Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kədərli ney (hekayə)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Kədərli ney (hekayə)

Kədərli ney (hekayə)


Neyin (tütək) həzi səsi eşidildi. Bu səs sadəcə həzin bir musiqi deyildi. Bu səsdə Tanrının qutsal ruhu, eşqlə var etdiyi dünyanın olduqca möhtəşəm təsviri və ana təbiətin övladları ilə dərin bir bağı hiss olunurdu. Onu dinləyən hər kəs bir neçə anlıq da olsa ruhən fani aləmdən uzaqlaşır, sanki cənnətin gözəl bir guşəsinə düşürdü. Həzin-həzin səslənən hər melodiya, ondakı notların mükəmməl ahəngi, yaradılışın təsvir edilməz dərəcədə gözəlliyini və Tanrının dərin varlığını necə də axıcı tonlarla, içdən-içə süzülən bir nur seli tək insana çatdırırdı...
Yaşı əllini adlamış, üzü daima nurlu olan Mehmet ağa neyin yalnız hərfi deyil, eyni zamanda batini mənasını dərk edən böyük bir ustad idi. Ona babasından yadigar qalan bu qoca ney öz mükəmməl ahəngi, daxili aləminin zənginliyilə demək olar ki, nəsillərində hər kəsi heyran edə bilmişdi. Bəlkə də sırf ona görə idi ki, Mehmet ağanın atası da, babası da, hətta onun babası da bu dərin sənətin arxasınca getmiş, neyin ruhsal aləminin təsirindən heç vaxt ayrılmaq istəməmişdilər.
Hər zaman sübh tezdən oynanan Mehmet ağa, namazdan sonra adəti üzrə bu baba yadigarı neyi əlinə alır, fasiləsiz bir neçə saat onunla həm-hal olaraq, həzin səsinin təsirinə qapılır, ta kim isə, nə isə onu bu aləmdən ayırana qədər...
Elə uşaqlıqdan musiqi alətlərinə, özəlliklə neyə maraq göstərən Mehmet ağa, Diyarbəkirdə bir dükan açmış, ney daxil olmaqla bir sıra qədim alətlərin təmiri və satışı ilə məşğul olurdu. Yaşadığı məhəllədə yerləşən dükanın ətrafı isə daima insanla dolu olurdu. Yox ki, müştərisi çox idi, ona görə ki, Mehmet ağa hər gün tezdən açdığı bu dükanda elə yerinə yenicə əyləşən kimi hər şeydən müqəddəs saydığı neyi əlinə alır, bir qədər çalaraq neyin batinində sanki yox olurdu. Nədəndir bilinməz amma, hər dəfə neyi üflərkən gözlərini yumur, üzündə nurani bir gülümsəmə olurdu Mehmet ağanın. Hər dəfəsində fərqli melodiyaları ifa etsə də, üzündəki gülümsəmə heç zaman əskik olmurdu. Bu gülümsəmənin mənasını isə özündən başqa nə ailəsi, nə də ətrafında kimsə bilmirdi. Onu görən hər kəs ancaq hər hansı bir xoş xəyalın təsirinə qapıldığını və ya hansısa gözəl xatirənin yadına düşdüyünü zənn edirdilər. Amma əlbət ki, üzü hər an nurlu olan Mehmet ağa bu nurun sirrini ancaq özü bilir və soran kimsəyə də açmırdı.
İki oğlu bir qızı olan Mehmet ağanın ömür-gün yoldaşı Nuridə xanımı bir neçə il öncə ağır bir xəstəlikdən itirsə də qısa bir müddətdən sonra ondan yadigar qalan övladlarına və bu baba yadigarı neyə tutunub həyatına davam etdi. Halbuki, vaxtilə onunla Nuridə xanımın misilsiz eşqinə şahid olanlar Mehmet ağanı yaşamaz, canından çox sevdiyi yarının həsrətinə dözə bilməz, deyə düşünürdülər. Beləcə neylə və onun möhtəşəm ruhuyla xoşbəxt olan Mehmet ağa sakit, amma dərin mənalı, hər kəsin anlaya bilməyəcəyi qədər sirli bir həyat yaşayırdı.
Övladları ilə arası anaları öləndən bir qədər soyusa da, Mehmet ağa onlara qarşı sevgiylə, mərhəmətlə, səbirlə yanaşır, dəliqanlı oğullarının gənclik çılğınlığını anlaya bilirdi. Çünki özü də zamanında bu yaşlarda (17-18) bir qədər çılğın, bir qədər sovuşmaz idi. Amma zaman və özü kimi nurani atası, onun nəsihətləri Mehmet ağanı sözün əsl mənasında müdrikləşdirdi.
