Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda illik inflyasiya 12%-ə çatıb
Azərbaycanda illik inflyasiya 12%-ə çatıb |
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6% bahalaşıb. Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, o cümlədən, ərzaq məhsullarının qiymətlərində 13,4%, qeyri-ərzaq məhsullarının qiymətlərində 16,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 5,4% artım qeydə alınıb.
Bu ilin oktyabrında sentyabra nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 1,3%, o cümlədən, ərzaq məhsulları 2,3%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2% artıb. Ay ərzində düyünün, unun, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, şokolad və konfetlərin, qəhvə, çay və kakaonun, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, kartofun, kökün, çuğundurun, sarımsağın qiymətlərində artım, almanın, limonun, naringinin, heyvanın, narın, xurmanın, soğanın, kələmin, balqabağın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Oktyabr ayında sentyabrla müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, telefon və fotoaparatların, dəftərxana ləvazimatlarının, minik avtomobilləri üçün ehtiyat hissələrində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, paltarların təmizlənməsi, təmiri və kirayəsinin, ayaqqabıların, məişət cihazlarının, mebel, ev əşyaları və döşəmə örtükləri, avtomobil təmiri xidmətlərinin, stomatoloji xidmətlər bahalaşıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2% artıb. Sentyabrda avqust ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 2,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,0%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6% artıb. Geri dön |