Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tələbələrin təqaüd dərdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Tələbələrin təqaüd dərdi

Tələbələrin təqaüd dərdi


Ali məktəblərdə tələbələrə verilən təqaüd normal yaşayış üçün yetmir.

Azərbaycanda tələbələrin aldığı təqaüdlə digər ölkələrin tələbələrinin aldığı təqaüdü müqayisə etsək, arasındakı böyük fərq dərhal görünər. Xatırladaq ki, varlı neft-qaz ölkəsi olan Azərbaycanda tələbələrin aldığı təqaüd maksimum 90 manata yaxındır. Bu da əlaçı və zərbəçi tələbələrin aldığı məbləğdir. Əksər tələbələr isə 45-70 manat alır. Üstəlik tələbələrə heç bir imtiyaz verilmir. Rəsmi statistikaya görə, ölkədə yaşayış minimumu 116 manat, müstəqil ekspertlərin hesablamalarına əsasən isə 168 manat təşkil edir. İndi həmin 45-80 manatı bu məbləğin yanına qoyaq. Mənzərə heç də ürəkaçan deyil. Bəs digər ölkələrdə, xüsusilə də rəsmilərin müqayisə etməyi sevdiyi ölkələrdə tələbələr nə qədər təqaüd alır?

Rusiyada tələbələrin aldığı təqaüd 40 dollardır. Ancaq bu ölkədə tələbələr yataqxanalarla təmin edilib. Bu da Azərbaycanlı tələbələrdən fərqli olaraq onları əlavə xərcdən azad edir. Ermənistanda tələbələr üçün nəzərdə tutulan təqaüdlər minimum yaşayış həddinə bərabərləşdirilib. Xatırladaq ki, bu ölkədə yaşayış həddi 70 dollardır. Digər MDB ölkəsi olan Belarusda isə tələbələrin təqaüdü 53 dollardır. Ancaq Belarusda yaşayış minimumu bu həddən aşağıdır. Eyni zamanda tələbələr yataqxanalarla da təmin edilir. Ukrayna tələbələri isə yataqxana təminatı ilə yanaşı, 80 dollar təqaüd alır. Qazaxıstanda tələbə təqaüdü orta hesabla 184 dollardır. İnkişaf etmiş ölkələrin əksəriyyətində üçüncü ölkədən gələn tələbələr üçün xüsusi təqaüdlər nəzərdə tutulub. Müxtəlif məbləğlərdə olan təqaüd tələbələrin dolanışığı üçün kifayətdir. Məsələn, Fransada belə təqaüdlər 350 avrodan aşağı olmur. Ərəb ölkələrində də tələbələrə olan qayğı Azərbaycandan fərqli olaraq çox yüksək səviyyədədir. Liviya və Səudiyyə Ərəbistanında tələbələr 700 dollar təqaüd alırlar. Küveytdə isə subay tələbələrlə ailəli tələbələr arasinda fərq də nəzərə alınıb. Belə ki, subay tələbələr 700, ailələi tələbələr isə 1200 dollar təqaüd alır. Qeyd edək ki, bu ölkələrdə ərzaq da çox ucuzdur. Göründüyü kimi bu sahədə Azərbaycan inkişaf etmiş ölkələrlə müqayisədə dala qalır. Baxmayaraq ki, ötən ilin dekabr ayında tələbələrin təqaüdü 10 faiz artırıldı amma tələbələr bu məbləğin də onlara yetmədiyini söyləyirlər.

BDU-nun III kurs tələbəsi Elçin Quliyev də hazırda aldığı təqaüddən narazıdır:

“Əvvəl cəmi 39 manat təqaüd alırdım. Ötən il dekabrn 1-dən təqaüdlərimiz 10 faiz artırıldı. Qabaqcıl olduğum üçün əvvəl 39 manat alırdımsa, artımdan sonra 47 manat aldım. Əlbəttə bu da tələbənin normal yaşayışına kifayət etmir. Qaldığım evin kirayə haqqı, yol və yemək pulu var. Bütün bunları ödəməyə 47 manat yetərmi? Valideynlərimiz bizə əlavə pul göndərməyə məcbur olur. Universitetə nəsə lazım olanda təqaüdlərimizdən 4-5 manata yaxın pul çıxılır. İstəyərdim ki, təqaüdlərimiz heç olmasa bir az artırılsın”.