Amma gəl gör ki, xırda bir qarışqaya belə ziyan verməyən gözəl əxlaqlı nəslin nümayəndəsi Mehmet ağanın taleyi heç də ürəkaçan olmadı. Yetkin yaşa çatan bir oğlunu böyük fəxr, sevinc və şərəf hissiylə əsgəri xidmətə yola salarkən, digər oğlu xəbərsiz evi tərk etdi, vətənə, millətə, dövlətə xəyanət edən terrorçulara qatıldı. Səbəb isə məlum idi, maddi sıxıntı, siyasi fərqli düşüncə və canımız Türkiyəmizin xarici düşmənlərinin güclü agenturasının sərrast fəaliyyəti...
Qızı Fatma da bir əsgərə aşiq olmuşdu. Bir müddət sonra elə onunla da ailə qurdu. Amma xarici agentlərin hiyləsinə, təbliğatına aldanan, öz ailəsindən, hətta nəslindən vaz keçən qardaşı Baran nə bacısını, nə də onun ərini rahat buraxmırdı. Əvəzində isə bütün ailə üzücü qarşıdurmaların şahidi olurdu.
Vətənin xarici düşmənlərinin oyununa aldanan gənc, cahil, dəliqanlı Baran neçə-neçə qəhrəman vətən övladının şəhid olmasına səbəb oldu. Onlarla əsgər onun və komandasının qurduğu pusqularda, çarpaz, qəfil atışmalarda can verdi. Amma Baran hər dəfəsində uzun- uzun düşünür, etdiyinin yanlış və ya doğru olduğunu fikirləşirdi. Nə edirdisə vicdanı onu rahat buraxmırdı. Lakin yenə də “Öndər”-lərinin toplantılarda pafoslu çıxışları onun üçün ailədən, atadan, bacıdan, qardaşdan üstün idi artıq. Sanki içinə şeytan girmişdi. Elə bil dünənə kimi bir məhəllədə oynadığı uşaqlar deyildi indi xaincə öldürdüyü əsgərlər.
Əsgər Seyran da Baranın keçirdiyi hislərin eynisini keçirirdi. Bilirdi ki, bir gün qardaş dediyi Baranla üz-üzə gələcək. Həm də qardaş kimi yox, düşmən kimi. Amma artıq hər şey mənasız idi. Oyunu quran qurmuşdu. Sistem fərqli işləyirdi. Orduda emosional hislərə yer yox idi. Sadə, olduqca sadə bir təlimat var idi, düşmən hesab edilən hər kəs vurulmalıdır, o qardaşın da olsa belə. Qardaşı Baran kimi Seyran da çox adam öldürmüşdü. Hər dəfə əməliyyatdan qayıdanda, atasıyla görüşəndə isə hər zaman ona verilən sual və verdiyi cavab bir olurdu:
- Qardaşını görmədin? Yaşayırmı?
- Yox. Amma öldüyü barəsində bir məlumat yoxdur. Narahat olma...
Mehmet ağa isə oğlu Baran haqqında hərdən sərt düşüncələrə qapılsa da, öz-özünə “o vətən xainidir” deyib, rəflərdən şəkillərini yığışdırsa da, bir az sonra atalıq hissi ona güc gəlirdi. “Uşaqdır, səhv edir. Bəlkə bir gün səhvini anlayacaq” – deyə özünə toxtaqlıq verməyə çalışırdı, çarəsiz ata. Amma tez-tez kədərlənirdi. Özü də məlum məsələyə görə, o yaxşı bilirdi ki, əgər Baran orduya təslim olub geri dönməzsə, gec-tez onu öldürəcəklər, həm də acımadan. Nə bilmək olar bəlkə də... Bu bəlkənin ardını gətirmək isə ona çox ağır idi. Çünki zəmanənin bir-birinə düşmən etdiyi qardaşları o mümkünsüz olsa da uşaqlıqdakı kimi yenə bir yerdə, birlikdə oynarkən görmək istəyirdi. Amma nə etmək olar ki, zaman öz axarında, tale öz gedişində idi və Mehmet ağanın bu acizanə arzusu dövlətin idarəediciləri, terrorçular və hər iki tərəfin arxasındaki beynəlxalq güclər üçün mənasız idi. Onlar üçün ancaq üç şey maraqlı idi, savaş, qan və qazanılacaq olan milyardlar...
