paltarlarının biləyinin altında gizlətdikləri torbacıqdan un səpirmişlər. Bununla da demək istəyirlərmiş ki, “səni görüm heç qardan, qışdan çıxmayasan” (sözsüz qarğış forması)... Yuxarıda qeyd etdiyimiz kimi, didoylar da pay verməyənləri və ya pay oğurlamaq istəyənləri qara, yaxınlıqda çay olduğuna görə də buzlu çaya basmaları da eyni məna daşıyır. Əlbəttə ki, fevral ayında hələ qar, buz yerdədir. Bu “qarğışın” həmin vaxt edilməsi doğrudan da baharın gəlməsini yubada bilər qorxusu ilə yaşayan insanları məcbur edir ki, hamı iq, yəni yumru, ortası boş, bublikə bənzər bayram çörəyi bişirsin və pay olaraq botsilərə, yəni qurdlara verilsin. Bu zaman qurdlar baharın gəlişinə yardım edə, onu tezləşdirə bilərlər. Lakin baharın son günündə, yəni martın 22-də qar əvəzinə un səpərək eyni “qarğış”ı etmək “daldan atılan daş”a bənzəyir və təbii ki, artıq yaz gəldiyi üçün heç kəs narahat deyil və bunu gülüşlə qarşılayırlar... Qeyd edək ki, belə zaman dəyişmələri müsəlman türklərdə çox olub. Onlardan biri də əsl yeni il olmalı olan Gündoğan bayramıdır. Bu bayram Günəşin dirilməsi ilə bağlıdır və dekabrın 21-dən 22-ə keçən kecə baş verir. Bizdə buna Çillə gecəsi deyilir (Bu barədə “Birlik” dərgisində ayrıca yazımız çap olunduğuna görə, geniş yazmağa ehtiyac duymuruq)... Keçəpapaqların hazırlıq prosesi, tamaşanın, maskaların əhalinin kişi qismi tərəfindən hazırlanması, saxlanılması və onların iştirakı kişilik institunun digər nümunələrini də yada salır. Bunlara Türkiyədəki yarən məclislərini misal göstərmək olar. Burada da başçı, sağı, solu, köməkçiləri və cəza verəni var. Cəzalıları başçının əmri ilə hörülmüş qamçı ilə vurur, oyuna dəvət edir və ya yanıltmac, mani söyləməyə məcbur edirlər. Çindəki uyğurlar arasında bu birlik “məci” adlanır. Burada kişilər istirahət günləri yığışıb müxtəlif əyləncələr təşkil edir, oynayır, oxuyur, bəzən də siyasi məsələləri müzakirə edirlər. Məhz bu özəlliyinə görə bu cür kişi məclisləri bir sıra ölkələrdə qadağan olunmuşdur. Novruzda Şah (Xan) bəzəmə adəti Azərbaycanın bir çox bölgələrində bu gün də qalır. Qubadlıda, Ordubadda, Kəlbəcərdə və digər yerlərdə geniş yayılan şah bəzəmə adəti də qışın son çırpıntıları ilə bağlıdır. Amma orta əsrlərdə şahla əvəz olunan qış obrazını öldürmək siyasi məna kəsb etdiyindən, biz, didoylar kimi, Şahı, Xanı (qışı) öldürmürük. Kənddə “Novruz” sözü az işlənirmiş, elə “bayram” deyirmişlər. Bu yerdə Molla Pənah Vaqifin bir şeiri yada düşür: Bayram oldu, heç bilmirəm neyləyim... Bizim evdə dolu çuval da yoxdur. Düyüylə yağ hamı çoxdan tükənmiş Ət heç ələ düşməz, motal da yoxdur. Keçəpapaqlar xüsusilə də toy, yəni şənlik olan, dan atılan evlərə gedirdilər. Qeyd edək ki, Muğanlıda toy əvvəlki anlamını saxlayıb. Buna “dan atma” deyirdilər. Yəni kimsə niyyət eləyib, qohum-qonşu qızlarını yığıb, gecəni çalğı çaldıracaq, qızlar da səhərə qədər deyib-güləcəkdilər. Keçəpapaqlar qapılarda oynayırdılar. Onlara yumurta, şirniyyat verirdilər. Keçəpapaqların hakimiyyəti günləri əsasən 22 mart olsa da, ümumi razılığa əsasən bütün mart boyu yaş qruplarına uyğun gəzib pay yığırlar. 