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin aparıcı mütəxəssisi Vüsalə Qurbanova hazırda tələbələrin təqaüdlərinin artırılmasının nəzərdə tutulmadığını deyir: “Bu yaxınlara qədər məsələ aktual idi. Tələbələrin təqaüdlərinin artırılması nəzərdə tutulmuşdu, hətta Milli Məclisdə müzakirəyə də çıxarılmışdı. Amma sonradan bununla bağlı qərar qəbul olunmadı”.

Azərbaycanda təhsil haqqının az olduğunu deyən Vüsalə Qurbanova təqaüdlərin də buna uyğun hesablandığını deyir: “Bu il qəbul planı verəndə bəzi universitetlər təhsil haqlarını aşağı saldılar. Ona görə də tələbələrin təqaüdləri olduğu kimi saxlanıldı. Tələbələrin yataqxana ilə təmin olunmasına gəlincə, hansı universitetin yataqxanası varsa, orada oxuyan tələbələr yataqxana ilə təmin olunurlar. Tələbələrə əlavə imtiyazların verilməsi məsələsi isə bizdə heç bir nizamnamədə göstərilməyib”.

Milli Məclisin elm və təhsil komitəsinin sədr müavin Bəxtiyar Əliyevin sözlərinə görə tələbələrin və doktorantların təqaüdləri lazımi səviyyədə artırılmalıdır:
“Əslində hər il tələbələrin və doktorantların təqaüdləri artırılır. Təbii ki bu da ölkənin imkanları daxilində həyata keçirilir. Digər ölkələrə gəlincə isə hər bir ölkədə tələbə təqaüdlərinə müxtəlif yanaşma mövcuddur. Əslində bəzi ölkələrdə tələbə təqaüdləri demək olar ki yoxdur. Həmin ölkələrdə qrant layihələri var ki, tələbələr bu layihələrdən bəhrələnirlər. Bizdə isə bu təqaüdlərin verilməsi tələbələri təhsilə stimullaşdırmaq məqsədi daşıyır”. Tələbələrin yataqxanalarla təmini məsələsinə gəlincə isə B.Əliyev bildirib ki, yataqxanalar 2012-2013-cu illər ərzində digər sakinlərdən boşaldılacaq:
“Dövlət proqramı çərçivəsində 2012-2013-cü illər ərzində dövlət idarələrində eləcə də yataqxanalarda məskunlaşan məcburi köçkünlər onlar üçün nəzərdə tutulan yeni bina və qəsəbələrə köçürüləcəklər. Bundan sonra dövlət vəsaiti hesabına həmin yataqxanalar təmir olunub tələbələrin istifadəsinə veriləcək”.

Müasir Təhsilə və Tədrisə yardım mərkəzinin sədri Elmina Kazımzadə bu məsələyə böyük diqqət yönəltmək lazım olduğunu bildirir. Onun sözlərinə görə yataqxanaların olmaması bundan əlavə gündəlik xərcləri nəzərə alsaq, tələbələrə verilən təqaüdlər kifayət qədər azdır: “ Universitetlərin əksəriyyəti paytaxtda yerləşir. Hər gün tələbələr müəyyən yol qət edib ali məktəbə gəlirlər. Bakı isə bahalı şəhərlər sırasındadır. İmkanı aşağı olan, maddi imkanı o qədər də yüksək olmayan ailə artıq seçm etməli olur. Ya borca girib ali məktəbə qəbul olan uşağını oxutsun, ya da belə qərara gəlir ki, heç kimdən dəstək olmayacaq və sadəcə bu məsələni bağlayır”.

E.Kazımzadə təhsildə bu kimi bərabərsizliyi aradan qaldırmağın yolunu sosial yardımçı fondların yaradılmasında görür. Onun sözlərinə görə valideynlərin eləcə də tələbələrin büdcəsini nəzərə alaraq, ilk növbədə yataqxanalar məsələsi həll olunmalıdır. Həmçinin yol, kitab və bu kimi gündəlik xərclər də qarşılanmalıdır. Bu da heç olmazsa tələbənin büdcəsinin yüngülləşdirər.

Gültəkin Ələsgər

Geri dön