Və nəhayət o üzücü gün gəldi çatdı... Uzun müddətdir övladlarından ayrı düşən ata kiçik bir qonaqlıq təşkil etdi və hər kəsi evinə qonaq çağırdı. Amma dəhşətli bir mənzərə Mehmet ağanın dərdli ürəyini bir daha parçaladı. Böyük oğlu Seyran hərbi geyimdə içəri daxil oldu. Qucağında öz doğma qardaşı, terrorist Baranın cansız cəsədiylə gələn Seyranın üzündə acı, qəzəb və dərin yanğı hiss olunurdu. Mehmet ağa Baranın son vaxtlardakı fəaliyyətini elə o andaca unudub qəmli və mərhəmət dolu baxışlarla oğluna yaxınlaşdı. Ağlayaraq onu ağuşuna aldı və uzun müddət balasının meydinə tamaşa etdi. Bu anda isə qızı Fatma və əri Orxan şokda idilər. Yerlərində donub qalmışdılar. Digər oğlu Seyran isə için-için ağlayaraq elə hey bu sözləri təkrar edirdi:
- Bilmədim. Ata bilmədim, qarşıdan gələnin qardaşım olduğunu. Məni bağışla...
Bəli, olan olmuşdu. Həm də ən dəhşətli şəkildə. Terrorçu Baranı öz doğma qardaşı əsgər Seyran vurmuşdu.
Aman Tanrım dəhşətə bax, zəmanəyə, dövrana bax, qardaş qardaşa düşməndir. Həm də nəyə görə? Mənasız bir siyasi fikir ayrılığına görə.
Mehmet ağa oğlunun meyidini qucağına alıb ailəvi qəbiristanlığa gəldi və onu yoldaşının yanında dəfn etdi. O zaman Mehmet ağanın yerində olan hər kəs yəqin ki, onun kimi hərəkət edərdi. Terrorçu da olsa, vətənə, millətə xəyanət də etsə də, axı Baran onun oğluydu, doğma övladıydı, canından bir, qanından bir...
Beləcə o dəhşətli hadisədən uzun vaxt keçdi. Yenə həmişəki kimi, adəti üzrə Mehmet ağa sübh tezdən dükana gəldi. Baba yadigarı neyi əlinə alıb çalmağa başladı. Amma bu səfər səslənən musiqi eşidən hər kəsi sadəcə kədərləndirir, kövrəldir, hətta ağladırdı. Elə Mehmet ağa da bir müddət sonra ağlamağa, için-için qəhr olmağa başladı. Artıq neyin dərin mənasının onun üçün bir mənası qalmamışdı. Çünki zamanında bu böyük məmləkətdə milləti bir-birinə yaxınlaşdıran, doğmalaşdıran, dinindən, irqindən asılı olmayaraq hər kəsi bir yerdə cəm edən ney, düşmənlərin xain planlarına qarşı gücsüz idi. İndi onun həzin səsində ancaq baş vermiş dəhşətli hadisələrə, millətə qarşı oynanan oyunlara üsyan edən, inilti tərzdə sanki ah-nalə çəkən bir etiraz tonu vardı. Sadəcə bu...
O gündən öz doğma balasını əlləriylə məzara qoyan Mehmet ağanın neyindən ancaq kədərli səslər duyuldu. Bir atanın övlad həsrətinin, bəlkə də peşmançılığının, əlindən bir şey gəlmədiyi üçün özünü, taleyi günahkar sayan qocanın yanğısı...
Lənətə gəlsin zəmanə, lənətə gəlsin dövlətlər, lənətə gəlsin məsum xalqı öz girdirmə bəhanələriylə aldadan, qardaşı-qardaşa, milləti bir-birinə qırdıran güclər. Bir Allah şahiddir ki, əsirlərdir bu böyük coğrafiyada din, dil, mədəniyyət fərqi etmədən yaşayan insanlar öz vicdanlarında bu məlum siyasətə, dövrana, qurulan məkrli oyunlara qarşıdır və olacaq. Sadəcə bir-iki xain, şəxsi maraqları üçün öz vətənini satmağa meylli şərəfsiz insan xırda fikir ayrılıqlarını, sadə anlaşılmazlıqları milli savaşa çevirmək istəyirlər. Amma bacarmayacaqlar, nə etsələr də onlar da, onların arxalarındakı şeytani qüvvələr də. Çünki bir olan Tanrı, Haqq var. Və o Uca Yaradan bir gün bu zülmə, bu zəlalətə “dur” deyəcək. Daha qardaş-qardaşı “terrorçu” deyə öldürməyəcək - deyə tez-tez öz-özünə deyinirdi artıq yaşı yetmişi ötmüş Mehmet ağa...
Tarix hər zaman vətəninə bağlı Mehmet ağalar görmüşdür, görəcək də, amma nə Mehmet ağanın içindəki yanğı, nə qardaşını öldürmək məcburiyyətində qalan əsgər Seyran, nə qardaşı Baranın meyidi üstə ah-vay edən bədbəxt bacı Fatma unudulmayacaq. Özəlliklə də kədərli neyin əsil sirri, daxili aləminin gizəmi və Mehmet ağanın həzin musiqiləri...

Elşən İsmayıl
Ssenarist və yazar

Geri dön