22 martda kim pul vermirsə, onu zorla meydanın ortasına gətirir, döyə-döyə oynamağa məcbur edirlər. Oynadıqca, ətrafdakı keçəpapaqlar onu çubuqla vururlar. Bəzən oynayanın dostları da keçəpapaqlara qoşulub vururlar. Heç kəs incimir. İnciyənləri el qınayır və belə adamlar ya bayramda iştirak etmir, ya da kənardan durub baxırlar. Keçəpapaqlar topladıqları pulları dərhal taxtın aşağısında əlində torba oturmuş xəzinədara verirlər. O da pulları bu torpaya yığır. Bayramdan sonra kəndin ehtiyaclarına sərf edilir... Muğanlıdakı şahın yerini Şaitlidə dəhşətli ağzı və iri buynuzları olan Kvidili tutur. Kvidili öz taxtına oturur və ötən ildə günah işlədənlərin adlarını çəkdikcə, qurdlar onları tutub qara, çaya basır, yaxşı ad çıxaranları iqlə mükafatlandırır. Kvidilinin muzeylərdə saxlanılan əski maskalarına baxanda onun keçi olduğu üzə çıxır. Keçinin də Novruz bayramındakı yeri məlumdur... Kvidili maskaları Kvidili taxtını tərk edən kimi (Şah taxtını tərk edən kimi) maskalılar (qurdlar) onu tutub çayın üstündəki körpüdən o taya keçirir və qurdların böyüyü qılıncla onu öldürür. Kvidilini oynayan oğlan paltarın altında gizlətdiyi qırmızı rəng dolu şüşəni açır və “qan” qarın üstünə tökülür... Ölmüş Kvidilini təmtəraqla xərəyə qoyub aparırlar... Əslində isə guya qurdlar keçini yeyir... Tox qurdlar artıq sürülərə toxunmayacaqlar. Xalq buna inanır... Beləliklə, qış ölür, yerini yaza verir, yenidən doğuş və yeni həyat başlayır... Bizcə, Novruz bayramındakı personajlara və onların roluna yenidən baxılmalı, unutduqlarımızı ucqar yerlərdə yaşayan xalqların qoruyub saxladıqlarının köməyi ilə bərpa etməliyik. Maraqlıdır ki, didoylar Gürcüstanda da yaşayırlar. Bayramın yazla bağlılığı, Muğanlıda son günlərini yaşayan qışın şahla əvəzlənməsi, əvvəllər maskada qurd qulağına bənzər qulaqların olması, pay yığılması zamanı zorakılıq, cəza, qar, un və s. hərəkətlər bu günümüzdə bizə nə qədər qəribə gəlsə də, qədim dövrlərdə el-oba üçün böyük əhəmiyyət kəsb edən mövsüm mərasimlərinin əks-sədası kimi müəyyən əlavələrlə də olsa, yaşayır. Şaitli kəndində İslamın sünnü-sələfi qolunun geniş yayılması İqbiyə də bir yasaq qoydu. Didoyların bir çoxu bayramın bərpasını tələb edirlər. Din xalqın qadınlı, kişili, uşaqlı, böyüklü birgə əyləncə və şadyanalıqla keçirilən bayramlarına, el şənliklərinə, rəqs və mahnılarına qadağa qoyur, insanları milli kökündən qopardır... Sərtçala Muğanlıda qadınlar İslam dini qəbul olunandan sonra bayramda passiv mövqe tutmalı olmuşlar. Kvidili, yəni keçi obrazı kimi qədim mifik obraz da öz yerini şaha vermişdir. Məhz buna görə də şah sonda öldürülmür... Qışın öldürülmə səhnəsini biz bir çox xalqlarda, o cümlədən də slavyanların Maslenitsa bayramında da görürük. Sankt-Peterburqlu etnoqraf Yuri Karpova görə, didoylar bu bayramı gürcülərdən götürüblər. Lakin Gürcüstanda Muğanlı kəndində bu ayinin cüzi dəyişikliklərlə də olsa, günümüzə gəlib çatması onun türklər arasında İslama qədərki dövrdə geniş yayıldığından xəbər verir. Günümüzdə də yaşaması isə kənd əhalisinin qıpçaq olması və İslamı çox-çox sonralar qəbul etməsi, xristianların arasında olduqları üçün də zəif yaşatmaları ilə bağlıdır. Didoyların əsas personajlarının qurd-botsi olduğunu və əvvəllər Muğanlıda da maskalarda qurd qulağına bənzər qulaqların olması, bütün ayinlərin demək olar ki, eyniliyi arada bir əlaqə yaradır və təbii ki, burada yaradıcı güc kimi türklərin üstünlüyü ortadadır. Geri dön |